Xoşbəxtlik yolunda faciə

image

Şadlıq evindən bir başa evə gəlib otağına keçdi. Ardınca evə tələsən anasına nəyisə izah etməyə gücü yox idi. Heç bir qorxu hissi keçirmirdi. Bütün bədəni kimi beyni, düşüncələri də keyləşmişdi sanki. Bir az əvvəl yaşadıqlarını qorxulu filmi kənardan seyr edərcəsinə sakitlik vardı içində. Otağına keçib paltar şkafını açdı. Nə isə axtarırdı. Əlinə keçən qalın kəndiri götürüb qonşu otağa keçdi. O, bunu edəcəkdi. Yaşamağa nə haqqı, nə də artıq səbəbi qalmamışdı…

…Elyanı çox sevirdi. Qız da ona biganə deyildi. İstər maddi vəziyyəti, istər təhsili Elyadan çox-çox aşağı olsa da getdikcə dərinləşən münasibətləri bu fərqi görünməz edirdi. Qısa müddətdə bir-birinə bağlanan gənclər vaxt itirmədən yeni həyata başlamaq istəyirdilər. Təbii ki, ailə xeyir duası ilə… 

Hər şey həyatını dəyişən son görüşdən başladı. Kaş ki, o gün heç Elyanı dinləməsəydi. Onun göz yaşlarına, yalvarışlarına baxmasaydı. Nə qədər acı çəksələr də bir təhər tab gətirə bilsəydi…

-Roma, əzizim. Bizim çox az zamanız qalıb. Universiteti bitirməmi gözləyir evdəkilər. Bu yay məni nişanlayacaqlar. Bir şey fikirləş.

Roma susurdu. Nə desin axı? Elyaya boş yerə niyə ümid versin? Özü də yaxşı bilirdi, iyirmi il də çalşsa, pul yığsa yenə də onun evinə layiq olduğu kimi elçi gedib, nişan apara bilməyəcəkdi.

-Susma, canım. Bir söz de. Məzun olmama cəmi bir neçə ay qalıb. Atamın dostu isə az qala hər gəlişində bunu atama xatırladır. Səndən başqa kimsəylə ailə qurmaq istəmirəm. Bunu evdə də dedim axır ki.

-Bəs cavabları nə oldu sənə?- siqareti-siqaretə calayan, baxışlarını gizlətməyə çalışıb susan Roma nəhayət dilləndi.

-Əvvəlcə atam çox əsəbləşdi. Amma anam məni otağıma göndərib onunla uzun-uzadı nə isə danışandan sonra bir az yumşaldı deyəsən. Hətta sənin elçilərinin gəlməsinə də razı oldular. Amma… -sözünü yarıda kəsdi.

-Hə, nə amma? Sözünü bitir. Daha nə istəyir atan?

-Hirslənmə, canım. Atamı bir təhər dilə tutub yolda gətirmişik. Amma onu yaxşı tanıyıram. O elçilərinin gəlməsinə məni sənə vermək üçün yox, əvvəlcə səni tanımaq, maddi imkanını öyrənmək üçün razılaşdı. Əgər razılaşsa nişanı tezləşdirərik. Qurban olum, hardan tapırsan tap, kimdən borc istəyirsən istə, amma atamın gözünə kasıb kimi görünmə.

-Ah, Elya, sən məni necə çıxılmaz vəziyyətə saldığını anlayırsanmı?Mən bu zamanadək alnımın təri ilə yaşadım. Hər gün səhərdən axşamadək sürücülük edirəm. Hamı bilir sürücülərin qazancını. Ancaq gündəlik xərcliyimizi qazanıb birtəhər dolana bilirik. İndi deyirsən, mən kimdənsə borc alım? Axı borcu da nə vaxtsa ödəmək lazım gələcək, hansı pulla ödəyəcəm?

-Bilmirəm, bilmirəm…Bilmirəm, canım. Nə edirsən et, hansı yolla olursa-olsun məni bu cəhənnəmdən qurtar. Yoxsa məni başqasına versələr, ölərəm -göz yaşları içində Romaya yalvarırdı. Gözəllər gözəli sevgilisinin onun qarşısında bircə diz çökməsi qalmışdı. Bu ilahi gözəlliyə necə qıya bilərdi. Onun gözündən axan bir damla yaş üçün canını belə verərdi. Amma indiki vəziyyət onu tamam çaşdırmışdı. Bilmirdi bu təklifə görə qıza acıqlanıb onu qovsunmu, ya onu bağrına basıb ovutsunmu, hər şeyin yaxşı olacağına inandırsınmı? Nə edəcəyini bilmirdi. Beyni kütləşmişdi sanki, baxışları bir nöqtəyə zillənmişdi. Özünə gələndə Elyanı yanında görmədi. Sevgilisinin son sözləri qulaqlarında əks-səda verirdi:-“ Nə edirsən et, hansı yolla olursa-olsun məni bu cəhənnəmdən qurtar. Yoxsa məni başqasına versələr, ölərəm.Ölərəm…ölərəm…ölərəm…”

Bu görüş Romanın bütün fikirlərini alt-üst etdi. O anlayırdı, ilk gündən hiss edirdi Elyanın onun tayı olmadığını. Dəbdəbəli həyat sürən qız onunla xoşbəxt ola bilməzdi. Dildə nə qədər desə də, inandırmağa çalışsa da Elya heç vaxt Romanın kasıb həyatına alışa bilməyəcəkdi. Bəs indi neyləsin, ömür boyu arzuladığı sevgisindən belə asanlıqla vazmı keçsin, onu dəlilər kimi sevən qızın ümidlərini puçmu etsin, tək günahı onu sevmək olan sevgilisini yarı yoldamı buraxsın?Yox, yox! O, bunu edə bilməz. Hər şeydən əvvəl ona görə ki, o Elyanı özündən də çox sevir. Onu xoşbəxt etmək üçün hər əziyyətə qatlaşar. Ayrılmaq nədir, bircə gün onun səsini eşitməsə yaşaya bilməz. Nə lazımdırsa edəcək. Elya demişkən, hansı yolla olursa-olsun o pul qazanacaq. Bir az imkan edən kimi də elçilərini göndərəcək, az sonra isə şəhərin ən yaxşı şadlıq evlərinin birində ən gözəl, ən təmtəraqlı nişanını edəcək sevgilisi üçün. Bunları hamsı olacaq, əzizim. Elə bu gündən bu arzumuzu həyata keçirmək üçün çalışacam, birdənəm..

Hava qaralırdı. Saata baxdı, gec idi, bu vaxtlar, adətən, evdə olurdu. Anasıyla şam edərdi. Səhər və axşam yeməklərini anasıyla birlikdə yeməyə adət etmişdi. Evə getməyə hazırlaşdı. Amma tez də fikrindən döndü. Evə deyil, ağır-ağır addımlarla harasa, tamam başqa istiqamətə üz tutdu.

…Bir neçə ay keçdi. Elyanın məzun olmasına bir həftə qalmış elçilərini göndərdi. Elə həmin gün də nişanın vaxtı müəyyən olundu. Çox həyəcanlıydı Roma. Adətən toy ərəfəsində qızlar daha çox həyəcan keçirər, xoşbəxtliyin sevincindən çox həyəcanlı anlarını yaşarlar. Axı bir neçə gün sonra validyenlərindən, ata evindən ayrılıb ər evinə köçəcəklər. Gəlin olub bir evin çırağını yandıracaqlar. Toy gecəsinin stresi bir yandan, yeni qurulacaq ailənin məsuliyyətini dərk etmək hissi də bir tərəfdən gəlin olmağa hazırlaşan qızları sıxar bu ərəfədə. Boğazlarından çox zaman yemək də keçməz. Bax, bütün bu hissləri indi Roma yaşayırdı. Həyəcan, stress, iştahsızlıq onu haldan salmışdı. Sanki ərə gedən Elya deyil, o idi. Axı nə idi onu bu qədər üzən səbəb?Anası dəfələrlə soruşsa da sualları hər dəfə cavabsız qalırdı.
Nəhayət, nişan günü də gəldi. Şadlıq evində Elyanın bütün qohumları, tanışlar, dostlar -hər kəs Roma ilə tanış olmağa, təzə bəyi yaxından görməyə səbirsizlənirdi. Təzə bəyin çox yaraşıqlı olduğunu eşitsələr də hələ üzünü görməmişdilər. Budur, axır ki, Roma da gəlib çıxdı. Əlində böyük bir buket zala daxil olur. Həyatının ilk xoşbəxt, yadda qalan günü idi bu gün…

Atasını uşaqlıqda itirmişdi. Gənc ikən dul qalan anası daha ərə getməmiş, min bir əziyyətlə tək balasını-Romanı böyütmüşdü.Oğlu haqda arzuları böyük idi. O məktəbi bitirəcək, ali təhsil alacaq, böyük adam olacaq. Romanın isə arzuları başqa idi. Böyük adam olmaq yox, sevmək-sevilmək istəyirdi. Ali təhsil almağa heç ümidi yox idi də. Elə ona görə də orta məktəbi bitirəndən sonra özünü sınamaq üçün olsa belə qəbul imtahanlarında iştirak etmədi. Bir neçə ay sonra isə hərbi xidmətə yollandı. Qayıdandan təxminən yarım il sonra Elyanı tanıdı.Tanıdı, bağlandı və dəlilər kimi sevdi. Budur, artıq onlar əbədi olaraq bir yerdə olacaqlar. Bu gün nişan üzüyünü, -o üzüyü ki, onu ala bilmək üçün nələr etməmişdi,-Elyanın barmağına taxacaq və səbirsizliklə toya hazırlaşacaqdılar…

Zal böyük idi, içəridə adamların sayı da xeyli çox. Onlara baxanda nədənsə birdən başı hərləndi, gözləri qaraldı. Az qaldı ayağı büdrəsin. Ona elə gəlirdi burda hər kəs onu tanıyır. Ona gülür. Axı niyə gülsünlər ki? Yox, bunun səbəbini ancaq özü bilir. Ehh, kaş ki, bu mərasim tez başa çataydı. Bəlkə o zaman rahat nəfəs ala bilərdi…

Romanın yeni işə düzəlib hər gün xeyli pulla evə dönməsi anasını şübhəyə salmışdı. Verdiyi suallar cavabsız qaldığı üçün daha heç nə soruşmurdu. Əllərini açıb tək balasının canının salamat olması üçün dua etməkdən başqa əlindən nə gəlirdi ki..Roma hər gecə, daha doğrusu gecəyarı-çox zaman isə sübh tezdən evə dönürdü,-gətirdiyi pulları anasına verib saxlamağı tapşırardı. Tapşırmasaydı belə ana o pullara toxunmazdı da. Hissiyyatı ilə oğlunun qazandıqlarının haram pul olduğunu bilirdi. Amma hardan, necə? Bax bunu ağlına gətirə bilmirdi. Oğurluqmu edir, dükanmı soyur, narkotikmi satır, ya, ya bəlkə qətlmi törədir? İlahi, hər nə olursa-olsun sən özün balamı qoru, pis yolundan özün döndər. Əgər həqiqətən şübhələrim düzdürsə…

Amma Romadan fərqli olaraq ananın üzü gülürdü. Simasındakı kədər öz yerini sevincə vermişdi. Gözlərindən sevinc yaşları axırdı. Əri öldüyündən bəri ilk dəfə idi evində, ailəsində şadlıq idi. Niyə də sevinməsin axı?

Roma əlində buket irəlilədikcə qonaqları daha yaxından görürdü, üzərində hiss etdiyi baxışlardan sıxılırdı. Sanki nişan deyil, bir səhnədəydi. Özünü rolunu bilməyən təcrübəsiz, daha doğrusu istedadsız artist kimi hiss edirdi. Kimə yaxınlaşacağını, buketi kimə təqdim edəcəyini belə unutmuşdu. Özündə deyildi. Onun halını daha da pisləşdirən gələcək qaynatasının lap yanında dayanan orta yaşlı kişinin Romaya zillənən iyrənc baxışları idi. Kim idi bu kişi? Dişlərini də elə ağardırdı ki. Çox tanış gəlirdi bu həyasız sima ona. Axı hardan tanıya bilərdi o Romanı? Bu cür görkəmli, elit təbəqənin nümayəndəsi ilə onun nə alış-verişi ola bilərdi ki? Nəsə üzü çox tanış gəlirdi. Xatırlamağa çalışdı. Hə, hə, bu odur! Odur! Az qaldı bütün həyatına nifrət eləsin. Bəlkə geri qayıtsın, qaçsın buralardan lap uzaqlara. Yox, Elya bunu bilməməlidir. Nə Elya, nə də anam..Yoxx!!!

Dişlərini ağarda-ağarda gözlərini Romadan çəkməyən iyrənc simalı kişi onu çoxdan tanımışdı. Deyəsən Elyanın atasının yaxın qohumu idi. İndi də onun haqda danışırlar görünür. Hər ikisi Romaya baxa-baxa, əsəbi formada nə isə danışırdılar.

…Elya ilə vidalaşandan sonra evə getməyə həvəsi qalmadı. Özü də bilmirdi hara getsin, naməlum istiqamətdə addımlayaraq düşünürdü. Sevgilisinin acızanə yalvarışlarını, göz yaşlarıyla dediyi son sözlərini unuda bilmirdi. Sanki pis bir yuxu görürdü. Bu yuxudan oyanmaq istəyirdi. Çətin də olsa öz qərarını verir. Onsuz da qısa müddətdə ancaq bu yolla pul qazana bilərdi o…
”Tbilisi” prospektindəkiləri nəinki uzaqdan görəndə, hətta adını belə eşidəndə özünü saxlaya bilmir, lənətləyərdi həmişə. Axı bir kişi öz həmcinsi ilə necə yaxın ola bilərdi? Bunu ağlına heç cür sığışdıra bilmirdi. Bir tərəfdən də onlara acıyardı. Qadınlaşmış gənclərdən daha çoxsa, onlarla əylənən varlılara nifrət edərdi. Pulunun çoxluğundan harınlamış, qudurmuş əclaflara. Gecəyarı maşınlara əl uzadıb saxladan “gözəlçələri” maşınına əyləşdirib onlarla “gözəl gecə” keçirən kimlər idi?”Normal” dediyimiz kişilər! Birimizin qardaşı, kiminsə əri, hansımızınsa yaxın qohumu…İmkanlı şəxslər, qadından, yeniyetmə qızlardan “doyanda” yenilik, hər şeydən zövq almaq xatirinə öz cinslərindən olan “məşuqə”lərə üstünlük verirlər. Vay o gündən ki, kişi öz həyat yoldaşına öz cinsindən olan biri ilə xəyanət edə!!

Roma daha əvvəl belə düşünürdü. Burda özünü, bədənini satanlara nifrət qarışıq bir acıma hissi də vardı içində. Amma heç vaxt ağlının ucundan belə keçirməzdi ki, bir gün o özü də pul qazanmaq üçün bura gələcək. Budur, o artıq burdadır. Niyə məhz burda? Hardansa eşitmişdi ki, bədənini satan qadınların gəlirindən daha çox olur bu işlə məşğul olan kişilərin qazancı. Qısa yolla pul qazanmağı isə-həm də nə yolla olursa-olsun,-onun beyninə sevgili Elyası salmışdı. Yoxsa o ölə bilərdi, canına qıyardı…Ehh, Elya..Artıq sənə də nifrət edirəm, özümə də…

İndi qaynatasının yanında dayanıb əvvəl hırıldaya-hırıldaya, daha sonra nifrətli baxışlarla onu süzən, daha doğrusu baxışlarıyla yeyən bu iyrənc simalı kişi onun ilk və sonradansa daimi müştərisi olmuşdu. Roma həmin günədək bir qadınla belə yaxınlıq etməmişdi. Bakirliyini qorumaq istəmişdi sevdiyi qız üçün zifaf gecəsinədək. Amma gör kimə qismət oldu…Özündən iyirmi-iyirmi beş yaş böyük, qarnı sallaq, boynu yoğun, iyrənc birinə. Ən pisi isə öz həmcinsinə!!!

Bir neçə ay ərzində başqaları ilə də görüşmüşdü. Daha çox isə ilk müştərisi olan bu əclafla. Ona hamıdan daha çox pul verib başqası ilə görüşməməyi belə istəmişdi Romadan. Bu insanlarla münasibətdə olduqca daha çox şey görürdü, anlayırdı..Gördükcə də özündən və özü kimilərdən daha çox gücünü həmişə pulla göstərməyə alışmış bu kişiciklərə nifrət edirdi. Roma və onun kimilər yalnız öz bədənlərini satırdılarsa, bu adamlar xalqın malını, varını satırdı. Haram yolla əldə etdiklərinisə bax beləcə eyş-işrətə sərf edirdilər. Onlar hər şeyi pulla almağa öyrəşmişdilər. İnsanları pul gücünə alçaltmaqdan həzz alırdılar. Bura kimlər gəlirdi, kimlər. Yox, Roma öz günahını azaltmaq, özünə bəraət qazandırmaq fikrində deyildi. Əməlinin böyük səhv, bağışlanmaz günah olduğunu başa düşürdü. Onu bu yola sürükləyən qara sevdası idi. Bəli, qara sevda…Bir sevgi ki, insana ancaq bədbəxtlik gətirər, onun adı elə qara sevdadır…Belə sevgilərin sonu olmur. Ya ayrılıq, ya da ölümlə nəticələnir. Roma özü üçün yox, Elya üçün çalışırdı. Onu ayrıldıqları gündən bəri düşündürən, qorxudan tək şey, Elyanın canına qəsd edə bilməsi idi.Buna yol verməmək üçün etdi hər nə etdisə…Bu günsə o özü canına qıyacaqdı…Öz cəzasını verəcəkdi…

Müəllif: Yazar Gülşən Xanım

27/03/2016 tarixində Hekayələr içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 22 Şərh.

  1. Nə yazıq ki, Romanın başına gələnlər günümüzün reallığıdır. Gənclərin bəziləri “avropalaşmaq” sözünü doğru anlaya bilmirlər. Elə bilirlər bu cür olmaq lazımdır. Ürək ağrıdan bilirsiniz nədir? Bu cür gənclər məhz elə öz qonumu- qonşusu, dostunun filankəsi, nəhayət, öz həmyerlisi tətəfindən təcavüzə məruz qalır. Romanı ehtiyac vadar etmişdi, bəs sən, ay yekəqarın köpək, niyə öz hissinə görə bir kişinin həyatını məhv edirsən? Sabah sənin nəslindən olan qız nəvələrinə sahib çıxan olmasın deyəmi?!
    Sağ ol, Gülşən, təşəkkür edirəm sənə.

    Bəyən

    • Sen de sağ ol canım. Derc etdiyin ucun. Günümüzün bir realigi da bilirsen nedi? Dünyanın duz vaxtinda kişi qadin dostluğu normal sayılırdı hardasa. En azından mekteb, telebelik dovrunde. İndise en etibarli, tehlukesiz dostluq hec oz cinsinden de çetin tapila. İndi Roma kimi oğlanlar – daha tehlukesiz ve sirr saxlayan, etibarli dost ola bilirler. Kimlerinse tecavüzüne uğrayan kişi qadini qadindan daha yaxsi anlayir. Dehsetdi eslinde..

      tərəfindən bəyənildi 1 şəxs

  2. Günümüzün reallığı olsa da, heç cür Romaya bəraət qazndırmaq qəti olmaz. Sevgimdən əl çəkərəm, mənliyimdən əsla yox! Bu yolu özü seçib, kimsə seçməyib, kimsə təklif etməyib.
    “Yekəqarın”kimilərini qudurdan əldə etdikləri haram pullardır, xərcləməyə tapdıqları sonuncu yer tutduqları iyrənc əməlləridir ki, Roma kimi iradəsizlər həmin əməllərin qurbanına çevrilirlər.
    Dəhşət deyil, faciədir bu!

    tərəfindən bəyənildi 1 şəxs

  3. Ilk öncə, hər kəsi salamlayıram. Nə Elya, nə də Roma, saf, dürüst sevginin nə olduğundan xəbərdar belə deyil. Onlar “nəfsani” hisslərin köləsinə çevrilmiş aciz varlıqlardır. Elya kimi yelbeyin qızlar çoxdur, təəssüf. Roma kimi oğlanlar da. Mərd, əsl sevginin mahiyyətini dərk edən oğlanlar olmalıdır ki, belə şüursuz qızların hikkəsini sarsıda bilsin. Onlara həyat dərsi vermək iqtidarında olsun. Yoxsa ki, sən bir şüursuz fikrə aciz düşəsən, lənətlənmiş bir yoldan mədət gözləyəsən. Yaxşı, ay Roma, Elya ilə ailə qurdun, bu iyrənc addımlarından sonra Elya ilə saf sevgi yaşaya biləcəkmisən? Dünyaya gələcək övladlarının üzünə baxa biləcəkmisən? Ən əsası, Allah qarşısında nə cavab verəcəyini heç düşünmüsən? – Zənnimcə, yox. Çünki bunları düşünsəydin, o andaca silərdin Elyanı.
    Təşəkkürlər, Gülşən xanım.
    Əzizim, sizə də təşəkkürlər!

    tərəfindən bəyənildi 1 şəxs

  4. Çox tesirlendim heqiqeten heç cüre haqq vermirem Romaya tutduğu işe göre Romaya bu yolla qurulan ailenin ne sonu olacaq ?başqa yolda axtarıb tapmaq olardı neinki bele bir yol ..

    tərəfindən bəyənildi 1 şəxs

  5. Aman Allah bu neydi belə qəti inana bilmirəm Bütün bədənim əsir Kimisə qınamaq heç vaxt mənlik olmayıb amma nədənsə bütün suallarım anaya sarı yönəlib ki axı nədən susdun
    Bilmirəm ki nə yazım

    tərəfindən bəyənildi 1 şəxs

  6. Hekayəni bir az bundan əvvəl oxudum, nə yaman günlərə qaldıq, ananın oğlundan , oğulun anadan, bacının qardaşdan, qardaşın bacıdan heç xəbəri yox… Kim nə edir, nə ilə məşğuldur, ehtiyac kimi hara sürükləyir, bataqlıq kmi daha dərinə çəkir , kimlər bu bataqlıqda batır… batanlar xilas yolu axtarır , yolun harasındadır qurtuluş, insanların mənəvi və fiziki əzabları, birinin digərinə paxıllığı , daha nələr, nələr…
    İndi yolun harasındayıq görəsən ?….

    tərəfindən bəyənildi 1 şəxs

  7. Her vaxtin xeyir olsun ezizim Sevinc xanim.Bayaqdan heyacanla oxuyuram hekayeni gozlerimi qirpmadan ve deye bileceyim bu soz ol du teessufki((( …insanlar ozleri her seyin facieye cevrilme sebebleridi eslinde. Bu qiz imkani catmayan birine hele elcilikcun ne yolla tapirsan tap deyirse demek ki, o oglan hecde bir insan sexsiyyet olaraq onun vecine deyilmis. Bele birinin saf sevgisinden sohbet gede bilmez neinki sevdiyicun canina qesd etmesinden. Oglanasa iradesiz aciz biri olduguycun layiq olduguna catdi deyerdim. Umumiyyetle insanlarda iradesizliyi acizliyi qebul ede bilmirem kisilerdese hec bagislaya bilmirem bu ceheti… Cunki kisi dediyimiz ele kisi olmalidi. Bu heyat dersiyle realliqla dolu olan hekaye ucun her ikinize tesekkur edirem deyerlimiz Sevinc xanim ve Gulsen xanim

    tərəfindən bəyənildi 1 şəxs

  8. Her birinize fikirleriniz üçün teşekkür edirem xanımlar.
    Sevinc xanım size de bir daha teşekkür. Her şerhi ayrıca cavablandırdığınız üçün de hemçinin. 😉

    Teessüf ki bu heyat hekayesi realda yaşanıb. Bir neçe il evvel bir tanışımdan eşidende men de sizin qeder tesirlenmişdim. Amma men nedense Romaya acımışdım o zaman. Bele bir söz var “Sevgi zeifleri güclendirir, güclüleri zeifledir” Bu sözü bir az deyişib bele deyerdim -“Esl sevgi zeifi de güclendirer, qara sevda ise güclünü de zeifledir.”

    tərəfindən bəyənildi 1 şəxs

  9. Bir iki abzasdan sonra xatirladim. Hetta xatirladim ki, gozumu yumub agzimi da achmishdim😁 Indi axira kimi oxumadim, etim urpeshdi 😥 Muellifden ferqli olaraq men qetiyyen Romaya acimadim. Facienin kokunde Qurana and ichib, Qurandan xebersiz olmaqdir, insanin oz yaradilish mahiyyetini bilmemesindedir. Allah qorxusu yoxdu bunlarda 😳
    Paylashim uchun Sevince, oxuyub yanimizdakinin deyerini anlamaq uchun Gulshen xanima teshekkur edirem 😘😘

    Bəyən

  10. Sevinc xanim vaxt tapdiqca sizin yazilarinizi oxuyuram.cox sag olun.her biri cozlx maraqldi.indi bu yazini oxudum real heyatdi bu,beli ama cox tessuflerki bu realliqla razilashmaq cox cetindi.bir insanin heyatin cetinliyine qarsi mubarize aparib durust sekilde cetinliklere sine germekdense,cetinliye aciz dusmesidir.namuslu temiz vicdanli yasamaq isteyirsense asan yolu(iyrenc heyat) secmek lazim deyil.ama yenede hec vaxt hec kimi hec neye gore qinamaram. Allah hec kesi dogru yoldan azdirmasin.

    tərəfindən bəyənildi 1 şəxs

    • Bloqa xoş gəldiniz, Həyat xanım. Diqqətiniz üçün təşəkkür edirəm. Allah razı olsun.
      Bəli, acı da olsa reallıqdır bu. Tam doğru da yazdınız, Allah heç kimi yolun azacaq həddə çatdırıb ağlını başından almasın…

      Bəyən

  11. Ilahi helede hekayenin tesirinden ayila bilmirem.Hetta heyatda olmus bir sey …….Allah hec kimin aglin almasin .Allah pis yoldan ,pis insanlardan qorusun

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: