Gəlinlik saç düzümləri
1.
Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
“Vağzalı” çalınır, anam ağlayır.
2.
O, nələr etmədi toyunda nələr,
Bu həsrətin yeri nə tez bilindi?
“Vağzalı” çalınır, son dəqiqələr…
Özgə bir yuvaya köçürsən indi.
3.
Köçürsən üzüağ, məğrur, həyalı,
Gedirsən könlünü verdiyin yerə.
Buydu anamın da fikri, xəyalı,
Bəs niyə kövrəlir o, birdən-birə?
4.
Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
“Vağzalı” çalınır, anam ağlayır.
5.
Xeyir-dua verir kiçik bacılar,
Dərindən ah çəkir böyük qardaşın.
Atanı dövrəyə alır qocalar,
Qapıya söykənir bəzəkli maşın.
6.
Göz yaşı incitək qonur sinənə,
Getmək istəyirsən, o qucaqlayır.
– Ay qızım, xoşbəxt ol! – söyləyir sənə,
“Vağzalı” çalınır, anam ağlayır.
7.
Bir evdən bir evə səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir.
8.
Otaqda boş qalır gümüş çarpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın.
“Vağzalı” çalınır, anam ağlayır.
9.
Ona təskinlik də gərək deyildir,
O göz yaşlarında sevinc var, bacım.
Səadət həmişə gülmək deyildir,
Ana qız toyunda ağlayar, bacım.
10.
Gedirsən, ən şirin arzu-kam kimi,
“Vağzalı” çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!
28/08/2016 tarixində Fotoqalereya içində dərc edildi və gəlinlik saç düzümləri, gəlinliklər olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.
1-ci və 6-cı xoşuma gəldi. Təşəkkürlər, Sevinc, bütün subaylara xeyirlisi ilə qismət olsun.
BəyənBəyən
Amin, mələyim. Allah hər bir övladı xeyirli qismətlə qarşılaşdırsın…
BəyənBəyən