Sevgimin rəngsiz adı…(III hissə)

image

– Yox, Səmra xanım, yox, məndən bunu istəməyin.
– Vasif bəy, sizin sahib olduğunuz hissin adı eşqdir, mənsə bunu daha sağlam və müqəddəs bir hisslə əvəz etməyinizi istəyirəm, bunun nəyi pisdir ki? Mən sizə sevin deyəndə, yenidən aşiq olun demirəm ki, siz belə aqressiv reaksiya verirsiniz. Bilirsiniz, o qəlb saf, o düşüncə sağlamdır ki, orda sevgi adlı bir hiss məskən salıb. Sevgi olan qəlbdə heç vaxt pislik bərqərar ola bilməz. İnsan sevməsə, kamilləşə bilməz. Cansız əşyalardan tutmuş, ən xırda canlıya qədər hər şey sevgiyə möhtacdır. Ən sevimli əşyaları göz bəbəyimiz kimi qoruyuruq, dibçəkdəki güllərə min qayğı göstəririk. Hələ sevimli ev heyvanlarını demirəm, bir gün qeydinə qalmasaq olarmı? Yox! Deməli, sevgisiz həyat yoxdur bu bəşəriyyətdə. Mövcud olacağı da mümkünsüzdür. Deyirlər dünyanı gözəllik xilas edəcək, mənsə deyərdim, dünyanı gülüstan edən bircə hiss var, o da sevgidir…
Vasif Səmra xanımı sonadək dinlədikdən sonra:
– Mən onu unuda bilmirəm, – dedi. Mənim sevgi adlı yolumun tək ünvanıdır o qadın. Mən xəyanətkar ola bilərəm, mən nankorluq edə bilərəm, hər kəs məni qınaya bilər, buna haqları da var. Amma siz məni başa düşün, Səmra xanım, unutmağı bacarmıram, vallah bacarmıram.
– Sizi qınamağa haqqı olan var, bəli, doğru deyirsiniz. Çünki sizi sevgi ilə əhatə edən bir ailəniz var. Heç düşünmüsünüzmü, bir gün hər hansı yolla bu yaşadıqlarınızın üstü açıla bilər. Siz həyat yoldaşınızın bunu necə qarşılayacağını təsəvvür edirsinizmi?
– Bilirəm, bilirəm ki, məni ömürlük bağışlamaz və mən onu itirə bilərəm.
– Yəqin ki, bunu istəməzsiniz.
– Əlbəttə, istəmərəm, o mənim evimin qadını, uşaqlarımın anası, həyat yoldaşımdır.
– Bax elə bunların xatirinə sizə unudun, ümidinizi üzməyin deyirəm. Mən sizə həyat yoldaşınızı sevin, daha çox sevin də deyə bilərdim. Amma bilirəm ki, mən deməsəm də siz onu sevirsiniz, təəssüf ki, bu sevgi sizə eşqinizi unutmağa kömək etmir. Çünki ona müraciətdə evimin qadını dediniz, könlünüzün qadını isə bir başqasıdır…
Yəqin ki, dostluq etdiyiniz həmcinsləriniz də var, Vasif bəy, elədirmi?
– Bəli, ətrafımda yetərincə yaxşı dostlarım var.
– Bu halınızdan da xəbərdar olmamış deyillər.
– Elədir.
– Bəlkə onlar da arabir sizi ovutmaq üçün cəhdlər edirlər. Amma bunun da heç bir faydası olmayacaq. Yaranı açan əlin eyni bədəndən olanı onu bağlamağa qadir ola bilər ancaq. Sizə dərdinizi bölüşə biləcəyiniz, sirrinizi etibar edə biləcəyiniz bir qadın lazımdır. Bilirəm, deyəcəksiniz ki, nə kimsəni sevə bilərəm, nə də dost ola bilərəm.
– Tamamilə doğrudur, mən həyatımda bir qadınla dostluq münasibəti qurdum və nəticəsi göz qabağındadır.
– Mən elə ona görə sizə bu təklifi etdim. Nəticəmiz uğurlu alındığı halda iki vacib hadisəni reallaşdırmış olacağıq.
– Anlamadım, Səmra xanım, fikrinizi aydın izah edə bilərsinizmi? – Vasif gülümsündü.
– Yəni, sizə onu demək istəyirəm ki, mən deyənə əməl etsəniz həm eşq acınıza məlhəm tapmış olacağıq, həm də qadınla kişinin dostluğunun reallığına şübhəniz qalmayacaqdır. Başdan sizə “sevin” deyəndə, bunu nəzərdə tuturdum. Dostluq da sevgi, hörmət, ehtiram deməkdir. Eşqdən fərqli hissdir, çılğın deyil, ağılı arxa plana atmır heç zaman, rəngi də, çaları da çox sadə və gözoxşayandır.
Səmranın Vasiflə danışığı saatlar idi ki, davam edirdi. İş saatı çoxdan bitmişdi. Lakin nə Səmra, nə də Vasifin saata baxmaq yadına belə düşməmişdi. Səmranın telefonuna gələn zəng onların söhbətini yarımçıq saxladı. Qısa və bir qədər də narazı halda danışan Səmra telefonu masaya qoyub qol saatına baxdı. Saat səkkizin yarısını göstərirdi.
– Vasif bəy, artıq gecdir, bu günlük söhbətimizi burda yekunlaşdırsaq yaxşı olar. İnşAllah gələn həftənin bugünkü günü yenə sizi gözləyəcəyəm.
– Səmra xanım, bir neçə günlük Bakıdayam. Bəzi işlərim var yoluna qoymalıyam, sabah sizin qəbulunuza gələ bilərəmmi?
– Üzrlü sayın, Vasif bəy, sizi məmuniyyətlə qəbul edərdim, amma sabah mümkün olmayacaq. Həftənin şənbə günləri klinikaya gəlmirəm. Ehtiyacı olan birinin şəxsi qəbulunda oluram. Qarabağ müharibəsinin vurduğu yaralar sağalmır ki. 25 ildən çox bir müddətdə torpaqlarımız işğal altında qaldı. Gec də olsa, uzun da çəksə bu haqsızlığa son qoyuldu, yenidən yurd-yuvamıza qovuşa bildik. Müalicəsinə vaxt ayırdığım şəxs də torpaqlar azad olunduqdan sonra ailəsini də götürüb həsrətinə son qoymağa gedibmiş. Evləri minalardan təmizlənmiş ərazidə olmasına baxmayaraq, ehtiyatsızlıqdan bədbəxt hadisə baş verib. İşarələnmiş sahəni keçən on iki yaşlı nəvəsi ayağını minaya basıb, bir göz qırpımında uşaq parça-parça tikələrə bölünüb. Hadisənin şokundan çıxa bilməyən baba iki aydır nə dinir, nə də danışır. Sabah Türkiyədən tanınmış psixoloq gələcək – Nurgül Kocaköy. Onunla birgə bir neçə elmi konfranslarda iştirak etmişik, sağ olsun dəvətimi qəbul etdi. Güman edirəm müsbət nəticəyə birgə nail ola biləcəyik.
– Çox üzüldüm, Səmra xanım. Allah özü yardımçınız olsun. Ağır dərddir, belə hadisələr uzun müddət insanların yaddaşından silinə bilmir.
– Elədir, Vasif bəy. Psixoloji zədə almış olur insan. Qələbə xəbərinin sevinci ilə getmişdilər, bədbəxt hadisənin yarası ilə qayıtdılar. Bəzi insanların taleyində həmişə bir yarımçıqlıq olur. Sevinci sona qədər yaşamamış kədər yapışır yaxalarından, Vasif bəy…
Vasif Səmra xanımla sağollaşıb otaqdan çıxdı. Səmra isə gündəliyə göz gəzdirib bazar ertəsi üçün işlərini planlaşdırdı. Lamiyəni çağırıb otağın açarını verdi, çantasını götürüb çıxdı.
Qaranlıq havanın nəfəsindən qar qoxusu gəlirdi. Çoxdandı şəhərin küçələri qalın qara həsrət qalmışdı. Səmra qışın soyuğunu sevməsə də, aramla yağan qarı, qarda yeriyərkən ayaq izlərinin düşməsini, ayaqqabı ilə qarın təmasından yaranan o xüsusi xışıltını çox sevərdi. Uşaq olanda qışın gəlməsini, qarın yağmasını heç sevməzdi. Çünki qartopu oynamaqdan çox qorxmuşdu, daha doğrusu yaramaz bir oğlan uşağı qartopunun içinə daş qoyub Səmraya atmışdı. Yazıq qızcığaz ağrıdan ikiqat olub, qarnını tutub yerə yıxılmışdı. Elə o gündən də qışın ən gözəl xüsusiyyəti olan qartopu oynamağın sevincini pəncərə arxasından seyr edərdi, içində qorxu qalmışdı deyə. Amma indi çox həsrətlə qarın yağmasını gözləyirdi, elə bilirdi qar yağanda bütün kədərlərinin üstünü örtəcək, dərdləri, qayğıları qarın altında gizlənib yoxa çıxacaqdı. Fikirləri buz bağlayıb binaların damından sırsıra kimi sallanacaqdı. Yay-qış deməyib üşüyən qəlbini şaxta kəsəcək, ağrısı donub qalacaqdı…tez yağ, gecələrin bəyaz örtüsü, yağ da sevindir insanları, qoy onlar unutsunlar içindəki ağrılarını…
Səmra dayanacağa keçib küçənin başına boylandı. Nə bir taksi göründü, nə də avtobus. Həm hava soyuq idi, həm də Səmra yorulmuşdu, ayaqla getmək onu bir qədər də yoracaqdı deyə məcburən gözləməli oldu. Şəhərdə əvvəlki kimi tıxac olmurdu. İşğal altında olan torpaqlarımızda yaşayış qismən bərpa olunmuşdu. Əhalinin müəyyən qismi öz dədə-baba torpaqlarına geri dönmüşdü. Buna baxmayaraq marşrutlarda yenə də ləngimə, gecikmə olurdu.
Səmra qol saatına baxdı, düz on dəqiqə idi ki, gözləyirdi. Nə qədər səbirli olsa da gözləməklə heç arası yox idi. Ona görə də dayanacaqdan üzü evə tərəf asta addımlarla yoluna davam etdi. Qarşıdakı marketin al-əlvan işiqları Səmranın diqqətini cəlb etdi. Yolun sağına keçib marketə girdi. Marketin ərzaq bölmələrini bir-bir gəzsə də heç nə götürmədən geri qayıtdı. Kim üçün götürəcəkdi ki?! Tək qalırdı Səmra, yeməyə düşkün də deyildi. İndi kimin üçün alacaqdı bu nemətləri? Bir anlıq gözünün qabağına övladlarıyla keçirdiyi günlər gəldi. Onlar dərsdən evə gələnəcən ən sevdikləri yeməyi masada görəndə sevinclərinin həddi-hüdudu olmazdı. Səmranı qəhər boğdu, gözləri doldu, marketə necə girmişdisə, eləcə də əliboş geri qayıtdı. Fikirli-fikirli qapıdan çıxmaq istəyirdi ki, qoluna kiminsə toxunduğunu hiss edib geri çevrildi. Gözləri necə dolmuşdusa eynəyin altından Vasifin üzünü seçə bilmirdi.
– Səmra xanım, bir narahatçılığınız var? – Vasif çaşqın halda Səmradan soruşdu.
Vasifi səsindən tanıyan Səmra eynəyini çıxarıb cib dəsmalı ilə təmizlədi, əlinin arxası ilə gözünə toxunur kimi kirpiklərində donub qalmış yaşı sildi, eynəyini gözünə taxıb çətin də olsa gülümsündü:
– Yox, Vasif bəy, heç bir şey olmayıb. Sürücü maşının nasaz olduğunu dedi, ustaya göstərib, usta da bir gün qalsın deyib. Mən də klinikadan çıxdım ki, evə gedim. Gözlədim nə marşrut gəldi, nə də tərslikdən taksi. Hava da soyuq, piyada bir qədər getdim, heç bilmədim marketə necə girdim. Bir az gəzdim, gördüm almağa münasib bir şey də yoxdur, çıxdım ki, hava bir az da soyumamış tez eve gedim, – Səmra vəziyyətdən çıxmaq üçün bilmirdi fikrini necə çatdırsın.
Vasif Səmranın həyəcanlı olduğunu hiss etmişdi:
– Əslində bu halınıza səbəbkar mənəm. Mənim üzümdən bu vaxta qaldınız. Gərək klinikada ikən mənə deyərdiniz, sizi evinizə mən aparardım. İndi icazə verin günahımı yuyum, Səmra xanım.
– Necə yuyacaqsınız, zamanı gerimi çəkəcəksiniz? – Səmra soruşdu.
– Yox, bunu etməyə qadir deyiləm. Amma, ən azından, sizi bu soyuqda rahat şəkildə mənzil başına çatdıra bilərəm, – Vasif yaxınlıqda saxladığı avtomobilini göstərərək, – Xahiş edirəm, Səmra xanım, buyurun əyləşin.
Səmra Vasifin təklifini etiraz bildirmədən qəbul etdi, hətta ürəyində buna çox sevindi. Çünki nə taksi gözləməyə hövsələsi qalmışdı, nə də avtobusda getməyə əsəbləri dözəcəkdi. Ona görə də Vasifə təşəkkür edib avtomobilə əyləşdi.
Vasif hündürmərtəbəli binanın qarşısında maşını saxladı. Səmra etika xatirinə Vasifi evə dəvət edərək, yarızarafat:
– İkinci blok, yeddinci mərtəbə, sol qapı, buyurun, qonağım olun.
– Təşəkkür edirəm, Səmra xanım. Siz gözəl həkim olmaqla bərabər, həm də gözəl insansınız.
– Minnətdaram, xoş sözləriniz üçün sağ olun, – Səmra bir daha təşəkkür edib maşından endi.
Vasif çox diqqətcil biri olduğu üçün Səmra evə qalxıb işığı yandıranacan maşını yerindən tərpətmədi. Pəncərədən gələn işığı görüb arxayın olduqdan sonra həyətdən çıxdı. Amma fikri hələ də Səmranın marketdəki halının yanında qalmışdı. – Görəsən dərdi nədir? – deyə Vasif maşını fikirli-fikirli işıqfordan sağa sürdü.
Səmra evə qalxıb paltosunu soyundu, mətbəxə keçib çayın altını yandırdı. Kompüteri açıb yoxladı. Qızından mesaj gəlmişdi: “Ana, işdən gələn kimi məni ara”.
Saata baxdı, gec deyildi deyə qızını yığdı.
…Səmra artıq iki il idi ki, tək yaşayırdı. Oğlu və qızı ailəsi ilə xaricdə yaşayırdı. Xarici şirkətlərin biri ilə uzunmüddətli müqavilə bağlamışdılar. Ancaq ildə bir dəfə vətənə gəlməyə icazə vardı. Onlar da bu imkanı həmişə yay tətilinə saxlayardılar. Fevral ayında isə Səmra bir aylıq məzuniyyət götürüb övladlarının yanına gedərdi. Beləcə, ildə iki dəfə görüşmək imkanları olardı. Yoldaşı isə övladları xaricə köçdükdən sonra tez-tez bacısının yanına gedərdi, uzun müddət qaldıqdan sonra yenidən Bakıya qayıdardı. Bacısı həkim məsləhəti ilə bir neçə illik rayonda yaşamalı idi. Bacısına çox bağlı biri olduğu üçün yoldaşı bu ayrılığı qəbul edə bilmirdi. Övladlarından ayrı qala bilirdi, amma bacısından yox. Buna görə də bəzən aylarla Səmra evdə tək qalmağa məcbur olurdu. Uzun yol, həm də baxımsızlıq ucbatından son gedişlərin birində o bərk xəstələnir. Bacısı narahat olar deyə bir müddət xəstəliyini gizlədir, xəstəlik isə öz işini görür. Artıq Bakıya gəlib yoxlanmaq üçün həkimə gedəndə, həkim çox gec olduğunu deyir. Üç aydan sonra isə dünyasını dəyişir…
Oğlu hələ atası sağ ikən, xaricə köçərkən anasını çox dilə tutmuşdu, amma Səmra razılıq verməmişdi. Qızının yalvarışları belə onu yola gətirməmişdi:
– Ana, sən bizə söz vermişdin, nə tez unutdun bəs? Sən bizimçün nə əziyyətlərə qatlaşdın, hər dəfə balaca əllərimlə gözünün yaşını siləndə mənə təsəlli verərdin ki, darıxma, qızım, sən böyü, ali məktəbi qurtar, səni gəlin köçürüm gəlib sənin yanında qalacağam. Nə oldu, niyə sözünü tutmadın? Gedək bizimlə, ana, gəl gedək, yalvarıram gedək. Yoxsa unutdunmu o ağrılı-acılı günlərini? Unutdunmu yaşadıqlarını? Yoxsa yenə həmişəki kimi bağışlayıb özünü fəda edəcəksən?
Səmra qızını bağrına basıb hönkürüb ağlamış onun könlünə dəyməmək üçün:
– Yaxşı, qızım, siz gedin yerləşin, işlərinizi qaydasına salın gələcəm.
– Söz verirsən, ana?
Səmra bir anlıq duruxsa da:
– Söz verirəm, qızım, gələcəm, – demişdi.
Amma sözünə əməl etməmiş, Bakıda qalmışdı. Qızı gələ bilmədiyinin səbəbini soruşanda da belə izah etmişdi:
– Sən mənim ağıllı qızımsan, yaşadıqlarını da heç vaxt unutmaram. Çox şükür Allah dualarımı eşitdi, səni xoşbəxt görə bildim. Amma məni bağışla qızım, ayaqlarım get desə də, içimdən bir əl məni geri çəkir. Məncə bu vicdan hissidir.
– Hə, ana, sən bu hissin gücü ilə özünün ikinci səhvini etmişdin. Biz atasız qalmayaq deyə cəhənnəm əzabı bir həyatı qəbul etmişdin. Amma mən elə bilirdim sən bir daha bu səsə qulaq asmazsan daha. Çünki o səs sənin həyatından ən gözəl illərini aldı, o səsi sən dinlədin, amma kiminçün özünü qurban etdinsə, o səni heç vaxt dəyərləndirə bilmədi. Vicdanının sənə gətirdiyi nə oldu? Vicdansızlıq naxışı ilə ömrünə qara günlər nəqş olundu. Kim etdi? Onun təkliyini sənin vicdanının qəbul etmədiyi şəxs….
– Qızım, heç nəyi unutmamışam, həyatımın hər anı bir film kimi gözümün önündədir daima. Mən vicdanımın səsinə qulaq asdım, doğrudur, amma bunu atandan çox bəlkə də sizin üçün etdim. Mən bir qadın kimi həyatın gözəlliklərinə göz yumdum, amma mən həm də bir anayam axı. Nə çəkdiyim, nə yaşadığım mənim içimdədir, kənara daşımaq mənə heç nə qazandırmazdı. Sən hələ çox gəncsən, bir gün mənim haqlı olduğumu qəbul edəcəksən. İndi məni doğru başa düş, bu qədər əziyyətlərə tab gətirən mən, bu gün atanı tək qoyub sizin yanınıza köçə bilməyəcəyəm.
– Vicdanın qəbul etməyəcək yenə? Yenə vicdan? Vicdanı pas tutmuş birindən sən nəsə gözləyirsənmi? Qoy bir dəfə də istəyin daxilindəki hissinə qalib gəlsin, bəs deyilmi bu qədər, ana?
– Konfutsi bilirsənmi nə deyib, qızım? “Kamil insan gözəl söz söyləyən insan deyil, söylədiyini edən və edə biləcəyini söyləyəndir”. Mən də belə doğulmuşam, təbiətim budur, dəyişə bilmərəm özümü, bağışla məni, qızım…
Qızı bir müddət anasından incik qalsa da onu anlamış, gəlməyəcəyini qəbul etmişdi. Hətta atasının ölümündən sonra da Səmranı yanlarına apara bilməmişdilər.

…Günlər bir-birini elə qovurdu ki. Adətən, insanlar mənzil başına çatmaq üçün addımlarını yeyinlədər, amma ömür adlı mənzilin sonuna isə heç kim birinci çatmaq istəməz. Ayağını sürüyən kim, ikiəlli dünyanın ətəyindən tutan kim, sürünürək ömrü başa vuran kim…
Yeni iş həftəsi də bax beləcə başa çatmaq üzrə idi. Sabah həftənin cümə günü idi. Səmranın ən ağır iş günlərindən biri idi. Otaqda var-gəl etdi, mətbəxə keçib qazı yoxladı, işığı söndürüb yataq otağına keçdi. Çarpayının yanındakı dolabın siyirməsinə qoyduğu kitabı çıxartdı, gecə lampasımı yandırıb yerinə uzandı. Bir-iki vərəqini oxumadan çevirib vərəqlədi, eynəyi gözündən çıxarıb kitabı bağladı. Səbri qalmamışdı, heç kitab oxumaq həvəsində də deyildi. Telefonu götürüb internetden çoxdan unudulmuş mahnıları axtardı. Bir neçəsini dinlədi, bəzilərinə yarımçıq qulaq asdı, sonuncu mahnıdasa, xəyal onu o qədər uzaqlara apardı ki. O illərdə o qədər xatirə, o qədər həsrət yığılmışdı ki, qalaq-qalaq…uşaq olanda anası onunçün oxuyardı bu mahnını, anasının gözəl səsi vardı, o qədər məlahətli idi ki, oxuduğu hər mahnı ana laylası kimi insanın iliyinə işləyirdi. Səmra evin ərköyünü olmuşdu, hamı onu çox istəyər, əzizləyərdi. Xətrinə dəyən olan kimi anası ona könlünü ala biləcək bir mahnı oxuyardı, Səmra da o saat gülümsəyərdi. İndi həmin mahnılardan biri ifa olunurdu.

Olaram dərdə həmdəm,
Səni qəmli görəndə.
Ürəyimi üzər qəm,
Səni qəmli görəndə.

Boran olar, qar olar,
İşim ahu-zar olar,
Mənə dünya dar olar
Səni qəmli görəndə.

Gözlərindəki sevgi dolu xoşbəxtlik Səmra ilə düz 19 il yol yoldaşı oldu. Bu yaşdan sonra isə nə gözündən qəm əskildi, nə də qəminə şərik sirdaşı oldu. Səmra dərdini içində çəkdi, dərdinin yükü nə qədər ağır olsa da daşıya bildi, heç kimə əziyyət vermədi, hər kəsi xoş dindirdi, hər kəslə mehriban dolandı. Kimsəni incitmədi, baxmayaraq ki, özü yersiz hey incidildi…

Səhər saatlarında yuxuya gedən Səmranı telefonun səsi oyatdı. Klinikadan Lamiyə idi. İş saatı başlamışdı, Səmra işdə yox idi deyə narahat olmuşdu. Səmra Lamiyəyə işə gələ bilməyəcəyini deyib dəstəyi asdı.
Lamiyə dəhlizdə gözləyənlərə yaxınlaşıb:
– Sizin hər birinizin qəbulunu növbəti həftənin müəyyən günlərinə yazıb xəbər edəcəm. Səmra xanım bu gün olmayacaq, gözləməyinə dəyməz, – dedi.
Səmra yatağından qalxıb əl-üzünü yudu, mətbəxə keçdi. Yüngülvari səhər yeməyi hazırladı. Birdən yadına düşdü ki, bu gün həftənin cümə günüdür, Vasifin qəbula gələn günü. Dərhal telefonu götürüb Lamiyəyə zəng etdi:
– Lamiyə, Vasif gəlmişdi?
– Bəli, Səmra xanım, gəlmişdi.
– Bu gün cümə günü olduğunu necə unutmuşam, axı Vasif uzaq yoldan gəlir, onu mütləq qəbul etməliydim.
Səmra telofonun yaddaşına baxıb Vasifin nömrəsini tapdı. Yığmaq istəyirdi ki, qapının zəngi çalındı. Səmra əl saxlayıb qapıya yaxınlaşdı. Qapını açanda gözlərinə inanmadı. Vasif idi.
– Sabahınız xeyir, Səmra xanım. Necəsiniz? İşə gəlməyəcəksiniz dedilər, nigaran qaldım sizdən. Dedim yollüstü baş çəkim, bəlkə nəyəsə ehtiyacınız olar deyə.
– Xoş gəlmisiniz, Vasif bəy, buyurun içəri keçin. Mən də elə indicə sizi arayacaqdım.
– Çox sağ olun, yox, keçməyim. Yaxşı olduğunuzu gördüm, indi rahat gedə bilərəm.
– Yox, Vasif bəy, getməyin, dedim axı, sizə zəng edirdim mən də, uzaq yol gəlmisiniz, sizi mütləq qəbul etməliyəm. Çox yox, beş dəqiqə gözləyin bu saat gəlirəm.
Səmra yataq otağına keçib üstünü dəyişdi, qazı, işığı söndürüb qapıda gözləyən Vasifə yaxınlaşdı:
– Gedək, Vasif bəy.
Onlar Rəşid Behbudov küçəsindən keçəndə Səmra dedi:
– Vasif bəy, sola dönməyin, zəhmət olmasa düz sürün.
– Klinikaya getmirikmi?
– Əgər etiraz etməzsinizsə, yox, – Səmra gülümsündü.
– Siz necə məsləhət görürsünüz, Səmra xanım.
– Onda sürün dəniz kənarına. Bu hər ikimiz üçün daha yaxşı olacaq.
Onlar bu günkü söhbət üçün sahilin ən sakit yerini seçdilər. Hava xoş olsa da, soyuq hava dənizin dalğalarından süzülüb gəldikcə elə bilirdin dağların sərin mehi adamın ciyərinə hopur. Sahilboyu islaq qumun üzərində heç bir dənə də iz tapmaq olmurdu. Elə bil soyuq hər kəsi dənizdən küsdürmüşdü. Səmra ilə Vasif bir xeyli, danışmadan yanaşı addımladılar. Gəzinti zamanı Səmra bir neçə dəfə çevrilib arxaya baxdı. Sonuncu dəfə baxanda Vasif özünü saxlaya bilmədi:
– Səmra xanım, bir narahatçılığınız var, yoxsa kimisə gözləyirsiniz?
– Yox, heç bir narahatçılığım yoxdur və heç kimi də gözləmirəm.
– Bəs niyə, – Səmra Vasifin sözünü yarımçıq kəsdi:
– Bəs niyə tez-tez dönüb arxaya baxıram? Bilirsiniz niyə, Vasif bəy? Bir çevrilib nəm qumda qalan addım izlərimizə baxın. Təsəvvür edin ki, geri dönüb bu izi dəyişmək, səmtini başqa yönə çevirmək istəyirik. Kimlərinsə arxamızca gəlib bizi tapmaması, hara getdiyimizi, necə getdiyimizi bilməməsi üçün bunu etməmiz lazımdır. Edə bilərikmi? Yox! Vaxtında düz bilib, əslində səhv atdığımız addımın izləri də, bax bu yerə hopan ləpirlər kimidir. Nə qədər düzəltməyə çalışsaq da onu dəyişməyi bacara bilməyəcəyik. Ona görə də gərək addım atmazdan əvvəl ayağımızın altına yaxşı fikir verək.
– Razıyam sizinlə, Səmra xanım. Bizim ən böyük səhvimiz, səhv olduğumuzu qəbul etməməyimizdir.
İnsan heç vaxt özünü görə bilmir, doğrudurmu? Biz özümüzü görmək üçün gərək bir başqasının surətində özümüzü yaradaq və o surəti incələyək. Onda etdiklərimizin doğru qiymətini daha yaxşı vermiş olarıq. İndi sizə bir qadının yaşadıqlarını ta başdan danışacağam. Və sizdən də həm çıxış yolu, həm də münasibət gözləyəcəyəm.
Vasif qaşlarını çatıb mənalı-mənalı Səmraya baxdı.
– Niyə belə çaşqın baxdınız? Məgər biz insan deyilik? Problemləri təkbaşına çözəsi deyilik ki, çox da ki, psixoloq işləyirik. Bizim də ürəyimiz, hissimiz var, Vasif bəy, – Səmra sual dolu gözlərini ona dikmiş Vasifə baxıb gülümsədi.
– Buyurun, danışın, Səmra xanım. Əgər əlimdən gələn bir şey olacaqsa, inanın bunu sizdən əsirgəməyəcəyəm.
– Təşəkkür edirəm, Vasif bəy, sadəcə istəyirəm fərqli və oxşar talelərdən xəbəriniz olsun. Bu danışacağım hadisə öz rəfiqəmin başına gəlib.
Söhbət açdığım gənclər saytların birində tanış olublar. Leyla xaricdə yaşayırdı o zaman, oğlan isə burda, Bakıda. Onların da münasibəti dostluqla başlamışdı əslində. Oğlan çox imanlı biridir, subaydır, Leyla isə ailəlidir, həm də iki övladı var. Leyla sevib ailə qursa da sonradan aralarındakı möhtəşəm bildikləri sevgi öləzimiş, daha doğru desək, sönüb getmişdi artıq. Bilirsiniz, qadın çiçəyə bənzər, çiçək hər gün ehtiyacı olan suyu içməzsə, gün-gündən solacaq. Qadın da sevgisiz qaldısa ruhən ölmüş olacağına şübhə yox. Leylanın da ruhu can verən zaman Muradla tanış olur. Əvvəl “sizli-bizli” danışmalar vaxt keçdikcə yerini daha səmimi söhbətə verir. Bir müddət beləcə yazışırlar, dərdləşirlər. Hər ikisi bilə-bilə ki, artıq onların münasibəti dostluq çərçivəsin çoxdan aşıb, amma heç biri bunu etiraf edəcək gücü özündə tapa bilmir.
Bir gün Murad Leylaya yazır ki, bir sualım var sənə, özümün də fikirlərim çaşıb, kömək edə bilərsən mənə? Leyla da təbii ki, söylə deyir. Muradın sualı belə olur ki, bəs insan birini sevə-sevə başqasını da sevə bilər? Leyla Muradın nəyə işarə etdiyini anladığı üçün, bilə-bilə deyib ki, bir az qarışıq mövzudur, amma sevə bilər. Artıq onlar bir-birlərini anlayıblar və beləcə münasibətləri getdikcə dərinləşib.
Necə olubsa, bir gün sözləri çəp gəlib Leyla “mən saytdan ayrılıram, əlvida, Murad” deyib. Amma hara gedir, gözü mesaj qutusunda imiş ki, görək Muraddan sms gələcəkmi, Murad yazacaqmı, Leyla “getmə”? Gözlədiyi kimi də olur. Heç bir saat keçməmiş Murad yazır ki, Leyla, olar ki, getməyəsən? Bilirəm, bir gün gedişin olacaq, amma indi getme, indi getməni istəmirəm, körpəm…
Leyla da himə bənd imiş kimi: “Hec yerə getməmişdim mən, səhərdən yalvarıram ki, nolar birinci özü yazsın” – yazıb cavabında.
Bu iki gənc bir-birlərinə necə öyrəniblərsə, artıq hər gün yox, hər saatda danışıb mesajlaşmadan dura bilməyiblər. Buna baxmayaraq Leyla deyir ki, bir gün elə darıxdım, elə darıxdım ki, Allaha yalvardım ki, kaş bircə saatlıq da olsa yanımda olaydı, başımı çiyninə qoyub dinməzcə oturaydım, yanımdadır deyə dünyanın xoşbəxti olaydım, kaş bircə saatlıq da olsa bu olaydı…
Bilirsiniz Vasif bəy, sizinlə bu gənclərin sevgisi arasındakı fərqlilik nədir? Siz hiss etdiyiniz hər duyğunu yaşaya bilmisiniz. Üz-üzə, göz-gözə təmasda olmusunuz və ürəyiniz istəyib bir-birinizi arzulayanda da bunu reallaşdıra bilmisiniz. Amma bu gənclərin əlləri bir-birinə toxunmadan belə aralarında bu cür güclü sevgi yaranıb.
– Yəni, görmədən, duymadan yaranan sevgi. İnsan gözündə bu sevgi ilahiləşmiş sayılır fikrimcə.
– Haqlısınız, insan gözündə ilahiləşdirdiklərini adiyə endirə bilmir çox zaman, endirmək istəsə belə çətin olur. Hə, harda qalmışdım. Leyla necə darıxırsa zəng edir Murada. Tək zəng eləməklə də qalmır, telefonda ağlayır, həm də uşaq kimi içini çəkə-çəkə. Murad niyə ağladığını soruşanda deyib səni istəyirəm.
– Çox sadə, lakin imkansız bir cavab.
– Elədir, – Səmra gülümsəyib davam edir. Leyla təkrar-təkrar səni istəyirəm, Murad deyib ağlayır. Əlimi uzadıram boşliğa gedir, sənə toxunmaq istəyirəm, səni yanımda istəyirəm, tapa bilmirəm, bezirəm sənsizlikdən, Murad.
Murad Leylanı dinləyir, on dəqiqəyə gəlib saytda yazacam sənə deyib telefonu söndürür. Murad gələnəcən Leylanın saytdan olan bir dostu gözləmədiyi vaxtda ona mesaj yazır. Oğlan sevgilisindən ayrılıbmış, dərdini Leyla ilə bölmək istəyirmiş. Sözün düzü oğlanın pis niyyəti yoxuymuş, heç bu əqidədə biri də deyilmiş, sadəcə dərdləşmək üçün kimsəyə etibar etməyib, Leylanı seçib. Leyla da ürəyiyumşaq biri, həm də hörmət etdiyi yaxın birinin dərdi olduğu üçün öz dərdini unudub başlayıb buna təsəlli verməyə. Nə desə də görüb oğlanı yola gətirə bilmir, yazıb məni çox istəyirsən? Oğlan yazıb “hə”. Leyla da yazıb nə qədər? Aç əllərini göstər görüm.
Sən demə on dəqiqə çoxdan keçibmiş və Murad Leylanı “online” görüb profilinin şifrəsin bildiyi üçün keçib səhifəyə ki, görsün kiminlə yazışır.
– Qısqanclıq hissi, – Vasif söhbətin bu yerində özünü saxlaya bilmir.
– Mənsə, qısqanclıq deməzdim buna, yersiz və mənasız maraq hissi deyərdim, – deyib Səmra sözünə davam etdi. Hər şey də mesajları oxudqdan sonra başlayıb, Murad bir kəlmə deyib: “Niyə belə etdin, Leyla?”
Leyla çox dil töküb yalvarıb, vəziyyəti başa salmağa çalışıb Murad qəbul etməyib. Leyla deyir ilk dəfə idi ki, özümü belə çarəsiz hiss edirdim, nə edəcəyimi bilməyib susdum. Və Murad mənə bir əhvalat danışıb sağollaşdı, elə bil üzümə ağır bir sillə dəydi… Murad mesajında yazıb: “Bir gün bir qul azad olmaq istəyir, ağasına deyir burax məni gedim. Aga qula biraz pul verir, deyir: bu şəhərdə bir adam var, heç vaxt rüşvət almaz. Get onun yanına, bu pulu ona verə bilsən, səni azad edərəm. Qul gedir həmin adamın yanına, nə qədər yalanlar uydurur, dil tökür adam pulu qəbul eləmir. Çox yalvarandan sonra yazıq-yazıq baxır adamın üzünə deyir: axı sən bunu götürsən, mən azad olacağam… Adam deyir: axı sən azad olasan deyə mən qul ola bilmərəm…”

26/11/2015 tarixində Yazılarım içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Men indi ne deyim ki?! :(((((

    Bəyən

  2. Davamını səbrsizliklə gözləyirəm..Sonun necə olacaq görənn .Amma bir söz deyim oxuduqca çox sakitləşirəm özümdən asılı olan bir şey deyil.

    Bəyən

  3. Nəhayət, üçünü də oxudum, amma heç nə deyə bilmirəm, neçə insanın taleyi yarımçıqdır, davamını gözləmək qaldı mənə yenə,Seva. Allah necə deyərlər rüsxət versin davamını tez yazasan.

    Bəyən

  4. Çox sağ ol, İrinka, inşAllah tez bitirərəm. ☺️

    Bəyən

  5. Seva canım əvəla oxuduqca cox sevinirdim ki yaxın gələcəyimiz olduqca yaxşı təsvir olunub çünkü burdakı təsvirlər hamını rahatlaşdırar nəinki məcburi köçkünlərimizi sonrada deyim ki ellə ilk bölümdən bildirmişdimki sevirəm belə sadə dildə yazılan əsərləri Səmra xanımı öz psixoloquma bənzədirəm Psixoloq adama elə rahatlıq gətirir ki illərdir artıq getməsəmdə adi bir problemidə daxilimdə onunla çözürəm Əsərin bir yaxşı cəhətidə var ki arada yeni talelərlə də tanış oluruq. Səbirsizliklə ardını gözləyirəm

    Bəyən

  6. Bu da arzudur, Gülüm, arzu edək ki, qovişaq o günlərə inşAllah…
    Çalışıram tez yazım, amma bir tərəfdən də istəmirəm başdangetdi bir yazı alınsın deyə gecikdirirəm dərcini. İnşAllah çox intizarda qoymaram sizi😘😘

    Bəyən

  7. Sevincim, oxudum, maraqlı idi, həm də çox, qorxuram sonda Vasif Səmranı sevməsin,Səmradan da rədd cavabı almasın… Onda olacaq sevginin rəngsiz adı… Nə isə özümdən şeylər uydururam, nə olacaq zaman göstərəcək, bağban tələsər, armud vaxtında yetişər…

    Bəyən

  8. Alisam, sən istəyirsən Vasif Səmranı sevsinmi? Ay səni…sən ədəbiyyat vurğunusan da mütləq nələrsə tapmalısan. Gözlə, sarışınım, gözlə😘😘

    Bəyən

  9. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Dəyərli oxucuların istəyi ilə…

    Bəyən

  10. Xeyirli axşamlar əzizim. Bu qədər həyəcanla sonluğa necə çatacam bilmirəm. Hekayə məni qəlbdən aparmasa yaxşıdı)) Davamı və bitişi çox çəkməz İnşAllah😍😍😍

    Bəyən

  11. Çox gözel , maşaAllah,üreyine, ellerine sağlıq

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...