23 il Ağdamsız…

image

Ağdamı Yuxuda Belə Görmüşəm

Bu gecə yuxuda güzar eylədim
Abdalda Səxavət gəzən yerlərə.
Ordan da yollandım üzü yuxarı,
Gözəllər gül-çiçək üzən yerlərə.
Gülablı kəndində bir çələng hördüm,
Bağbanlar kəndində bir üzüm dərdim,
Saybalı kəndində bir xalı sərdim
Kəkliklər, turaclar süzən yerlərə. 
Şelli, Şixbabalı, Muğanlı kəndi,
Niyə çal-çağırın belə tükəndi,
Seyid Lazım ağa, söylə, nədəndi
Güc gəlmir şir kimi qızan yerlərə.
Hanı igidlərin, ay Muradbəyli,
Hanı küçələrin o səsli-küylü,
Hanı bəs Ağdamın sarı bülbülü,
Bəlkə köç eyləyib ozan yerlərə?
«Armud ağacı»ndan bir armud üzdüm,
Hamam məhləsində doyunca gəzdim,
Qartal tək şığıyıb, ley kimi süzdüm
Gəncliyim ləpirin düzən yerlərə.
Sarhaçılı, Əhmədavar, Seyidli
Xıdırlının sükutundan gileyli,
Ruhum pərvaz edib, bir anda getdi
Famil Mehdi şer yazan yerlərə.
«Lahıclar məhləsi» yenə sahmanlı,
Boyəhmədli kəndi ahlı-amanlı,
Panravand kəndinin başı dumanlı,
Endim o dağlardan düzən yerlərə.
Qiyaslı kəndindən görən kim qaldı,
Şahmalı «Rast» ilə könlümü aldı,
Bağından çayıma bir limon saldı,
Qayıtdım ruhumu əzən yerlərə.
«İmarət» səslədi, yüyürdüm ora,
Natəvan matəmdə, geyinib qara,
Pənah xanın ruhu çəkilib dara,
Üz tutub təklikdən bezən yerlərə.
Keçərək yolları gəldim Cəngiyə,
Görüşdüm bu yerdə nakam Sədiylə,
Dedim ki, ay Sədi, verək əl-ələ,
Gedək vaxtsız solan xəzan yerlərə.
Cəvahirli Göytəpəsiz ağlayır,
Mirəşəlli yaman coşub-çağlayır,
Ah-naləsi ürəyimi dağlayır,
Gülçülüyün gülü solandan bəri.
Ətyeməzli Keşdazlının qardaşı,
Uzundərə Şəhidlərin baş daşı,
Şişpapaqlar Kəngərliylə yanaşı
Qəmə batıb işğal olandan bəri.
Şahbulaq qalası imdad diləyir,
Soltanlı gözündən leysan ələyir,
Maqsudlu, Nəmirli görən neyləyir
Kimsəsiz, tək-tənha qalandan bəri.
Əlimədədli, Əlağalı pərişan,
Cinli kəndin bürüyübdü sis-duman,
Mollalar kövrəlib, ağlayır yaman
Ayrılıq havasın çalandan bəri.
Xaçın çayı, nə pərişan axırsan,
Gözlərimə qəmli-qəmli baxırsan,
Ürəyimi yandırırsan-yaxırsan
Namərdlər saçını yolandan bəri.
Güllücə Sumasız bir gün də qalmaz,
Füğəra ocağı könlümü almaz,
Gördüm ki, Qərvəndə getməsəm olmaz,
Gözlərim yaş ilə dolandan bəri.
Qızıllı Kəngərlim qəflətən susdu,
Güneypəyə, Qalayçılar məyusdu,
Əppəkli dərəni vahimə basdı,
Kafirlər Ağdamı alandan bəri.
Gör nələr itirdik, ilahi, nələr,
Ağdamsız yaşamaq hədərdi, hədər,
Ya Rəbb, qismətimiz oldu qəm, kədər,
Ağdamda ellərin varı qalıbdı.
Dəmir yol əriyib muma dönübdü,
«Üzzərrik təpə»nin şamı sönübdü,
Ağdamın növrağı yaman çönübdü,
Uçubdu bülbülü, sarı qalıbdı.
Fred Asif kimi bir igid hanı,
Axtarsan tapmazsan ərzi-dünyanı,
Xudu Məmmədovun ürəyi, canı,
Zeynal müəllimin zarı qalıbdı.
Novruzlu, Mərzili, Ergi düzüm də,
Yusifcanlı qəm oylağı gözümdə,
Bitib-tükənməyən şerim, sözüm də
Yarı deyilibdi, yarı qalıbdı.
Vahid Abdullayevin həzin avazı,
Gülşənə döndərər baharı, yazı,
Abdalda Valehin sədəfli sazı,
Qurban Pirimovun tarı qalıbdı.
Məscidim, Çay evim, Çörək muzeyim,
Dağlarım, düzlərim, qarlı quzeyim,
Dizimin taqəti, təvanım, heyim,
Sözümün kəsəri, karı qalıbdı.
Həyətim, ocağım, evim, eşiyim,
Körpəykən yatdığım nənnim, beşiyim,
Allahın verdiyi hər əziz şeyim,
Bağımın yetişmiş barı qalıbdı.
Haray, ay bacılar, qardaşlar, haray,
Mən dərddə olanlar, sirdaşlar, haray,
Mənimlə gedənlər, yoldaşalr, haray,
Yığışın, Ağdamı xilas eyləyək!
«Qarağacı» nalə çəkir, ay haray,
Gözlərindən leysan tökür, ay haray,
Qəlbimizə qeyrət əkir, ay haray,
Yığışın, Ağdamı xilas eyləyək!
Haray, ay obalar, ay ellər, haray,
Haray, ay bülbüllər, ay güllər, haray,
Haray, ay tufanlar, ay sellər, haray,
Yığışın, Ağdamı xilas eyləyək!
Ruhum bir tufanda sanki gəmidir,
Habil kamanının ağlar simidir,
Di qalxın, tərpənin, qeyrət dəmidir,
Yığışın, Ağdamı xilas eyləyək!
German, nə yatmısan, oyan, ay haray,
Vaxt ötür, gözləmir zaman, ay haray,
Getgedə azalır güman, ay haray,
Yığışın, Ağdamı xilas eyləyək!
Allah bu taleyi qıydı bizlərə,
Qəm-kədər yazıldı gülən üzlərə,
El-oba dağıldı, düşdü düzlərə,
Çox yerlər dolaşıb, gəzmişəm, Ağdam,
Sənsiz yaşamaqdan bezmişəm, Ağdam.
Ömrüm pillə-pillə sökülüb, gedir,
Göz yaşım yağıştək tökülüb gedir,
Ümidim dumantək çəkilib gedir,
Əlimi dünyadan üzmüşəm, Ağdam,
Sənsiz yaşamaqdan bezmişəm, Ağdam.
Hey gəzir, tapmayır səni gözlərim,
Sənsiz yüklənibdir qəmlə sözlərim,
Əriş-arğac olub ayaq izlərim,
Vətənsiz vətəndə azmışam, Ağdam,
Sənsiz yaşamaqdan bezmişəm, Ağdam.
Nə vaxtdır əllərim çatmır əlinə,
Həsrətəm çəməndə şehli gülünə,
Düşüb zəmanənin coşğun selinə,
Hey əl-qol atmışam, üzmüşəm, Ağdam,
Sənsiz yaşamaqdan bezmişəm, Ağdam.
German, qalx ayağa, gözlədin, bəsdir,
Düşməndən mərhəmət ummaq əbəsdir,
Vətən həm doğmadır, həm müqəddəsdir,
Bəsdir, çox əzaba dözmüşəm, Ağdam,
Sənsiz yaşamaqdan bezmişəm, Ağdam.

P.S: Bağışla bizi, Ağdam… Qələbə xəbəri ümidiylə…

23/07/2016 tarixində Tariximiz içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Nə gözəl yazılıb bu şeir!!!Sanki bir anlıq Ağdamı gəzdim, olanları bir daha yaşadım . Çox təəssüf ki,yalnız anım günlərinidə itirdiklərimizi yada salırıq.Kaş bir gün qələbə müjdəli yazılar oxuyaq.
    Seva, çox sağ ol! Müəllifi qeyd etsəydin lap yaxşı olardı.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Kaş yenede qayıda biləydik o yerlərə Ağdam bizim üçün doğmadır

    tərəfindən bəyənildi 1 şəxs

  3. Amin ya rəbbim

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

<span>%d</span> bloqqer bunu bəyənir: