Qabusnamə (4-cü fəsil)

image

Dördüncü fəsil

İMKAN OLDUQDA İTAƏTİN ARTIRILMASI HAQQINDA

Ey oğul, bil ki, Allah-taala varlılar və seçilmiş bəndələri üçün daha iki dini vəzifə tə’yin etmişdir: bunlardan biri həcc, digəri isə Zəkatdır. Buyurmuşdur ki, kimin imkanı varsa, onun evini ziyarət etsin, yoxdursa, etməsin. Görmürsənmi bu dünyada da şah sarayının qapıları yalnız dövlətli adamların üzünə açıq olur. 

Həccin şərti səfərə çıxmaqdır, yoxsullara səfərə çıxmağı əmr etmək isə nadanlıq olar, çünki imkansız səfərə çıxmaq təhlükəlidir. Lakin imkanın olduqda səfərə çıxmasan, dünyanın kef və ləzzəti natamam qalar. Dünyanın tam kef və ləzzəti ondadır ki, görmədiyin şeyləri görəsən, yemədiyin şeyləri yeyəsən, əntiqə və nadir şeylər alasan. Səfərə çıxmadan belə şeyləri əldə etmək mümkün deyildir. Səfərə çıxmış adamlar dünya görmüş, təcrübəli, ağıllı və xoşbəxt hesab edilirlər, çünki onlar eşidilməmiş sözləri eşitmiş, görülməmiş şeyləri görmüş olurlar. Yaxşı deyiblər: “eşitmək hara, görmək hara!”. Heç kəs dünya görmüş adamları görməmişlərə bərabər tutmaz. Ona görə
deyiblər ki:

Şe’r
Dünya görmüşləri ağıllı insan
Dünya görməmişlə tutmamış yeksan!

Deməli, dövlətlilərə səfəri ona görə vacib buyurubdur ki, onun verdiyi ne’mətin qədrini bilsinlər, bu neməti ağız ləzzəti ilə yeyib Allah-taalanın əmrini yerinə yetirsinlər və onun evini ziyarətə getsinlər. Lakin bunu yoxsul, imkansız və əli boş adamlara buyurmayıbdır. Bu barədə mən də aşağıdakı iki beytdə demişəm:

R ü b a i
Yar məni çağırmayıb, yer vermirsə eyvanda,
“Yoxsulsan, gəlmə” deyib, xar edirsə hər yanda,
Onda taqsır görməyin, bax, o böyük Allah da
Öz evinə çağırmır, insan yoxsul olanda.

Yoxsul həccə getsə, özünü təhlükəyə salmış olar. Dövlətlilərə aid işlərə baş qoşan yoxsul sağlam adama aid işlərlə
məşğul olan xəstəyə bənzər və onun vəziyyəti biri dövlətli o biri yoxsul olan o iki hacının əhvalatına oxşar.
Ə h v a l a t. Bir dəfə Buxara əmiri həccə getmək qərarına gəlir. O, çox varlı idi, karvan içərisində ondan dövlətlisi yox idi. Yüzdən yuxarı yüklü dəvəsi olan bu əmir bəzəkli kəcavədə oturub səhrada yırğalana-yırğalana, xumarlana-xumarlana yol gedirdi, ona nə lazım idisə hər şeyi var idi. Onunla birlikdə, dövlətlilərlə bərabər, yoxsullar dəstəsi də həccə gedirdi. Onlar Ərəfata çatdıqda, ayaqyalın, başıaçıq, ac-susuz, ayaqları qabar çalmış bir dərviş əmiri o təmtəraqla gördükdə üzünü ona çevirib deyir: “Qiyamət günü səninlə mənim mükafatım eyni olacaqdır, amma sən gör nə naz-ne’mət içərisində gedirsən, mən isə əzab və əziyyət içərisində?!”

Buxara əmiri deyir: “Allah eləməsin mənimlə sənin mükafatımız eyni olsun, əgər mən bilsəydim, səninlə mənim
mükafatımız hər ikisi eyni olacaq heç səhraya qədəm basmazdım.

Dərviş soruşur: “Nə üçün?”.
Əmir deyir: “Ona görə ki, mən Allah-taalanın buyruğu ilə gəlmişəm, sən isə onun əmrinə müxalif hərəkət edibsən, məni çağırıblar, mən qonağam, sən isə tüfeyli. Çağırılmış qonaq ilə çağırılmamışın hörməti eyni ola bilərmi? Haqq-taala dövlətliləri çağırmış, yoxsullara isə belə demişdir: “Özünüzü öz əlinizlə təhlükəyə salmayın!”. Sən Allahın əmri olmadan yoxsul, acyalavac halda çöl-biyabana çıxaraq özünü təhlükə qucağına atıbsan, Allahın buyruğuna əməl etməmisən, nəyə əsasən sən əmrə baxanlarla bərabərlik elə bilərsən? Kimin imkanı olub həccə gedirsə o, Allahın da tapşırırını yerinə yetirmiş olur onun da nəziri qəbul, duası müstəcab olur”.

Ey oğul, əgər sənin də həccə getmək imkanın olsa, xəsislik etmə. Həccə getmək üçün beş şərt lazımdır: qüvvət, ne’mət, vaxt, hörmət və əmin-amanlıq. Əgər bunlar sənə nəsib olsa, tam istifadə etməyə çalış. Bilməlisən ki, həcc yalnız kifayət qədər var-dövlət olan zaman məsləhətdir, onu gələn ilə tə’xirə salmağın günahı yoxdur.

Lakin Zəkat o taətdəndir ki, imkan olan yerdə onu tə’xirə salmaq olmaz, onu verməmək üzrlü sayıla bilməz. Allah-taala Zəkat verənləri özünə yaxın hesab etmişdir.

Başqalarına Zəkat verən adam rəiyyət arasındakı şah kimidir, o ruzi verən olar, başqaları ruzi yeyən!

Haqq-taala belə lazım bilmişdir ki, bə’ziləri yoxsul olsun, bə’ziləri varlı. Əlbəttə, o istəsəydi, hamını varlı edə bilərdi, lakin ona görə iki təbəqə etdi ki, bəndələrinin şərəf və mövqeləri aydın olsun yuxarılar aşağılardan fərqlənsin. Şah da öz xidmətçilərindən birini güclü və ruzi verən etsə və bu xidmətçi başqasına ruzi vərə bildiyi halda, özü yeyib başqasına verməsə, şahın qəzəbindən arxayın ola bilməz.

Zəkata gəldikdə isə, demək lazımdır ki, onu ildə bir dəfə vermək məcburidir. Sədəqə məcburi olmasa da, lakin alicənablıq və insanpərvərlikdir, bacardığın qədər ver və xəsislik etmə, çünki sədəqə verənlər həmişə Allahın himayasi altında, əmin-amanlıqda olarlar, Allahın himayəsini isə həmişə qənimət hesab etmək lazımdır.

Amandır, oğlum, ürəyində Zəkat və həcc haqqında şəkk və şübhələrə yol vermə, onları boş şey hesab edib demə ki, “qaçmaq, lüt olmaq, dırnağı tutmayıb, saçı vurdurmamaq nəyə lazımdır? Hər iyirmi dinardan nə üçün yarım dinar verim, Zəkat nə üçündür, qoyun və dəvədən də Zəkat olarmı, qoyunu nə üçün qurban kəsirlər?”

Belə hikmətlərdə ürəyini təmiz saxla. Elə güman etmə ki, sən bilmədiyin şeydə xeyir ola bilməz onun xeyrini biz bilməyə də bilərik, sən Allahın buyruqlarını yerinə yetir, “niyə belə olur”, “nə üçün belə edirlər”lə işin olmasın.

Elə ki, bu əmrləri yerinə yetirdin, ondan sonra bilməlisən ki, ata-anaya hörmət də o böyük və izzətli Allahın əmrlərindəndir.

24/06/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Atanın rübaisi ilə sonrakı fikirləri uyğunlaşmadı. Allah bu ibadət növlərini ona görə varlılara vacib buyurub ki, kasıb bəndələrinə əziyyət vermək istəməyib. Həcc üçün indi yayılan düşüncəyə görə milyoner olmaq lazımdır, əslində bir illik izafi xərclərdən qaçsaq gedə bilərik, amma özümüzü kasıb zənn edib, Həccdən yayınırıq 😦 Bu isə imanımızın azlığındandır.
    Paylaşdığınız üçün təşəkkürlər, Sevinc. İnşəAllah əziyyətinizin bəhrəsini görərsiniz.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: