…kaş ki o bənövşələr yenə yolumu gözləyəydi…

image

Bəlkə də yazım çoxunun xoşuna gəlməyəcək, xüsusən də qadınların, elə ona görə də çox uzun yazmayacam…
Əlimdə ixtiyar olsaydı, bəzi bayram günlərini təqvimdən silərdim. Biri haqqında 14 fevralda yazmışdım. Biri də bu gün – 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bəli, doğru oxudunuz, məhz bu tarixi təmtəraqla qeyd edilməkdən xilas edərdim. Yəqin səbəbi hamınıza maraqlı gələcək.
Mən uşaq olanda 8 Mart gələnə kimi bağımızın qurtaracağında bir kol vardı, onun dibinə cığır salardım. Havalar indiki kimi mülayim keçərdisə, arzuma çatmış olardım.  Həsrətlə gözlədiyim bənövşələrim açardı. Mən də balaca əllərimlə bir dəstə tutar, çiçəklər dağılmasın deyə sapla da ortasından bağlayardım. Səhər anamın qarşısında durub hələ də unutmadığım bu şeiri söyləyərdim:

8 Martdır, anacan,
Bax, tezdən oyanmışam.
Əllərimdə gül-çiçək
Qarşında dayanmışam.
Sənindir bu gül-çiçək
Şən bayramın mübarək!

Kaş ki uşaq olaydım yenə…kaş ki o bağ olaydı…kaş ki o bənövşələr yenə yolumu gözləyəydi…
Niyəsə bu bayramı daha çox analar bayramı kimi yaddaşıma yazmışam. Bəlkə də orta məktəb kitablarında uşaqların analara çiçək verməsi gözümə həkk olub, bəlkə də evdə hamı ilk anamı təbrik edib, sonra qızlara növbə çatıb deyə uşaq yaddaşıma həkk olub, bilmirəm…
8 Mart bayramı haqqında tarixi məlumatı oxuyarkən belə bir cümlə ilə qarşılaşırsan: “Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı”…təbii ki, bu cümlə əksər kişiləri özündən çıxaracaq bir reaksiyaya səbəb olur. Narazı olmağa da haqları var. Niyə? Çünki ağıllı kişi qadını özü ilə bərabər səviyyədə görmək istəməyəcək. Yanlış başa düşməyin məni, mən ağıl, zəka sarıdan demirəm bu fikri. Qadınlarımız yetərincə savada, biliyə, ağıla sahibdirlər. Azərbaycan qadını dünyanın ən şərəfli, ən ləyaqətli xanımı, anası, bacısı, qızıdır! Onlar hər bir peşəyə yiyəlınməyə, hər vəzifənin öhdəsindən gəlməyə də qadirdilər.
Mənə elə gəlir ki, bu bayramın ideyasını təşkil edən, yuxarıda işlətdiyim bu hüquq bərabərliyi sözünü başqa ifadə ilə əvəz etsəydilər daha yaxşı olardı. Qadınların kişilərlə eyni hüquqa malik olması üçün çalışmamalıdır bu cəmiyyət. Qadınların hüquqlarının qorunmasına nail olmalıdırlar. Qadına qarşı zorakılığa son qoyulmalıdır. Qızları təhsilə yönəltməli, onlara doğru-dürüst tərbiyə verməyi önə çıxarmaq lazımdır. İndi bəzi qadınlar işləməkdən yorulublar. Çünki əziyyətləri çoxdur. Bəzi kişilər qadınların işləməsindən sui-istifadə edib, bir az kobud da səslənsə “qadın çörəyi yeməyi” özlərinə peşə seçiblər. Çölün işini bitirib evdə yeyib yatan ərə qulluq etmək hansı qadının sevdiyi hal ola bilər?
Ona görə fikrimə başlamadan bu sözü işlətdim ki, əsl kişi qadınına əziyyət verməyən, onu qoruyandır. Evdə bərabərliyin tərəfdarı yox, ədalətin tərəfdarı olandır. Ağır bazarlığı özü daşıyıb gətirın, mətbəxdə qadını görəndir əsl kişi. Bu baxımdan həmişə xanımlara məsləhətim bu olub ki, bərabərliyə can atmayın heç vaxt. Yalançı “avropalaşmaq” dan qaçın. Bu sizin xanımlığınıza ucalıq gətirməyəcək heç vaxt.
Bu gün bayramdır. Kimə lazımdır bu bayram? Real düşünsək mən belə görürəm: ilin bir gününü xüsusi təmtəraqla keçirmək o xanıma lazımdır ki, o, il boyu sevgini, diqqəti, nəvazişi ürəyi istəyən kimi qəbul edə bilmir. Sevgilisindənmi, həyat yoldaşındanmı, atasından, oğlundan, qardaşından, ümumilikdə əks cinsdən ilin bir günü özəl sevgi istəyir qadın. Niyə? Olmazmı ki, qadın buna ehtiyac duymaya? Olmazmı ki, qadın hər gün sevildiyini hiss edə, dəyərli olduğunun fərqində ola?
İnandırım sizi ki, hər ilin bu günü çoxu üçün, istər kişi, istər qadın olsun, ən əziyyətli gün kimi yadda qalır. Ona görə ki, bəzi kişilərin dünya-aləm vecinə olmur, “nə bayram ee, bayram hardan çıxdı?” deyib kobud davrananı da var, sevdiyi, dəyər verdiyi qadına dost-tanışın aldığı bahalı hədiyyələrdən almağa qadir olmayanı da, neçə aydır boğazından kəsib qəpik-qəpik topladığı pulu hansısa işbazın cibinə məcbur qoyanı da. Axı o da “qonşusu filankəsin” arvadına duxi aldığı məşhur parfümeriya dükanından ətir seçməlidir. Hətta bunu kreditə girməklə olsa da almalıdır. Təki ilin bir günü ona ehtiyacı olan qadının könlün xoş etsin…
Əziz qadınlar, siz sevdiyinizə bunu necə qıyırsınız bəs? Niyə rəva görürsünüz ki, kişi bilib dəyərləndirdiyiniz məxluq sına, sıxıla, məcburiyyət qarşısında qala?! Məgər bir gülərüz baxış, bir şirin, bir sevgi dolu söz bahalı ətriyyatdan çoxmu ucuz gələcək sizə??? Məgər dəyəri 1 manat olan bir dəstə nərgizgülü, dənəsi 20-25 manat və daha baha olan güldən çoxmu qiymətsizdir?
İstəyiniz nədir, əziz qadınlar? İlin bir gününü yarı minnət, yarı töhmət, yarı könüllü, yarı könülsüz hədiyyə almaqmı, yoxsa ilin bütün gününü sevgi dolu, təmənnasız, qüsursuz baxışla baxan gözlərmi?! Bunu heç dərindən düşünəniniz oldumu?
Hər nəysə, seçim sizin olsun. Səthi düşünənlər üçün: Bayramınız mübarək, əziz qadınlar!…

08/03/2016 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Shexsen men, evlendiyimizden bu yana, bele yersiz, kishini menen mehv eden, ozunden utandiran veziyyet qarshisinda qoymamisham. Elhemdulilleh, almaga imkani da vardi, yene de almayib, chunki bele de olmalidir. Qadina deyer butun gunler uchun nezerde tutulub. 1 gun uchun yox. Menim hediyyem ele teqvali ailemdir. Maddi hediyyem de ilin istenilen ayi, gunu alinir.
    Teshekkurler, Sevincimiz ☺

    tərəfindən bəyənildi 2 şəxs

    • Məni dəstəkləyəcək biriləri olacağına əmindim, sağ ol, canım. Bəziləri doğru başa düşməyib yazdıqlarımı, instagram səhıfəmdən hiss edirəm. Amma məqsədimi anlayanların daha çox olacağına ümidliyəm. Lap olmasa da fikrimdən dönən deyiləm. Analar üçün ilin bütün günü özəl olmalıdır.

      tərəfindən bəyənildi 1 şəxs

      • Mən var idim o siyahıda, yəni sizi dəstəkləyəcək onların siyahısında. Fikir vermişəm və bir dəfə şərhimdə də yazmışam, bu günlər zorakılıqlar, intiharlar daha da çoxalır. Səbəbini mən kişidən çox, qonşusuna baxıb tələb edən qadında görürəm. Qadın heç vaxt yoldaşını gücü çatmadığına yükləməməlidir. Və ən xeyirli kişi də qadınına qarşı mərhəmətli olandır. Uzun sözün qısası mən qadına da, uşağa da, böyüyə də ilin bir gününün ayrılmasının tərəfdarı deyiləm və Ramazan və Qurban bayramı xaric heç bir bayram, doğum günü qeyd olunmur və heç kimi də bu münasibətlə təbrik etmirəm. Təbrik edənlərə də dua edirəm.
        Siz fikrinizdən dönməyin inşəAllah, axşam imkan etsəm, yaxınlarda qarşıma çıxan bir bənd şeiri paylaşacam, mən şeir əzbərləyə bilmirəm axı 😦
        Allah razı olsun, ürəyimdən bir xəbər oldu.

        tərəfindən bəyənildi 2 şəxs

        • Dünən mənə bilirsən instagram səhifəmdə nə yazıblar? Deyirlər, xanım, siz bu müsahibələr ki, götürürsünüz, onları özünüz dəyişib yazırsınız, yoxsa olduğu kimi təqdim edirsiniz? Dedim, yox, necə var elə, bəzi mexaniki səhvlər olanda düzəldirəm, amma fikir, məzmun qalır. Yazdı ki, mən Azərbaycan xanımları ilə qürur duydum, hardan tapıb toplayırsınız başınıza belə xanımları☺️
          Sözüm odur ki, yaxşı ki, varsınız, əzizlərim😘😘😘😘💐🌹🌷💐🌹💐

          tərəfindən bəyənildi 1 şəxs

  2. Nə gözəl yazmısınız, əzizim 🙂

    tərəfindən bəyənildi 2 şəxs

  3. Qadınlar bayramının heç vaxt xüsusi özəlliyi olmayıb mənimçün Düzdü həmin gün qardaşlatımdan atamdan həyat yoldaşımdan və oğlanlarımdan bahalı da olsa ucuz da olsa hədiyyələr almışam elə ğzüm də mənimçün dəyərli olan xanımları təbrik edmişəm amma yenə də bu bayrama özəl bir gün kimi baxmamışam olub ki hədiyyələri bir bacı kimi bir övlad ya bir qadın ya da elə bir yaxın insan kimi qəbul edmişəm, amma həqiqətən ANA kimi hədiyyələri , sözləri qəbul etmək daha ürəyimcə olub

    tərəfindən bəyənildi 2 şəxs

  4. Canimm menim ne gozel yazmisan ve cox dogru.inanmazsan ama biz evlenenden bu gune kimi men yoldawimdan ne 8martda ne de 14-fevralda hec bir hediye almamiwam.hec gerek de duymamiwam.onun sevgisi menim en boyuk hediyemdi..daha ne olsun

    tərəfindən bəyənildi 2 şəxs

  5. Sabahin xeyir gunun ugurlu olsun eziz deyerlimiz Sevincimiz.yazini cox diqqetle oxudum ureyine yazan eline sagliq dogru yazmisiz..islam qadinin iki bayrami var biri ramazan biride qurban Elhamdulillah…bu gunu etrafimda olan qadinlari cani dilden artiqlamasiyiyla tebrik etmeyi konullerini almagi xoslayiram cunki qadin diqqeti nevazisi her zaman umur.amma ki aile icerisinde qeyd etdiyim bayaq yazdigim bayramlardi sadece..heyat yoldasim verdiyi en boyuk hediyye usaqlarimin ve menim basimiz uste olmasdi arxa dayagimiz varligidi..cox dogtu yazdin bir kisiki 8 mart geldi deyib qasni qaralacag ve ya kobudlug edecek minnet edecekse hemen gunlerden uz gozu tursuyacaqsa hec birbayramdan temteraqdan sohbet gede bilmez..qadinlar ilin her gunu her ani eyni yuku cekir eyni heyati yasayir hec bir xususi gun bir saatin acisin ala bilmez o da ola mecbiri minnetli…Allahdan butun qadinlara er sevgisi er deyeri hormeti dileyirem mence bir qadincun bundan gozel hec ne ola bilmez

    tərəfindən bəyənildi 2 şəxs

  6. Amin eziz bacim Allahim hec bir qadini gercek aile er sevgisinden mehrum etmesin..her zamanki kimi gozel dusundurucu yazincun tesekkur edirem

    tərəfindən bəyənildi 2 şəxs

  7. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    8 Mart

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...