Şəhidlərimizi anaq…(“Taleyin həsrət qisməti” romanından bir hissə)

 

image

…Günay üçün gün çox qəribə hisslərlə başlamışdı. Nədənsə bir yerdə qərar tuta bilmirdi. Heç dərsə də diqqətini toplaya bilmirdi. Bu əhvalla altı saatı sözün əsl mənasında yola verib evə döndü. Məktəbli formasını dəyişib çay süzdü, yemək yeməyə də iştahası yox idi. Bacısı işdən dönməmişdi, atası da evdə yox idi. Anası isə gözünə dəymirdi nədənsə. Atasının böyük həvəslə aldığı qrammafona yaxınlaşdı. Plastinkaları əlinə alıb bir-bir baxdı. Tanınmış müğənnilərin çoxunun lent yazısı vardı burda. Amma nədənsə diqqətini Bülbülün şəkli olan plastinka cəlb etdi. Mahnıların adları oxudu “Ölkəm”, “Sevgili canan”,  “Gülə-gülə”,  “Xumar oldum”, “Üç telli durna”. Qrammafonu işə saldı, Bülbülün səsi otağa yayıldı: 

Şiş ucları, şiş ucları buludlarla döyüşən, dağlarında buzları var ölkəmin…

– Ay qızım, son günlərdir gözümə yaman bikef dəyirsən, nə olub sənə? Bəlkə imtahanlardan qorxun var, düzünü de, – Mehribanın səsi Güneli fikrindən ayırdı.

– Yox, ay ana, imtahandan nə qorxum olacaq, oxuyub bildiyimi yazacam da.

– Bəs onda niyə bu haldasan, heç özündə-sözündə deyilsən, elə bilirsən hiss etmirəm?

– Bilmirəm, ana, vallah heç özüm də bilmirəm mənə nə olub. İçimdə elə niğarançılıq var, elə narahatam ki. Elə bilirəm hər saat nə isə eşidəcəm, xoş olmayan bir xəbər alacam.

– Bıyy, ağzını xeyirliyə aç, ay qız, beş gündən sonra bacının toyudur, bu nə sözdür danışırsan?

– Nə bilim, ay ana, özümdən asılı deyil ki.

Mehriban qızını dalğın görüb fikrini dağıtmaq üçün onu söhbətə tutdu:

– Muradın, elə qızların ikisinin toyunda da hələ uşaq idin, indi maşallah böyümüsən, sən hamıdan çox sevinməlisən. Axı həm də sən bu il orta məktəbi qurtarırsan.

– Hə, ana Muradın toyunda 8-ci sinfdə oxuyurdum. Yadındadır Kamil bizi necə aldatdı?

– Yadıma salma, qızım, hələ də unutmamışam. Bir qardaşın ola, onun da toyuna gəlib çıxa bilməyəsən. Aldatdı bizi, demə bilirmiş ki, həmin gün üçün çata bilməyəcək, toyun səhəri, tezdən o başdan burda oldu. Komandir buraxılış vərəqini gec imzalayıbmış demə. Nə arzularım vardı…ehh, buna da şükür.

– Yadımdadır, ana, hələ mən balaca idim Murad əsgərlikdə idi, sən həmişə oxuyardın:

Ay aşıq təriflə bizim gəlini

Qaynına deyin bağlasın belini..

– Yaman yarıtdı bizi, qardaşı yerinə dayısı oğlu bağladı gəlinin belini – Mehriban köks ötürüb başını yellədi.

– Amma gözəl toy keçdi də, ana. Neçə vaxt bu toyun sədası dillərdə gəzdi. Kəndimizdə məşhur müğənninin toy aparması ilk dəfə idi axı.

– Hə, sağ olsun atan da, elə təzə  kürəkən də. Atan sağ olsun ki, o qədər pulu verməyə razı oldu, arzumu gözümdə qoymadı, Orxan da sağ olsun ki, Xeyransa xanımı, Zauru razı sala bildi.

– Təzə kürəkən bacın oğludur deyə, nə yaman ağızdolusu danışdın, hə? – Günel zarafatla anasına baxıb gülümsədi.

– Bax, əhvalını yerinə gətirdim, indi sən də mənim istəyimi yerinə yetir, ağıllı qızım.

– Hansı istəyini, ana?

– Bilirəm yorğunsan, dərsdən təzə gəlmisən, yol da yaxın deyil özüm gedəm. Bacın üçün bir az yemək, ərzaq hazırlamışam. Apar onu ver, qaranlıq düşməmiş də qayıt gəl, qızım. Neynim ana olmaq belədir də, ürəyim dözmür, körpə uşaqlıdır, özü də hamilədir. Çatdıra bilmir, axır aylarıdır deyə lap əziyyət çəkir. Həm də Nazim bu gün növbədən gəlib, qoy evində hazır yeməyi olsun. O yazıq da cəbhə bölgəsində min əziyyət çəkir. Əvvəllər fəxr edirdim ki, qızım polis oğlanla ailə qurub, indi də o hər növbəyə gedib gələnədək qarnımı qara dərd alır.

– Apararam, ana, niyə aprmıram ki. Sən hazır elə mən əynimi geyinim.

– Sağ ol, ağıllı balam mənim. Hazırdı, sən tez geyin ki, axşam olmamış qayıt, atan acıqlanmasın.

Günel taxta pillləkənləri qalxıb qapını astaca döydü. Az keçmiş bacısı qapını açdı, Günelin salamını alıb otağa keçdi. Günel bacısının üzündən hiss etdi ki, əhvalı heç də yerində deyil. Bacısı tündxasiyyət olduğundan hələ heç nə soruşmadı. Çarpayısında uzanmış Güləri qucağına aldı. Öpüb oxşadı, yenidən çarpayısına qoydu. Bir yaşına az qalmışdı Gülərin, amma nə gəzir, nə də danışırdı. Həkimlərin səhv müalicəsi nəticəsində uşaqda getdikcə inkişaf qüsuru yaranırdı, müalicəsini isə heç bir həkim boynuna götürmürdü. Günay otağa göz gəzdirdi. Televizorun üstünə qoyulmuş alətləri götürdü, dolabın açıq qalmış qapısını bağladı, artıq paltarları ortadan götürdü. Gəlib bacısının yanında oturdu.

– Guya növbədən gəlmişdi, təzəcə bir stəkan çay içib, televizorun qoruyucusu yanmışdı onu dəyişirdi ki, evə zəng gəldi. Telefonu mən götürdüm, elə bildim sənsən. Bir kişi Nazimi soruşdu, dəstəyi verdim. İki kəlmə danışıb qoydu üstünə. Mənim iş köynəyimi ver, tez getməliyəm dedi. Dedim hara gedirsən, indi gəlmədin? Axı iki gündü evində deyilsən. Yox, Fərqanə, getməliyəm, rəis idi zəng edən. Kərimin uşağı xəstələnib növbəyə çıxa bilməyəcək bu gün. Hirsimdən az qala dəli oldum, dedim ay Nazim, sənin uşağın məgər sağlamdır. Axı niyə ədalətsizlik edirlər, sən də evində bir qab isti yeməyini yeməlisən, ya yox? Elə üzüyolasan deyə hər işə səni buyuracaqlar? Qayıdıb nə desə yaxşıdır? Dedi sərhəd kəndlərdən birinə ermənilər bu gecə hücum planlayıb, əlavə qüvvəyə ehtiyac var, mütləq getməliyəm. Fərqanə dolmuş gözləri ilə bacısına baxıb davam etdi:

– Mən də köynəyini yumuşdum, amma ütüləməmişdim hələ. Naəlac qalıb durdum, elə köynəyə təzə ütü vurmuşdum ki, telefon bir də zəng çaldı. Nazim götürdü, – “gəlirəm bu saat” – deyib, köynəyi əlimdən aldı, yarıqırış geyinib düymələdi. Güləri qucağına alıb öpdü, həmişəki kimi “mənim qızım sağalacaq, atasına çay süzəcək”, deyib qucaqladı. İnanırsan son günlər çox az hallarda ağlayan Gülərdən bir ağlamaq çıxdı, elə bil ətindən ət kəsdilər. Nazim geriyə də baxmadan pilləkənləri düşdü, sonuncu pilləkənə çatmışdı ki, çevrilib geri baxdı…Fərqanənin gözləri yenidən doldu. Günel, sən o baxışları bir görsəydin, aman Allah…elə bil bir də qayıtmayacam deyirdi… Bircə kəlmə ilə sağollaşdı “özündən, uşaqlardan muğayat ol”… Mən dəli olacam, ay Allah, bu nə baxış, bu nə gediş idi, – Fərqanə üzünü əlləri ilə bağlayıb hönkürdü.

Günelin gözü yaşla dolsa da özünü təmkinli apardı, bacısını qucaqlayıb təskinlik verdi:

– Ağlama, inşallah sağ-salamat qayıdıb gələcək, birinci dəfə deyil ki, növbəyə getdiyi.

– Birinci dəfə deyil, düzdü, amma heç vaxt belə ayrılmamışdı, heç köynəyini də tam ütüləyə bilmədim, qapıda maşın gözləyir dedi, əlimdən yarımçıq aldı.

– Səbrli ol, bacı, ağlama, həm şər vaxtıdır, həm hamiləsən. Dua elə ki, bu dəfəki növbəsin də sağ-salamat başa vurub gəlsin.

– İnan Allaha, Günel, bu dəfə də xətasız-bəlasız gəlsin onunla şərtim olacaq, ya bu işdən çıxsın, ya da növbəyə getməsin bir də. Hər gedişi mənim on ilimi geri salır.

– Darıxma, gəlsin danışarsan özüylə. Ən azından sən azad olanacan səni tək qoymaz.

– İnşallah, bircə bu gecəni xeyirliklə açaq. Getdiyi kənddə cəmi yeddi ev var, amma burda onu gözləyən ən əziz adamları…

Günel bacısı ilə xeyli dərdləşdi, hava qaralmışdı artıq getmək vaxtı idi. Telefon zəng çaldı, Günel dəstəyi qaldırdı. Anası idi:

– Ay Günel, sən ordasan hələ? Qaranlıq düşüb axı, qızım.

– Çıxıram, ana, çıxıram deyib dəstəyi tez asdı. Bacısına çevrilib:

– İstəyirsən bu gecə sənlə qalım, tək qalsan lap çox fikir edəcəksən.

– Yox, Günel, evə get, mən yatmaq istəyirəm. Gülərin də dərmanın verib yatıracam, ancaq yatsam bu vahiməli gecədən canım qurtaracaq.

Günel bacısı ilə sağollaşıb çıxdı. Addımlarını bacardığı qədər yeyinlətdi ki, evə tez çatsın. Evə çatan kimi anası:

– Qız uşağı bu vaxt evə gələr, hər tərəf qaranlıqdı, yaxşı ki, atan gəlməyib hələ. Başın Gülərə qarışmışdı, niyə gec gəldin?

– Yox, ay ana, Fərqanə ilə söhbət edirdim.

– Nazim necəydi, yedi kətədən?

– Nazimi görmədim ki, ana. Mən gedənəcən işdən çağırıblar, getmişdi.

– Nə danışırsan, axı təzə gəlmişdi işdən.

– Hə də, gəlmişdi, amma yenə gedəsi olub, – Günel dərinə getmək istəmədi.

Qapının bərk-bərk döyülməsi Günelə şirin yuxusundan ayıltdı. Yatağından qalxıb dəhlizə keçdi. Atası kiməsə – “indi gəlirəm” – deyib qapını bağladı. Mehribanın gözü Vaqifin üzündə qalmışdı:

– Kim idi, nə istəyirdi bu gecə vaxtı?

– Sovet sədri göndərib, məni idarəyə çağırırlar.

– Bu gecə vaxtı nə idarə, ay kişi?

– Mən nə bilim, gedim görüm nədi gəlib deyərəm sizə də. Vaqif ayaqqabısını geyinib həyətə çıxdı, idarə maşınına minib getdi. Günel qorxaq baxışlarla anasına baxıb:

– Ana, bəlkə ermənilər rayona hücum ediblər atamı ona görə çağırırlar?

– Ermənilər hücum edib atanı niyə aparırlar, kəndin cavanlarına nə gəlib? Yox, qızım, erməni məsələsi deyil. Gözləyək atan gəlsin görək nədi.

Günel otağına keçib çarpayıya uzandı, bacısı yerində, heç nədən xəbərsiz şirin-şirin yatırdı. Günel bir bacısına, bir də divardan asılmış gəlinliyə baxdı. Birdən bacısı Fərqanənin dolmuş gözləriylə danışdıqlarını xatırladı. Yadına gəlinliyi ütüləyərkən ütünün əlində alışıb yanması düşdü. Özündən biixtiyar içini çəkdi…

Günel gözünü təzəcə yumub yuxuya gedirdi ki, qapı yenidən döyüldü. Hövlnak yerindən qalxdı. Atası idi, dəhlizdə anasına – “geyin gedirik” -deyirdi. Anası isə təkidlə hara gedirik, nə olub deyə soruşurdu. Vaqif:

– Gülər xəstələnib onlara getməliyik, – dedi.

– Ay kişi, Gülər xəstələnib səni idarəyə niyə çağırırlar, sən Allah düznü de, nə olub? Səsə Ramilə də oyanmışdı. Olanları yuxulu-yuxulu qavraya bilmədiyindən anasına dedi:

– Ay ana, geyin deyir, geyin də, niyə inad edirsən?

Anası otağa geyinməyə keçən kimi isə atasına yaxınlaşıb soruşdu:

– Ata, hara gedirsiniz?

Atası bir qədər susdu, dillənmək istəmədi. Ramilə bir də soruşdu:

– Ata, Gülər xəstələnib, niyə gedirsiniz?

– Yox, qızım, Nazim yaralıdır, ermənilər vurub.

Günel:

– Ata, nə danışırsan? Ramilə atasına bir az da yaxınlaşıb asta səslə soruşdu:

– Yaralıdı, yoxsa…

Otaqdan söhbəti eşidən Mehriban özünü yarıgeyimli halda dəhlizə atdı:

– Nazim yaralıdı? Nə danışırsan, ay Vaqif? Nazimi ermənilər vurub nədi?

Vaqif əsəblərini cilovlaya bilmədi:

– Geyin çıxaq, ay arvad, bəsdi məni sorğu-sual elədin.

Başıma daş düşüb denən, gizlədirsən məndən, Nazimə nəsə olub ki, sənin rəngin belə qaralıb. Mehriban tələsik geyinib maşına mindi, Ramilə atasının arxasınca maşına qədər getsə də dəqiq bir cavab almadı. Geri dönüb otağa keçdilər. Günel özündə deyildi, elə bil yuxuda idi. Gördüyü, eşitdiyi hər şey xəyal kimi görünürdü ona. Bacısının dünənki halı, neçə gündən bəri keçirdiyi narahatçılıq, üstəlik qapı səsinə oyananadək gördüyü yuxu, hamısı onun fikirlərini bir-birinə qatmışdı. Bacısının:

– Bu gecə yuxumda nanə görmüşəm. Görürəm pəncərənin altından iri bir ləkdə anam nanə əkib, – deyə astaca dilləndi.

– Mən də atam gedəndən sonra təzəcə yuxuya getmişdim ki, gördüm atam ağappaq bir parçaya bürünüb qapımızı döyür, elə qapının səsisnə də oyandım. Ramilə, biz niyə getmədik? İndi hardan öyrənək ki, Nazim sağdır, ya yox? – deyə Günel bacısından soruşdu.

İki bacı evin içində özlərinə yer tapa bilmirdilər. Əlləri heç yana çatmır, kimsədən xəbər almağa cürət etmirdilər. Birdən Günelin gözü ev telefonuna sataşdı. Bacısına baxıb:

– Gəl zəng edək Fərqanəgilə. Yuxulu olsa cavab vermərik. Günel dəstəyi götürüb nömrəni yığdı. Bir xeyli çağırsa da dəstəyi qaldıran olmadı. Günel bir az ümidləndi ki, yəqin bacısı yatıb.

Amma Ramilənin təkidi ilə Fərqanənin qaynatasıgili yığdı. Fərqanə qaynatasıgilnən bir həyətdə qalırdı. Nazimin anası hələ Nazim iki yaşında olanda dünyasını dəyişmişdi. Nazimin özündən başqa bir qardaşı da vardı. İki qardaş yetimçiliklə böyümüşdülər. Atası yenidən evlənmiş, oğlu, qızı da olmuşdu. Amma ana nənəsi nəvələrini ögey ana əlinə verməmiş, özü saxlamışdı. İndi ögeylik yenə də özünü göstərmişdi. Ata yurdunda ikinci arvaddan olan oğlu qalırdı, Nazim isə köhnə taxta evdə qalmağa məcbur idi.

Telefon iki dəfə çağıran kimi dəstəyi kimsə qaldırdı. Günel “alo” demək istəyirdi ki, dəstəyin o başından gələn ətürpədici qışqırıq, ağlamaq səsi sözünü ağzında yarımçıq qoydu. Dəstək əlindən sürüşüb yerə düşdü. Hədəqəsindən çıxmış gözlərini bacısı Ramiləyə dikib lal kimi dayandı. Bir neçə saniyə baxdıqdan sonra dərindən udqunub:

– “Nazim” deyib ağlayırdılar – deyə bildi. Ayağı ayağına dolaşa-dolaşa özünü həyətin qaranlığına atıb var gücü ilə qışqırdı:

– Yox!!! Ola bilməz! Allahım Nazim ölməsin, yalvarıram ölməsin…deyib dizlərini yerə qoydu. Başını əlləri arasına alıb dəli kimi hönkürdü…

Günelin səsinə qonşular yığılmışdı. Günel sakitləşmir, ağlayırdı. Nazimi itirmək ona dəhşətli gəlirdi. Qəbul edə bilmirdi bu itkini. Başına yığışan qonşular Günelə təskinlik versələr də Günel:

– Yox, Nazim ölməyib, ölə bilməz. Yalandır, – deyib yenidən hönkürürdü. Oturduğu yerdən qalxmağa taqəti yox idi. Dizlərini qucaqlayıb gözlərini bir nöqtəyə zilləyib qalmışdı. Heç kim onu qalxıb evə keçməyə razı sala bilmirdi. Günelin gözünün önündən Nazimlə olan söhbətləri lent yazısı kimi gəlib keçirdi. Heç unutmadığı bir səhnə vardı…

Bir gün nahar vaxtı Günel yenə Nazimgilə getmişdi. Anası hazırladığı bağlamanı masaya qoyub Güləri qucağına aldı. Gülər heç nə anlamasa da Günayın qucağında çox şən olardı, qeyri-ixtiyar gülərdi. Nazim xəstə qızının gülümsədiyini görüb:

– Fərqanə, görürsən Gülər Güneli görən kimi necə sevinir? Bəlkə Güneli də qızımız olaraq gətirək bizimlə yaşasın?

– Günel, qızım olarsan?

Günel utandığından qıpqırmızı qızardı. Nazim durub paltar dolabını açdı. Masaya bir paket qoydu.

– Aç gör nə var orda?

Günelin utandığından qızaran üzünə paketi açanda bir təbəssüm qondu. Ağ rəngdə bir cüt əlcək və şərf idi.

– Bunu səninçün almışam, Günel, bax, aparıb Ramiləyə verməyəsən. Bilirəm o moda həvəskarıdır, səndən alacaq. Amma görsəm Ramiləyə vermisən inciyəcəm səndən…

Günel  oturduğu yerdən qalxdı, qonşular Ramilənin başına yığılıb hadisə haqqında danışırdılar. Günel Mustafaya yaxınlaşıb:

– Çox xahiş edirəm məni Fərqanəgilə apar, gedib gözlərimlə olanları görməsəm sakitləşməyəcəm, – dedi.

– Sən hazırlaş, mən də maşını qarajdan çıxarıb gəlirəm, – deyib Mustafa evlərinə tərəf getdi.

Günel bacısı Ramilə ilə avtomobilə əyləşdi. Maşın darvazanın ağzına çatanda Günelin gözünə ilk dəyən polis maşınları və təcili yardım oldu. Yenə də ola biləcəkləri özünə yaxın buraxmaq istəmədi. Uzaq başı yaralanıb deyə ümidlə həyətə girdi. Gecə saat 05:30 olmasına baxmayaraq həyət adamla dolu idi. Günel beş-altı pilləkəni iki addıma qalxdı, anasının yanıqlı naləsini eşitməyinə baxmayaraq onun hələ də ümidi vardı. Günel Nazim ölməyib ümidiylə bu qapıya gəlmişdi, amma otağın qapısını açıb içəri keçəndə gözlərinə inanmadı. Otağın tən ortasında üstünə qırmızı örtülmüş bir mənzərə ilə qarşılaşdı. On yeddi yaşlı Günelin həyatında ilk belə səhnə idi ki, qarşılaşırdı.  Həyəcandan gözləri elə tutulmuşdu ki, meyidin ətrafında oturan heç kimi tanıya bilmirdi. Gözünü bir də dolandırıb baxdı. Hələ də ümidini öldürmək istəmirdi, bu Nazim ola bilməz deyə özünə təsəlli verirdi. Birdən meyidin başında lal-dinməz oturub gözünü yerə dikən bacısı Fərqanəni gördü. Adətən ölü yiyəsi başda oturardı, bunu eşitmişdi, Fərqanənin yerini burda görən Günelin ümidləri qırılmaq üzrəydi. Addım-addım cənazəyə yaxınlaşırdı, dizləri taqətdən düşmüşdü, anasının:

– “Dur, ay Nazim, əziz-xələf baldızın Günel gəlib”, – deyə avazla ağlaması Günelin sonuncu ümidini də öldürdü. Anasına yaxınlaşıb:

– Ana, mən Nazimi görmək istəyirəm, mən inana bilmərəm bu ölümə, nolar qoyun örtüyü açım.

– Yox, balam, açma, açsan bağrın lap yanacaq açma, qızım. Nazim getdi, quş kimi uçdu getdi aramızdan. Get bacına təsəlli ver, yanında otur, bayaqdan gözündən bir damcı yaş da çıxmayıb, içinə salıb ürəyini partladacaq.

Günelin ayağa qalxmağa taqəti qalmamışdı, elə dizin-dizin sürünüb bacısına tərəf getdi. Əlini əlinə götürüb oxşadı, əlləri dağın qarı kimi buza dönmüşdü. Başını qaldırıb bacısının üzünə baxdı:

– Mən onun köynəyini axıracan ütüləyə bilmədim axı, qırış-qırış geyindi…elə bu sözünə bənd imiş, Fərqanənin gözünün yaşı leysana döndü. İllər keçdi, amma qırış geyinilmiş köynəyin acısı Fərqanənin ürəyindən silinmədi, hər dəfə yadına düşdükcə böyük günah işlətmiş kimi göz yaşı tökdü…

…Bu yaz bənövşələr açmadı, açsa da Günel onlardan xəbərsiz oldu. Sən demə bənövşə elə həmin yazdan vəfalı dostu Güneldən ömürlük ayrılacaqmış… Bir daha Günel nə bənövşə dərəcək, nə də o cığırla kol dibinə gedə biləcəkdi…Bu yaz ağacların necə yaşıla bürünməsi, güllərin necə açması, quşların şən nəğməsi Günel üçün yaşanmadı, necə baş verdiyini duymadı belə. Bir də baxdı ki, hər tərəf yaşıllıqdır…

May ayının 25-i son zəng günü idi. Məktəbdə təntənəli tədbir keçirildi. Tədbiri giriş sözüylə məktəbin direktoru açdı. Nitqinə Nazimi yad etməklə başladı. Məktəbin bu gündən Nazimin adını daşıyacağını vurğuladi:

– Nazim bu kəndin ilk şəhidi sayılır. Nazim igidliyi ilə hamımıza örnək olmalıdır. Vətən onun üçün canından keçənlərə oğul deyir. Nazim də bu vətənin qəhrəman oğulları sırasına adını yazdıra bildi. Biz Nazimin qanını yerdə qoymayacayıq. Onun xatirəsini əbədiləşdirməkdən ötrü oxuduğu məktəbə royon ictimaiyyəti Nazimin adını verdi. Onun ruhu qarşısında hər birimiz baş əyirik!

Günel gözünün yaşını saxlaya bilmirdi. Bütün tədbirlərin ən fəal iştirakçısı, aparıcısı olan Günelin 38 gün idi ki,  səsi çıxmır, kimsəylə danışmırdı. Bu gün həyatında baş verəcək ən əlamətdar gün olmasına baxmayaraq Günel yenə susqun idi.

Direktor çıxışını bitirdikdən sonra:

– Əziz şagirdlər, müəllim kollektivi! Məlum hadisəyə görə bu günkü tədbirin bədii hissəsi müəyyən vaxta qədər gecikdiriləcək. Bu haqda onbirincilər özləri sinif rəhbəri ilə bir qərara gələcəklər. İndi isə dərs ilinə yekn vurmaq, əziz onbirincilərimizlə vidalaşmaq üçün məktəbin son zəngi çalınmalıdır. Mən məktəb rəhbərliyi adından bu zəngin çalınmasını Ağabəyli Günelə həvalə edirəm. Günel öz savadı, davranışı ilə daima hər bir şagirdə nümunə olub. Məktəbin bütün tədbirlərində hər zaman fəal iştirak edib. Rayon təhsil şöbəsindən gələn xüsusi yoxlama zamanı bütün komissiya üzvlərinin diqqətində olan Günel, məktəbimizin adını həmişə yüksəkdə tutmağı bacarıb. Günel, buyur, söz sənindir.

Günel bu təklifi heç gözləmirdi deyə özünü itirdisə də, yerindən qalxıb akt zalının səhnəsinə qalxdı. Çıxışını bitirmiş direktor əlindəki mikrafonu Günelə uzadıb özü də Günelin yanında dayandı. Güneli onsuz da qəhər boğmuşdu, yan tərəfdə masaya qoyulmuş şəkil onun nitqini qurutmuşdu. Nazım qara lent bağlanmış çərçivədən ona baxırdı…

Günelin bir gözü Nazimin şəklində, bir gözü zalda, fikri xatirələrdə çıxışını tamamlaya bilmişdi. Sonluğu isə  rayonlar üzrə keçirilən ədəbi bədii gecədə söylədiyi və ona birincilik qazandırdığı M. Arazın “Məndən ötdü, qardaşıma dəydi” şeiri ilə tamamladı:

Ey daşlaşan, torpaqlaşan,

Ulu babam!

Bu günümdən dünənimə uzaqlaşan

Ulu babam!

Ayağa dur!

Dəfn etdiyin məsələnin

Baş daşına

Bir təəssüf xatirəsi yazıb, yondur.

Səndən ötdü, mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə

Vətən, vətən, sənə dəydi…

Vətən hələ çox nazimləri qoynuna alacaq, bu torpaq uğruna çox qanlar töküləcəkdi. Bundan isə hamı kimi Günel də xəbərsiz idi. Bu gün yan-yana oturduğu parta yoldaşlarını bir neçə il sonra itirəcəyi heç ağlına da gəlmirdi. Yaxşı ki, gəlmirdi, yoxsa Günelin körpə duyğulu ürəyi olacaqlara tab gətirməzdi. Onsuz da qarşıda onu hələ çox əziyyətlər, əzablar gözləyəcəkdi. Günel hardan biləydi ki, ömrünün ən gözəl illərini elə indi yaşayır…

23/08/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Hər üç yazını oxudum, amma deməyə sözüm yoxdur.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: