Ürək deyər ayrılığın, üzü dönsün bu dünyadan…(“Taleyin həsrət qisməti” romanından bir hissə)

image

…Günel səhər yuxudan oyanandan idi ki, özünü çox narahat hiss edirdi. Elə bil tikan üstündə oturmuşdu. Qulağı səsdə, gözü qapıda qalmışdı. Saata baxdı. Oğlunun dərsdən gəlməsinə az qalmışdı. Telefonu götürüb Zaurun iş nömrəsini yığdı. Bir neçə dəfə çağırdıqdan sonra dəstəyin o başından katibə qızın səsi eşidildi. Günel Zauru istədiyini bildirdi, işdə olub-olmamasını soruşdu. Katibə bir dəqiqə deyib xəttə Zauru qoşdu:

– Alo, eşidirəm.

– Mənəm, Zaur, səndən bir xahiş etsəm olarmı?

– Nə xahiş, evdə deyə bilmirdin?

Günel tutulsa da:

– Yuxudan durandandı çox narahatam, dedim keçib gedər deyə sənə bir söz demədim. Nahara gələndə məni atamgilə apara bilərsən? Heç olmasa bircə saatlıq, çox xahiş edirəm. 

– Nahara gəlməyəcəm bu gün, işlərim də çoxdur, qalsın başqa vaxta.

– Zaur, xahiş edirəm, çox narahatam.

– Ay qız, bir ay deyil gəlmisən, bəsdir də, qoy əlimdə hesabatımı aparım mane olma mənə,- deyib Zaur dəstəyi asdı.

Günel pərişan halda divanda əyləşdi. Telefonu götürüb atasıgili yığdı. Bir xeyli çağırdıqdan sonra anası dəstəyi qaldırdı. Anası Günellə bir-iki kəlmə danışdı, salamatçılıq olduğunu dedi. Xörək hazırlayıram, sonra danışarıq deyib dəstəyi asdı.

Günel telefonun yanından yenicə aralanmışdı ki, zəng gəldi:

– Bəli.

– Mənəm, yarım saata hazır olun taksi blokun qapısında sizi gözləyəcək. İki saat oturun yenidən gəlib götürəcək sizi, – dəstəyin o başından Zaurun səsi eşidildi.

– Çox sağ ol, Zaur. Günel sevincindən bilmirdi neynəsin. Hələ də Zaurun bu hərəkətinə mat qalmışdı, görəsən Zaur fikrini niyə dəyişdi?!

Günel uşaqların əynini qalın geyindirib pilləkənləri endi. Bayırda hava çox soyuq idi. Tələsdiyindən anasına zəng etməyi də unutdu. Onsuz da atası da, anası da evdə idi. Bu soyuqda hara gedəsiydilər. Maşın qapının ağzında saxladı, Günel uşaqları düşürmədən qapının zəngini çaldı. Anası dəhlizdə olduğundan zəngə tez cavab verdi, Güneli tanımayıb:

– Kimdi?, – deyə soruşdu.

– Mənəm, ana, aç qapını.

Anası qapını açdı, Günel uşaqları maşından düşürüb həyət qapısından içəri keçirdi. Atası evin pilləkənlərini düşüb həyətin ortasında onlara yaxınlaşdı. Əvvəl nəvələrini, sonra da qızını qucaqlayıb öpdü:

– Bəs, niyə xəbər etməmisən gələcəyini? Ananla danışmamısan bu gün?

– Danışmışam, ata, amma gəlmək fikrim yox idi, birdən qərar verdim. Həm də dedim qoy sürpriz olsun. Anası qapının ağzında qızını gözləyirdi. Günelin əhvalı açılmışdı, atasını, anasını sağ-sağlam görüb bütün narahatçılığını unutmuşdu. Onlar evə keçdilər, anası tez çay süfrəsi hazırladı. Uşaqlara şirniyyatla çay verdi. Vaqifin adəti idi, qızı bu qapıya nə vaxt ayaq qoysa mütləq onun üçün kabab hazırlayar, evinə aparmaq üçün də payını qoyardı. Günelin belə qəfildən gəlişi onu çaşdırmışdı, gah mətbəxə girir, gah çıxırdı. Mehriban Vaqifin narahatlığını görüb:

– Ay kişi, niyə bir yerdə oturmursan, nəsə istəyirsən mətbəxdən?

– Yox, heç nə istəmirəm. Nə bişirmisən nahara?

– Küftə-bozbaş etmişəm, ürəyin ayrı yemək istəyir durum onu da bişirim, – Mehriban zarafatla dilləndi.

– Özün yeyərsən küftə-bozbaşı, mən qızıma ayrı yemək istəyirəm. Əlini telefon aparatının yanında qoyulmuş kitabçaya uzatdı. Eynəyini taxıb nömrələrə baxdı, tapa bilməyib:

– Ay bala, bir burdan kababçı Aydın olmalıdır, onun nömrəsini yığ, – deyib kitabçanı Günelə uzatdı.

– Əziz- xələf qızı gəlib, heç kababsız yola salar? Vallah o biri qızlar eşitsə səndən möhkəm inciyəcəklər, heç onlara bir dəfə kabab sifariş verməmisən.

– Xəbərsiz gəlməsə özüm çəkərdim kababı, indi məcburam, mən istəkli qızıma kabab gətizdirməliyəm. O biri qızların günü Günel kimi deyil, onlar istədiklərin ərlərinə aldıra bilirlər, ay arvad, – Vaqif dərindən köks ötürdü. Günel atasının üzünə baxıb onun mehriban baxışlarından özünü dünyanın xoşbəxti sandı. Ürəyində Allaha yalvardı: “Allahım, nə olar, atamı mənə çox görmə”…

Getmək saatı çatmışdı, Zaurun dediyi kimi taksi qapıda onları gözləyəcəkdi. İki saat hardan gəldi, hara getdi Günel heç bilmədi. Anası yenə əlinə düşəndən qızına pay qoydu. Vaqif uşaqları maşına otuzdurub qapısını bağladı. Qızını qucaqlayıb öpdü:

– Soyuqdur, ata, bayırda dayanma, evə get,- deyib atasıyla sağollaşdı, maşına mindi. Maşın xeyli aralanmışdı ki, Günel çevrilib geri baxdı. Atası hələdə maşının arxasınca baxırdı. Günelin ürəyi həyəcanla döyünməyə başladı, görəsən atası niyə bu qədər onların arxasınca baxdı?! Maşındakı radioqəbuledicidən həzin nəğmə eşidilirdi:

Kaş bu görüş olmayaydı,

Güllərimiz solmayaydı.

Səni məndən, səni məndən almayaydı

Bu son görüş, bu son vida…

Günel başını çevirib yenidən geri boylandı, atası həyətə keçmişdi. Günelin içindən bir tel qırıldı. Mahnımı onu bu hala gətirdi, atasının uzun-uzadı baxışımı?! İlahi, yoxsa Günel bir daha atasını görməyəcəkdimi, yoxsa bu da onların son görüşü idi? Günelin birdən-birə atasıgilə gəlmək istəyi, Zaurun qəfil qərarı…halbuki Zaur Güneli bir addım tək buraxmazdı, indi nədən bu cür addım atdı, niyə məni özü gələ bilmədiyi halda atamgilə gəlməyə qoydu? Aman Allahım, yoxsa bu nələrəsə işarədir? Yox, yox, bircə bunu yaşatma mənə, İlahi, atamı alma məndən…

Axşamtərəfi idi Vaqif nədənsə ürəyində küt-küt ağrılar hiss edirdi. Rəngi də üstündə deyildi. Mehriban Vaqifin bu halını görüb:

– Bir yerin ağrımır, rəngin nədənsə xoşuma gəlmir, – dedi.

– Ürəyim küt-küt ağrıyır, başqa bir narahatçılığım yoxdur. Mehriban Fərqanəni çağırıb Vaqifin təzyiqini ölçdürdü. Təzyiqi də normal idi.

– Bəs sənə noldu birdən-birə, a kişi? Bəlkə sevimli qızınla az söhbət etdin onun fikrin çəkirsən?, – Mehriban Vaqifin könlün açmaq üçün zarafatla dilləndi.

– Mən bilirəm ona nə olub, ana? – Fərqanə dilləndi. Dünən Xocalıya aid kino verirdilər, ilk dəfə idi bu filmi göstərirdilər. Bilirsən hansını deyirəm? Yadındadır qəzetlərdə yazmışdılar bir azərbaycanlı qadının kürəyinə qaynayan somavarı ermənilər necə bağlamışdılar, onu deyirəm. Atam o filmə baxandan sonra rəngi dəyişdi, hələ mən gətirib ürək dərmanı verdim. Televizoru da söndürdüm. Onsuz da vurduğu yara bəs deyincə deyilmi?!

– Düz deyir, Vaqif? – Mehriban soruşdu.

– Hə, düz deyir. Ədalət yadıma düşdü. Onun da nə öldüsündən xəbər var, nə qaldısından. Yazıq fağır uşaq idi. Allah bilir onun da başına min oyun açıblar yəqin bu murdarlar. Qardaşımın beli bükülüb Ədalət girov düşəndən. Allah heç kimə yaşatmasın, – Vaqifin səsi titrədi.

– Yaxşı, özünü ələ al, bilirəm ağır dərddi. Amma sənin ürəyin xəstədir, sənə belə həyəcanlanmaq olmaz.

Vaqif hava qaralanadək həyətdə o baş, bu başa gəzdi. Elə bil sinəsinə ağır yük çökmüşdü, nəfəsini almağa çətinlik çəkirdi. Bəlkə də ölümünü hiss edirdi. Əzrayıl qapısını döymüşdü artıq, əcəl başının üstündə idi, getmək zamanı gəlmişdi.

Həyətdə bir xeyli gəzişdikdən sonra oğlu Kamilgilə geçdi. Nəvəsini qucağına alıb üzündən öpdü, atan hanı deyib soruşdu.

– Atam gündəlik otaqda futbola baxır, baba, – Kamran babasının əlndən tutub otağa tərəf dartdı. Kamil divanda uzanıb televizora baxırdı, atasının gəldiyini görüb ayağa qalxdı:

– Gəl əyləş, atacan, – deyib stul çəkdi. Atası əlini stula söykəyib:

– Sənə deyəcəklərim var, bala, vaxtın varmı? – dedi.

– Atacan, futbolun maraqlı yeridir, olmazmı söhbətimizi sabah edək, qaçmırıq ki, sən burda, mən burda, – Kamil şirin dilinə salıb söhbəti təxirə salmaq istədi.

– Ölümlü-itimli dünyadır, bala, sabaha ümid varmı?

– Elə niyə deyirsən, aya ata. Şükür Allaha min cavana dəyərsən, – Kamil söhbəti bir az da zarafata çəkmək üçün sözünə davam etdi, – Atacan, yadındadır bir dəfə kənddə ot yığımı vaxtı idi, “Neftçi” nin də maraqlı oyunu gedirdi. Mən baxmayım deyə televizorun “peredoxranitelin” çıxarıb gizlətmişdin. Mən də hirsimdən bir taya otu daşıyıb həyətə yığmışdım həmin gün.

Atası bığaltı gülümsəyib:

– Gecən xeyirə qalsın, bala, deyib çıxdı.

Kamil atasının arxasınca:

– Sabaha mütləq danışacayıq, atacan, narahat olma, – dedi.

…Günel gecəni təlaş içində yatdı. Səhər açılar açılmaz atasıgili yığdı. Anasıyla danışdı, atasının da yaxşı olduğuna arxayın olub nahar hazırlamaq üçün mətbəxə keçdi. Televizoru yandırıb kanalları dəyişdi. Yerli kanalların birindən yenə həmin həzin mahnının səsi gəlirdi, klip saatı idi:

Bu son vida…bu son görüş

Kaş bu görüş olmayaydı,

Güllərimiz solmayaydı

Səni məndən, səni məndən almayaydı

Bu son görüş, bu son vida…

Günel kanalı dəyişdi, yox bu mahnını dinləməyəcəm deyib özünə söz verdi. Naharı hazır etmişdi. Bu gün həftənin cümə axşamı idi. Yadına düşdü ki, atası ilə söhbət edəndə atası ona demişdi ki, cümə axşamları ya halva çalmalı, ya da xörək bişirəndə bir çimdik duz atıb dünyadan köçənlərimizi yad etməlisən. Xörəyi hazır etdiyi üçün, gec idi artıq. Ona görə də halva bişirmək qərarına gəldi. Cavid dərsdən gəlmişdi, yeməyini yeyib bacısıyla oynayırdı. İlqar da yatmışdı. Günel Cavidlə Zəhranı da çarpayısına uzandırıb “yatın, səs salmayın İlqar oyanar” dedi. Özü isə mətbəxə keçdi. Tavanı çıxarıb sobanın üstünə qoydu. İçinə yağ atdı, az-az un töküb qovurdu. Bu vaxt telefon zəng çaldı. Tavanın altını söndürüb dəstəyi qaldırdı. Bacısı idi, Günel sonra zəng edərəm deyib mətbəxə qayıtdı. Telefon yenidən zəng çaldı, Günel tavanın altını söndürüb yenidən dəstəyi qaldırdı. Bu dəfə isə səhv düşmüşdülər. Yenidən mətbəxə qayıdıb tavanın altını yandırdı. Un qovrulmaq üzrə idi. Telefon yenidən zəng çaldı. Uşaqlar oyanar deyə Günel yenidən tavanın altını söndürüb dəstəyi qaldırdı. Kamilin yoldaşı Aytən idi. Salamsız kəlamsız:

– Günel, atan bərk xəstələnib tez gəl, yubanma, -dedi.

Günelin dünya gözündə qaraldı. Elə bil qanadları qopmuş kimi idi min kilometrlik ucalıqdan yerə çırpıldı. Aytən dəstəyi asdığı üçün heç nə soruşa bilmədi. Elə bu vaxt qapının zəngi çalındı. Zaur nahara gəlmişdi. Günelin rəngini ağappaq görüb:

– Nə olub, uşaqlar xəstələnməyib? Həmişə atangilə gedib gələndə uşaqları xəstələndirməlisən.

– Yox, uşaqlar yaxşıdır, Aytən zəng eləmişdi indicə. Deyir atam xəstələnib tez gəl. Zaur, bəlkə atama nəsə olub?

– Yox sən də, nə olacaq, dünən gedib gördün özün, atan xəstə idi bəyəm ?

– Xəstə deyildi, amma nə bilim…

– Yaxşı tez geyin sürücü qapıda gözləyir onsuz da, gedək görək nə olub.

Günel tələsik geyinib evdən çıxdı. Əsas magistral yol bağlı olduğu üçün şəhərin yollarında tıxac yaranmışdı. İnsanların əsəbləri sıradan çıxmışdı, hamı şikayətlənir hamı deyinir, gedəcəyi mənzilə gecikdikləri üçün gileylənirdilər. Ən narahat, ən gərgin isə Günel idi. Əlacı olsa maşının qapısını açıb uzun yolu qaçaraq gedərdi…

Vaqif səhər yuxudan durandan idi özünü narahat hiss edirdi. Səhər yeməyini yeyib həyətə çıxdı. Havada bir xeyli gəzişdi. Bağa qulluq edən bağbanlara məsləhətini verdi. Bağçanın kənarında qoyulmuş oturacaqda oturdu. Dincimi alım durub evə keçərəm – dedi. Mehriban səhər yeməyi yeyilmiş masanı yığışdırıb qabları yudu. Soyuducudan ət çıxardı. Özünə çay süzdü. Elə bu vaxt Vaqif mətbəxə keçdi:

– Ay Mehriban, mədəm məni yaman incidir, meyvə qabında alma yox idi, mənə bir alma soy ver. Mehriban almanı yuyub nimçəyə qoydu. Mətbəx masasına yaxınlaşdı. Vaqiflə üz-üzə oturub almanın qabığını soyaraq dilimlədi. Vaqif almadan bir dilim götürdü. Mehriban diqqətlə Vaqifə baxıb rənginin saraldığını gördü. Həmişəki adəti ilə zarafatyana onun könlünü almaq niyyəti ilə astadan zümzümə etdi:

Saralmısan, solmusan, yarım,

Bulud kimi dolmusan yarım…

– Oxu, oxu hələ oxuyan vaxtındı. Bir gün ölüb gedəndə görüm nə oxuyacaqsan?

– Niyə ölürsən, a kişi? Allah eləməsin. Ciddi ağrıların varsa uşaqlara zəng edim gəlsinlər həkimə aparsınlar səni.

– Yox, heç yerim ağrımır, bircə mədəm yanır. Sən Allah dünənki yeməyə tomat vurmamışdın?

– Qaşığın ucunda bir damcı atmışdım. Bilsən sənə belə ziyan edəcək heç onu da vurmazdım. Özüm bağlamışdım deyə, dedim mədəni ağrıtmaz. Eybi yox, bu gün pəhrizini gözlə keçib gedəcək.

Vaqif almanı yeyib yenidən həyətə çıxdı. Bir saata yaxın havada gəzdi. Həyətdə olanda bir az rahat olurdu, evə keçən kimi elə bil havası çatmırdı. Saatına baxdı, on ikiyə qalmışdı. Mədəsinin ağrısı hələ də keçməmişdi. Bağda işləyənlərə göstərişini verib pilləkəni astaca qalxdı. Qapını açıb içəri keçdi. Mehribanı səslədi. Mehriban yan otaqdan çıxıb:

– Burdayam, nə istəyirsən?, – dedi.

– Mənə nanə dəmlə, mədəmin ağrısı keçmək bilmir.

Mehriban nanə dəmlədi, Vaqifə verdi:

– Ay kişi, ağrıların güclüdürsə qoy uşaqlara zəng edim gəlib həkmə aparsınlar, tərsliyinə salma.

– Uşaqları işindən qoyma, qorxuzma sən Allah, mədəmdi də həmişəki kimi ağrıyıb kəsəcək. Axı əlini dinc qoysan belə olmazdım.

– Yaxşı, az danla məni. İstəyirsən keç otağında bir az uzan.

Vaqif otağna keçib uzandı. Mehriban saata baxdı. Namaz vaxtına az qalmışdı. Vanna otağına keçib dəstəmaz aldı. Namaz paltarını geyindi. Namaza başlamaq istəyirdi ki, fikirləşdi, qoy gedim bir Vaqifə baş çəkim, birdən nəyəsə ehtiyacı olar.

Otaqdan içəri girmişdi ki, Vaqif:

– İnsafın kəsilməsin harda qalmısan gəl çıx da, gözüm qapıda qalıb bayaqdan – dedi.

– Könlün mənimi istəyirdi, ay kişi? – Mehriban zarafatından qalmadı. Namaz vaxtıdır dəstəmaz alırdım. Elə qılmağa başlamaq istəyirdim dedim görüm neynirsən bir sənə baş çəkim.

– Ölürəm, ay Mehriban, haqqını halal elə. Sənə nə əziyyət vermişəm keç günahımdan.

– Bıyy, ay kişi ölürəm nədi, nə ölmək, niyə öləsən ki. Özünü yaxşı hiss etmirsən sən, bu saat uşaqlara zəng edəcəm.

– Yox, eləmə, – Vaqif əlini Mehribana tərəf uzatdı. Mehriban Vaqifin əlindən tutub çarpayının ayaq tərəfində oturdu. – Mən gedəsi oldum, ay arvad, uşaqları görə bilmədim halallaşım, onlardan muğayat ol. Vaqifin sözü elə burdaca bitdi. Boynu burulub yanına düşdü. Mehriban nə olduğunu hələ də dərk edə bilmirdi. Təsadüfən bu vaxt Kamilin yoldaşı Aytən qapını açıb içəri girdi. Dəhlizdən gəlinini görən Mehriban:

– Ay bala, ay Aytən, tez həkimə zəng elə atan yaxşı deyil. Aytən ev telefonu ilə təcili yardıma zəng edib, mobil telefonla Muradı yığdı.

– Atamın vəziyyəti yaxşı deyil, həkimə zəng etdim, tez gəlin siz də, – dedi.

Mehribanın əli heç yana çatmırdı:

– Ay bala, mən uşaqlara nə cavab verəcəm, tez ol bir atanın təzyiqini ölç, bəlkə təzyiqi qalxıb həkim gələnə qədər bir tədbir görək. Aytən telefonu əlindən qoyub, tez təzyiq aparatını götürdü. Qaynatasının qoluna bağlayıb aparatı işə saldı. Bir də…bir də…təkrar-təkrar yoxladı.

– Ay qızım, noldu bir təzyiqi ölçüb başa gətirə bilmədin?

– Ana, təzyiq sıfra enib, atamın ürəyi döyünmür, – deyib Aytən hönkürdü.

– Başıma daş düşdü, ay bala. Ay Vaqif, bu nə qəfil gediş idi belə. Ay Allah, mən uşaqlara nə cavab verəcəm. Sağ-salamat qoyub gediblər gəlib atalarını belə görüb necə dözəcəklər…

Maşın həyət qapısının ağzında saxladı. Günel yolboyu yaxşı şeylər düşünürdü ki, yaxşıyla da qarşılaşsın. Lakin həyət darvazasını taybatay açıq görəndə ürəyi şiddətlə döyündü. Görəsən niyə açıblar, bəlkə təcili yardım maşını lap içəri keçsin deyə ediblər? Həyətə keçdi, qardaşı Kamili həyətdə telefonla danışan gördü. Həyətdə bir neçə yad adam da var idi. Gözü hamının üzündə qalmışdı, amma kimsə dillənmirdi. Tələsik addımlarla evə qalxdı. Pilləkəndə Aytənlə qarşılaşdı:

– Atam necədi? Aytən, düzünü de atama bir şey olmayıb?, – Günelin səsi titrəyirdi.

Aytən bir kəlmə də deyə bilmədi, Günelin üzünə baxıb başını çevirdi. Günelin hövsələsi tükənmişdi. Özünü içəri atdı. Girən kimi birinci atasının otağına baxdı. Kimsə yox idi. Ürəyində fikirləşdi ki, yəqin atası xəstəxanadadır. Amma zal otaqdan anasının ağı səsi qulağına gələndə dizləri büküldü. Paltosunun düymələrini açdı. Yıxılmasın deyə əlini divardan tutub asta addımlarla zala tərəf getdi. Ürəyində Allaha yalvarırdı:

– Allah, bu olanlar yuxu olaydı, anam olmayaydı ağlayan. Allahım ağlıma gələni yaşatma mənə yalvarıram…

Aytən Günelin paltosunu tutub:

– Çıxart paltonu, Günel, keç içəri, özünü ələ al.

Günel hələ də heç nə anlamırdı. Necə yəni özünü ələ al, nələr baş verib, aman Allah.

Günel özünü toplayıb əlini qapıya uzatdı, anasının səsi bir az da yaxınlaşdı. Üzü qibləyə ortada bir meyid qoyulmuşdu. Günel ətrafda oturanlara baxdı, bacıları, anası, Aygün. Hamısı da ağlayırdı. Qapının açılmasına başını qaldırıb baxan Mehriban:

– Ay Vaqif, Günel buna dözməz, balana yazığın gəlsin ölümə təslim olma, dur, – deyib fəryad etdi.

Günel anasının dizinin dibində çökdü:

– Ana, qurban olum, ana yalvarıram, demə atan ölüb. Ana mənə bu xəbəri vermə, ana, de yalandır, de burda yatan atan deyil, qurban olum, ana, de bunu. Günel ağlayır, qışqırır, çevrilib üzüörtülü atasına baxır, nalə çəkirdi. Bu vaxt qapıdan girən yaşlı qadının:

– Ay Vaqif, gözüm kor olaydı, mən öləydim bu günü görməyədim, – deməsi ilə Günelin qışqırması, özünü ora bura çırpması bir oldu:

– Yox, mənim atam ölməyib, burda yatan mənim atam deyil, ağlamayın mənim atamı.

– Vaqifin bibisi sayılan qadın:

– Mehriban, onun üzünü açın, nə qədər yuyata getməyib qoy Günel görsün, yoxsa sonra havalı gəzəcək qız.

Mehriban astaca ağ örtüyü qaldırdı, atasının solmuş bənizini görən Günel dizlərini yerə qoyub özünü atasının üstünə atdı:

– Niyə, niyə öldün ata. Məni niyə yetim qoydun, ay ata. Günelin fəryadı evi başına götürmüşdü. Murad qapıdan içəri girdi, bacısının fəryadına qoşulub o da hönkürdü. Günel qardaşının içəri girdiyini görüb dizin-dizin ona tərəf süründü:

– Murad, yalvarıram sənə qoyma atam ölsün, sən çox şeyə qadirsən axı, qurban olum sənə, qaytar atamı mənə, qaytar, ölməsin, atam ölməsin mənim, atamı verin mənə…

O gün Vaqifin otağında saatın əqrəbi birdəfəlik dondu. Vaqifin ürəyinin dayandığı saatda, saatın əqrəbi də yerində saydı.  Atasının otağında saat donmuşdu, vaxt dayanmışdı, bu otaqda hamı üçün zaman eyni idi: birə on dəqiqə qalırdı. Hər dəfə atasının otağına keçib saata baxdıqca könlündən bu misralar keçirdi Günelin:

Əqrəbi getməyib yerində qalmış

Saat yasınımı saxlayır, ata?!

Günelə atasızlıq ölümdən betər oldu. Atasından sonra elə Günel də diriykən ölmüş kimi yaşadı. Zaurun ona yaşatdığı günlərin yanında ölüm şükürlü idi…

P.S: Bu gün atamı itirdiyim gündür, romandan bu hissəni xatırlatmağıma səbəb budur. Allah dünyasını dəyişən bütün valideynlərin yerin cənnət eləsin…

28/02/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Canimmm😔😔😔 Allah rehmet etsin.yeri cennetdir inwallah.ruhu wad olsun.bezi acilar varki bunu anlatmaga kelimeler bes etmir.. 😔😔

    Bəyən

  2. Allah atana rəhmət etsin, Seva. Oxuduqca mənə çox tanış gəldi, elə bildim hətta Güneldən təzə nələrsə yazacaqsan.

    Bəyən

  3. Ay canım bacım mən bu romanı ovuyanda həmin bu yerində cox ağlamışdım düzdü Günelin əziyyətli söz sohbətli günləri də məni ağladırdı amma əsas bu yeri elə bilirdim dünyanı qaraldır gözümdə Allah atana rəhmət eləsin bacı Düzdü atam həyatdadı min şükürlər olsun ki bu gün ayaq üstədi Düz bir il üç ay bundan öncə atam namaza duranda namazın qılandan sonra anama deyib ki nəsə sinəm yabır atam mədəsindən həmişə əaiyyət cəkib deyənə anam elə bilib ki mədəsidi sonra birdən başa düşüb ki yox infarkta oxşayır o üzdən deyib ki tərpənmə həkim çağıraq atamı halsız vəziyyətdə xəsdəxanaya çatdırıblar Həmin vaxtdarsa qardaşdarımla da elə gəlinlərlə danışmışam amma heç biri xəbəri mənə deməyi bacarmayıb hətda atamı da soruşmuşam deyiblər ki həyətdədi Zəng etdim ki atamla danışım anam dediki teli evdə qalıb uşaqla həyətdə gəzir heç iki dəqiqə keçməmiş anam təzədən zəng edib dediki qorma xəsdəxanadayıq ata bir az nasazdayıb Özümdə evdə tək onlarda bilirlər ki mən heç vaxt evdən tək çıxmaram ya uşaqlar ya da yoldaşımla gedərəm qardaşım yenidən zəng elədi ki gözdə gəlib səni gətirirəm amma onun gəlib məni aparması hardasa saat yarım çəkəcəkdi deyənə heç bilmədim ki evdən nə vaxt çıxıb taksiyə oturmuşam Atam reanimasiyada yanına da adam qoymurlar qardaşım bir xaiş minnətnən məni içəri keçirdə bildi Of qurban olum atama o mənim gedib gələn nəfəsimdi İnan ki Seva məni görən kimi birnci kəlməsi o oldu ki bəs kimiynən gədün ay bala Bilirki uşaq əsgərdi yoldaşım işdə yalannan dedim ki qaqaş gəldi gətirdi On iki gündən sonra atamı ürəyindən əməliyyat etdilər Min şükür bu günümə Bilmirəm Allaha da acıq getməsin amma atamı o vəziyyətdə görəndə bir anlıq özümü o qədər dəyərsiz hiss elədim ki Allahım onu mənə çox görməsin

    Bəyən

    • Allah valideynlərinə uzun ömür versin, Gülüm. Ölüm hamı üçün var, amma hamı üçün də gecindən versin. Nə qədər ki, doğmalarınız yaşayır, hər gününüzü dəyərləndirin, səsini belə olsa eşifdn, bunu mütləq edin…

      Bəyən

  4. Bir atanın bir üsyankar qızı vardı. Haqlı olsa belə çox deyinirdi, çox danlayırdı atasını ki, bu sənin səhhətinə ziyandır, o sənə olmaz və s. Bir yuxu görmüşdü, o yuxunun dalınca valideynlərini görməyə getdi. Hər şeyin qaydasında olduğunu görüb ürək rahatlığa qayıtdı. O qədər sakitləşmişdi ki ürəyi. Amma……. 5 gün sonra atasının vəfat xəbəri gəldi. Son istəyini yerinə yetirə bilmədi atasının.
    İnsanı bir dirək hesab edin, hansı ki dayaqları valideynləri, ailəsidir. Hər itki o dirəyi laxladır, yıxılmasa da.
    Oxuyub dərdə şərik çıxmaqla yaşayıb dərdə şərik çıxmaq çox fərqliymiş, Sevinc. Allah valideynlərə uzun ömür versin, dünyadan köçənlərin isə axirətini faydalı etsin.

    Bəyən

  5. Yadima dusdu……oxuyacam insallah……

    Bəyən

  6. Allah rehmet etsin.Cox tesirlendim…hetta agladimda ,men cox kovreyem .

    Bəyən

  7. Amin Sevincim cumlemizi.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: