Uşaq ensiklopediyası (XX)

image

Buğda

Əlbəttə, insanların əsas qidası olan çörəyin buğdadan hazırlanmasını izah etməyə ehtiyac yoxdur. Yer kürəsində dənli bitkilər üçün ayrılmış əkin sahələrinin təxminən yarısında buğda əkilir. Buğda hər yerdə əkilir. Lakin Afrika və ya Avstraliyanın qızmar günəşi altında bitən buğda bizim buğdamızdan fərqlənir. Məsələn, bizdə buğda qızılı rəngdədir. Efiopiyada isə buğdanın dənələri bənövşəyi rəngdə olur, elə bil ki, bunları günəş yandırmışdır. Yaşılımtıl və qırmızımtıl dənli buğdalar, müxtəlif rəngə çalan sünbüllər də var. Buğda bitkilərin ən qədimlərindən biridir. Buğdanın ən qədim növü çox qulluq tələb etməyən pərincdir. Pərinc yaxşı bişir, lakin onu üyütmək çətindir. 

Azərbaycanda da çox qədim zamanlardan buğda əkilir. Azərbaycanda “Arandəni”, “Şərq”, “Sevinc”, “Cəfəri”, “Azərbaycan-1”, “Ağbuğda” növləri yetişdirilmişdir.

Buzlaq

 

Buzlaqlar buzun uzun illər ərzində toplanması sayəsində yaranır. Bu, o yerlərdə baş verir ki, bütün qış boyu yağan qar yay vaxtı əriməyə macal tapmır. Odur ki, buzlaqlar, əsasən, uca dağların zirvəsində, Arktika adalarında və Antarktidada müşahidə edilir. 
   Yayda havanın temperaturu sıfırdan yuxarı qalxdıqda buzlağın səthindəki qar əriyərək, ayrı-ayrı buz dənələri (firnlər) əmələ gətirir. Bu dənələr bir-birinə möhkəm birləşmiş olsa da, bu hələ tam buz deyil; bir neçə yay lazımdır ki, firndə donmuş su onu buza çevirsin. Dağ buzlaqlarının qalınlığı 100 metr, Antarktidada və Qrenlandiyada isə 3-4 km olur.
Bütün buzlaqlar hərəkət edir. Bu, buzun xüsusiyyətidir: buz layı çox qalın olduqda, buz öz ağırlığının təsiri ilə yavaş-yavaç “axmağa” başlayır.
Qafqaz dağlarında bir neçə buzlaq ildə 100 metrə qədər hərəkət edir. Bəzən hərəkət edən buzlaq öz yolunda daş maneələrə rast gəlir və parçalanır. Bu zaman buz uçqunları – buzlaqların ən təhlükəli və çətin keçilən yerləri yaranır.
Buzlaqlar ən yaxşı şirin su mənbəyidir. Dağ çaylarının əksəriyyəti buzlaqlardan qidalanır. Buzlaqlarda əriyən qar bir çox hallarda çayların başlanğıcını təşkil edir. Dağ çaylarının əksəriyyəti buzlaqlardan qidalanaraq, bir çox quru iqlimli ölkələrin torpağına bərəkət gətirir.

 

Buzlaq dövrü

 

Uzaq keçmişlərdə, bir neçə milyon il bundan əvvəl, indiki Sankt- Peterburq, Moskva, Kiyev şəhərlərinin yerləşdiyi ərazilərdə həmişəyaşıl enliyarpaqlı sıx meşələr olmuşdur. Bu meşələrdə vəhşi heyvan sürüləri gəzər, çay və göllərin sahillərində isə saysız-hesabsız quş dəstələrinin səsi kəsilməzdi.

O vaxtlar iqlim isti və sabit idi. Sərt qış və qızmar yay olmurdu. Lakin tədricən havalar soyumağa, qışda yağış əvəzinə qar yağmağa başladı. Bir çox istisevən heyvan və bitki soyuğa davam gətirməyib məhv oldu. Soyuqlar getdikcə daha uzun müddət davam edirdi. Şimal rayonlarında qışda yağan qar yaz və qısa yay ərzində tamamilə ərimir, yüz illərlə yığılıb qalırdı. Beləliklə, qalın buz layı əmələ gəlirdi.

Buz qatının qalınlığı getdikcə artaraq, bir neçə kilometrə çatırdı. Qalın buzun isə sürüşmə xassəsi var. Qədim buzlaqların nəhəng dilləri müxtəlif istiqamətlərə uzanır, cənuba doğru hərəkət edirdi. Buzlaqlardan soyuq küləklər əsirdi. Onların kənarlarında, məhv olmuş meşələrin yerində əmələ gəlmiş tundra çöllərində mamontlar, tüklü kərgədanlar, şimal maralları, atlar, bizonlar, şimal tülküsü, qütb kəklikləri və başqa heyvanlar yaşayırdı.

Beləliklə, 10 min il əvvəl Avropada, Asiyanın şimalında, Şimali Amerikada buzlaq dövrü başladı.

Bir neçə min ildən sonra iqlim istiləşməyə başladı. Buzlaqlar əriyir, ərimiş buzlaqların yerində daşlar və qum təpələri qalırdı. Üzərində buzlaqlar, daşlar hərəkət etdiyi üçün hamarlaşmış bu təpələrə və yumru qayalıqlara indi də ölkəmizin bir sıra rayonlarında rast gəlmək olar. Hazırda onun izləri Murovdağ, Zəngəzur silsilələri və Qarabağ vulkanik yaylasında qalmışdır.

 

Buratino

 

Buratinonu hamı tanıyır. Bu şən, uzunburun, balaca oğlanı qoca Karlo adi ağac parçasından yonub düzəltmişdir. Bu belə olmuşdur: Karlo ata ağac parçasından əvvəlcə saçları, sonra alını yondu və gözləri oydu. Bu vaxt birdən gözlər öz-özünə açıldı və Karlonun üzünə zilləndi.

Karlo qorxu və təəccübünü gizlədib nəvazişlə soruşdu:

– Ay taxta gözlər, mənə niyə belə baxırsınız?

Kukla cavab vermədi. Axı onun hələ ağzı yox idi. Karlo kuklanın yanaqlarını, sonra burnunu düzəltdi. Bu adicə bir burun idi. Amma birdən burun uzunmağa başladı. Uzandı, uzandı və çox uzun, ucu sivri bir burun oldu. Karlo başını yırğalayıb: yox, çox uzundur, belə yaxşı deyil, – dedi. O bıçağı götürüb burunun ucunu kəsmək istədi. Lakin burun o qədər o yan, bu yana dartındı ki, onu kəsmək heç cür mümkün olmadı. Karlo bərk acıqlandı:

– Bura bax, mən səni hələ düzəldib qurtarmamışam, sən isə indidən dəcəllik edirsən. Bunun axırı necə olacaq? Hə?..

Uşaqlar, əlbəttə siz çox gözəl başa düşürsünüz ki, həyatda belə şeylər olmur. Bu bir zarafatdır, uydurmadır, sadəcə olaraq, nağıldır.

Bu nağılı əsl söz ustası, yazıçı Aleksey Nikolayeviç Tolstoy yazmışdır.

Aleksey Nikolayeviç əvvəlcə italyan yazıçısı Karlo Kollodinin məşhur “Pinokkionun macəraları” nağılını rus dilinə çevirmək istəyirdi. “Qızıl açar” nağılının ilk fəsilləri də elə “Pinokkio” da olduğu kimidir. Lakin sonra müəllif heç özü də bilmədi, necə oldu ki, Buratinə Pinokkiodan fərqləndi. Bu balaca taxta oğlan özbaşınalıq etməyə başladı. Karabas Barabasın özü ilə döyüşə atıldı. Buratinonun başına yeni-yeni macəralar gəldi. Bu macəraların heç biri italyan nağılında yox idi.

Əlbəttə, A.N. Tolstoy istəsəydi bu dəcəl Buratinonu öz yerində oturda bilərdi. Bunun üçün o, gərək sadəcə olaraq, italyan nağılını tərcümə etməklə kifayətlənəydi. Lakin çox maraqlı  “Qızıl açar” nağılı yarandı.

04/02/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Buğda, buzlaq və buzlaq dövrü haqqında məlumatlı olsam da, Buratino haqqında heç nə bilmirdim, nə oxumuşam, nə də baxmışam, amma məni çox maraqlandırdı, uşaqlarla baxaram inşəAllah. Lap uşaq olmaq istədim 🙂
    Təşəkkürlər Sevincə 🙂

    Bəyən

  2. Mənim uşaqlıq dövrümün ən sevimli filmlərindən idi “Buratinonun macəraları”. Hər tətildə verərdilər.
    Sənə də təşəkkür, mələyim😘😘🌹💐😍

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: