Uşaq ensiklopediyası (XXII)

image

Vaqif Molla Pənah

   (1717 – 1797)

Xalqımızın görkəmli simaları arasında şair və dövlət xadimi Molla Pənah Vaqifin də xüsusi yeri var. Onun həyatı maraqlı və gərgin hadisələrlə zəngindir.

Vaqif bacarıqlı və hərtərəfli inkişaf etmiş şəxsiyyət idi. O, yaxşı təhsil almış, ərəb və fars dillərini öyrənmişdi. 1759-cu ildə Vaqif Qazaxdan Qarabağa köçmüş və ömrünün sonunadək burada yaşamışdı.O, əvvəlcə Tərtərbasarda müəllimlik etmişdi. Bu zaman ehtiyac içərisində yaşayaraq məşhur “Bayram oldu” qoşmasında yazmışdı: 

Bayram oldu heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdur.

Dügiylə yağ hamı çoxdan tükənmiş

Ət heç ələ düşməz, motal da yoxdur.

 

Az sonra Vaqif Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə köçür və  burada da məktəb açıb dərs deyir. Onun dərin biliyi, astronomiya ilə  məşğuliyyəti barədə söhbətlər saraya da gedib çatır. 18-ci əsrdə Azərbaycanda yaranmış güclü dövlətlərdən olan Qarabağ xanlığının başçısı İbrahim xan Vaqifi saraya çağırır və həmin vaxtdan Vaqif xanlığın əsas şəxsiyyətlərindən birinə çevrilir. O, başqa Azərbaycan xanlıqları, Rusiya və Gürcüstanla əlaqələri möhkəmləndirməyə çalışır, uzaqgörən və tədbirli bir dövlət xadimi kimi tanınır.

Vaqif həm də cəsur bir döyüşçü idi. O, yeri gələndə, yadelli basqınçılara qarşı əldə silahla da çıxış etmişdi. 1795-ci ildə Ağa Məhəmməd şahın qoşunu Şuşa qalasını 33 gün mühasirədə saxladı. Ağa Məhəmməd şah İbrahim xanı qorxutmaq üçün ona göndərdiyi məktubda Şuşanı şüşəyə bənzədərək, qalanın şüşə kimi zəif olduğunu, İran qoşunlarının hücumuna davam gətirə bilməyəcəyini yazırdı. Məktubu oxuyan Vaqif dərhal kəskin və müdrik cavab yollayır. Bu cavabdan qəzəblənən Ağa Məhəmməd şah həmin əhvalatı unutmamış və 1797-ci ildə Şuşanı ələ keçirərkən Vaqifi zindana saldırmışdı. Sabahısı gün o, edam edilməli idi. Lakin sübhə yaxın nökərləri qəddar şahı öldürmüş və Vaqif azadlığa çıxmışdı.

Lakin Vaqifi xalqa sevdirən və adını əbədiləşdirən ilk növbədə şeirləri olmuşdur. Aşıq, el şeirindən yaradıcı istifadə edən Vaqif ədəbiyyata yeni ruh gətirdi. Onun Azərbaycan ədəbi diılinin inkişafında müstəsna xidməti var. Vaqif qoşmalarının dili səlis və zəngindir, bunlarda xalq danışıq dilinin bütün əlvanlığı, qüdrəti öz əksini tapmışdır. Onun şeirləri asanlıqla başa düşülür və yadda qalır.

Vaqif öz lirik əsərlərində gözəlliyi, insanı, nəcib sifətləri, təbii hiss və duyğuları böyük səmimiyyətlə tərənnüm etmişdir. Onun poeziyası nikbin ruhu, həyatsevərliyi ilə seçilir. Şair insanları həyatdan zövq almağa, hər günün qədrini bilməyə, çətinliklərdən çəkinməməyə çağırmışdır. Vaqifin dostu Vidadi ilə deyişmədə söylədiyi fikirlər bunun gözəl nümunəsidir:

Toy, bayramdır bu dünyanın əzabı,

Əqli olan ona gətirər tabı.

“Görmədim” müxəmməsində Vaqif zəmanəsindəki ədalətsizlik və haqsızlığa qarşı etiraz səsini qaldırmış, ləyaqətli adamları alçaldan nalayiqləri isə mötəbər edən mühitə nifrətini bildirmişdir.

Vaqif elini, xalqını sevən vətənpərvər şairdir. O, öz yurdu ilə, burada yaşayan insanlarla fəxr edir, eyni zamanda onların çoxunun yoxsul güzəran keçirməsinə acıyırdı:

Qış günü qışlağı Qıraqbasanın,

Gözüdür Aranın, cümlə cahanın.

Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası hayıf ki yoxdur.

Səməd Vurğun “Vaqif” pyesində, Y.V.Çəmənzəminli “Qan içində” poemasında, bəstəkar R,Mustafayev “Vaqif” operasında şairin dolğun obrazını canlandırmışlar.

 

Vağ

 Bu, boyu bir metrdən uzun iri quşdur; açılmış halda qanadlarının uzunluğu 2 metrədək olur. İnanmaq çətindir ki, bu quşun çəkisi cəmi 2 kiloqramdır. Ağ vağın yumşaq, gur lələkləri xüsusilə gözəl olur. Bu lələklərin ucbatından, hər il yüz minlərlə vağ ovlanıb qırılırdı. Elə bu səbəbdən də ağ vağa az təsadüf olunur. Vağların 65-ə qədər növü məlumdur. Azərbaycanda 9 növü var.

Ölkəmizdə ağ vağlar dövlət tərəfindən mühafizə edilir.

Boz vağlar ağ vağlardan iridir, lakin bir o qədər gözəl deyil. Onları bataqlıqlarda və göllərdə tez-tez görmək olar. Vağ başını çiyinlərinə qısıb sakit dayanır, yaxud uzun və nazik ayaqlarını səssizcə götürüb qoyaraq sahildə yavaş-yavaş yeriyir. Belə uzun ayaqlar bataqlıqda və ya suda ov edən quşların (durna, leylək, qızılqaz) hamısında var. Vağ suda balıq və ya qurbağa gördümü — nizəyə oxşayan iti dimdiyini dərhal işə salır və ovu tutur. Quruda isə siçanları və cücüləri ovlayır. Vağ özünü və yuvasını da bu güclü nizə – dimdiklə qoruyur. Vağlar yuvasını, adətən hündür ağacların başında qurur. Çör – çöp və ya qamış topasından düzəldilmiş bu yuvanın hündürlüyü 150, eni isə 60 santimetr olur. Yuvanın ortası çökəkdir. Bu çökəyə vağ 3 – 9 yaşılımtıl yumurta qoyur və yumurtaların üstündə gülməli şəkildə oturaraq, ayaqlarını salladır. Vağlar böyük dəstələrlə yuvalayırlar. Dəstədə bəzən yalnız bir növ, bəzən də müxtəlif vağlar olur.

 

Vaşaq

Vaşaq ev pişiklərinə az oxşasa da, onların nəslindəndir. Məsələ təkcə onda deyil ki, vaşağın uzunluğu az qala metr yarıma çatır. Pışıyın bədəni uzunsov, ayaqları qısadır. Vaşağın isə əksinə, bədəni gödək, ayaqları düz və uzundur. Vaşağın qulaqlarında uzun tüklərdən ibarət “fırçalar”, yanaqlarında isə iri “bakenbordlar” var. Demək olar ki, bütün pişiklərin quyruğu uzun, vaşaqlarınkı isə qısa — kəsik kimidir. Pişiyin ayaq barmaqları ayrı – ayrıdır, vaşaqda isə pərdə ilə birləşmişdir. Pişiyin hərəkətləri yüngül, oğrun – oğrun, vaşağınkı isə qətiyyətlidir. Vaşaq ayaqlarını düz — it kimi qoyur. Pişik uzağa sürətlə qaça bilmir, itin qabağından yalnız yaxın ağaca, ya hasaradək qaçır. Vaşaq isə barmaqlararası pərdənin köməyi ilə, hətta yumşaq qarın üstündə də sürətlə qaça bilir.

Hər halda vaşaq pişikdir. O, ağaclara çox gözəl dırmaşır, qaranlıqda yaxşı görür. Ev pişiyi kimi o da əla eşidir, zəif iyi də duyur. Çox vaxt gecələr ova çıxır. O, saatlarla pusquda səssizcə dura bilir. Vaşaqın ovu qarabağır və tetra quşları, maral balalarıdır. Dovşan və siçanları, digər gəmiriciləri də yeyir, lakin ev heyvanlarına, əsasən, dəymir.

Xırda vaşaq balaları pişik balalarına oxşayır. Hələ südəmər vaxtdan — iki-üç həftəlikdən onlar cırcıramaya və kiçik quşlara hücum etməyə başlayırlar. İkinci aya qədəm qoyduqda onlar anaları ilə birlikdə ağac kökünün altında, kol dibində və ağacın koğuşunda başdansovdu düzəldilmiş yuvalarını tərk edir və köçəri həyat sürürlər.

 

Velosiped

Velosiped pedalla hərəkətə gətirilən iki və ya üçtəkərli maşındır.

İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta Y.M.Artamonov 1801-ci ildə düzəltmişdir. Ona “samokat”, yəni “öz-özünə hərəkət edən” deyirdilər. Bu, doğrudan da belə idi, oturmuş sürücü böyük qabaq təkərə birləşdirilmiş pedalları fırladanda velosiped hərəkətə gəlirdi. Lakin Artamonovun velosipedinin taleyi uğurlu olmadı. O, çarın nadir şeylər kolleksiyasına daxil edildi və tezliklə yaddan çıxdı. Daha sonralar 1808-ci ildə Parisdə sükansız və pedalsız velosipedlər meydana çıxdı.Bu velosipedi sürücü ayaqları ilə yerə təkan verməklə hərəkətə gətirirdi. 1815-ci ildə alman K.Drez sükanlı velosipedlər, 19-cu əsrin 50-ci illərində isə onun həmvətəni F.Fişer qabaq təkərində pedalı olan velosiped düzəltdi. Beləliklə, Artamonovun sxemi yenidən həyata qayıtdı. O vaxt velosipedin təkərləri metaldan düzəldilirdi. Qabaq təkəri çox böyük olurdu: bir adam boyu. Təkərdəki millərin sayı çox olduğundan, təkərlər hörümçək toruna oxşayırdı. Buna görə də ona “hörümçək” deyirdilər. Bu “hörümçək” iyirmi ilə yaxın ömür sürdü. Nəhayət, onu öz quruluşu və görkəminə görə indiki velosipedlərə oxşayan yeni maşın əvəz etdi.

İndi bir çox ölkələrdə bu rahat maşınlardan ən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. Fəhlələr velosipedlə zavod və fabriklərə, uşaqlar məktəbə, evdar qadınlar dükana və bazara tələsirlər.

İnsanların rahatlığı üçün cürbəcür velosipedlər icad edilir. Elə kiçik velosipedlər var ki, onlar maşının yük yerinə yerləşir. Açılıb-bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər şəhər əhalisi üçün çox əlverişlidir. Lazım gələndə velosipedi söküb çantaya yerləşdirmək, sonra isə avtobusa minmək olur.

Hələ xüsusi velosipedləri demirik. Bəzilərində sirk artistləri müxtəlif nömrələr və ya tryuklar göstərir, bəziləri poçt və ərzaq daşıyır. İndi yaşlı adamlar üçün üçtəkərli rahat velosipedlər də düzəldilir.

“Velosiped” latın dilində “itiayaq” deməkdir. Qeyd etmək lazımdır ki, bu ad özünü ilk vaxtlardan doğrultmuşdur. Hələ 1869-cu ildə Fransada 120 kilometr  məsafəyə keçirilmiş ilk yarışlarda velosiped o dövr üçün misli görünməmiş sürətə nail olmuşdu — saatda 11 kilometr! O vaxtdan müxtəlif idman yarışlarının iştirakçıları arasında velosiped sürənlər də var. Yarış iştirakçıları ikitərəfli velosipedləri ilə şosedə (şose yarışları), dərə-təpə yollarda (velokros), xüsusi velosiped stadionlarının  dairəvi beton yollarında (velotrektdə) sürətlə şütüyürlər. Onlar həm təkadamlıq velosipedlərdə, həm də ikiadamlıq velosipedlərdə — tandemlərdə məşq edirlər.

Başlarında dəbilqə, əyinlərində rəngbərəng mayka olan velosipedçilər sükana tərəf əyilərək, bəzən sürəti saatda 100 kilometrə çatdırırlar. 1893-cü ildən velosiped idmanı üzrə dünya birincilikləri, həmçinin Avropa birincilikləri, Sülh velosiped yarışları keçirilir.

03/05/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Maraqli bir hisse oldu. Vag bizim kenddeki evin qamishliginda olur. Xoshuma gelir. Vashaq haqqinda etrafli oxumush oldum. Velosipedin maraqli tarixchesi var, amma yene de sevmedim men o miniyi. Baxmayaraq ki, bizim ushaqlar chox sevir, hetta deyerdim ki, ikisi de normadan yaxshi seviyyede surur, men xoshlamiram. Eshqin surende tay tushlari tamashaya yigilir, daire chekir yerde. Sonay ise oglan yashidlarindan suretli surur 😆 ( erkek Fati)
    Teshekkurler, Sevinc, bilirsiz de men bu silsileni chox sevirem 💐🌺🌸

    Bəyən

  2. Canim cox maraqlidir..vag haqqinda da vawaq haqqinda da oxumuwdum. Velosipedi cox sevsem de gozel sursem de🙈🙈 bu qeder wey bilmirdim haqqinda. Cox sagol ureyim gozel maraqli aciqlamalara gore..

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: