Qabusnamə (6-cı fəsil)

image

Altıncı fəsil
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA

Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi olub gölgəsi olmayan Muğilan14 ağacı kimi faydasız olarlar, nə özlərinə xeyir verərlər, nə başqalarına. Əsil-nəsəbli adamlar sənət və hünər sahibi olmasalar da, əsil-nəsəblərinə görə başqalarının yanında hörmətdən məhrum olmazlar. Pisi odur ki, nə cövhərin ola, nə hünərin! Lakin əsil-nəsəbli olanda çalış özünün müəyyən sənət və şöhrətin də olsun, çünki özünün şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Deyiblər ki, “Ləyaqət əql və ədəbdədir, əsil-nəsəbdə, deyildir!”. Böyüklük mə’rifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyildir. Bil ki, sən ata və ananın şan-şöhrəti ilə kifayətlənməməlisən, çünki o, xarici bəzəkdir. Əsil ad-san ona deyərlər ki, onu öz iste’dad və bacarığınla əldə etmiş olasan, bu zaman səni “Zeyd”, “Cəfər”, “əmi”, dayı” əvəzinə “müəllim”, “alim”, -“fəqih”, “həkim” çağırarlar. Əgər əsil-nəsəbi olan adamın öz bacarıq və ləyaqəti
yoxsa, o heç kəsin işinə yaramaz. Lakin bir adamda hər iki xüsusiyyət olsa, ondan bərk yapış əldən buraxma ki, o, hamının işinə yarayar. 
Onu da bil ki, bütün sənətlər içində ən gözəl sənət danışmağı bacarmaqdır. Böyük yaradan (cəlalı artıq olsun)
insanı bütün məxluqatın ən şərəflisi yaratmış və onu on xüsusiyyətə görə (beşi bədənin daxilində, beşi xaricində),
başqa canlılardan üstün yapatmışlır.

Daxildə olan beş xüsusiyyət: təfəkkür, hafizə, təxəyyül, təsəvvür və danışıqdır, xarici beş xüsusiyyət: eşitmə, görmə,
qoxu bilmə, toxunma və dad bilmə xüsusiyyətidir.

Bu xüsusiyyətlərdən heyvanlarda olanları insanlardakı kimi deyil, ayrı cürdür. Buna görə də insan başqa heyvanlara üstün gəlmiş və onların üzərində hökmranlıq əldə etmişdir.
İndi ki, bunu bildin, gərək sən dilini gözəl danışmağa və yaxşı şeylər söyləməyə öyrədəsən, yaxşıdan başqa heç bir şey deməyə adət etdirməyəsən, çünki dilə nə öyrədibsən, nəyə adət etdiribsənsə həmişə onu da deyəcəkdir. Odur ki, deyiblər: “dili xoş olanın havadarı çox olar”. Nə sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin görünər. Faydasız sözlərdən qaç,çünki faydasız sözlərdən həmişə ziyan gələr. Yalan iyi verən və hikmət ətri saçmayan sözlər deyilməsə, daha yaxşıdır. Müdrik adamlar sözü şəraba
oxşatmışlar o, həm məst edər, həm məsti ayıldar. Dindirilməmiş danışma, xahiş edilməmiş məsləhət verib nəsihət
etmə, xüsusilə nəsihətə qulaq asmayana, elə adam axırda özü yıxılar. Camaat içində heç kəsə nəsihət etmə. Deyiblər ki: “adamlar içərisində. nəsihət məzəmmətə bərabərdir”. Çoxdan yolunu azmışları düzəltmək fikrinə düşmə, bacarmazsan. Əyri bitmiş,qol-budaq atmış və yüksəlmiş ağacı kəsib yonmayınca düzəltmək olmaz. Söz deməkdə xəsislik etmədiyin kimi, imkanın olsa, mal verməkdə də xəsislik etmə,çünki adamlar sözə nisbətən mala daha çox şirnikərlər. Pis ad qazanmış yerlərdən uzaq gəz, bədxah dostdan və pis yola çəkən yoldaşdan qıraq qaç, özün haqqında səhvə yol vermə, elə yerə get ki, səni axtarsalar və orada tapsalar rusvay olmayasan. Malını elə yerə
qoy ki,istəyəndə tapa biləsən.

Xalqın qəm və kədərinə gülmə ki, xalq da sənin qəm və kədərinə gülməsin, ədalətli ol ki, ədalət görəsən, xoş de ki, xoş eşidəsən. Şoranlıqda toxum əkmə ki, bar verməz, əməyin hədərə gedər, yə’ni namərd adama yaxşılıq etmək şoranlığa toxum atmaq kimi şeydir. Lakin yaxşılığı layiq olan adamlardan əsirgəmə və yaxşılıq öyrədən ol ki, peyğəmbər əleyhissəlam demişdir: “yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama bərabərdir”. Yaxşılıq et və yaxşılığı öyrət, çünki bunlar birbirindən ayrılmaz ekiz qardaşdırlar. Yaxşılıq etməkdən peşman olma, çünki yaxşı və pisliyin mükafatı sənə hələ bu dünyada, o dünyaya getməmişdən əvvəl çatacaqdır. Bir adama yaxşılıq edən vaxt o adam nə qədər rahat olursa, sən də o qədər rahat olursan bir adama pislik etdikdə o nə qədər inciyirsə, sənin də
qəlbin bir o qədər ağrı və sıxıntı duyur, buna görə sən heç kəsə pislik etmə. Həqiqət gözü ilə baxsan, görərsən ki, sən özün əzab çəkmədən heç kəsə ziyan vura bilməzsən və sənin öz xoşun olmadan heç kəs səndən yaxşılıq görə bilməz. Deməli, “yaxşı və pisin mükafatı o dünyaya getməmiş hələ bu dünyada yetişəcək” sözləri tamamilə doğrudur. Heç kəs mənim bu dediklərimi inkar edə bilməz. Kim bütün ömrü boyu birinə yaxşılıq ya pislik edibsə, dərindən düşünsə, o mənim haqlı olduğumu anlar və bu dediyim sözləri təsdiq edər. Deməli, nə qədər bacarırsansa, yaxşılığı heç kəsdən əsirgəmə, yaxşılıq axırda bir gün öz bəhrəsini verəcəkdir.

H e k a y ə t. Eşitmişəm, Mütəvəkkilin20 Fəth adlı çox gözəl camallı, xoşbəxt və savadlı, tərbiyəli bir qulu var imiş.
Mütəvəkkil onu oğulluğa götürmüş və doğma uşaqlarından daha çox sevərmiş. Bu Fəth üzməyi öyrənmək arzusuna düşür. Üzgüçülər çağrılır, Dəclədə21 ona üzməyi öyrətməyə başlayırlar. Fəth uşaq olduğundan üzməyi hələ yaxşı öyrənə bilməmişdi. Lakin bütün uşaqlar kimi, özünü elə göstərirdi ki, guya üzməyi öyrənmişdir. Bir gün müəllimindən gizlin Dəcləyə atıldı, su bərk axdıdığından Fəthi gicəllətməyə başladı. Fəth suya üstün gələ bilməyəcəyini anladıqda özünü suyun ixtiyarına verdi, suyun axarı üzrə camaatın gözündən itdi. Su bir müddət onu belə apardı. Dəclənin kənarında ovuqlar var idi, Fəth bu cür ovuqlardan birinin yanından keçərkən əl atıb, çox əlləşdikdən sonra özünü onun içinə sala bildi. Orada oturub öz-özünə dedi:
“Görək Allah dalısın neyləyəcək, hələ ki özümü bu qaniçici suyun əlindən qurtarmışam”. Yeddi gün o, bu ovuqda
qaldı. Elə birinci gün Mütəvəkkilə xəbər verəndə ki, Fəth suya atılıb boğulmuşdur, o, taxtdan düşüb yerə oturmuş və üzgüçüləri çağıraraq demişdi: “Kim Fəthi ölü ya diri gətirsə, ona min dinar verəcəyəm”. Sonra and içdi ki, nə qədər ki onu necə varsa, elə tapıb gətirməyiblər, yeməyə əl vurmayacaqdır.

Üzgüçülər Dəcləyə gedib suya baş vurdular, ümid gələn hər yeri axtardılar. Nəhayət yeddinci gün, üzgüçülərdən biri hamin ovuğa rast gəldi, Fəthi görüb çox sevindi və dedi: “Burada ol, gedim qayıq gətirim”. Oradan qayıdıb Mütəvəkkilin yanına gəldi və dedi: “Ya Əmirəlmö’minin, Fəthi diri gətirsəm, mənə nə verərsən? Dedi: “Beş min dinar nəqd verərəm”. Üzgüçü dedi: “Fəthi diri tapmışam”. Qayıq gətirib Fəthi apardılar. Mütəvəkkil əmr etdi üzgüçüyə verdiyi və’də dərhal əməl etsinlər. Sonra vəziri çağırıb dedi: “Get xəzinəmə, orada nə varsa, yarısını payla yoxsullara”. Sonra dedi: “Yemək gətiriniz, axı o, yeddi gündür acdır”. Fəth dedi: “Ya Əmirəlmö’minin, mən toxam”.
Mütəvəkkil dedi: “Dəclənin suyundanmı toxsan?”.

Fəth dedi: “Yox, mən bu yeddi günü heç ac olmamışam, çünki hər gün üzərində iyirmi çörək olan bir tabaq su üzərində aşağı axırdı, mən əlləşib ondan iki-üç dənəsini ələ gətirir, onlarla dolanırdım. Hər çörəyin üstünə yazılmışdı: “Məhəmməd ibn əl-Hüseyn əl-Əskaf”.

Mütəvəkkil əmr etdi şəhərdə car çəksinlər və desinlər ki, Dəcləyə çörək atan kimdirsə, qorxmasın gəlsin, Əmirəlmö’minin ona yaxşılıq edəcəkdir. Belə də car çəkdilər. Sabahısı gün bir kişi gəlib dedi. “Mənəm o adam”. Mutəvəkkil dedi:”Sübut!”. Kişi dedi: “Sübutum odur ki, hər çörəyin üzərində mənim adım yazılmışdır: “Məhəmməd ibn əl-Hüseyn əl-Əskaf”. Mütəvəkkil dedi: “Doğrudur. indi de görüm, nə vaxtdan sən Dəcləyə çörək atırsan?” Məhəmməd ibn əl-Hüseyn dedi: “Bir ildir”. Mütəvəkkil soruşdu: “Nə üçün belə edirsən?”. Kişi dedi: “Eşitmişdim deyirlər: yaxşılıq elə, at suya, bir gün gələr, xeyrini görərsən. Mənim əlimdən başqa yaxşılıq gəlmirdi, elə bunu
bacarırdım ki, onu da etdim və öz-özümə dedim: “görək xeyri nə olacaq”.

Mütəvəkkil dedi: “Eşitdiyini etdin, gördüyün işdə xeyir götürdün”. Sonra Mütəvəkkil kişiyə Bağdadda bir malikanə və beş parça kənd bağışladı. Kişi hamin malikanəyə köçüb, varlısanlı oldu. Onun övladından hələ indi də Bağdadda yaşayanı var.

Mən əl-Qaim Bi-əmrillah22 dövründə həccə getmişdim, yaradan mənə öz evini ziyarət etmək imkanı vermişdi, onun övladını gördüm və bu əhvalatı Bağdadın qocalarından və ağsaqqallarından eşitdim.

     Deməli, nə qədər bacarırsansa yaxşılıq etməkdən əl çəkmə camaata özünü yaxşılıq edən adam kimi tanıtdır, elə ki
tanıtdırdın, və’dəxilaf olma, dildə bir şey deyib, ürəyində başqa şey tutma ki, buğda göstərib arpa satanlara oxşamayasan.

Bütün işlərdə ədalətli ol, çünki özü ədalətli olanın qazıya ehtiyacı olmaz.
Qəm və sevincini yalnız o adama de ki, qəminə qəmlənib, şadlığına şadlansın, qəm və şadlıqını adamlar içində büruzə vermə, hər yaxşı və pis şey üçün tez şadlanıb tez kədərlənmə.
Belə iş uşaqlara yaraşar. Çalış hər xırda şey üstündə özündən çıxma. Böyük adamlar hər doğru və yalan üstündə öz
yerlərindən oynamazlar.

Nəticəsi şadlıq olan qəmi qəm, nəticəsi qəm olan şadlığı şadlıq hesab etmə.
Ümidsizlik baş verdikdə ümidini itirmə, çünki ümidsizlik ümidlə, ümid ümidsizliklə bağlıdır.
Dünyada bütün işlərin dəyişkən olduğunu bil. Nə qədər ki, sağsan haqqı inkar etmə. Kim səninlə höccətə başlasa susmaqla onu susdur, çünki axmaqların cavabı susmaqdır.

Lakin heç kəsin əməyini itirmə, hər kəsə özünə layiq haqq qazandır. Xüsüsilə öz qohüm-qardaşının haqqını unutma
bacardıqca onlara yaxşılıq elə, ailə və tayfanızın qocalarının hörmətini saxla, Peyğəmbər (Allah ona xeyir-dua versin)
demişdir: “Peyğəmbər öz ümməti arasında necədirsə, ağsaqqal da öz tayfası arasında elədir”. Lakin onlara çox da valeh olma ki, məziyyətlərini görə bildiyin kimi, eyblərini də görə biləsən.

Başqasından təhlükə gözləyirsənsə, tez çalış ki, müvafiq şəkildə öz təhlükəsizliyini tə’min edəsən.
Təhlükə gözlədiyin adamdan “heç bir şey edə bilməz” deyə arxayın olma, “heç bir şey olmaz” deyə zəhər içmək ağıllı iş hesab edilə bilməz.

Öz iste’dadınla qürrələnmə, dolanmaq üçün ağılsız və iste’dadsız olmaq lazımsa, ağılsız və iste’dadsız ol, belə olmaq lazım deyilsə, o zaman bir sənət öyrən, öyrənməkdən və yaxşı sözə qulaq asmaqdan ar etmə, beləliklə sən arsızlıqdan qurtarmış olarsan.

     Yaxşı və pisə fikir ver, insanların müsbət və mənfi cəhətlərini öyrən, onların nədən və nə qədər xeyir götürüb ziyan
çəkdiklərinə diqqət yetir və öz xeyrin üçün onlardan istifadə et. Bax gör, insanları zərərə yaxınlaşdıran nədir, ondan qaç və ona yaxınlaş ki, o, insanları xeyrə yaxınlaşdırır.

     Bədənini elm və sənət kəsb etməyə öyrət bilmədiyin şeyi öyrənməyə çalış. Bunun sənə iki faydası olar: ya bildiyin şeyi təcrübədən keçirmiş olarsan, ya bilmədiyin şeyi öyrənərsən.

      Sokrat demişdir: “Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz, bilikdən daha böyük izzət, həyadan daha qəşəng zinət ola bilməz”. Deməli, oğlum, sən bilik yollarını tapmalısan, elə etməlisən ki, hansı vəziyyətdə olursan ol, bir saatın belə elm öyrənmədən boş keçməsin; axı biliyi nadanlardan da öyrənmək olar.
Əgər sən nadana qəlbinin gözü ilə baxıb, ağlının nəzəri ilə diqqət yetirsən onun xoşa gəlməz hərəkətlərini görərsən və bilərsən ki, nələri etmək lazım deyildir. İskəndər24 demişdir: “Mən xeyri yalnız dostlardan deyil, düşmənlərdən də götürürəm. Məndən çirkin bir xəta baş verdikdə, dostlar dostluq xatirinə onu ört-basdır edirlər ki, mən bilməyim, düşmənlər isə əksinə, düşmənçilik üzündən açıb deyirlər, mən də ondan xəbərdar olub, hamin pis işi bir daha təkrar etmirəm. Deməli, mən bu xeyri dostdan deyil, düşməndən görmüş oluram”. Sən də o biliyi alimdən deyil, cahildən öyrənmiş olarsan.

Elm və sənət öyrənmək, istərsə böyük olsun, istərsə kiçik, hamıya vacibdir, çünki insan öz tay-tuşları arasında üstünlüyü yalnız elm və sənətə görə əldə edə bilər. Tay-tuşlarda olmayan bir iste’dadı insan özündə gördükdə, həmişə üstünlük hiss edir, camaat da onu bilik və iste’dadına müvafiq olaraq başqalarından üstün tutur. Ağıllı adamlar bilik və iste’dadlarına görə taytuşlarından daha üstün tutulduqlarını gördükdə çalışarlar ki, öz bilik və iste’dadlarını daha kamil etsinlər. Deməli insan belə edərsə, az keçməz ki, o, hamıdan böyük olar.
Bilik əldə etmək tay-tuş üzərində üstünlük əldə etməkdir, elm və sənətdən əl çəkmək isə geriliklə razılaşmaq deməkdir.

Bilik əldə edib sənət öyrənmək, bədəni tənbəllik xəstəliyinə tutmağa qoymamaq çox faydalıdır. Deyiblər ki, tənbəllik bədən üçün fəsaddır. Bədən sənin sözünə baxmırsa, ayıq ol, buna yol vermə, bil ki, bədən tənbəllik və rahatlığı sevdiyindən sənin sözünə baxmır. Bədənimizin hərəkəti təbii və özbaşına olmadığından və bədən istədiyi kimi deyil, əmr edildiyi kimi hərəkət etdiyindən, nə qədər ki, sən əmr etməmisən, heç vaxt sənin bədənin işləməyi arzu etməyəcəkdir. Deməli, sən bədənini sözə qulaq asmağa və sənə tabe olmağa zorla məcbur etməlisən, çünki öz bədənini sözə baxmağa vadar edə bilməyənlər başqalarının da bədənini özlərinə tabe edə bilməzlər. Elə ki, öz bədənini sənə tabe olmağa məcbur etdin, sonra sənət öyrənməklə hər iki dünyanın ne’mətinə sahib olarsan. Hər iki dünyanın ne’məti sənətdə, bütün sənətlərin açarı elm və tərbiyədədir. Xüsusilə nəfsi tərbiyə etmək, təvazö’karlıq, pəhrizkarlıq, düz danışmaq, mö’minlik, təmiz adlı olmaq. başqalarına əziyyət verməmək və həyalı olmaq çox yaxşıdır.

Hərçənd həyalılıq haqqında hədisdə deyilibdir ki: “həya imandan doğur”, lakin çox yerdə utanmaq insana ziyan vurur. Elə utancaq olma ki, utancaqlıq üzündən vəzifəndə ehmallıq edib, öz işlərinə zərər vurasan. Çox zaman elə yerlər olur ki, məqsədə çatmaq üçün həyasızlıq etmək lazım gəlir. Lakin həmişə yalan danışmaq rüsvayçılıq etmək, sırtıq olmaq kimi harəkətlərdən utan, düz danışmaq, yaxşı işlər görməkdən isə utanma. Çox adam ancaq utancaqlıq üzündən arzusuna çata bilmir.

Əgər utanmaq imandan doğursa, yazıqlıq da utancaqlıqdan doğur, ona görə utanmağın və utanmamağın hər ikisinin yerini bilmək lazımdır, məqsədə hansı uyğundursa, onu etmək lazımdır. Deyiblər ki: “yaxşının müqəddiməsi utancaqlıqsa, pisin də müqəddiməsi utancaqlıqdır”.

Nadan adamı adam hesab etmə əməlsiz alimi isə alim. Elmsiz pəhrizkarı zahid bilmə, cahil adamla isə dostluq etmə. Xüsusilə özlərini ağıllı hesab edən və öz avamlığı ilə lovğalanan axmaqlarla oturub durma. Müdrik adamlardan başqa heç kimlə ünsiyyət saxlama, çünki yaxşılarla ünsiyyət saxlayanın adı da yaxşıya çıxar. Görmürsənmi yağı küncüddən alırlar, lakin küncüd yağını bənövşə ya qızıl güllə qarışdırdıqda və ya bir müddət onlarla bir yerdə saxladıqda yaxşıların kəraməti sayəsində artıq ona küncüd yağı deyil, qızıl gül yağı və ya bənövşə yağı deyirlər!?
Yaxşıların məsləhətlərini və onların yaxşı işlərini unudub naxələf çıxma, sən möhtac olan adama etdiyin yaxşılığı da başına vurma. Yaxşılığı başa vurmaq yaxşılıq etməmək kimi bir şeydir. Xoşxasiyyət və insanpərvər olmağı özünə peşə et, pis adətlərdən qaç və ziyankar olma, ziyankarlığın səmərəsi məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın bəhrəsi alçalmaq olar. Cəhd et səni tə’rifləyən xalq olsun, mədh edən bir neçə cahil olmasın, çünki cahillərin mədh etdiyi, eşitdiyimə görə, alimlər içərisində pislənir.

  H e k a y ə t. Deyirlər ki, bir gün Əflatun25 şəhərin adlısanlı adamları ilə bir yerdə oturub, söhbət edirdi. Birisi onun görüşünə gəlib salam verdi yanında oturub oradan-buradan danışdıqdan sonra dedi: Ey filosof,bu gün filankəsi gördüm, sənin barəndə danışır və tə’rifləyərək deyirdi: “Əflatun çox böyük filosofdur,indiyə qədər onun kimisi nə olub, nə də olacaqdır. İstədim onun tə’rifini sənə çatdıram”.
Filosof Əflatun bu sözü eşitcək başını aşağı salıb ağladı, bərk qanı qaraldı, halı pozuldu. O kişi dedi: “Ey filosof, mən sənə nə ağır bir söz dedim ki, halın belə pozuldu?”. Filosof Əflatun dedi: “Ey xacə, şəxsən sən mənə elə ağır bir söz demədin, lakin bundan daha ağır müsibət olarmı ki, nadanın biri məni tə’rifləsin, mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim nə nadanlıq etmişəm ki, onun təbiətinə yaxın olmuş, xoşuna gəlmiş və məni tə’rifləmişdir, tövbə edib o işdən əl çəkərdim. Halımın pozulması ondandır ki, mən hələ də nadanam, çünki nadanların tə’riflədikləri adamlar yalnız nadanlar olar”.
Bu barədə bir hekayət də yadıma düşdü.

   H e k a y ə t. Deyirlər ki, Məhəmməd Zəkəriyya ər-Razi bir dəstə şagirdi ilə gəzərkən bir dəliyə rast gəldi. Dəli
Zəkəriyyadan başqa heç kəsə baxmadı, onu diqqətlə nəzərdən keçirdikdən sonra üzünə güldü. Məhəmməd Zəkəriyya geri dönüb evinə gəldi, əmr etdi əftimun dəmlədilər, onu içdi. Şagirdləri soruşdular: “Ay müəllim, bu otun dəmini nə üçün indi içdiniz?”. Dedi: “O dəli güldüyü üçün. Əgər o, məndə öz halına oxşar bir şey görməsə idi, üzümə gülməzdi” Deyiblər: “hər quş öz tayı ilə uçar!”.

Bundan əlavə, tünd xasiyyət olub özündən tez çıxmağı adət etmə, bir az da helmin olsa yaxşıdır, lakin o qədər yumşaq olma ki. səni çox yumşaq və həlim olduğun üçün hop eləyib udsunlar, o qədər də sərt olma ki, sənə salam verməyə də qorxsunlar. Hamı ilə yola getməyi bacar, bu üsulla həm dostdan, həm də düşməndən istifadə edib arzuna çata bilərsən. Heç kəsi pislik etməyə öyrətmə, pislik öyrətmək pislik etmək kimi bir şeydir. Əgər günahsız olaraq biri səni incitsə, sən çalış onu incitmə, çünki özgəni incitməmək insanlığın bir hissəsidir. Deyiblər ki, əsl insanlıq camaatı incitməməkdir. Deməli, insan olmaq istəyirsənsə gərək adamincidən olmayasan adamlarla yaxşı rəftar edəsən. Gərək insan aynaya baxsın, görünüşü yaxşıdırsa, işi də görünüşü kimi yaxşı olmalıdır, çünki gözələ çirkinlik yaraşmaz, buğdadan arpa, arpadan buğda bitməməlidir. Bu barədə mənim bir dübeytim də vardır:

Şe’r
Gözəlim, bizə hey pislik edirsən,
Neçin bəs yaxşılıq umursan bizdən?!
Get, əzizim, get ki, səhv eyləyirsən-
Arpa əkibsənsə, buğda biçməzsən!

Aynaya baxdıqda özünü kifir görsən, yenə yaxşılıq et, çünki çirkinlik etsən kifirliyi artırmış olarsan. Bu isə çox pis
şeydir. Bir çirkinlik üstünə bir də çirkinlik gəlsən, bir yerdə iki çirkinlik olar.
Səmimi sözə qiymət verən, dünya görmüş, sınaqdan çıxmış dostların nəsihətinə qulaq as və öz məşvərətçilərinlə həmişə təklikdə məsləhətləş, çünki sənin onlardan ala biləcəyin fayda yalnız təklikdə ola bilər. Sən mənim bu dediklərimi oxuyub öyrənə bilsən və əməl etsən, o zaman nə qədər qabil olduğunu dərk edərsən, lakin bunu anlayandan sonra öz bilik və iste’dadınla lovğalanma. Hər şeyi öyrənib bildiyin halda, özünü bilməyən hesab et, çünki sən yalnız o zaman alim hesab edilə bilərsən ki, hələ də özünün nadan olduğunu başa düşəsən. Bu barədə belə bir hekayət də vardır.

  H e k a y ə t. Eşitmişəm, Xosrovun hakimiyyəti və Büzürcmehrin vəzirliyi dövründə Rumdan çox savadlı bir elçi
gəlir. Xosrov o zamankı fars şahlarının adətinə görə taxta oturub elçini qəbul edir. Elçi öz e’tibarnaməsini təqdim etdikdən sonra şah da özünün Büzürcmehr kimi vəziri olduğunu göstərmək üçün e’tibarnaməni onun vasitəsilə alır və söhbət zamanı elçinin yanında Büzürcmehrə deyir: “Filankəs, dünyada nə varsa, hamısını sən bilirsən…” və istəyir o desin: “Bəli bilirəm”, lakin Büzürcmehr deyir: “Xeyr, hökmdarım, bilmirəm”. Xosrov pərt olur, elçidən utanır və soruşur: “Bəs hər şeyi bilən kimdir?”. Büzürcmehr deyir: “hər şeyi hamı birlikdə bilir, hamı isə hələ anadan olmamışdır.

Ey oğul, sən özünü hamıdan bilikli hesab etmə, elə ki, özünü bilməyən hesab etdin, bilən olarsan, əsil bilən ona
deyərlər ki, bilmədiyini bilə. Sokrat, bütün böyüklüyünə baxmayaraq, demişdir: “Mən özümdən sonra gələcək böyük və ağıllı adamların mənə tə’nə vuracaqlarından və “Sokrat bir dəfəlik dünyanın bütün biliklərini öyrənmək iddiasında
olmuşdur”-deyəcəklərindən qorxmasaydım, mütləq deyərdim ki, mən heç nə bilmirəm və öyrənməyə də acizəm, lakin bunu deyə bilmirəm, çünki bu mənim tərəfimdən çox böyük iddia olardı”.

     Əbu Şükur Bəlxi30 bir beytdə özünün çox böyuk alim olduğunu tə’rifləyir, o beyt budur:

Beyt
O yerə çatmışdır indi elmim ki,
Anlayıb bilməmişəm hələ nadanam.

Ey oğul, nə qədər böyük alim olsan da, öz biliyinlə qürrələnmə, öhdəsindən gələ biləcəyin işlərdə də öz rə’yin
haqqında böyük fikirdə olma, özləri haqqında böyük fikirdə olanlar həmişə peşmançılıq çəkərlər. Başqaları ilə
məsləhətləşməyi özünə əksiklik hesab etmə, ağıllı qocalar və sınanmış dostlarla məsləhətləş. Bütün hikmət və
peyğəmbərliyinə, müəlliminin və işlərini sahmana salanın Allah-taalanın özü olmasına baxmayaraq, Allah yenə də
Məhəmməd Mustəfa səlləllahü əleyhi və səlləmə bununla kifayətlənməyə razılıq verməmiş və: “işlərində onlarla məsləhət et” demişdir. Demiş ki: “ya Məhəmməd, öz əshabə və dostlarınla məsləhət et, çünki sizdən hərəkət Allah olduğum üçün isə, məndən bərəkətdir”. Bilməlisən ki, bir adamın rə’yi iki adamınkı kimi ola bilməz, bir göz iki gözün gördüyünü görə bilməz, görmürsənmi təbib xəstələndikdə və xəstəliyi şiddətləndikdə, nə qədər hazır həkim olur olsun, yenə də özü ilə kifayətlənməyib, başqa bir həkimi çağırar, onun məsləhəti ilə müalicə olunar. Yaxın bir adamın sənə işi düşsə, ona kömək etməyə çalış, rəqib və düşmənin olsa belə, yardım əlini və malını ondan müzayiqə etmə. İşi düzəlsə, etdiyin kömək onun sənə qarşı məhəbbətini artırar və ola bilər ki, o düşmən dönüb dost olsun. Görüşünə gələn söz ustadlarına hörmət edib, onlara bəxşiş ver ki, sənin görüşünə həris olsunlar (yə’ni tez-tez gəlsinlər). Adamların ən yazığı odur ki, alim olsa da, heç kəs onun görüşünə getməsin.

Camaat ilə mehriban danış və qaş-qabağını turşutma. Qaşqabaqlı adam yaxşı sayılmaz. Adam nə qədər hikmət sahibi olsa belə, qaş-qabağını tökdükdə onun nə hikmətində hikmətlik qalar, nə sözündə gözəllik. Xülasə, bil ki danışmağın qaydası necədir və nədir, qalanına Allah kərimdir.

14/10/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Oo bacim benide takip et

    tərəfindən bəyənildi 1 şəxs

  2. Müəyyən nüanslar oldu ki, o yerlərdən özümçün ibrət götürdüm. Ümumilikdə həvəslə oxuduğum bir silsilə yazıdır. Əziyyətiniz üçün sizə çox, lap çox təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Şəkil seçimi də çox gözəldir, uşaqlığımı xatırlatdı lap. Biz uşaq olanda evimizin qabağı üzümlük idi və onun arası bu güllərlə dolu idi, fürsət düşən kimi qaçıb dərirdik 🙂 Elə o vaxtdan sevdiyim güllərdəndir. Amma indi nə üzümlük var, nə o gül 😦

    tərəfindən bəyənildi 1 şəxs

  4. Her bir cümlesi hakikat ve gerçeği anlatıyor. Bu kadar güzel öğüt ve tavsiyeleri okumak çok güzel. Allah Razı Olsun. Siz paylaşın bizler okumaya açız gerçekten.

    Bəyən

  5. Adam təkrar-təkrar oxusa belə,hər dəfəsində ibrət götürür. Sağ ol ki, paylaşırsan ,Seva. Bu kitabı oxuduğum təxminən 20 il olar. Sayəndə mümkün qədər oxuyuram və fikirləşirəm ki, bu kitab hər bir evdə stolüstü kitab olsa nə gözəl olardı. İndiki insanların ehtiva edəcəkləri çox mətləblər var. Hətta dyərdim ki, dərsliklərə salınsın.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: