Uşaq ensiklopediyası (XVI)

image
Bildirçin

Tarla və çöllərimizdə belində qonur, tünd və açıq rəgli xalları olan balaca quşlara tez-tez rast gəlirik. Bunlar bildirçinlərdir. Çinədanının üstü kürəndir. Bildirçin ağaca qonmur, yüksəkdə uçmur, həmişə yerdə gəzməyi sevir. Sıx otlar arasında gizli-gizli gəzdiyinə görə onu görmək çətindir. Uçanda elə bil lap adamın ayağı altından qalxır, çox qısa məsafədə alçaqdan uçur və yenə də otların üstünə qonur. Payız gələndə erkəklərinin boynundakı tüklər qonurlaşır və ağarır.
Bildirçin qırqovullar ailəsindədir. Çəkisi 80-145 qramdır. Uzunluğu 20 santimetrədək olur. Qışlamaq üçün isti ölkələrə uçur. Lakin elələri də var ki, Lənkəran ovalığı və Kür-Araz düzənliyində qışlayıb, isti ölkələrə getmirlər. Bildirçin yerdə düzəltdiyi yuvasına 9-15 yumurta qoyur. Dişisi 15-17 gün kürt yatandan sonra yumurtadan xırda balalar çıxır. 
Bildirçin çox zərif quşdur. Odur ki, tarlalarda səpilən mineral gübrələr, pestisidlər onu zəhərləyir və sayını azaldır. Bəzi yerlərdə bildirçini yaxşı “oxumağına” görə evlərdə qəfəsdə saxlayırlar.

Bir May


Bu hadisə 1886-cı il mayın 1-də Amerikanın Çikaqo şəhərində baş vermişdi. Həmin gün fəhlələr işə çıxmaqdan imtina etmişdilər. Artıq onlar hər gün 10-15 saat işləmək, darısqallıq və çirkab şəraitində yaşamaq istəmirdilər. Onlar bir yerə toplaşaraq kaptalistlərdən 8 saatlıq iş günü, əmək haqqının artırılmasını tələb edirdilər. Fəhlələrin bu tələbinə kaptalistlər güllə ilə cavab verdilər. Bu, bütün zəhmətsevər Amerikanı sarsıtdı. Ölkədə tətil və nümayişlər başlandı. Bütün mütərəqqi bəşəriyyət Amerika fəhlələrinin tərəfində idi. Öz həmrəyliyini bildirmək üçün Paris, London, Berlin, Moskva işdən imtina edərək, əllərində qırmızı bayraqlar küçələrə çıxdılar.
Üç il sonra isə, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq, 1 May gününü bütün dünya fəhlələrinin həmrəyliyi günü, bütün ölkələrin zəhmətkeşlərinin qüvvələrinə mübariz baxış günü elan etməyi qərara aldılar. İlk dəfə bu bayram 1890-cı ildə qeyd edildi. Həmin vaxtdan bütün dünya fəhlələri 1 Mayı öz doğma bayramları kimi hər il qeyd etdilər.Rus fəhlələri 1 May tətillərini ilk dəfə 1891- ci ildə Peterburqda, 1895-ci ildə isə Moskvada təşkil etmişlər.
Bakının Balaxanı – Sabunçu fəhlələri 1901- ci ildə əllərində qırmızı bayraqlar tutaraq inqilabi mahnılar oxuya-oxuya 1 Mayı qeyd etmişlər. 1902- ci ildə isə Bakı fəhlələri “Yaşasın azadlıq”, “Səkkiz saatlıq iş günü” və bu kimi şüarlarla şəhərin küçələrinə çıxdılar. Bakı fəhlələrinin bu nümayişinə 1905- ci ildə Gəncə fəhlələri də səs verdilər, onlar 1 May nümayişinə çıxdılar.

 

 Birinci Pyotr(1672 – 1725)


Hollandiyanın kiçik Zaandam şəhərində, gəmiqayırma tərsanəsində bir gün təzə dülgər göründü. O, hamı ilə bərabər taxta yonur, mismar vurur, ağır tirləri daşıyırdı. Sərt xasiyyətli usta, “ay dülgər Piter, bura gəl!” deyə çağırarkən, dülgər dinməz-söyləməz onun yanına gələr və hər bir əmrinə qulaq asardı. İşdən sonra dülgər şəhəri xeyli gəzər, maraqlı bir şey görsə ayaq saxlayar, hər şeyi öyrənmək istəyərdi. Sonralar Zaandam sakinləri gənc dülgər Pyotr Mixaylovun əslində səyahətə çıxmış rus çarı Birinci Pyotr olduğunu öyrəndikdə, çox heyrətlənmişdilər. Gənc çar Hollandiyaya maraq xatirinə gəlməmişdi. “Mən şagirdəm və müəllimlərə ehtiyacım var” sözlərini şəxsi möhürünə həkk etdirən çar doğrudan da hər şeyi öyrənmək istəyirdi.
1672- ci ildə şahzadə Pyotr anadan olan vaxt Rusiyada savadlı adamların sayı olduqca az idi. Latın və Yunan dillərini bilən yaxşı alimlər, mahir natiqlər, igid əsgərlər olsa da, mühəndis və alimlər çox deyildi. Adlarını zorla yazan cahil və avam boyarlar ölkəni köhnə üsullarla idarə edir, hər bir yenilikdən qorxurdular. Ordu yaxşı silahlanmamışdı, əsgərləri döyüşə pis hazırlayırdılar, hərbi donanma isə, ümumiyyətlə yox idi. Rusiyanı gerilikdən çıxarmaq, İsveçlilərin zəbt etdiyi Baltik dənizi sahillərindəki rus torpaqlarını geri qaytarmaq vaxtı çatmışdı. Bütün bu işləri görmək üçün Birinci Pyotra yaxşı hazırlıqlı ordu və donanma, hər şeydən əvvəl isə savadlı adamlar lazım idi. Çar həm özü öyrənir, həm də başqalarını buna məcbur edirdi. Boyarlar köhnə adətlərindən əl çəkib məktəb partası arxasında oturmaq istəmirdilər. Bir-birinin ardınca çar boyarları xaricə elm öyrənməyə göndərir, qayıdanları isə çox vaxt özü imtahan edirdi. Vay o adamın halına ki, vətənə elmi öyrənməmiş qayıdaydı. Pyotrun hökmranlığı dövründə xalqın vəziyyəti ağırlaşmışdı. On minlərlə kəndlini ailəsindən ayırıb, orduya ömürlük qulluğa aparır, adi təqsir üstündə amansızcasına döyüb öldürürdülər. Müharibə və yenidənqurma işləri üçün çoxlu pul lazım idi. Bunu da kasıb xalqdan yığırdılar. Başqa cür də ola bilməzdi. Axı Birinci Pyotr özü də zadəgan-mülkədar idi.
Bütün bunlara baxmayaraq onun dövründə Rusiya irəliyə doğru böyük bir addım atdı. Çoxlu sənaye müəssisəsi – manfaktura tikildi. Məktəblər tikildi. Elmlər Akademiyası təşkil olundu; ilk qəzetlər çıxdı, ilk daimi teatr işə başladı. Qüdrətli hərbi donanma yarandı, odruya savadlı generallar və zabitlər başçılıq etdilər. İsveçlə müharibə Rusiyanın qələbəsi ilə bitdi. Geri qaytarılmış Baltik sahilində yeni paytaxt – Peterburq salındı.

Birləşmiş Millətlər Təşkilat (BMT)


Dünyada dinclik və əmin-amanlıq yaradılması xalqların ta qədimdən böyük arzusu olmuşdur. Lakin müharibə qızışdıranlar, özgə torpaqlarına göz dikənlər bu arzunun həyata keçirilməsinə həmişə bu cür mane olmuşlar. İstismarçı siniflər və davakar hökmdarların törətdikləri ədalətsiz müharibələr nəticəsində dünya tarixi ərzində on milyonlarla günahsızın qanı axıdılmış, minlərlə şəhər, kənd viran qalmış, bəzən hətta bütöv dövlətlər, tayfalar, xalqlar tarix səhnəsindən silinmişdir. Ona görə də faşist blokuna qarşı vuruşan dövlətlərdən SSRİ, ABŞ və İngiltərə hələ müharibə gedişində qərara gəlmişdilər ki, yer üzərində möhkəm sülh yaradılmasına və xalqların bir-birinə yaxınlaşmasına kömək edən beynəlxalq bir təşkilat yaratsınlar. 50 dövlətin iştirakı ilə yaradılmış və 1945- ci il oktyabrın 24-dən ABŞ-ın Nyu-York şəhərində fəaliyyətə başlamış bu təşkilat Birləşmiş Millətlər Təşkilatı adlanır.
Birləşmiş Millətlər Təşkilatının 1946- cı ildən əlahiddə Uşaq Fondu fəaliyyət göstərir.

Birma


Birma dövləti Cənub – Şərqi Asiyada, Benqal körfəzi sahilində yerləşir. Şimaldan cənuba qədər bütün ölkə boyu gəmiçiliyə yararlı İravadi çayı axır. Ölkənin əhalisi çayın dərəsində çox sıx məskən salıb, bu məhsuldar torpaqlarda çəltik (düyü) yetişdirir. Birmalıların əksəriyyəti burada yaşayır. Birmanın bütün sərhəd rayonları sıx tropik meşələrlə örtülü sıldırım dağlardır. Dağlarda müxtəlif tayfalar yaşayır.
Birmada il boyu isti olur. Bununla belə iki fəsil – yağışlı yay və quraqlıq qış mövcuddur. Bir çox birmalılar hələ də dirəklər üzərində tikilmiş evlərdə yaşayırlar. Kişilər də, qadınlar da açıq rəngli köynək və uzun tuman (loncya) geyirlər. Birma qadınları saçlarını çox mürəkkəb formada düzəldir, kişilər isə başlarına yaylıq bağlayırlar.
Birmanın paytaxtı Ranqun İravadi çayının deltasında yerləşir. Ölkənin ikinci böyük şəhəri Mandalay Birmanın mərkəzində, İravadi çayı sahilindədir. Mandalay şəhəri gözəl zərgərlik şeyləri, taxta qutular, fincanlar düzəldən mahir ustaları ilə məşhurdur.
Birma ərazisində insanlar çox qədim zamandan məskunlaşmışdır. 1853-cü ildə ingilislər Birmanı işğal etmiş, ölkə uzun müddət İngiltərənin müstəmləkəsi olmuşdur.


13/12/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Hələ tam oxumamışam, amma inşəAllah oxuyacam.

    Bəyən

  2. Hə oxudum, lap bildirçin saxlamağım gəldi 🙂
    Pyotr maraqlı gəldi, düzdür Rusiya irəli addım atıb, amma əziyyəti qara camaat çəkib də həmişə olduğu kimi.
    Birmalılara bəxtəvər deyim, deməyim bilmirəm 🙂 Həmişə yay fəslini yaşamaq görəsən maraqlıdırmı?
    Təşəkkürlər, Sevincim, mən bu xəbər silsiləsini həvəslə oxuyuram həmişə.

    Bəyən

  3. Bilirəm, mələyim. Sən heç bir bölümü ötürmürsın. Bircə ALLAHIN izni ilə bu kitabı tam təqdim edə bilsəydim…

    Bəyən

  4. Bir May, Birinci Pyotr və BMT haqqında kifayət qədər bilgim olsa da, bildirçin və Birma haqqında yox dərəcəsıində məlumatlıyam. Sağ ol ki, sayəndə uşaqlarla bərabər mən də nəsə öyrənmiş oldum.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: