Uşaq ensiklopediyası (XVIII)

image

Boks

Boksçunun zərbəsi neçə kiloqrama bərabərdir? Bunu dəqiq müəyyənləşdirmək olar. Boksçu xüsusi cihazın dəri örtüyünə zərbə endirir. Bu vaxt yay sıxılır, cihazın əqrəbi isə yayı sıxan qüvvəni göstərir. 
Boksla məşğul olmayan adamın zərbəsinin ağırlığı 60-80 kiloqramdır. İki idmançı arasında xüsusi qəbul edilmiş qaydalar üzrə keçirilən bu idman yarışını qədim dövrlərdə Şərq ölkələrində, sonralar Qədim Yunanıstanda təsadüf olunmuşdur. Lakin qədimdə idmançılar əlcəksiz vuruşurdular. 1867-ci ildə İngiltərədə əlcəklə boks yarışları keçirmək qaydaları təsdiq edildi. 
Boks yarışları rinqdə hərəsi 3 dəqiqə olmaqla 3 raundda keçirilir. Döyüşdən qabaq boksçular biləklərini xüsusi tənziflə möhkəm sarıyır, əllərinə içi tüklə doldurulmuş əlcək geyinirlər. Əlcəklərin ağırlığı 250-300 qramdır. Yarışlarda yalnız eyni çəki dərəcəsindən olan boksçular görüşürlər. Ən yüngül çəki dərəcəsindən (48 kiloqrama qədər), ağır çəki dərəcəsinə (81 kiloqramdan yuxarı) kimi 11 dərəcə mövcuddur. Beldən aşağı, peysərə və kürəyə zərbə vurmaq qadağandır. Döyüş ərzində rəqiminə daha çox zərbə endirən boksçu qalib hesab olunur. Bəzən boksçu nakautla qələbə qazanır. Yəni onun vurduğu zərbədən rəqib yıxılır və daha döyüşü davam etdirə bilmir.

 

Bolqarıstan
(Bolqarıstan Xalq Respublikası, BXR)


Bolqarıstan Respublikası — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.
Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Makedoniya Respublikası, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.
Əfsanəyə görə, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar “auksionda” iştirak ediblər. Bolqarlar isə bu vaxt torpaqda “eşələnirmişlər”, – axşamacan zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indi Bolqarıstan adlanan ərazini hədiyyə edib.
Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.
Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.
Birinci dünya müharibəsində Almaniya imperiyası tərəfində döyüşən Bolqarıstanın vəziyyəti müharibədəki məğlubiyyətdən sonra daha da pisləşdi. 1919-cu ilin əvvəli üçün ölkədəki 300 iri sənaye müəssisəsindən ancaq 74-ü işləyirdi. 1919-cu ilin avqustunda və 1920-ci ilin martında keçirilən seçkilərdə Bolqarıstan Xalq Əkinçilik İttifaqı (BXƏİ) və Bolqarıstan Kommunist partiyası (tesnyaklar) qələbə qazandılar. BXƏİ lideri A.Stanboliyskinin başçılığı ilə hökümət təşkil olundu. Hökümət bir sıra demokratik islahatlar keçirdi. 1922-ci ildə Bolqarıstanda Xalq Anlaşması və Hərbi cəmiyyət kimi faşist təşkilatları meydana gəldi. Onlar 1923-cü ilin iyununda dövlət çevrilişi edərək Stanboliyski hökümətini devirdilər. Onun özü faşistlər tərəfindən vəhşicəsinə öldürüldü. Ölkədə faşist diktaturası yaradıldı. 1931-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə müxalifətdə olan burjua partiyalarının təşkil etdiyi Xalq bloku qələbə qazandı. Malinovun başçılığı ilə onların nümayəndələrindən ibarət koalisyon hökümət yaradıldı. Hökümətdə əsas rolu vaxtilə faşist çevrilişində iştirak etmiş Demokratik partiya oynayırdı. 1932-ci ildə faşist tipli yeni Nasional-Sosialist Hərəkat partiyası və Zveno təşkilatları meydana gəldi. 1934-cü ilin mayında K.Georgiyevin Zveno qrupu tərəfindən dövlət çevrilişi edildi. 1935-ci ildə təşkil olunmuş yeni dövlət çevrilişi nəticəsində İtaliya kralının qızı ilə evlənmiş çar Boris hakimiyyətə gəldi. Beləliklə, Bolqarıstanda mlaonarxist faşist diktaturası bərqərar oldu. Faşist Almaniyasının və İtaliyanın köməyi ilə ölkədə sürətli silahlanma başlandı. İkinci dünya müharibəsindən sonra, Bolqarıstan demək olar ki, yarım əsr Sovet İttifaqının əlaltısına çevrildi. Ölkənin 2004-cü il mart ayında NATO-ya daxil olması Qərb dünyasına inteqrasiya yolunda Bolqarıstanın ən böyük uğuru oldu.
Kommunizmin dağılmasından sonra Bolqarıstanın demokratiya və bazar iqtisadiyyatına keçidi asan olmadı. 90-cı illərin birinci yarısında siyasi qeyri-stabillik və tətillər davam etdi. Öz partiyalarının adını sosialist kimi dəyişdirən kommunistlər yenə də böyük təsirə malik idilər. 90-cı illərin ikinci yarısında isə ölkədə daha çox stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub. 2001-2005-ci illər arasında baş nazir vəzifəsini keçmiş çar II Simeon tutanda, ölkə iqtisadiyyatını Avropa Birliyi meyarlarına uyğunlaşdırmaq məqsədilə aktiv bazar islahatları keçirdi. Nəticədə, Bolqarıstan inflyasiyanın və həmin vaxta qədər 20 faizə çatan işsizliyin azalması ilə iqtisadi inkişafa nail oldu. Buna baxmayaraq, əhalinin həyat səviyyəsi və gəliri hələ də aşağı olaraq qalır. 2004-cü ildə Bolqarıstan Avropa Birliyinə (AB) namizədlər arasına düşmədi. Amma artıq 2005-ci ilin aprel ayında ölkə birliyə daxil olmaq barədə müqavilə imzaladı və 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi.

 

Bor Nils Henrik David
(1885-1962)

 

1943-cü ilin qaranlıq payız gecələrindən birində Danimarka sahillərindən gizli surətdə kiçik bir gəmi aralandı. O, Eresunn boğazından sağ-salamat keçib, İsveçə çatdı. Hitlerçilərin təqibindən qaçan iki nəfər sahilə çıxdı. 
Bir neçə saatdan sonra qaçqınları bombardmançı təyyarələrdə ABŞ-a yola saldılar. Təyyarədə yer yox idi. Ona görə də əvvəlcə onların birini, yaşca daha böyüyünü, təyyarənin bomba qoyulan bölməsinə yerləşdirdilər.
Bu naməlum adam kim idi? Nə üçün müharibənin belə qızğın bir vaxtında bu qədər qüvvə, vaxt və vəsait sərf edib, onu Danimarkadan ABŞ-a göndərmək lazım gəlmişdi?
Bu, 20-ci əsrin böyük alimi, fizik Nils Bor idi. Faşistlər onu axtarırdılar, çünki onun köməyi ilə dəhşətli atom silahı yaratmağa ümid edirdilər.
Özünün əlli illik fəaliyyəti dövründə Nils Bor maddənin quruluşunun bir neçə sirlərini öyrənməyə nail olmuşdu. Atomun modelini ilk dəfə o vermiş, atomun quruluşunu izah etmişdi. Bu elmi işinə görə o, Nobel mükafatına layiq görülmüşdü. Dünyanın bütün fizikləri onunla hesablaşırdılar. Borun laboratoriyasına düşmək gənclərin ən böyük arzusu idi. Borun özü gənc bir alimlə günlərlə mübahisə edə bilərdi. Özü də əgər gənc alimin fikirləri inandırıcı idisə, Bor heç vaxt öz dediyinin üstündə inad etməzdi. O, belə hesab edirdi ki, öz səhvini boynuna almaq eyib deyil. Əsas məsələ elmi inkişaf etdirməkdir.
Bəşəriyyətə böyük fəlakətlər gətirən İkinci dünya müharibəsindən sonra o, həm də sülh uğrunda, atom enerjisindən dinc məqsədlərlə istifadə edilməsi uğrunda mətin mübariz kimi tanınmışdır. Müharibə vaxtı Bor atom silahı yaratmaqdan boyun qaçırmışdı. O, sonralar da dəfələrlə dövlətləri atom silahını qadağan etməyə səsləmişdi.

Bostan bitkiləri

 

Qədim Şərqdə şəhər evləri alçaq, həm də bir-birinə çox sıx tikilirdi. Bu sıxlıq da torpaq sahəsinin azlığı ilə əlaqədar idi. Əhali həmin şəhərlərin kiçik həyətlərindəki bağçalarda müxtəlif bostan bitkiləri yetişdirir, torpağın hər qarışına qənaət edirdi. Gül kollarının, ağacların lap dibində bostan və tərəvəz bitkiləri əkildiyini görmək olardı. Bağçalarda yetişdirilən bostan bitkiləri sonradan şimal ölkələrinə, o cümlədən Rusiyaya yaıldıqda, bu yerlərdə onlara da bostan bitkiləri demişlər. 
Azərbaycanda isə bostan bitkilərinin əkildiyi sahələr qədimdən bostan adlanır. Əsas bostan bitkiləri qovun, qarpız və qabaqdır. Bunlara qabaqkimilər deyilir. Bu bitkilər istisevən, quraqlığa davamlı, yerə sərilən və ya sarmaşandır. Dünyada ən dadlı qovunların vətəni İran, Əfqanıstan və Orta Asiyadır. Özbəkistanda Cərco, Azərbaycanda Corat və Kürdəmir qovunlarının şöhrəti geniş yayılmışdır. Keçmişdə qovun çöldə işləyən ailənin əsas yeməyi idi. Uzaq yola çıxanlar özləri ilə çoxlu qovun götürərmişlər ki, aclığın və susuzluğun qarşısını ala bilsinlər. Qovunu qış üçün dilim-dilim doğrayıb qurudur, evlərin tavanından asıb qışa saxlayırdılar. Ondan bəkməz və ya bal hazırlayır, bir sıra xəstəlikləri qovunla müalicə edirdilər.

Həştərxanın qarpız becərənləri hələ keçmişdən şöhrət qazanmışlar. Bu liman şəhərinə qarpız toxumlarını Şərq tacirləri gətirmişdilər. Beləliklə, əvvəl Həştərxan ətrafında, sonra isə bütün aşağı Volqaboyunda bostançılıq inkişaf etmişdir. 
Volqa qarpızını nəinki çar süfrəsi üçün paytaxta aparır, həm də xaricə, Parisə daşıyırdılar.
Təsərrüfatlarda becərilən müasir qarpız böyük və şirindir, quraqlığa davamlı olması isə vətəni Afrika ilə əlaqədardır. Ölkəmizdə, hətta Qaraqum səhrasının qızmar qumlarında da qarpız yetişdirilən bostan sahələri var. Azərbaycanda Zirə və Sabirabad qarpızları məşhurdur.

Vətəni Şimali və Cənubi Amerika olan qabaq (buna balqabaq, boranı, kudu da deyilir) qovun və qarpızdan fərqli olaraq çiy yeyilmir, soyuğa daha davamlıdır. Qabaq yağda dilim-dilim qızardılaraq yeyilir, ondan müxtəlif xörəklər, o cümlədən qəlyə, püre, qutab, həmçinin riçal, mürəbbə və s. hazırlanır. Qabağın və onun toxumlarının müalicəvi əhəmiyyəti də vardır. Azərbaycanda Lənkəran qabağı çox yayılıb. 
Qarpız və qabağın bəzi növləri yaxşı yem bitkisidir.

Botanika bağı

Siz sekvoyya ağacı haqqında bir şey bilirsinizmi? Bu çox qəribə ağacdır. Onun hündürlüyü 100 metrdən çoxdur. Ağacın qabığının qalınlığı 70 santimetrdir. Bu, bir çox evlərin divarından qalındır. Bəzi sekvoyyaların kəsilmiş kötüyü üzərində, hətta kiçik bir orkestr yerləşə bilər. 
Bəs bataqlıqları qurudan evkalipt? Onun kökləri “nasos” kimi işləyir. Yarpaqları Günəşə tərəf elə çevrilir ki, yerə kölgə salmır. Hələ dünyada ən böyük olan ağ su zanbağı viktoriya-regiya. Onun çiçəkləri cəmi iki gün, iki gecəliyə açılır. Özü də bu müddət ərzində rəngini ağdan tündqırmızıyadək dörd dəfə dəyişir. Yarapaqlarının uzunluğu iki metrə çatır. Belə “sal”ın üzərində üç yaşlı bir qız sakitcə otura bilər: lap Andersenin Düyməciyi kimi.
Viktoriya-regiyanın vətəni Cənubi Amerika, sekvoyyanın vətəni Şimali Amerika, evkaliptin vətəni Avstraliya bizdən çox uzaqdadır.
Lakin buna baxmayaq, siz cəmi bir gün ərzində dünya səyahətinə çıxıb, sekvoyyanı da, evkalipti də viktoriya-regiyanı da, Afrikanın palmalarını da, Alp dağlarının lalələrini də, tayqa meşələrinin sidr ağacını da, yetişmiş bananları da görə bilərsiniz. Bunun üçün botanika bağına getmək lazımdır. Onun qapıları doğma vətənimizin və bütün dünyanın zəngin bitki aləmi ilə tanış olmaq istəyənlərin üzünə həmişə açıqdır. Məktəblilər buraya tez-tez ekskursiyaya gəlir, tələbələr və professorlar onun canlı kolleksiyasından və herbarisindən istifadə edirlər.
İlk botanika bağları hələ keçmişdə olmuşdur. Qərbi Avropanın monastır bağları, Rusiyadakı “əczaçılıq bostanları” botanika bağlarının ilk nümunələri idi. Əvvəllər “əczaçılıq bostanları”nda yalnız müalicə əhəmiyyətli dərman bitkiləri yetişdirirdilər. Sonralar isə burada qiymətli ağaclar və güllər əkməyə başladılar. Dünyanın ən qədim botanika bağı Salernodadır (İtaliya). O, 1309-cu ildə salınmışdır.
Bakıda Botanika bağı 1934-cü ildə salınmışdır.

06/01/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Ay bu dəfəki bölmə lap maraqlıdır. Bolqarıstanın təbiəti çox gözəldir, məmnuniyyətlə görmək istəyərdim. Botanika bağında da olmuşam, xoşuma gəlib. Deyilənə görə ən gözəl botanika bağlarından biri də Batumidədir, görmək şansım olsa da, təəssüf ki, görə bilməmişəm.
    Təşəkkürlər maraqlı xəbərə görə, aşkım 🙂

    Bəyən

  2. Oxuduğun üçün sağ ol, mələyim. Gözlərinin nuruna qüvvət 😘😘😘💐🌹😍💖🌷

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: