…belə bir cəmiyyətin parçası olduğuma utanıram…(Tanımadığımız tanışlar silsiləsindən XV yazı)

image
“Realist” sözünün mənasını hamınız bilirsiniz, ətraflı izaha ehtiyac yoxdur. Mən də Nübarı “realist” nikiylə tanımışam. Həm də Nübar bilirsiniz kimdir? Mənim ilk nəvəmin anası. Bəli, ilk nəvəm…amma virtual nəvəmdir Aysu. İmkanım daxilində böyüməsini addım-addım izləməyə çalışmışam. Ərköyünlüyünə sevinmişəm, çünki nəvələr ərköyün olanda daha şirin olurlar.
Bəzən olub ki, Nübarla hansısa mövzuda baxışlarımız üst-üstə düşməyib. Amma biz ortaq məxrəcə gəlməyi bacarmışıq. Çünki düşüncəmizdə sağlam müzakirə üstünlük təşkil edib. Bir sözlə, Nübar çox sevdiyim tanıdıqlarımdan biridir. Müsahibəsini oxuyandan sonra siz də savadına, düşüncəsinə, dünyaya baxışına görə bu xanımı tanıdığınıza sevinənlərdən olacaqsınız.


Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdım etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Və aleykum salam. Adım -Nübar, 27 yaşım var. Ailəli, Allahdan bir qız əmanətim var.
2. Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın… – Tanıdığınıza peşman olduğunuz biri varmı?
– Bəli, var. Belə bir deyim var : “İnsanlar, uzaqdan baxınca qüsursuz, yaxından tanımağa başlayınca, lüzumsuz “. Mən də lüzumsuz insanlarla qarşılaşdım. Və belə insanlardan güc aldım, daha da müdrikləşdim.
3. Hz. Əli deyir ki, Allahdan qorxmasaydım siyasətçi olardım. Siyasətçi olmaq üçün Allahdan qorxmamaqmı lazım?
– Doğrusu, Hz. Əlinin(radiyallahu anhu ) bu fikrinin nə dərəcədə səhih olduğunu bilmirəm. Ancaq onu deyə bilərəm ki, Hz.Əli Ərəb xilafətinin 4-cü xəlifəsi olaraq, yetərincə şücaət göstərmişdir. Tək missiyası -İslam dinin keşiyində durmaqdan ibarət olmuşdur. Ancaq tarixə, bu günümüzə nəzər salsaq, görərik ki, hakimiyyət Allahın qanunları ilə ziddiyyət təşkil edir. Günahsız axıdılan qanlar, vandallıq, torpaq hərisliyi və s.. Məhz bu səbəbdən, bəli, siyasətçi olmaq üçün Allahdan qorxmamaq lazımdır (istisnalar hər zaman mövcuddur ).
4. Mədəniyyəti xalqın ruhunun xarici təzahürü adlandırırlar. Belədirsə, o zaman sizcə ruhumuz mədəniyyətimizlə düz mütənasibdirmi?
– Bu hal mövzuya , vəziyyətə görə dəyişir. Mədəniyyətin xalq tərəfindən elə təzahür formaları var ki, insanı vahimələrə qərq edir. Düz mütənasib olduğumuz məqamlar da çoxdur.
5. Azərbaycan qadını çarşabdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı çıxarıb göyə tulladım. O gün bu gündür papagımı tapa bilmirəm…(Cəlil Məmmədquluzadə) Sizin fikrinizcə qadın çarşabda qalsaydı bu gün həyat daha gözəl olardımı?
– Gözəl sözü aciz qalar, “möhtəşəm” olardı. Nə yazıq ki, belə olmadı. Çarşabsızlar çarşablılara zidd, çarşablıların da bir qismi(geyinmiş çılpaqlar ) şəriətə zidd. “Qəlb gözü ilə görən gözlər” çoxaldıqca, hər şey gözəlləşəcək. Allahın nurunu söndürmək istəyənlərə zidd, Allah öz nurunu tamamlayacaq.
6. Sən kimin üçün ağladığını de, mən sənin kim olduğunu deyim. – İnsan kimin üçün ağlayar? Göz yaşınız hədər oldumu?
-Ürək yanmasa, gözlərdən yaş axmaz. Həddindən artıq təsirli, kövrək insanam. Əlhəmdulilləh , belə bir böyük sınaqla qarşılaşmamışam. Amma ağlamışam. Həmin anımı, “affekt ” halı kimi dəyərləndirirəm, çünki özümə gəldikdən sonra, xeyli gülmüşəm ki, mən niyə ağlamışam.
7. Vaxtdan ağıllı istifadə etsək, kifayət qədər vaxtımız olar. Zamandan şikayətçi deyilsiniz?
– Biz insanların özümüzə qarşı etdiyimiz ən böyük xəyanət, zamanımızı nafilə yerə xərcləməkdir. Halbuki, zaman qızıldan da dəyərlidir. Zaman Allaha məxsusdur. Zaman xeyir işlərə sərf olunduqca, bərəkətlənir. Əlhəmdulilləh, zamandan şikayətlənmirəm. İnşəAllah hər zaman da belə olar.
8. İnsanın dözümü onun köməkçisidir… “köməkçiniz ” varmı?
– Bu günə kimi, yeganə köməkçim olub, O, da Allah. Hər zaman Ondan istəmişəm, veribsə “nemət”, verməyibsə, “rəhmət” hesab etmişəm. Hərdən səbrsizlik edib özümdən çıxanda da, özümü toparlamışam, şükür etməyə çalışmışam.
9.Sizcə niyə aforizmlər əvvəlki dövrlərdə yaşamış filisoflar tərəfindən yaranıb? İndi buna ehtiyac yoxdur, yoxsa bunu deyə bilən biriləri?
– Yəqin ki, o dövrün ədəbi, siyasi cərəyanları aforizm zənginliyini labüd qılıb. İndinin özündə də diqqətimi çəkən, mənalı aforizmlərə rast gəlirəm, amma ki, az. Dövrümüzdə “yumoristik sitatlar” üstünlük təşkil edir. Böyük ehtimalla, əsas kütlə bu yönə maraq göstərir. Məğzindən “ibrətamizlik” duyulan aforizmləri çox sevirəm.
10. Bu dünya səsiylə səsləşənindir,
Dövranla düz gəlsən, dövran sənindir… Dövranla fərqli yollarda addımlayırsınız, ya yolunuz birdir?
– Dövran -zamandır. İnşəAllah ki, düz addımlayıram. Doğrusunu Allah bilir.
11.”Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmi?
– Sənə gələn yaxşılıq Allahdan, başına gələn bəla isə özündəndir. Bəzən də sınaq, imtahandır. Layiq olduğu yox da, qədərinə yazılmış ömrü yaşayır. Şüur və iman əsasında. Belə ki, bu iki məqam, insanın qədərini nizamlayır.
12. Bəzən yaxşı biri olmaq üçün bütün pisləri tanımaq məcburiyyətində qalırsan. Buna ehtiyac duydunuzmu?
– “Pisi görməsən, yaxşının qədrini bilmərsən ” kəlamı yerində deyilib.Bəli, xəbis, təkəbbürlü, naqis insanları tanıdıqca, yaxşıların qədrini daha yaxşı bilir insan. Onları möhkəm qucaqlamağı, sənə olan etimadını doğrultmağa çalışır insan.
13. “Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olarlar”. Ən pis vərdişiniz nədir?
– Əlhəmdulilləh, belə də pis vərdişim yoxdur. Ancaq mənə görə ən pis vərdişim, nə qədər tərgitməyə çalışsam da, şirniyyat və unlu məmulatlar bişirməkdən özümü məhrum edə bilməməyimdir. Özümə nə qədər söz versəm də, iradə zəifliyi göstərdiyim zəif nöqtəmdir.
14. İnsanın dəyəri onun nəyin marağında olması ilə verilir, belə deyirlər hikmət sahibləri. Siz nəyin marağındasınız, həyatı, yaşamağı nədə görürsünüz?
– Həyat qayəm, “Tövhid”ə köklənmək, Allaha qismən də olsa haqqını verərək yaşamaqdadır. Axirətimin binəsini gözəl şəkildə inşa etməkdədir. Bunun yolu isə, Allahı zikr, səcdə (namaz) etməkdən, layiqli övlad , vəfalı, iffətli həyat yoldaşı və nümunəvi, əxlaqlı, elmli valideyin olmaqdan keçir.
15. Kol kola söykənibdir
Gülsə tikan üstədir.
Yaxşılar ayrı düşüb
Yamanlarsa dəstədir…
Gözünüzə görsənən yaxşılar, qarşınıza çıxan pislərdən daha çoxdurmu, yoxsa əksinə?
– Dərindən nəzər salası olsaq, hər iki qismi də görərik. Amma, gözəl bir xüsusiyyətim var. Pislərin bir sözündən anlayıram nə olduqlarını. Ona görə də özümə yaxın buraxmıram. Oddan qaçarcasına qaçıram , elə xislətli insanlardan.
16.Evlilik qala kimidir, xaricindəkilər girməyə, içindəkilər çıxmaqla məşğul olarlar. Razısınız bu fikirlə?
– Qismən razıyam. Evlilik müqəddəs bir qurumdur. Sevgi, hörmət, güvən üzərində qurularsa, bir ömür sağlam köklər üzərində davam edər. İnanmıram ki, belə bir mühiti kimsə tərk edər. Əksinə olaraq, belə ailə qibtə mənbəyinə çevriləcəyindən, girmək istəyənlər çox olacaq.
17. Dua ibadətin özüdür deyilir. Daima dualarınızda olan birinin adını deyə bilərdinizmi?
– İnsanın dəyər verdikləri hər zaman dualarındadır. Dualarım əzizlərim və bütün mömin qullar üçündür. Allah saylarını artırsın. İki mövhum var ki, hər duamın əvvəli və sonudur. Həyat yoldaşım və gözümün nuru -Aysum. Onlarsız bir günüm olmasın. Amin.
18.Dərdimizi öz dərdi kimi yaşayan dostumuzun varlığı, dünyanın ən dəyərli sərvətindən dəyərlidir. Varmı belə dostunuz?
– Səmimiyyətimə güvəndiyim qədər dostluğa da güvənirəm. Sadəcə, bu güvəni doğruldacaq dosta rast gəlmək lazımdır. Ən birinci dostum Allahdır. Qəlbimdəkiləri bir tək, O, bilir. Ancaq bir dostum var. İbadətdən uzaq olduğum zamanlarda mənəvi dəstəyini çox görmüşəm. İndi bir-birimizdən uzağıq , amma əlaqələri qoparmırıq.
19. Mənim fikrimcə sosial şəbəkədə həyat olduğu kimi təqdim olunmur. Sizcə necə? Belədirsə buna səbəb nədir?
– Əksini fikirləşirəm. Hətta, olduğundan da artığı təqdim olunur. İnsanların həya pərdəsi elə deqradasiya olunub ki, “məhrəm” deyilən bir anlayış məhv olub. Muhamməd peyğəmbərin (sallallahu aleyhi və səlləm ) gözəl bir kəlamı var : ” Utanmadıqdan sonra istədiyini et “. Artıq həya unudulub. Bir ailə başçısının, xanımının, gənc bir qızın elə şəkillərinə rast gəlirəm ki, belə bir cəmiyyətin parçası olduğuma utanıram. Ağıl, şüur ilə istifadə edənlər də çoxdur. Təqdirəlayiqdir.
20. “El-aləm nə deyər?” – yəqin ki, tanış ifadədir. Necədir bu fikrə münasibətiniz?
– Əvvəllər çox fikir verirdim. Hər addımımda bu düşüncə şüuraltı narahatçılıq verirdi. Ancaq indi əks qütbdəyəm. Şüarım isə belərdir : “Qoy, mənim bu addımımdan Allah razı qalsın, qul özü bilər. Necə olur -olsun, son dönüş -Onadır “. Bir hədis ilə fikirlərimi şərh edəcəm. Əbul Abbas. (radiyallahu anhu )-rəvayət edir ki, bir kişi Peyğəmbər (sallallahu aleyhi və səlləm)-in yanına gələrək dedi : – “Ey Allahın Rəsulu! Məni elə bir əmələ yönəlt ki, onu etdikdə həm Allah məni sevsin, həm də insanlar məni sevsinlər “. Peyğəmbər buyurdu : “Dünyada zahid ol, Allah səni sevəcəkdir. İnsanların əlində olana zahid ol (göz dikmə ) , insanlar da səni sevəcəkdir “.
21.Dinimizə görə ilk insan bəşəriyyətin atası hesab olunan Adəm peyğəmbərdir. Allah onu yaratdıqdan sonra Həvvanı yaradıb. Lakin elm, fəlsəfə inkişaf etdikcə bu fikrə qarşı təzadlar, həmçinin bu iddianı inkar edə biləcək qədər elmi əsaslar irəli sürüldü. Bu haqda sizin fikirlərinizi də öyrənmək istərdim.
– Bu düşüncə sahibi- ateistlər, möhürlənmiş qəlbləri ilə Allahın möcüzələrini gözardı etmək düşüncəsindədirlər. Onları nütfədən yaradan, sonra onlara can verən Allahı danmaq istəyirlər. Açıq -aşkar möcüzəni “mutasiya, təkamül nəzəriyyəsi” kimi, məntiqsiz fərziyyələr şəklində sıramaq istəyirlər beyinlərə. Ancaq, bu, absurd bir düşüncədir. Allahın qüdrətini, məqamını dərk edən kimsə, bu girdaba düşə bilməz. Şeytana qulluq edənlərdən başqa.
22.Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. Qarşısında durduğunuz biri oldumu?
– Razıyam, belə insanlar mövcuddur. Təkbaşına addım belə atmaq iqtidarında olmayanlar. Ancaq, mənim qarşıma çıxmayıb. Əlhəmdülilləh ki, öz sözünü deməyi bacaran insanlara rast gəlmişəm. Belə bir şərh də vermək olar : “İstər kişi, istərsə də qadın , hər zaman güvənlə söykənəcək bir sütun arzulayırlar. Bir -birini tamamlamaq, güvənlə addımlamaq. Məhz bu yöndən düşünəcək olsaq, bəli, həyat yoldaşımın önündəyəm”.
23. Azad qadın – elə bir qadındır ki, hələ özünə ondan asılı ola biləcək bir kimsə tapa bilməyib. Sizcə azad qadın necə olmalıdır?
– XXI əsrin təbiri ilə desək, “avropasayağı (açılıb -saçılan), intellektual idarəetməyə malik, sosial-siyasi fəaliyyətləri önə çəkilən, kariyerist kommunizm köləsi -qadın ” və s. Siyahını çox uzatmaq olar. Amma ki, razı olmadığım məqamlar, razı olduqlarımdan qat -qat artıqdır. Belə ki, elm, təhsil, dünyagörüşü, intellekt -zəka gözəl bir şeydir. Hər zaman da bunu müdafiə etmişəm ki, qadın ilk növbədə bunları tamamlamalı, sonra ailə qurmalıdır ki, dünyaya gələcək övladlarını zay etməsin. Yanlış burdadır ki, Avropa şüuru insana aşılayır ki, qadın hər mövzuda sərbəst olmalıdır. Nə ailə, nə həyat yoldaşı, heç kəs qadının qarşısında dura bilməz. Ağıla gələn, gəlməyən hər şeyi etməlidir qadın. Tərbiyə ən son düşünülən və ya heç düşünülməyən bir qavramdır. Bu yerdə, gözəl bir sitat yadıma düşdü : ” arsızlığa-cəsarət, zinaya -eşq dedilər. Millətin əxlaqını, bax, beləcə yedilər “.
Mənim düşüncəmdə isə, qadın, hər şeydən öncə savadlı, tərbiyəli yeniyetmə , elmli, dünyagörüşü olan, dərin düşüncəli gənc, ismətli, naməhrəmlərin deyil də, ərinin xəyallarını bənzəyəcək -itaətkar qadın, əməli -saleh, zəkalı övladlar yetişdirəcək ana və ən önəmlisi, hər şeydən öndə, əsas düşüncəsi , “Allahı razı salmaq” qayəsində olan qul. Əvvəl sadaladıqlarım tamamdırsa, Allah da razı qalacaq.
24. Heç bir iş görmədən də yorula bilirmiş insan. Düşündükləri ağır gəlirmiş…oldumu belə halınız?
– Olub. Ailəm, sevdiklərim yormayıb. Həyatımda yeri olmayan, fitnə mənbəyi məxluqlar olub ki, hərdən çox yorub məni.
25.Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi!” Kimin nazıyla çox oynadınız və ya oynayırsınız?
– Məni real həyatda tanıyan bilir ki, çox zəhmli bir insanam. Ən əziz bildiyim ailə nümayəndələrimə belə, “canım, ürəyim” və s. kimi müraciət formaları ilə səslənməmişəm. Kimlər üçünsə, “buz” təəssüratı bağışlamışam bəlkə də. Ancaq, bəzi insanlardan fərqli olaraq, elə ürəyə sahib olmuşam ki, heç nəyi qulaqardı etməmişəm. Hər şeyi ürəyimdə gəzdirmişəm. Hərdən düşünürəm ki, nə qədər naz çəkmək olar? ! Bir az da mənim nazımı çəksinlər. Əfsuslar olsun ki, bacarmıram.
26.Birinə güvənmək lazımdır bu həyatda. Səni heç vaxt tərk etməyəcək birinə. Kimdir o? Həyatınızda belə bir insan varmı?
– Hər kəsdən, hər şeydən öncə, güvənəcəyim varlıq -Allahdır. Ona Kəlmeyi -şəhadət gətirdikdə, ibadətini axsatmadan etdikdə, səbrli olduqda, O, səni hər iki dünyada tək buraxmaz. Alnıaçıq, üzüağ edər. İkinci güvən yerim, ailəm -atam, anam, qardaşlarım, bacımdır. Qanı -qanından, canı -canından. “Ətini yesə də, sümüyünü atmaz” misalı. Gözəl həyat yoldaşı, qarşılıqlı vəfa təcəssüm etdirdiyimiz müddətdə (İnşəAllah ki, hər zaman da belə olacaq ), həyat yoldaşım.
27.Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. – Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?
– Heç bir edə bilmədiyimə təəssüflənmirəm. Nəyi ki, çox çalışsan da edə bilmirsən, demək qədərində yoxdur. Allahın məsləhətinə şükür. Əlhəmdulilləh ali təhsilə, savada yiyələnmişəm, nə istədiyimi bilirəm. Ailəmin qayğılarını ön planda yürüdən qadınam.
28.Təsəvvür edin ki, dırmandığınız bir dağ var və bu dağda bir mağaraya rast gəlirsiniz. Mağaranın içi də qızıl, almaz dolu bir xəzinədir. Bu zaman qarşınıza bur canavar çıxır və siz qorxaraq çölə qaçırsınız. Elə bu andaca zəlzələ baş verir, mağara uçulub dağılır, qapısı bağlanır, siz yolu itirirsiniz. Həmin an düşündüyünüz nə olardı?
– Deməli, əcəlim çatmayıb, ölüm bu anda haqlamayıb məni. SübhənAllah, əlhəmdulilləh deyib yoluma davam edərdim.
29. İnsanların dini sizin üçün nə qədər vacibdir?
– Təsəvvür edilə bilməyəcək həddə maraqlıdır. İnsanın Yaradanına asi olması, Ona şərik qoşaraq, şirk bataqlığında üzməsi, bidətləri Allahın qanunları kimi qələmə verməsi, “cahilliyə” dövrünü yaşatması, məni hədsiz məyus edir. Allah mömin müsəlmanları qorusun, sayını artırsın. Amin.
30.“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Bu suala, öz baxış bucağımdan cavab verəcəm. Mən, bir qadın olaraq, yaxınlarımdan nə istəyirəm?
Səmimiyyət, riyakarlıqdan uzaq bir münasibət, sevgi, nəvaziş, özümü naza qoyduğumu görən əzizimdən -sevgi dolu bir tumar istəyirəm, daha minnətlə, candərdi yox. İsti, mehriban bir yuva istəyirəm. O yuva ki, lap zirvədədir, heç kəs boylana bilmir, müdaxilədən çəkinir ki, günah qazanar. Ağacın ən aşağı budaqlarında olan yuvaya hamı nəzər salır, bəzisi baxıb keçir, bəzisi də uçurub. Mən də bir qadın, ana olaraq, yuvamı ağacın ən pik nöqtəsində istəyirəm ki, ötən uzaqdan baxmaqla kifayətlənsin. Əlhəmdulilləh ki, Allahın sevgili bəndəsiyəm. Zənnimcə, ağlı başında olan, dərrakəli qadınların hər biri bunları istəyir. Allah hər kəsi xoşbəxt etsin.

Maraqlı müsahibə üçün sizə ancaq təşəkkür edəcəm 💐

08/03/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Əzizim, Nübar.Səni daha yaxından tanıdığım üçün çox şadam. Fikirlərin mənalı, dolğun, düşüncəlidir. Allah imanını hər zaman güclü etsin.
    Dostlar, mən 30 sualla müsahibim Nübarı yormuşam bəlkə də, amma sizin fərqli suallarınız, suallara cavaba münasibətiniz varsa, buyurun, suallarınızı ünvanlandırın.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sevincim, əvvala suallarınız həmişəki kimi maralı və düşündürücü idi. Təşəkkürlər, Sevincim 🙂
    Nübar xanım mən sizi də çoooooox sevdim, oxuduqca müsahibəni özümə yaxın hiss elədim sizi:) Allahın həmişə sevimli bəndəsi olasınız.AMİN 🙂 Balanızın xoş günlərini görəsiniz, inşaAllah. Bayramınızda mübarək bu arada 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  3. Seva sənə və Nübar xanıma təşəkkürlər ki mənalı suallar və mənalı cavablarla tanış olduq bu gün

    Bəyən

  4. Men qismet olsa sabah yazacam ☺️ Telefonla chetindi mene 😎

    Bəyən

  5. Tewekkur edirem Sevincim bi bi bitanem sene.gozel suaallar ve maraqli..
    Nubar xanima da tewekkur edirem gozel duwundurucu son detece dolgun cavablara gore..hec tanimirdim ama cavablardan yeteri qeder ic dunyana seyahet ede bbildimcox wad oldum

    Bəyən

  6. Çox sağ olun, dəyərli insanlar. Hər birinizə ayrı -ayriliqda təşəkkür edirəm ki, dəyərli zamanınızı sərf edib oxudunuz, şərh yazdınız.
    Nə qədər çalışsan da, yenə orfoqrafik səhvlər olur. Cahilliyə yox, cahiliyyə olmalıdır. Səhv yazmışam ☺
    Bir daha təşəkkür edirəm, əzizim, dəyərli insan, dəyərli həmsöhbət! 😊🌷

    Bəyən

  7. Mən Nübarı Allah qismət etdiyi qədər yaxından tanıyıram və oxşar cəhətlərimiz lap çoxdur, bircə bu şirniyyat bişirmə məsələsi xaric. Bacı, az bişir də, sən bişirirsən, mən həvəslənirəm, sonra da altını çəkirəm 🙂 sənin nə vecinə. Zarafat bir yana, Nübar mənim dəyər verdiyim, həmsöhbət olduğum və Allah xatirinə sevdiyim bacılarımdan biridir. Suallar da, cavablar da gözəldir, hər iki əzizimə yaraşandır. Allah hər ikinizdən razı olsun.

    Bəyən

    • Sağ ol, var ol, mənim nurlu bacım. Mən də səni Allah üçün çox sevirəm. Allah hər birinizdən razı olsun. Neynəyim, yemək dəlisi deyiləm. Sadəcə, həvəskarıyam, bir növ hobbi. Ona görə də əl çəkə bilmirəm.

      Bəyən

  8. Diqqətiniz üçün hamımıza minmətdaram, dəyərli oxucularım💖💖😘😘😘💐🌹💐🌹💐

    Bəyən

  9. Salam eziz Sevincimiz vaxt azligim olsada musahibeni bir nece defe oxudum hec bir fikri qacirmayim deye..yene mukemmel dusundurucu qulaqlarimizin verdis etmediyi suaalardi, ve cavablardi ..her ikinize tesekkur edirem maraqli musahibeye gore..ugurlarin davamli bitmez olsun gozel urekli Sevinc xanim

    tərəfindən bəyənildi 1 şəxs

  10. Çox sağ olun, Xəyalə xanım. Oxuduğunuz və dəyərli şərhiniz üçün. Allah razı olsun.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: