Uşaq ensiklopediyası (XXV)

image

Vidadi Molla Vəli Məhəmməd oğlu

            (təqr. 1709 – 1809)

Uşaqlar, yəqin ki, siz baba-nənələrinizdən, yaxud ata-analarınızdan eşitmisiniz: səni görüm yüz yaşayasan!

Bu o deməkdir ki, ömrün uzun olsun. Məşhur Azərbaycan şairlərindən olan Molla Vəli Vidadi də uzun ömür sürmüş, təqribən yüz il yaşamışdır. Onun həyatı haqqında məlumat azdır. Bunu bilirik ki, o, Şəmkirdə doğulmuş, burada oxumuş, ayrı-ayrı vaxtlarda Şıxlı kəndində, Qarabağda yaşamış, sonradan yenə Şıxlıya qayıdıb, həyatının axırınadək orada ömür sürmüşdür. Qəbri də Şıxlıda, Gəmiqaya adlanan yerdədir. 

Səməd Vurğunun “Vaqif” pyesində Vaqifin ən yaxın dostu kimdir? – sualına əsəri oxumuş və ya “Vaqif” tamaşasını görmüş məktəbli mütləq belə cavab verəcəkdir:

– Əlbəttə, Vidadi!

Bu, tamamilə doğrudur. Vidadi və Vaqif sədaqətli dost olmuş, mehribancasına şeirləşmişlər. Onların yaşadığıl dövrdə Azərbaycanda Bakı, Şəki, Quba, Qarabağ və s. xanlıqlar var idi. Çox zaman bu xanlıqlar öz aralarında vuruşur, güclü, xarici işğalçılar da bundan istifadə edib ölkəni dağıdır, var-yoxunu qarət edir, yoxsul camaatı qovub qürbət ellərə aparırdılar.

 Məni belə hər kim görsə, bil, ağlar,

Dağ-daş yanar, ulus-oymaq, el ağlar,

Cismim sızlar, göz yaş tökər, dil ağlar,

Öz başıma yalnız məgər ağlaram?

      Şairin kədəri xalq dərdi müsibəti ilə bağlı vətəndaşlıq kədəri idi. Şairin “Könül həsrət, can müntəzir, göz yolda”, “Çərxi-fələk zülmü ziyad eyləmiş”, “Yenə yad eylədim keçən günləri”, “Xəstə düşdüm gələn yoxdur üstümə”,  “Belə qalmaz” və s. qoşma, qəzəl və müxəmməsləri bu ictimai kədərin, ümumxalq kədərinin ifadəsidir.

Vidadinin şəxsi müsibəti də onun yaradıcılığında dərin izlər buraxmışdı. Oğlu Əyyubun qəflətən faciəli ölümü, şair dostu Vaqifin öz oğlu ilə birlikdə qətli, yaxın dostu şair Hüseyn xan Muştaqa həsr olunmuş “müsibətnamə” mənzuməsi şairin yaradıcılığında xüsusi yer tutur.

Xalqımız, gənc nəslimiz vətəndaş şair oğlunun xatirəsini əziz tutur, onun insanlara məhəbbət dolu əsərlərini sevə-sevə oxuyur. Respublikamızda onun adına mədəni-maarif müəssisələri var. Birinci Şıxlı kəndində qəbirüstü abidəsi qoyulmuşdur.

 

Viruslar 

     XIX əsrin axırlarında artıq heç kim şübhə etmirdi ki, hər bir yolxucu xəstəliyin öz mikrobu var və bu mikroba qarşı müvəffəqiyyətlə mübarizə etmək mümkündür. Bakterioloqlar deyirdilər: “bizə möhlət verin. Tezliklə xəstəliklərin kökünü kəsəcəyik”. Lakin illər keçir, vədlər isə yerinə yetirilmirdi. İnsanlar yenə də qızılca, poliomielit, traxoma, çiçək, titrətmə-qızdırma, qrip kimi xəstəliklərə tutulurdular. Milyonlarla adam ağır xəstəliklərdən ölürdü, lakin xəstəliktörədici mikroblar tapilmirdi.

    Nəhayət, 1892-ci ildə rus alimi Dmitri İosifoviç İvanovski düzgün bir istiqamətə düşdü. O, insan xəstəliklərini deyil, bitki xəstəliklərini öyrənməyə başladı. Tütün mozaikasını (tütün yarpaqlarının “alabəzəkliyi” xəstəliyi) tədqiq edərkən o, belə qərara gəldi ki, bu xəstəliyi törədən mikrob deyil, nə isə daha xırda bir şeydir. Bu “nə isə” ən narın süzgəclərdən də keçir və başqa orqanizmlərin canlı hüceyrələrində çoxala bilir. Bu yeni “nə isə”ni virus adlandırdılar. Latın dilində virus sözü “zəhər” deməkdir.

    Tək-tək virusları yalnız bu yaxınlarda, elektron mikroskopu kəşf ediləndən sonra görmək mümkün oldu.

    Məlum oldu ki, ən sadə virus öz qabığının içində spiral şəklində burulmuş böyük molekuldur. Belə virus canlı hüceyrəyə toxunan kimi, spiral öz qabığını ataraq hüceyrəyə daxil olur və bu zaman qəribə hadisə baş verir: hüceyrənin tərkibi qabıqla örtülmüş kiçik spirallara çevrilir. Başqa sözlə desək, hüceyrə özü məhv olur, əvəzində yeni virus molekulları əmələ gəlir. Kiçik spiralların hamısı hüceyrəni məhv edən viruslara çevrilir. Beləliklə də virus çoxalır.

      Müxtəlif növ viruslar mövcuddur. Onlar bir-birindən fərqlənir, hər biri yalnız müəyyən xəstəliklər törədir. Elə viruslar var ki, onlar bəzi bakteriyaların içinə keçir və onları dağıdır. Belə virusları bakteriofaq, yəni bakteriyayeyən adlandırırlar. Dizenteriyanın müalicəsində bakteriofaqlar həkimlərə yaxşı kömək edir.

Viskoz 

       Heç kəsin ağlına gəlməz ki, desin: “mən ağac köynək geymişəm”, yaxud “Mən ağac corab almışam”. Amma burada bir həqiqət var.

      Əlbəttə, ağacın oduncağı parçaya çevrilənədək bir çox prosesdən keçir. Əvvəlcə oduncağı xırdalayırlar. Sonra onu uzun müddət müxtəlif tərkiblərdə həll edirlər. Nəhayət, yapışqana bənzər qatı bir kütlə – viskoz alınır (“viskoz” latınca “yapışqan” deməkdir). Ona baxanda heç ağlına gəlməz ki, bu kütlə dönüb liflərə çevriləcək.

     Amma siz bir bura baxın. Viskozu çox xırda deşikli filyer adlanan torun üstünə tökürlər. Viskoz təzyiq altında nazik axın (şırnaq) şəklində filyerin deşiklərindən süzülüb keçir. Uzaqdan baxdıqda bu şırnaqları elə indidən sap adlandırmaq olar Lakin onlar hələ möhkəm deyil. Yalnız xüsusi məhlulla doldurulmuş vannaya salındıqdan sonra onlar bərkiyir və elastik olur. Bax, indi süni lifin – viskoz ipəyinin sapları hazırdır. Hazır sapları böyük makaralara sarıyıb, ondan parça toxuyurlar. Süni lif həm ucuzdur, həm də onu istehsal etmək çətin deyil. Bir kubmetr oduncaqdan 150 kiloqram viskoz ipəyi almaq olur.

20/09/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Ay nə maraqlı :)) Virus və viskozla uşaq səviyyəsində də olsa məlumatlı oldum, yoxsa ki, adını eşidib, özü haqqında məlumatlı deyildim.
    Təşəkkür edirəm Sizə, Sevinc, nə yaxşı ki varsınız.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: