Pəncərə arxasından həyat

image

Həmişəki kimi yenə evdə tək idi. Yox, o təklikdən sıxılmırdı. Başqaları üçün təklik üzüntü, darıxdırıcı olsa da ona görə təklik özü ilə tək qalıb özü ilə dərdləşmək demək idi. Son günlər bu təkliyə, özü ilə danışmağa yaman ehtiyacı vardı. Həkimlərin son diaqnozundan sonra qəti bir qərar verməli idi. Bu qərarı da ancaq beynindəki fikirlərilə qəlbindəki hissləri bir araya gəlib verə bilərdi. Müalicə alması üçün bu evdən qısa müddətə olsa getməliydi. Həkim də son tövsiyələrində bunu xüsusi vurğulamışdı. Ancaq yeni nişanlanmış, sərbəst həyata yeni atılan oğlu Mahir və orta məktəbin son sinfində oxuyan qızı Güləri necə buraxıb getsin? Çox qorxurdu. Onsuz da müalicəsini çox gecikdirmişdi. Bəlkə dərdi əlacsızdır, həkim onu boşuna təsəlli edir? Gedərsə, müalicəsi onu tam sağaltmaq əvəzinə sadəcə ömrünü bir az uzadacaqdı? O bir az zamanı da evindən uzaqda, yataqda keçirmək istəmirdi..

Sürəyyanı fikirdən qapının zəngi ayırdı. Qapının bərk-bərk, aramsız döyülüşündən gələnin əri olduğunu təxmin etdi. Gün ərzində qapının bir neçə dəfə bu cür vurulmasına baxmayaraq o hər dəfəsində diksinirdi. ”Zalım oğlu, elə bil, ardınca qovan var. Gəlirəm də, nolub?” Amma gələn əri deyil, oğlu idi. Üz-gözündən təlaşlı görünürdü. Mahir bir söz demədən otağa keçib əynini dəyişmədən stul çəkib əyləşdi. O qədər həyəcanlı idi ki, ayaqqabısını belə soyunmadı. Oğlunu ilk dəfə idi belə fikirli və bir az da çarəsiz görürdü.

-Nə olub, Mahir. Niyə bu vəziyyətdəsən?

-Heç nə, ana. Heç nə soruşma, xahiş edirəm…

-Yaxşı, otur, bir az özünə gəl. İstəsən danışarsan…-deyib mətbəxə keçdi. Oğlunu tanıyırdı, bilirdi ki, üstünə çox getsə ondan ümumiyyətlə heç bir söz ala bilməyəcək. Ona görə ona bir az vaxt vermək üçün tək buraxdı..

Yazın çoxdan gəlməsinə baxmayaraq havalar hələ soyuq, yağmurlu idi. Bir az əvvəl Mahiri nişanlısı ilə yola salanda da tapşırmışdı ki, tez qayıtsınlar, havaya etibar yoxdur. Gəlini Sevdanın qohumları qonaq çağırmışdı onları. Razı idi gəlnindən. Öz gəncliyini xatırladırdı Sürəyyaya. Sakit təbiətli, şirindil, çox mehriban qız idi. Qohumlar-qonşular hər görəndə bəxtəvərlik verirdilər belə gəlini olduğu üçün..Elə Mahir də pis uşaq deyildi. Çox saf, təmiz qəlbi var idi..Sürəyyanı fikirdən Mahirin telefonda bərkdən, az qala qışqıraraq dediyi sözlər ayırdı:

-Bəsdir, səni eşitmək istəmirəm. Ağlayaraq da məni yumşaldacağını sanma. Bitdi! Qurtardı hər şey. Səni sevirəm. Amma bunu sənə bağışlamayacam. Daha nişanlım deyilsən. Eşidirsəənnn?

Mətbəxə oğluna isti bir şeylər hazırlamaqda olan Sürəyyanın qolu-qanadı qırıldı sanki bu sözlərlə. Yaxınlıqdakı stul olmasaydı yerə çökəcəkdi az qala. Əlləri ilə başını tutub dərin xəyala daldı. Axı niyə onun əzabla, üzərində əsərək böyütdüyü, bütün pisliklərdən, atasından belə qorumağa çalışdığı sevimli oğlu böyüyüncə eynən atasının yolla getməliydi. Zahirən atasının bənzəri olsa da xaraktercə də ona bənzəməməsi üçün əlindən gələni etmişdi Sürəyya. Ona illərlə zülm edən ərinə, 25 il “uşaqlarımın atasıdır” deyib dözdüyü insana, Zakirə indi o qədər nifrət edirdi ki…Özü üçün yox, Mahiri də özünə oxşatmağı bacardığı üçün…
Onsuz da xəstəliyinin dəqiq diaqnozunu biləndən bəri keçmişi, bu evdə yaşadığı əzablı illərini xatırlamadığı gün yox idi.Bu amansız xəstəliyin insanın həyat tərzi ilə bağlılığı hamıya məlumdur. Onu xəstə edən, gəncliyini, sağlamlığını, xoşbəxtliyini əlindən alan əri özü istəməsə belə indi də övladlarının bədbəxtliyinə səbəb olub. Qızı Gülərın əsəbləri artıq pozulmaq üzrə idi. Tez-tez ata-qız arasında baş verən mübahisələr onu da çox incidirdi. Nə qədər nifrət etsə də uşaqlarının, qızının ata üzünə ağ olmasına şahid olmaq istəmirdi…İndi də Mahir…Yəqin ki Sevda ilə arası dəyib. Səbəbi bilməsə belə gəlininə özü qədər inanır. Əmindir ki, Mahir də atası kimi yersiz qısqanclığı üzündən dəliyə dönüb. Bir dəfə də belə olmuşdu. Mahir o zaman hələ elçi göndərməmişdi. Sevdaya bir neçə dəfə zəng edib telefonunu məşğul görüncə özünə yer tapa bilmirdi. Beyninə gələn qara fikirlərdən qızgilin evinə belə getməyə çəkinməmişdi. Sevdanın valideynləri o zaman Mahiri heç tanımırdılar da. Qapını açan Sevdanı görüncə ürəyi “yerinə gəlmiş”, geri qayıtmışdı. Bir həftə sonra isə elçilərini göndərdi. Qısa müddətə də nişan oldu. Oğlunun öz sevdiyi biri ilə nişanlanması Sürəyyanın da ürəyincə idi. Həm də Sevda yad deyildi. Dörd il bir qrupda oxumuşdu Mahirlə. Adını evdə tez-tez eşidərdi. Gülər də tanıyırdı onu. Onun adı illərdi bu evdə dildən düşmürdü…Həyatda əzab çəkən, çox sınaqlardan çıxan biri kimi insan tanımağı bacarırdı. Bilirdi qızda günah yoxdur. Yenə dəli oğlu nə edib Allah bilir. Atası kimi cinləri tutub yenə…Atası kimi…Eh…
…Çox erkən yaşlarında sevgi dənizinin dalğaları onu sahilsiz qoynuna aldı. Hələ indiyədək bir kəsi sevməmişdi, amma sevəni çox olmuşdu.Kimsəyə ürək qızdırmamış, bəlkə də “sevgi ərköyünlüyü” yaşamışdı. Bəlkə də ideal sevgili arzulamışdı…Lakin bir gün təslim oldu sevgiyə, ürəyinin hökmü ağlına üstün gəldi. Qarşısında olan çətin maneələr belə bu sevgini odunu söndürə bilmədi.Kor gözü olarmış sevginin, o kor gözlə sevdi, görmədi bir addım öncəni..Xoşbəxt olmayacağını bəlkə də hiss edirdi, amma içindəki inama aldanıb hər şeyə göz yumdu. Elə bilirdi şirin dili, mülayim xasiyyəti ilə hamı ilə dil tapacaq bu dünyada. Amma…Sən saydığını say..

Gözü o qədər tutulmuşdu ki, evdəkilərin belə məsləhətinə məhəl qoymadı. Hər şeyi-ailəsin, işini, bütün çevrəsini buraxıb onunla getdi. Geridə əzizlərinin göz yaşlarını, onu sevənlərinin ahını, valideynlərinin bəlkə də lənətini buraxaraq…Əvvəllər lənətə heç inanmazdı. Nə lənətə, nə sevənlərin ahına…İndi hər şeyə inanır…Günahının cəzasını artıqlaması ilə ödətdi həyat ona…Ağla gəlməyən işgəncələr yaşadı bu evdə-məhrumiyyətlər, qadağalar, xəyanətlər, təhqirlər…
…Axı Zakiri nə fərqləndirirdi ki, başqalarından? Hər şeydə onlardan üstün deyil, bəlkə əksiyi ola bilərdi. Amma onu seçdi. Niyə, niyə???Onu bu qədər çox sevirdimi? Yox, bu sevgi deyildi. Bunu elə ilk gün, toy gecəsi anladı. Onu Zakirə yaxınlaşdıran, Zakiri də ona bağlayan sadəcə kor sevgi imiş. Özünü Məcnun kimi göstərən, ehtirasdan gözü kor olan Zakirin istəyi arzusuna çatınca da söndü…O söndü, alovlanıb illərlə yanmaq isə Sürəyyanın payına düşdü…Yandı, sevdiyi üçün yox. Onu illərlə əzizləyib böyüdən, gözünün nuru, əlinin qabarı ilə boya-başa çatdıran valideynlərinin ondan artıq imtina etməsi idi onu yandıran…Atasının ölüm döşəyində qardaşına vəsiyyətində “Sürəyyadan muğayat ol, nə zaman evimizə dönmək istəsə qəbul edin. Gözünüz üstünüzdə olsun” deməsi idi onun külünü göyə sovuran…Bax, əsl sevgi bu deyilmiydi? Sənə qarşı çıxsa da onu kəsib ata bilmirsən. Övladındır, canından bir candır o…Valideyn sevgisindən dərin sevgi ola bilməz…İndi özü anadır. Sevgisinin nifrətə döndüyü insandan iki övlad dünyaya gətirib. Atasına oxşasa belə, onun addımı ilə getsə də nədənsə oğlunu daha çox sevirdi Sürəyya…İndi oğluna daha çox lazımdır. Nə qədər gec deyil, atası kimi olmaqdan qorumalıdır onu. Amma necə?
Bu illərdə yalnız balalarını itirməmək, onlardan ayrılmamaq üçün dörd divara belə məhkum olmaqda qorxmadı, qəbul etdi bu həyatı…İndi onun üçün hər şey pəncərə arxasından seyr edilir…Bəzən küçədən keçən bir qadını görəndə “Sən nə qədər xoşbəxtsən, sən azadsan. İstədiyin yerə gedə bilirsən. Azadlıqdan qiymətli nə var bu həyatda?” deyir. Hamı üçün həyat öz axarı ilə davam edir. Bir tək onun üçün həyat pəncərə arxasından seyrə çevrilib. Nə qədər sürəcək, nə qədər tab gətirəcək buna özü də bilmir. Yalan ümidlərlə özünü ovutdu bu uzun illərdə. Yenə də ümid edir. Bu dəfə daha çox inanır arzularına qovuşacağına…İnanır ki, gün gələcək o da qızı Güləri ilə əl-ələ gəzə biləcək. Ona öz əli ilə hədiyyələr alacaq. Cehizliyini hazırlayacaq. Doğulandan bəri edə bilmədiklərini edəcək onun üçün. Parka aparacaq, gülməli də olsa bunu edəcək. Axı körpəliyində etməyib, etməyə icazə verməyiblər ona. Sahilə gedəcəklər ana-qız…Ticarət mərkəzlərində qızına geyim seçən ana görəndə qızı daha ah çəkərək deməyəcək: “Kaş mənim anam da indi yanımda olaydı…” Bütün bunlar olacaq, ya yox bilmir,hələ ki sadəcə pəncərə arxasından həyata ümidlə baxır…

P.S: Çox şükürlər olsun ki, Sürəyya oğluna düzgün yolu başa sala bildi. Atasının səhvləri üzərində doğru həyatı göstərdi oğluna. Nə yaxşı ki, oğlu atasının səhvlərini təkrarlamadan gözəl ailə başçısı oldu. Atasından “miras” qalan pislikləri isə unutdu…

Müəllif: Yazar Gülşən Xanım

24/02/2016 tarixində Hekayələr içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Təəssüf ki, belə qadınlarımız var. Mən də qadının o küçə sənin, bu küçə mənim gəzəcək qədər sərbəstliyinin tərəfdarı deyiləm, amma belə “həbsxanada” saxlanmasına qarşıyam. Həm də bu inamsızlıqdan doğursa, qadına mənəvi cəhətdən daha çox təsir edir.
    Mən də tam belə olmasa da, belə bir yoldaşına zülüm edən ata tanıyram, onun heç bir oğlu Allaha həmd olsun ona oxşamadı. Yəni heç həmişə oğullar atalarına bənzəməzlər 🙂
    Maraqlı bir yazının müəllifinə də, bizimlə paylaşan Sevincə də təşəkkürümü bildirirəm.

    Bəyən

  2. Gülşən, əzizim, mən də sənə təşəkkür edirəm. Sənin yazılarınln hər birində dərin məna, nəsihət var. İnşAllah yeni yazılarını da görmək qismət olar. Yazını oxumuşdum, bir daha maraqla oxudum😘🌹💐🌷
    Sənə də təşəkkür edirəm, mələyim, diqqətin üçün😘💖🌹💐🌷

    Bəyən

  3. Yəni bu qədər huşsuz olmuşam??????????????? Nə pis oldu 😦

    Bəyən

  4. Təşəkkürlər Gülşən xanıma Maraqlı hekayədı Heç sevmirəm qısqanc insaları Fərqi yoxdu qadın ya kişi qısqanclıqda əndazədən cıxmamalıdı Deyəsən Günel xanım demişdi müsahibəsində ki Hər şeyin ifratı bədbəxtliy gətirir həqiqətən də belədir

    Bəyən

  5. Cox maraqli idi em de uzucu.ureyim dozmur bele yazilara.ama hemiwe israrla oxuyaram.bir eser oxuyarken ozumu orda hissedib onun acilarini yawayaram tesevvurumde…Gulwen xanim cox sagolun gozel yazmisiniz hem de ibretamizdi.o qeder bele insanlar varki qadin azadligini mehbus eden..kaw oxuyub qadinin ne cekdiyini anlayalar ozlerine ders cixaralar. Sevuncim bi bi bitanem sene de tewekkurumu bildirirem.eziyyet cekib yorulub gozel yazilari bizimle paylawirsan ureyim.herzaman var ol ureyim.yox ureyimin dibiii

    Bəyən

    • Biiiitanem, sənə də təşəkkürlər, o gözəl gözlərinə əziyyət verib oxuyursan. 😘💐🌹😘💖💐💖🌹💖🌹
      Gülşən xanımın yazılarının hamısı maraqlı və ibrətamizdur. Zamanla hamısını paylaşacam inşAllah…

      Bəyən

  6. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...