Sevgimin rəngsiz adı… (IV hissə)
…Soyuq hava, qərib ölkə, içində bir niskil…Leyla elə bil özündə deyildi. Həyatının ən ağır və günahkar günlərini yaşayır kimi yataqdan belə qalxmağa taqəti qalmamışdı. Tez-tez ürək ağrıları tutur, təcili yardımdan gələn həkimlərin ilk yardımı ilə bir qədər sakitləşir, üstündın yarım gün keçməmiş yenidən ağrıları başlayırdı. Leylanın həyat yoldaşı onun bu halına biganə qala bilmirdi, ona görə də Leylanın etirazına baxmayaraq onu xəstəxanaya yerləşdirdi. Cərrahi əməliyyat təyin edilmişdi. Leylanın ciddi problemi vardı, həkimlər sonradan qazanılan ürək qüsuru aşkar etmişdilər.
Xəstəxana divarları arasında da Leyla yenə Muradı düşünür, yanında olsaydı onu bağışlayacaqdımı deyə göz yaşı axıdırdı. Leyla ağlayır, heç nəylə özünü ovuda bilmirdi. Bu vaxt bir əl onun yanağından axan yaşı silib saçlarını oxşadı:
– Darıxma, əzizim, hər şey yaxşı bitəcək. Sən yenə də balalarının, mənim yanıma, evinə dönəcəksən. Bir azca səbirli və dözümlü ol. Səni çox istəyirəm, bunu unutma, – Zaur həyat yoldaşına təsəlli verib onun alnından öpdü. Leyla əməliyyat otağına aparıldı.
Artıq bu hadisədən günlər keçmiş, əməliyyat uğurla bitmiş və Leyla evinə geri dönmüşdü. Əməliyyatın ağrısı canından çıxar-çıxmaz yenə də ağlı, fikri Muradın yanında qalmışdı. Evinə gəldiyi gündəndi danışmaq üçün hər gün telefon nömrəsini yığır, lakin sona çatmamış fikrindən daşınırdı.
Şəhərin küçələri başdan-başa ağ don geyinmişdi. Küçədə bir sakitlik hökm sürürdü. Avtomobillər elə sakit, elə nizamla irəliləyirdi ki, sanki sükan arxasında əyləşmiş hər kəsin dağlarca səbri vardı. Nə bir qayda pozuntusu, nə yersiz siqnal səsi, nə də tıxac vardı. Leyla insanlardakı səbrə, intizama heyran qalmışdı. O pəncərədən xeyli tamaşa edib uşaqların otağına keçdi. Yorğanı onların üstlərinə çəkib gecə lampasının işığını azaltdı. Zaur hələ də gəlməmişdi. Leyla kompüterin qarşısına keçib sayta baş çəkdi. Diqqətini çəkən köhnə xəbərlərdən birinə keçid etdi. Xəbər ona keçmiş – Muradlı günlərini xatırlatdı. Mesaj yerinə keçib yazmağa başladı və ilk sözü “yalvarıram, bağışla məni, Murad” oldu. Muradın Leylaya olan hissləri bu yalvarışa, üstəlik onun ağır əməliyyatdan çıxmasına qarşı təbii ki, lal qala bilməyəcəkdi. Leylaya cavab olaraq: “telefonu aç, səsini eşidim” – yazdı. Leyla güclə eşidiləcək səslə danışırdı. Murad ona bir az hündürdən danış, səsini eşidə bilmirəm deyəndə, Leyla kövrəlmiş halda “çox halsızam, səsim çıxmır” deyə bildi. Murad telefonu bağlayıb yumruğunu hirslə divara vurdu. Gözündə yaş gilələndi. Bu barmaqlarının acısı yox, Leylanın güclə eşidiləcək səsinə, onun çəkdiyi əziyyətlərə axan yaş idi. Murad Leylanı çox sevirdi. Səhvini, günahını anlasa da özüylə bacara bilmirdi. Hərdən yersiz kobudluq belə edirdi ki, Leyla ondan inciyib ayrılsın. Amma alınmırdı, hansısa bir qüvvə onların ayrılmağına maneə törədirdi. Bu sevgi günahdan mayalanmışdı və günaha hamilə bir tale yükü idi. Cəzasını çəkməyə məhkum kimlər olacaqdı, bu hələ ikisi üçün də bir sirr idi.
Murad sayta keçib Leylaya belə bir mesaj göndərdi: “Leyla, qurban olum, tez sağal”…
Bax belə, Vasif bəy, bu hadisədən sonra onlar bir müddət yenə də mehriban günlərini yaşamağa başlayıblar. Amma bu da uzun çəkməyib.
– Səmra xanım, üzr istəyirəm müdaxilə etdiyimə görə, bəlkə yersiz bir sual olacaq, amma marağımı boğa bilmirəm. Leyla bu gün Muradla bir yerdədirmi? – deyə Vasif soruşdu.
– Bu haqda sizə ətraflı danışacağam, səbirli olun.
Səmra gözlərini dənizin ortasında dalğalara qanad vurub yenidən havaya uçan, sanki bu toxunuşdan ləzzət alırmış kimi yenidən, dönə-dönə təkrarlayan qağayılardan çəkmədən:
– Vasif bəy, qağayılar dənizə niyə bu qədər aşiqdir, bilirsinizmi?
– Yox, sözün düzü bu haqda məlumatım yoxdur. Amma bilirəm ki, dənizi çox sevirlər. Həm də bilirəm ki, əsasən, xırda balıqlar, xərçənglərlə qidalanmaqlarına baxmayaraq, dənizin üzündə nə gördülərsə, yeməyə çalışırlar. Bu baxımdan plastik məmulatlar onlar üçün ölüm təhlükəsidir. Ölmüş qağayıların üzərində aparılan müşahidə zamanı onların mədəsindən plastik parçalar çıxıb. Bir də onu bilirəm ki, çox ağıllı quşlardan sayılırlar.
Səmra hələ də gözlərini uzağa dikmiş halda sözünə davam etdi: – Əfsanəyə görə ətrafında çoxlu sayda kiçik çayları olan bir şəhər varmış. Bu şəhərin əhalisi bir gecənin içindəcə qəfil gələn xəstəliyə düçar olmuş və gün sona yetməmiş hamısı dünyasını dəyişibmiş. Təkcə bir-birlərini sevən iki gəncdən savayı. Onlar bir-birindən xəbərsiz halda yataqda ölümlə çarpışırlarmış. Oğlan qızı o qədər sevirmiş ki, xəstəliyinə güc gəlib qalxmış, sürünə-sürünə qızgilin evinə tərəf getməyə çalışmışdı. Bir tərəfdən xəstəlik, bir tərəfdən də ağrı, aclıq, susuzluq oğlanı lap əldən salıbmış. Nəhayət, ikinci günün sonunda sevgilisinin yaşadığı evə çatmış, özünü qız yatan otağa sala bilmişdi. Qız yatağında qızdırma içində sayıqlayırmış:
– Su, su verin, ciyərim yanır, bir içim su…
Oğlan sürünərək otağın küncündə qoyulmuş səhəngə yaxınlaşır. Amma səhəngdə bir damla belə su tapmır. Oğlan çarəsizdi, sevgilisinə su gətirmək üçün evdən bir xeyli aralıda yerləşən çaya getməliydi. Taxçaya qoyulmuş dolçanı götürüb qapıdan bir təhər də olsa çıxır. Gah sürünə-sürünə, gah da dizləri üstündə yer eşərək gəlib lap yaxınlıqdakı çaya çatır. Sən demə şəhərin müdrik qocası da bu xəstəlikdən sağ çıxıbmış. Müdrik qocanın hansısa küncdə-bucaqda sağ qalacaq insanların olmasına ümidi varmış deyə, dünyasını dəyişən insanların cəsədləri iylənib ətrafa yeni bir qorxunc xəstəlik yaymaması üçün onları sürüyüb bir-bir çaya tökürmüş. Oğlan dolçanı su ilə doldurmaq istəsə də, dolçaya su əvəzinə qan dolurmuş. Çıxılmaz vəziyyətdə qalan oğlan digər çaya tərəf sürünür. Lakin neçə çaya çatırsa, hamısından su əvəzi qan axdığını görür. Başını əlləri arasına alıb hönkür-hönkür ağlamağa başlayır. Sevgilisi bir damla suya möhtackən, o su tapa bilmirdi. İçindən “ah!” – deyə bir nida keçir: Ya rəbbim, nə olar məni bir quş elə, bu qanlı çayların üstündən uçub saf sulu bir gölə rast gəlim, sevgilimin hərarətdən yanan dodaqlarına bir udum su səpim… Oğlanın sözü ağzından çıxar-çıxmaz bir quşa dönür. Sevincindən elə həmin andaca qanadlanıb göyə uçur. Çayların üstündən keçən kimi gömgöy suları olan bir göl görür. Həmən enib dimdiyinə su yığır, qanadlarını çırparaq göldən uzaqlaşır. Sevgilisinin olduğu evə yaxınlaşıb açıq pəncərədən içəri girir. Yatağında səssiz uzanmış qıza yaxınlaşır. Dimdiyində gətirdiyi su ilə qızın dodaqlarını islatsa da qız gözlərini açmır. Quş qızın sinəsi üstünə qonub öz dili ilə yarını səsləyir, lakin qız oyanmır. Sən demə o, susuzluğa dözməyib gözlərini əbədi yumubmuş. Yumarkən yanaqlarında gözündən axan bir damla yaş quruyub qalmışdı. Quş başını göylərə qaldırıb var gücü ilə fəryad edir, gözündən axan göz yaşı sevgilisinin yanaqlarına düşür. Qızın yanağında donub qalmış yaşa qarışır. Bu sevgililərin iki damla yaşından bir ümman yaranır. Həmin gündən quşun məskəni o ümman olur. Və hər gün, gecə-gündüz bilmədən şahə qalxıb həmin ahı çəkir, yenidən ümmana baş vurub sevgilisinin yanağına toxunur kimi üzünü sulara sürtür…
…Bax bu qağayıların beləcə sevgi əfsanəsi var, Vasif bəy.
– Çox təsirləndim, içimdə yaşatdığım bir ümidin qanadları sındı sanki, Səmra xanım.
– Neyçün? Yoxsa sizin də qağayıyla bağlı xatirələriniz var?
– Var, əlbət ki. Bizim xatirəmiz sevgimiz kimidir, heç sərhəd bilmədi ki…Bir gün hava çox soyuq idi, qışın oğlan çağı deyək. Həftəsonu idi, Bakıya gəlmişdim. İki günümü sırf özümüzə həsr etmişdim. Gəzmədiyimiz yer, baş çəkmədiyimiz məkan qalmamışdı. Hətta uşaq kimi karuseldə belə əylənmişdik. Nədənsə ikimizin də şıltaqlığı tutmuşdu o gün. Dənizi görmək istəyirdik. Təsəvvür edin, külək az qalır avtomobili yerindən oynatsın, bizsə dəniz həvəsindəyik. Bir tərəfdən də yağış qarışıq sulu qar yağır. Maşını bir təhər sahilə sürüb münasib yerdə saxladım. Külək dalğaları şahə qaldırıb qayalara çırpırdı. Dəniz elə coşmuşdu ki, sanki qoynunda bir əjdaha yatmış kimi nərildəyirdi. Bizi təbiətin bu halı əsla nə qorxudur, nə də üşüdürdü. Əksinə üzümüzdə elə bir xoşbəxt ifadə hökm sürürdü ki, hətta quduzlaşmış dalğaya belə meydan oxumağa gücümüz yetərdi. Maşına söykənib dənizin gurultulu səsini dinləyirdik. İkimiz də danışmırdıq. O başımı çiynimə söykəmişdi. Mən də üşüməsin deyə qolumu çiyninə salıb onu özümə sıxmışdım. Birdən ləpələrin üstündə bir qaraltı göründü. Çiçək başını çiynimdən çəkib üzümə baxdı. Gözlərindən hiss etdim ki, qorxub. Onu intizarda saxlamamaq üçün:
– Qağayıdır, qorxma. Qağayıların dənizə, dalğaya məhəbbəti o qədər güclüdür ki, onu nə qasırğa, nə də boranın dənizdən ayırmağa gücü yetməyir. Bir parça canı ilə ləpələrlə döyüşür, yorulmur, usanmır. Hava sakitləşən kimi də hirsi yatmış dalğaların üstündə oturub yelləncəkdə yellənir kimi yellənir. Sevgi belə şeydir, əzizim, sən qopmaq istəmədikcə, səni qoparmağa heç bir qüvvənin gücü yetməyəcək…Məni də səndən ayırmaq mümkünsüz olacaq, çiçəyim, bunu mənə yaşatmağı əsla düşünmə, – dedim.
Nədənsə o üzümə baxmadan dərindən köks ötürdü, elə o zamandan içimdə bir ayrılıq qorxusu hökmranlıq etməyə başladı və bir gün də zəfər çaldı… Xoşbəxt sandığım o qədər günlərimiz oldu ki, amma bir andaca yaşadım bitdi sanki. İndi bir ildən çoxdur ayrılıq acısını yaşayıram, hər gecə həsrət məni yeyib-yeyib bitirir, bir gecə bir ilə, gündüzüm qənirəyə dönür, nə bitir, nə tükənir, nə də ümidim göyərir. Sanki yaşımın üstünə min illər ələnir…
İndi sizin danışdığınız bu əfsanənin də sonu xoşbəxt sonluqla bitsin deyə ümid edirdim, amma heyflər olsun ki, yanıldım. Ən gözəl sevgilərin sonu niyəsə ayrılıq olur həmişə.
– Elədir, doğru deyirsinuz, Vasif bəy, xoşbəxlik nə qədər uzun sürsə də ömrü bənövşə ömrünə bənzəyir, açmağı ilə solmağı bir olur sanki. Bədbəxtliyin isə damcısı dərya olar. Çırpınıb çıxmaq istədiyində ayağından çəkib səni dərinə aparar. Axarına buraxmaq lazımdır, bir gün sahili tapman üçün əlindən tutanın olacaq güman ki.
Ən müqqəddəs, unudulmayan, içimizdə illərlə yaşada bildiyimiz sevgilər də onun kimi, Vasif bəy. Qaranlıq işığın yoxluğundan törədiyi kimi, ayrılıq və hicran da ən gözəl sevgilərin yaranmasına səbəb olur. Sevgi əlçatmaz olduqda daha çox müqəddəsdir axı. Sevginin müqəddəs olmağını bizə aşılayan sonu hicran olan dastanlar olmadımı?
Gəl bir müqayisə aparaq, elə ədəbiyyatdan misallar çəkək. Görək sevgi yolunda qovuşub xoşbəxt olanlar çoxdur, yoxsa sonu ayrılıqla bitib dillərə dastan olanlar?
– Niyə ki, Səmra xanım, xobəxtliklə bitənləri də var. Hələ sonda 40 gün, 40 gecə toy da çalınıb.
– Bunlar nağıllardadı ancaq, Vasif bəy, nağıla inanan yaşımız çoxdan keçib məncə. Özümüzü ovutmaq nəyə lazım? Oxuduğumuz eşq dastanlarının sonu evliliklə bitsəydi, bəlkə də heç bu gün onlardan danışılmayacaqdı. Biz özümüzü aldadırıq bəzən, həm də bilə-bilə. Əbədi olmayan dünyadan əbədi sevgi umuruq. Bitməsin, tükənməsin istəyirik. Dünyaya fani deyiblər, fanidən də heç əbədilik umularmı?
– Siz sevgini tamamən inkarmı edirsiniz, ya mənə elə gəlir?!
– Yox, sevgini inkar edə bilmərəm, sevgi olmasa kainatın mövcudluğuna inam da ölmüş olar. Mən sizə demişəm, bu dünyanı pisliklərdən qurtarmaq üçün sevgi lazımdır. Amma yanlış olanı yox, yanlış oldusa daha da cəhənnəm yaratmış olacayıq. Siz yanlış zamanda və yanlış birini sevməsəydiniz bu iztirabı yaşayacaqdınızmı? Əlbəttə, yox. Yanlış sevgi, qıfıla salınmış yanlış açara bənzər. Ya ilişib qıfılda qalacaq, ya da sınıb çıxacaq, amma qıfılı açmağı bacarmayacaq. Sevginin öz mərhələləri var, o mərhələnin sonluğu indiki zamanda çox az hallarda insanlara umacağını verir. Bir neçə onillik geriyə nəzər salaq, onda hər şey çox fərqli idi. Nə boşanmalar bu qədərdi, nə xəyanət baş alıb gedirdi, nə də sevgi ucuz tutulurdu. Əhd-peyman vardı sevənlər arasında. Və o əhdə xəyanətin elə sərt hökmü vardı ki, qanunların tələb etdiyi ən ağır cəzadan belə üstün sayılardı bu hökm. Bu nə ölüm hökmü idi, nə dar ağacından asılma, nə də güllələnmə. Bu gözdən düşmək, bu etibarı itirmək idi. Mən artıq illərdi bu sevgini görə bilmirəm, bəlkə haqsızam?
– Haqlısınız, Səmra xanım, indi insanların sevgi psixologiyası çox dəyişib.
– Daha doğrusu sizin kimi saf sevgi ilə sevənlər azalıb.
– Mənim kimi? Yəni siz bu sevgini günah hesab etmirsiniz? Yəni mənim sevgim dediyiniz o yanlışlardan deyil?
– Yox, sizin addımınız yanlışdır, həm də məsum bir qadına, yəni həyat yoldaşınıza qarşı etdiyiniz ən böyük günahdır. Amma sevginiz safdır, həqiqidir. Belə olmasaydı onu unutmaq üçün bu gün bu sahildə bir psixoloqla dərdləşməyə ehtiyacınız olmazdı. Mən bu cür sevgilərin ünvanını doğru tapmasını o qədər çox arzulayıram ki…
Ümumiyyətlə, mən o kəsləri qəbul etmirəm ki, eşq deyiləndə nəhayətsiz və sonsuz bir hissi düşünürlər. Həddi-hüdudu olmayan bir eşq, yalnız Yaradana ünvanlanmalıdır.
Səmra danışır, fikrini çatdırmaq üçün bəzən həyatdan, ədəbiyyatdan misallar da çəkirdi. Vasif isə susub dinləyirdi. Söhbət onu tilsimləyib yerindən tərpənməyə qoymurdu. Amma içinə bir rahatlıq da yayılmışdı. Hərdən Səmranın bir psixoloq yox, illərin köhnə tanışı olduğuna inanmaq istəyirdi…
Səmra boynundakı şərfi bir az da sıx bağladı. Hava getdikcə sərtləşirdi. Vasif Səmranın üşüdüyünü hiss edib:
– Bəlkə qayıdaq, Səmra xanım, sizə soyuqdur deyəsən.
– Soyuqdur, amma qayıtmaq hələ tezdir. Sizin işiniz yoxdursa saat 17:00-a kimi burda gözləyə bilərikmi?
– Heç bir işim yoxdur, bu gün sizin qəbulunuzda olmaq üçün buradayam. Nə qədər desəniz qala bilərik. Amma səbəbini öyrənə bilərəmmi, mümkündürsə əgər.
– Əlbəttə mümkündür, Vasif bəy. Bu gün bir neçə il öncə “Günəşli” yatağında baş vermiş faciənin ildönümüdür. Sol tərəfdə gördüyünüz o abidə xatirə abidəsidir. Həlak olanların ailələri, yaxınları, bilən və unutmayanlar anım üçün bura gələcəklər. Onların içində yeniyetmə bir oğlan uşağı da olacaq. Mənim rəfiqəm uşaq psixoloqudur, onu uzun müddət müalicə etmişdi. Uşaq atasının yoxluğuna alışa bilmirdi, möhkəm sarsıntı keçirmişdi. Nədənsə, içimdən onu görmək keçir. Sizi də tanış etmək istərdim. Gözlərinin dərinliyində necə bir ümidsizlik, necə tənhalıq gizlənibsə adam onun gözlərinə baxmağa utanır. Bilirsiniz, Vasif bəy, mən uşaqları qayğısız görmək istəyirəm. Onlar bizə bəxş olunan ən təmiz, ən məsum varlıqlardır. Küçədə kimsəsiz, ayaqyalın, başıaçıq dilənən uşaqlar görəndə çox üzülürəm, içim yanır. Bir zamanlar ürəyimdən keçdi ki, sığınacaq mərkəzi açıb respublikanın hər bölgəsində isti yuvaya ehtiyacı olan uşaqları yığım o mərkəzə. Amma bəzi səbəblərdən bunu edə bilmədim. Əsas da maddi imkanım yol vermədi.
– Çox gözəl təşəbbüsdür bu, Səmra xanım. Mən bu işdə sizə necə lazımdır kömək edə bilərəm, buna mənim maddi imkanım da yol verir. Yaxşılıq heç zaman itməyən, əvəzi olmayan bir əməldir. Bunu etmək bizim borcumuzdur. Mən özüm də gözəl bilirəm ehtiyacı olan birinin üzünü güldürmək nədir. Səmra xanım, mən bu günkü mövqeyimi asan qazanmamışam. Sizin ayaqyalın uşaqlara ürəyim ağrıyır deməyiniz məni bir qədər keçmişə apardı.
…Universitetin birinci kursunda oxuyurdum, yay tətilinə bir ay qalmışdı. Atam bərk xəstələndi. Dərmanlarını almağa pulumuz kifayət etmirdi. Mən bir oğul kimi bu halla barışa bilmirdim, atamın yatağında çarəsiz uzanıb övladlarına necə ümidlə baxması gözümün önündən bu gün də çəkilmir. Pul qazanmaq, atama kömək etmək – mənim həmin vaxt düşündüyüm bu idi ancaq. Pul qazanmağın daha real yolun tapmaq üçün Türkiyəyə üz tutdum. Yad yer, qalmağa yerim, getməyə bir qapım, kimsəm yox, özüm də cavan oğlan. Bir gün vağzalda, oturacaqda gecələdim. Səhər açılar-açılmaz biri yaxınlaşıb:
– İş istəyirsən? – dedi.
– İstəyirəm.
– Onda mənimlə gəl.
Orta yaşlı bu şəxsin arxasınca gedib bir həyətə girdik. Həyətin bir küncündə üst-üstə çoxlu odun yığılmışdı. Bunları doğramalıydım. Baltanı əlimə götürüb işə başladım, günün sonuna yaxın işimi bitirdim, haqqımı alıb dönərxanalardan birinə girdim. Bərk acmışdım, qazandığım puldan verib qarnımı doyuzdurdum. Qalırdı gecələməyə yer və yeni iş tapmaq. Küçələrdə bir xeyli gəzdikdən sonra köhnə tikilini xatırladan bir mehmanxanaya daxil oldum. Gecələmə haqqı cibimə uyğun olduğu üçün qalmağa razılaşdım. Pulumu verib otaqlardan birinə keçdim. Yorğun olduğum üçün səhərə qədər daş kimi yatdım. Səhər oyananda ayaqqabılarımın oğurlandığını gördüm. Ayaqyalın küçəyə çıxdım, barının üstündə oturub fikirli-fikirli yola baxırdım. Yalın ayaqla insanların arasına çıxmağa utanırdım, Allahdan bir ümid gözləyər kimi gəlib-gedən maşınlara gözümü zilləyib qalmışdım. Birdən yaxınlıqda bir avtomobil saxladı. Nədənsə maşından enər-enməz diqqətini çəkdim. Bir neçə dəfə ötəri baxdıqdan sonra gözü ayaqlarıma sataşdı. Yaxınlaşıb hardan olduğumu soruşdu. Azərbaycandan deyən kimi:
– İşləmək istəyirsənmi? – dedi.
– Bəli, – dedim.
– Mənimlə gəl, – deyib avtomobili göstərdi. Keçib arxa oturacaqda əyləşdim. Bir xeyli aralandıqdan sonra bir ayaqqabı dükanının yanında saxlaylb mənə enməyi söylədi. Bir cüt ayaqqabı alıb:
– Geyin bunları, – dedi, sonra isə məni bir nəfərin yanına gətirib işlə təmin etməyini tapşırdı.
İnanırsınız, Səmra xanım, o hadisə mənim yaddaşımda o qədər güclü iz salıbdır ki, qarşıma ayaqqabısız, köhnə, cırıq ayaqqabıda kim çıxıbsa mütləq ona ayaqqabı alıb geyindirmişəm. Çünki ayaqyalın qalmağın acısı, utancı nədir onu özüm yaşamışam. İstər uşaq olsun, istər yetkin biri, çarəsiz olmaqdan pis heç nə yoxdur. Çarəsiz olmaq özünə güvəni, inamı itirmək deməkdir. Hətta insanı intihara da sürükləyə bilir.
– İntihar isə gecikmiş peşmanlıq deməkdir. İntihar edən şəxslər bunu son anda dərk edirlər, amma dərk etdikləri an da geriyə dönüş mümkün olmur, Vasif bəy.
– Hər halda mən bu təklifinizi nəzərimdə saxlayacağam. Siz buna nə vaxt hazır olacaqsınızsa, mənə xəbər edin. Bir yerdə bu işə qol qoyarıq inşAllah.
– Niyyəti xoş olanın əməli xeyrə söykənər. Əməlimiz xeyir olacaqsa, çıxdığımız yolun sonunda uğur var demək. Güman edirəm bunu reallaşdıra bilmək üçün bacardığımızı edəcəyik.
Maşın sahildən xeyli aralanmışdı. Hava qaralmağa doğru gedirdi. Yolboyu onlar uzun müddət danışmadılar. Hər ikisi neftçi atasının abidəsi önündə şeir söyləyən oğlan haqqında düşünürdülər. Nəhayət, mərkəzi küçələrin birinə keçid edəndə Vasif dilləndi:
– Səmra xanım, irəlidə sizə göstərəcəyim bir şey olacaq.
– Nədir o elə? – Səmra marağını gizlətmədi.
– İşıqfora çataq deyəcəm.
Maşın hər dəfə işıqfora çatanda Səmra Vasifin üzünə baxır, nə deyəcəyinə səbirsizlənirdi. Növbəti işıqforda dayananda Vasif yolun sağına tərəf əlini uzadıb:
– Səmra xanım, o hündürmərtəbəli binanın qarşısında mənim eşqimin sübutu bir tablo var. Yolunuz nə vaxtsa buradan düşsə, bir ona baxarsınız, zəhmət olmasa.
– Anlamadım, Vasif bəy, nə tablo? Mən bilən orda reklam çarxları izlənir.
– Elə həmin çarxların yanında da dostların mənə hədiyyəsi var.
– Vasif bəy, siz məni deyəsən getdikcə lap təəccübləndirəcəksiniz. Mən həmin tablonu görmək istəyirəm, – Səmra Vasifə elə acizanə bir baxışla baxdı ki, Vasif o tablonu yenidən görmək, həm də Səmra ilə birlikdə izləmək istəməsə də, buna məcbur oldu. Səmranın gözü qarşısında acizləşmək istəmirdi, çünki. Hər dəfə çalışırdı ki, özünü güclü göstərsin.
– Əgər siz bunu bu qədər ürəkdən istəyirsinizsə, mən heç cür yox deyə bilməyəcəyəm.
Elə bu vaxt Vasifin avtomobilinə cavan bir oğlan yaxınlaşdı, kobud və əsəbi halda avtomobilin şüşəsinə toxunub:
– Ay qaqaş, söhbətiniz belə şirindi? Yolu nöşün kəsmüsüz? Ay balam, başınıza yer qəhətdir, küçənin ortasında bu nə sevgi?
Vasif qapını açıb avtomobildən enmək istəyəndə:
– Vasif bəy, xahiş edirəm baş qoşmayın, görmürsünüz mədəniyyətsizin biridir, əyləşin və sürün gedək. Həm də həmin binanın həyətinə. Əslində günah bizimdir, işıqforun yaşıl işığı çoxdan yanıb. Amma neyləmək olar, hələ də bir çox insanların psixologiyasında inqilaba ehtiyac var demək.
Vasif Səmranın sözünü yerə salmadı, əsəbindən rəngi qaralsa da, işıqforu keçib sağa döndü. Həyətə girmədən maşını tablonun görünəcəyi yerdə saxladı.
– Səmra xanım, həyətə girmək istəmirəm, mümkünsə maşından da düşməyək, baxın, o qarşıdakı tablonu deyirdim.
Səmra eynəyinin altından gözlərini qıyıb diqqətini bir az da cəmlədi, tablonun üzərindəki yazını oxudu: “Sən mənim hər şeyimsən…”
Səmra Vasifə tərəf çevrilib:
– Dostların hədiyyəsi dediyiniz budurmu? – deyib gülümsündü.
– Bəli, Səmra xanım. Ayrılıq heç ağlıma da gəlmirdi o gün. Ən xoşbəxt günlərimizdən birini yaşayırdıq. Pəncərədən gözüm bu tabloya dəydi. Nədənsə heç istifadə olunmazdı, elə bil mənimçün saxlayırdılar. Çiçəyi yanıma çağırıb:
– Bir gün o tabloya elə bir yazı yazacağam ki, mən Bakıda olmayanda da gözünün qabağındayam kimi hiss edəcəksən məni.
– Bu qısqanclıqdan idi, yoxsa?- Səmra soruşdu.
– Yox, qısqanclıq deyildi, sevgidən idi. Çox sevirdim, istəmirdim məndən başqasını görsün, məndən başqasını düşünsün.
Əzizim baxtı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım?
– Etiraf edə bilmədiyiniz qısqanclıqdı bu, Vasif bəy. Qısqanclıq elə sevgidən doğur. İnsan sevmədiyini heç vaxt qısqana bilməz.
Bəlkə də siz deyəndir, Səmra xanım. Mən bu haqda dostlarıma üstüörtülü anlatmışdım. Dəli kimi darıxdığım günlərin birində birgə oturub dərdləşirdik. Onlar mənə təsəlli olsun deyə gecəykən kran tapıb yazını o lövhəyə yazmışdılar. Səhər açılanda məni zorla buraya gətirib, “oxu” dedilər. Sən oxu, amma o vəfasızın gözlərinə ömürlük həkk olunsun qoy. İstəsə belə səni unuda bilməsin.
Hanı bəs? Unutdu amma, Səmra xanım, onu özündən çox sevənini unutdu, bacardı bunu. Mən çox şey istəmədim ki, ondan. Əlimi uzadanda tutmasını istədim, dodaqlarında ancaq mənim adım olsun istədim. Hər ağlıma gəldiyində nəfəsini duya bilim içimdə. Ağlamasın heç zaman, ağlasa belə üzünü kürəyimə söykəyib ağlasın. Alınmayan qala bilsin məni, yıxılanda sınmayan bir budaq kimi məndən yapışsın istədim. Mənə güvənsin istədim. O neynədi? Bütün xəyallarımı ortada buraxdı, həyatımın ən şirin, sevgi dolu hekayəsini yarım qoydu. Mənim hər şeyim dediyim qadın, mənə hər şeyi haram edib getdi. Bunları yaşatmaq üçünmü gəlmişdi həyatıma? Gedəcəkdisə niyə özünü bu qədər istədib getdi? Gedəcəyini bilə-bilə mənim dünyamı niyə alt-üst etdi? Sevgili demişdim ona, yoxluğunu hiss edəndə içim donardı, adını düşünəndə belə üzüm gülərdi, könlümün içində, yarım deyib bir könül bəsləmişdim, hər pislikdən qoruyardım, inciməsin, üzülməsin, sevginin nə olduğunu duysun deyə hər şeyə hazırdım. İnsanın yarı gedərsə param-parça olmazmı? Param-parçayam mən də, bitmişəm, tükənmişəm artıq…Vasif gözlərini qarşı binanın orta mərtəbəsindən gələn işığa zilləyib durmuşdu. Səmra onun fikrini dağıtmaq üçün:
– Sürün gedək, Vasif bəy, artıq gecdir, – dedi.
Vasif dərindən köks ötürdü, avtomobili döndərib həyətdən uzaqlaşdı. Səmra vicdan əzabı çəkirdi, Vasifi bura gətirdiyi üçün özünü qınayırdı, üzürxahlıq edərək:
– Məni bağışlayın, Vasif bəy. Gərək sizi məcbur etməyəydim. Amma inanın mənə, bir gün onu sevdiyinizə peşman olacaqsınız. Hətta “onu sevdiyim üçün özümə nifrət edirəm” deyəcəksiniz…
10/12/2015 tarixində Yazılarım içində dərc edildi və sevgi hekayələri, sevgimin rəngsiz adı olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 18 Şərh.
Gedeceyini bile-bile niye gelmishdi? Madam ki,gedecekdi,niye varligina alishdirdi? Qeribe sualdir…. “Niye”ler beyini döyür, ustelik cavab tapa bilmirsen ne qeder bash sindirsan da…
BəyənBəyən
Bəlkə gələn hissədə bu suala cavab tapa bildin, canım…
BəyənBəyən
Qalsın istirahət günlərinə, inşallah oxuyub fikrimi yazacam.
BəyənBəyən
Sənin münasibətin mənimçün dəyərlidim, canım😘😍💖
BəyənBəyən
Həmişə, lap belə cahil vaxtlarımda da Allaha şükür eləmişəm, xüsusilə verdiyi xarakterə görə. Allaha həmd olsun, mənə elə bir xarakter verdi ki, ağlım həmişə nəfsimi yenə bildi, heç vaxt nəfsimə yenilmədim. Və sənə yalvarıram Rabbim, Şeytanı mənə heç vaxt güldürmə, Şeytan heç vaxt qəhqəhə çəkib gülməsin ki, Adəm övladını necə də azdırdım. Bunu bütün tanıdığım və tanımadığım müsəlman bacı-qardaşlarıma arzulayıram, kim də ki özünə zinanı rəva bilirsə, Allah tezliklə onlara tövbə qismət etsin.
Mən əslində nə Murada, nə Leylaya, nə Vasifə, nə də Çiçəyə nifrət etmirəm, mən onların etdikləri əmələ nifrət edirəm. Kaş ki, tövbə edib, islah olaydılar.
Sevinc, inandırım, o nəfsani hissləri içlərində boğub, Allaha yönəlsələr, heç də ağrı hiss etməzlər.
Mənə bilirsiz nə maraqlı gəldi, Leyla onu o qədər sevən yoldaşının heç, üstünü örtməyə getdiyi uşaqlarının üzünə baxa bildimi, öpə bildimi? Məncə o günahı edən gündən Leyla heç güzgüyə də baxmır. Bilirsiz niyə Leylanın üstündə dayandım? Vasifin Çiçəyindən ətraflı bəhs olunmayıb.
Nə deyim ki, Sevinc, mən belə mövzularda bir qədər sərtəm, xarakter yaaaaa.
Sizə təşəkkür edirəm maraqlı əsər üçün. Bir də özəlliklə dənizçilərimi andığınız üçün təşəkkürlər. Bir də, bir də əsərin bir hissəsini özümə götürdüm mən, sirdaşım mənim.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Səhər-səhər bu nə gözəl fikir, bu nə gözəl yanaşma idi belə…
Sözün düzü bu hekayəni yazmağa başlayanda iki hissəli olacağını nəzərimdə tutmuşdum, amma hələ də bitirmək üçün zaman yetişməyib. Bir nəfər demiş, deyəsən bu povest olacaq☺️👍
Leyla obrazını gələn hissədə bir qədər daha açıqlayacam, qərarı oxucularım özü versin istəyəcəm.
Mələyim mənim, o hissəni mərak etdim, qulağıma pıçıldayarsan😘😘😘
BəyənBəyən
O Çiçəyi niyə bizə gizli saxlayırsan, qııız?Görək bu Vasifi yandırıb yaxan o “sevgi mələyi” bu kişinin başına niyə bu oyunu gətirib.
İnsan hər bir halda nəfsinə qalib gəlməyi bacarmalıdır. Bunun üçün insanda iradə və qürur olmalıdır. Bunlar yoxdursa bax beləcə hər şey paramparça olacaq. Yarası qəlbləri didəcək, ortada uşaqlar varsa onlar ömür boyu valideynlərinin səhvinin acısını çəkəcəklər.
BəyənBəyən
Leyla və Murad mənim gözümdə şəhvanə hisslərinin əsiri olan biriləri kimidir. Yenə də nəfs və qürur!Həyatda hər şey ötəridir anlamaq lazımdır. Nə bilim, bəlkə Allah onları o cür yaradıb ki, onların əməli başqalarına dərs olsun…
BəyənBəyən
Mənim başım yeni təqdim edəcəyim reseptə qarışıb, indi gəldim, canım.
Çiçəkdən danışmaq istəmirəm, bəlkə heç danışmadım da. Qoy hələ bir az müəmmalı qalsın görək))
Leyla haqqında da ola bilsin növbəti hissədə bir qədər geniş yazdım.
Oxuduğun üçün təşəkkürlər, canım😘😘😘
BəyənBəyən
Davamını səbirsizliklə gözləyirəm 💋
BəyənBəyən
Canım gözüm sevincim, oxudum, bu hissə də maraqlı idi, yəni siz yazsanız ki, Vasif niyə sevir, nahaq sevir, onda bu əsər olmaz ki, həyatda hər cür insan var, sevəni də var , sevməyəni də, xanımını aldadanı da var, aldatmayanı da, Vasif də sevir , neyləsin ki, sevib, günahkar qəlbidir yəqin, əqli deyil, qəlbi ilə sevən biridir, sevmək deyəndə əql ilə sevə bilməzsən ki, sevgi yalnız qəlbdə olar, Vasif bəy də işə düşüb əməllicə…Vasifə zaman lazımdır sadəcə, əgər ortaya başqa iş çıxmasa…. yıxdı millətin evini telefonlar… Leyla ilə Muradı deyirəm…
BəyənBəyən
Mənim ədəbiyyatsevər, sarışınım, tam doğrusan, elə buna görə də gələn hissədə Leyla obrazını da sizlə daha yaxından tanış edəcəm💐🌺🌹
BəyənBəyən
bir gün onu sevdiyinizə peşman olacaqsınız. Hətta “onu sevdiyim üçün özümə nifrət edirəm” deyəcəksiniz…
çox sevdim bu kəlmələri çünkü bu kəlmələrdə bir həqiqət var
Əsərdə Günəşli yatağı ilə bağlı hissə məni çox təsirləndirdi Çünkü qəsəbəmizdən iki ailənin gözü hələ də yoldadı bu itgin düşənlərdən biri çox cavandı fikirləşirəm ki onsuzda çəlimsiz olan yoldaşı indi daha da çəlimsizləşib.
BəyənBəyən
ALLAH heç kimi gözü yollarda qoymasln, bundan pis heç nə yoxdu…
BəyənBəyən
Reblogged this on Sevincli Dünya və şərh edildi:
Dəyərli oxucuların istəyi ilə
BəyənBəyən
“Yanlış sevgi, qıfıla salınmış yanlış açara bənzər. Ya ilişib qıfılda qalacaq, ya da sınıb çıxacaq, amma qıfılı açmamayacaq” əzizim bu fikriniz eynimə qazındı heç vaxt unutmamaq şərtiylə. Allahım ən qorxduğum yalnışların ən yanlışı olan, yalnış sevgilərdən, nəfsimizin qurbanı olmaqdan hifs etsin cümləmizi Amin. Bu sözüm yersiz, həm də kobud səslənsə də, hər gün deyirəm internet və mabil telefon icad edib çıxaranı rahat yatmasın….Hər ikisindən özüm də istifadə etməyə məcbur qaldığımçün, bəzən özümə belə qəzəblənirəm. Bəzən də zəhləm getməyə başlayır özümdən, istəmədiyim halda istifadə etdiyim üçün….Allahım ağlımızı qoru, ya Rəbbim ailə, övlad aarşısında xəcalət çəkməklə, vizdanı sızlamaqla sınama bizi Amin.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Axşamın xeyir, Xəyalə. Çox təşəkkür edirəm sənə, hər bölüm üçün burda da fikir bildirirsən. 😘😘😘💐💐💐🌷🌷 Amin…inşAllah Rəbbim heç kimi xeyirli yolundan azdırmaz.
BəyənBəyən
Bele gözel hekaye yalnız, qelbi gözel insandan gele biler, üreyine sağlıq canım, ümid ediremki Vasis bey ailesinin gözelliyinin ferqine varıb , onu sevecek , ve çox xoşbext olacaq , çünki hem özü, hemde heyat yoldaşı buna laiqdi
BəyənBəyən