Qabusnamə (5-ci fəsil)

image

Beşinci fəsil

ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA

Ey oğul, bil ki, bizi yaradan (onun cəlalı böyük olsun) dünyanı abad saxlamaq üçün nəslin artıb törəməsini lazım bildi və heyvani şəhvəti buna səbəb etdi. Deməli, sağlam düşüncəyə görə, övlad (öz səbəbinə) hörmət etməli və öz əsil-zatına ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anadır.

Demə ki: “ata-anamın mənim üzərimdə nə haqqı vardır, onların məqsədi öz şəhvətlərini söndürmək olub, mən olmamışam”. Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin yolunda ölümə də getməyə hazır olarlar, bu isə şəhvətdən daha üstündür. 

Ana və ataya ən azı ona görə hörmət etmək lazımdır ki, onların hər ikisi səninlə yaradan arasında vasitədir. Deməli, özünə və yaradanına hörmət etdiyin qədər, öz vasitələrinə də hörmət etməlisən. Ağlı başında olan hər övlad heç vaxt ata və ana haqqını unutmaz. Allah-taala öz Kitabi-məcidində belə deyir: “İtaət ediniz Allaha, itaət ediniz peyğəmbərə və öz amirlərinizə”12. Bu ayəni bir neçə cür təfsir etmişlər. Onlardan birində belə oxumuşam ki, “amirlər” ana və atadır, çünki ərəb dilində “əmr” sözünün iki mə’nası vardır: iş və əmr. Amir ona deyərlər ki, həm ixtiyarı olsun, həm iqtidarı. Ata və ananda isə həm iqtidar var, həm ixtiyar. İqtidar- yedirdib bəsləmək, ixtiyaryaxşı şeylər öyrətməkdir.

Ehtiyatlı ol, ey oğul, ata və ananın qəlbini incitmə, onların ürəyinə toxunma, çünki yaradan ana və atanı incidənə ağır cəza verir. Allah-taala deyir: “Onlara tfu demə, onları incitmə, onlara xoş söz lər de!”.

Əli Əmirəlmö’mindən (Allah ondan razı olsun) soruşdular ki, ana və atanın haqqı nə qədər olar? Dedi: “Onun nə qədər olduğunu Allah-taala peyğəmbər əleyhissəlamın ana və atasının ölümündə göstərmişdir. Çünki onlar peyğəmbər əleyhissəlamın peyğəmbərlik dövrünə qədər yaşasaydılar, peyğəmbər onları hamıdan şərəfli tutmağı vacib bilərdi, bu da onun dediyi: “Mən Adəm övladının ən şərəflisiyəm və bunda qürurum yoxdur” sözü səhv görünərdi.

Deməli, ana və atanın haqqını dini cəhətdən qəbul etməsən, ağıl və insanlıq nöqteyi-nəzərindən qəbul etməlisən. Ana və ata sənin əsl böyüdənin və tərbiyə verənindir, sən onların haqqını ödəməkdə kahıllıq göstərsən, bu ona dəlalət edər ki, sən heç bir yaxşılığa layiq deyilsən. Çünki aşkar xeyirxahlığın qədrini bilməyən adam dolayı xeyirxahlığın qədrini haradan bilər? Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır. Sən də nadanlıq adını qazanmağa çalışma. Öz övladının sənə qarşı neçə olmalarını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol!

Sən səni doğanla necə rəftar edibsənsə, səndən doğulan da səninlə elə rəftar edəcəkdir. Övlad meyvəyə bənzər, ana-ata isə ağaca. Ağaca nə qədər çox xidmət etsən, o qədər onun meyvəsi yaxşı və gözəl olar, ata-anaya da nə qədər cox hörmət edib onlardan utansan, o qədər də onların sənin haqqındakı duaları tez müstəcab olar, sən həm Allah yanında, həm valideynin yanında üzü ağ olarsan.

Amandır, miras xatirinə ana və atanın ölümünü arzulama. Ata-anan ölməsə də, sənin ruzin yetişəcəkdir, çünki Hər kəsin qisməti özünə çatacaqdır. Artıq ruzi əldə etmək üçün özünü çoxsən da ora-bura vurma, ora-bura soxulmaqla ruzi artmaz, ona görə deyiblər: “Zəhmət çəkməklə yaşa, özünə əziyyət verməklə yaşama!”.

Ruzi haqqında həmişə Allahdan razı qalmaq istəyirsənsə halı səninkilərdən yaxşı olanlara deyil, pis olanlara bax.

Mal-dövlət cəhətdən yoxsul olsan, çalış ağıl və kamalca dövlətli ol, çünki ağıl-kamal zənginliyi var-mal dövlətliliyindən daha yaxşıdır. Ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl qazanmaq isə olmaz. Cahil adam tez yoxsullaşa bilər, lakin ağlı oğru apara bilməz, su və od məhv edə bilməz.

Beləliklə, əgər ağlın varsa, sənət öyrən, çünki biliksiz ağıl paltarsız bədən, simasız adam kimidir. Yaxşı deyiblər: “bilik ağlın aynasıdır”.

07/09/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) nəql olunan bir hədisdə belə buyurulur ki, Muhəmməd (Allahın ona salavat və salamı) “Burnu yerlə sürtülsün, burnu yerlə sürtülsün, burnu yerlə sürtünsün” deyə 3 dəfə təkrarlayıb. Səhabələri “Kimlərin ya Rasulullah?” sualına “Ata və anası və ya onlardan hər hansı biri ahıl yaşına çatıb da, Cənnəti qazanmayan övladın” deyə cavab verib. Yəni Cənnətin o qədər gözəl nemətlərinin qarşılığında insan tələb olunan sadəcə əxlaqlı olmaq, böyüyə-kiçiyə qarşı qayğıkeş olmaqdır. Təəssüf ki, əxlaq dairəmiz getdikcə daralır.
    Təşəkkür edirəm, Sevinc, neçə gündür fürsət axtarıram ki, oxuyum, şərh yazım, qismət bu günə imiş.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Belə bir xeyirxah əməldən dolayı təşəkkür edəriz!!!! Var olun!!!!

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: