İstiqlal mücadiləmizin parlaq siması – M.Ə.Rəsulzadə

image

“Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi- müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: biz. Ərəbistanı göstəriyorlardı”.
Bu sözlər Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkir və əvəzolunmaz şəxsiyyət olan Məhəmməd Əmin Rəsulzadəyə aiddir.
1884-cü ilin soyuq yanvar ayının 31-i idi. Bakının Novxanı kəndində Azərbaycan üçün tarix yazacaq bir körpə dünyaya göz açdı. “Rus-müsəlman” məktəbində təhsil alan Məhəmməd Əmin Rəsulzadə Bakı texniki məktəbində elə rus dilində də təhsilini davam etdirdi. Gənc yaşlarından inqilabi fəaliyyətə başlayan M.Ə.Rəsulzadə 17 yaşında ikən rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan “Müsəlman gənclik təşkilatı” nı yaratdı.
Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan- Azərbaycan Demaokratik Respublikası- deyilərkən ilk ağıla gələn Məhəmməd Əmin Rəsulzadə olur. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini qeyd etmişdir.
Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığını da davam etdirən M.Ə.Rəsulzadənin “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur. M.Ə.Rəsulzadənin Əli bəy Hüsenzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi.
M.Ə.Rəsulzadə Türkiyədə olarkən “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil – ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurd” (1929-1930)jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində”Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə “Azərbaycanın kültür kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
1955-ci il mart ayının 6-da gecə saat on birə on dəqiqə qalmış Məhəmməd Əmin Rəsulzadə dünyaya gözlərini əbədi bağladı… Ölərkən də dilində “Azərbaycan, Azərbaycan, Azərbaycan!” kəlməsi bitən bu dahinin vəfatı bütün türk dünyası üçün ağır bir itki oldu.
Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdır.
Bundan əlavə ulu öndərimiz Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdır.
Bu gün “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir.

31/01/2016 tarixində Tariximiz içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. M.Ə.Rəsulzadə müstəqillik ideallarının gerçəkləşməsində rolu olan ən parlaq simalardan biridir. Bu gün bu dahi şəxsiyyətin doğum günüdür. Biz unudulmayacaq şəxsiyyətlər var ki, onları hər gün yad etməyi, onların dövlətimiz, xalqımız yolunda çəkdikləri əziyyətləri gələcək nəslə ötürməyi özqmüzə borc bilməliyik.
    Ruhun şad olsun, dahi şəxsiyyət…

    Bu gün doğum günü olan hər kəsi ürəkdən təbrik edirəm…

    tərəfindən bəyənildi 1 şəxs

  2. Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biridir M.Ə. Rəsulzadə. Heyif ki, xalqı üçün etdikləri vaxtında layiqincə qiymətləndirilməyib. Allah rəhmət eləsin, ruhu şad olsun. Ruhun şad olsun ki, arzuladığın müstəqilliyi əldə etmiş, üçrəngli bayrağımızı yüksəltmişik. Bu yolda canından keçən Vətən oğullarına da Allah rəhmət eləsin.

    tərəfindən bəyənildi 1 şəxs

  3. 1955-ci il mart ayının 6-da gecə saat on birə on dəqiqə qalmış Məhəmməd Əmin Rəsulzadə dünyaya gözlərini əbədi bağladı… Və Ankarada bir qərib olaraq dəfn edildi. Mənə maraqlıdır, görəsən müstəqillikdən sonrakı prezidentlərimiz onun nəşini gətirməyə cəhd etdilərmi? Yoxsa orda qalmasını məsləhət bildilər.
    Nəsə… Azərbaycan var olduqca Rəsulzadə adı yaşayacaq inşəAllah.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Mehemmed Emin Resulzade,heqiqeten de Azerbaycan uchun elinden gelen emeyi, qayeni serf etmishdir. Esl mucahid olmushdur. Bir tarixchi olaraq,bu shexsiyyetle qurur duyuram. Meyus oluram ki, onun serf etdiyi emek laziminca qiymetlendirilmedi, eksine ort-basdir olunmaga, unudulmaga chalishildi. Amma muveffeq ola bilmediler. Ne yaxshi ki, telekommunikasiyada guclu olmasa da, internet mekaninda, elexsus da “sosial shebeke”de Resulsade severler, onun emeyini deyerlendirenler choxdur. M.E.Resulzade ve onun silahdashlari Azerbaycanda “renessans ” dovru bashlatdilar, deyerdim.
    Teshekkurler, Sevincimiz ☺

    tərəfindən bəyənildi 1 şəxs

  5. Bu gün Rəsulzadəni unutmayanlar varsa, deməli, dünyadan ədalət gözləməyə dəyər…
    Əzizlərim, şərhiniz üçün sağ olun😘😘

    tərəfindən bəyənildi 1 şəxs

  6. Dünən yazını oxudum amma şərh yazmaq isdəyəndə işıqlarımız söndü Bu dahi şəhsiyyətin dəyərini bilməmək belə günahdır Onun haqqında ara sıra oxumuşdum Seva sağ ol ki bu günkü gündə yaddaşımızı bir daha təzələdin

    tərəfindən bəyənildi 1 şəxs

  7. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Dahi şəxsiyyət Məməd Əmin Rəsulzadənin doğum günüdür

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: