Sevgimin rəngsiz adı…(II hissə)

image

… Həftənin cümə axşamı idi. Sabah Səmra Vasifi gözləyəcəkdi. Vasif isə klinikaya getməməyə qərarlı idi. Bu gün işə də getməmişdi, özünü yaxşı hiss etmirdi. Evdə tək olduğundan mətbəxə keçib özünə çay süzdü. Salonda jurnal masasının üstünə qoyub televizorun düyməsinə toxunub yandırdı. Kanalları bir-bir dəyişir, verilişlərin görüntüsü ekrandan getməmiş, digərinə keçirdi. Növbəti kanala çevirəndə həzin türk musiqisi otağa yayıldı:

“Gidiyorum bütün aşklar yüreğimde,
Gidiyorum kokun hala üzerimde”…

Xatirindən silinə bilməyəcək o günü xatırladı Vasif…Bayırda yağış sel kimi tökürdü. Vasif yenə bir bəhanə ilə Bakıya gəlmişdi, işdən bir günlük icazəni ancaq ala bilmişdi. Yağışın yağması onun bütün planlarını alt-üst etdiyindən əsəbi görünürdü. Pəncərəyə yaxınlaşıb pərdəni araladı, bir küçədən sel kimi axan yağışa baxdı, bir də göy üzündə boşalmaq niyyəti olmayan buludlara. Çevrilib, bir də divanda oturub onu sevgi dolu baxışlarla süzən qadına baxdı. Razılıq cavabı almadan onun əlindən tutub qapıya tərəf çəkdi.
– Hara aparırsan məni, bayırdakı yağışı görmürsən?
– Gəl Çiçək, gəl! Qoy bu gün yağış da sevgimizin şahidinə çevrilsin, gəl…
…onlar yağışa meydan oxuyur kimi İçərişəhərin dolanbac küçələrindən keçib dənizkənarı parka çıxdılar. Vasif Çiçəyin üzünü ovucları arasına alıb:

– Səni necə sevdiyimi buludlar görsün, göy üzü şahid olsun, qoy torpaq hiss etsin ki, onun cadar-cadar olmuş sinəsi yağışa necə həsrətdirsə, mən də sənə, sənin sevginə, qoxuna, baxışına, nəfəsinə elə həsrətəm. Yağış torpağı isladır, sən mənim yanan ürəyimə sərinlik gətirirsən. Yağış torpağa can verir, sən mənə həyat yaşadırsan. Yağış torpaqdan axıb keçir, sən mənim ürəyimə dolursan…amma unutma, torpaq yağışdan doyar, mən səndən əsla doymaram, sevgili, – deyib, Vasif əllərini onun islanmış saçlarında gəzdirdi, üzünə toxundu. Yağış damlaları qadının saçlarından kipriklərinə düşür, oradan üzüaşağı axdıqca soyuqdan qızarmış yanaqlarında par-par parıldayırdı. Vasif qadının üzündən axan hər damlanı dodaqları ilə qurudur kimi onu öpüşlərə qərq etdi…

Yağış yağır, üst-başlarından süzülür, onlarsa dayanmır, əl-ələ, qol-qola gəzirdilər bu yağışın altında. Elə bil yağış da duymuşdu, duymuşdu ki, Vasif evdən yağışa inad çıxıb. Qolları arasına aldığı sevgilisini yağışa qısqanır kimi bir az da sinəsinə sıxan Vasif üzünü göyə tutub buludlara meydan oxuyurmuş kimi səsləndi:

– Yağ yağış, istəyirsən bütün il boyu yağ, sən mənim sevdiyimi məndən ala bilməyəcəksən, leysan ol tökül göylərdən, ağla qısqanclığından, ağlaya bildiyin qədər, yağış… Çiçək əlləri ilə onun dodaqlarına toxunub:
– Sus, Vasif, sus, eşidən olacaq, bəsdir.
– Qoy eşitsinlər, kim duymaq istəmir duymasın, duyanlar da qulaqlarını açıb yaxşı-yaxşı eşitsinlər. Sən mənimsən, mənim qəlbimdəsən. Kimsə nə səni məndən, nə də qəlbimdən qoparmağa cürət etməsin. Vasif Çiçəyin gözlərinin içinə sevgi dolu baxışlarla baxdı. Onun gözəl gözlərinin dərinliyinə qədər hopmuş bir xoşbəxtlik gördü.
– Nə xoşbəxt gözlərin var, sevgili? – deyə asta səslə pıçıldadı.

Çiçək  Vasifin üzünə toxunan isti nəfəsindən xumarlanan gözlərini süzdürüb:
– Nə qədər ki, sən mənim yanımdasan bu gözlərin xoşbəxtliyi itən deyil, sən mənim əvəzolunmazımsan, əzizim, – Çiçək başını Vasifin sinəsinə qoyub onun köksünə sığındı. Vasif dərindən nəfəs alıb:
– Sənin qoxun da mənim əvəzolunmazımdır, məni buna heç vaxt həsrət qoyma, çiçəyim…- deyib, yağışdan islanmış köynəyi onu üşüdər deyə qollarını çarpazlayıb qadını bərk-bərk qucaqladı, sinəsinə sıxıb ətrini içinə çəkdi…
– Ata, ata, biz gəldik, – Yağmur uşaq dəcəlliyi ilə özünü atasının qucağına atdı. Vasif gözündən süzülən yaşı əlinin arxası ilə silib qızını dizlərinin üstündə oturtdu:
– Mənim gözəl qızım xoş gəldi, – deyib onun şirin yanaqlarından öpdü.
– Ata, sən ağlamısan?
– Yox, qızım, niyə ağlayım ki?
– Bəs kirpiklərin niyə yaşdır?
– Külək gözümə toz uçurdu, yəqin ondandı.
– Külək? Ha,ha, ha! – Yağmurun gülüşü otağa yayıldı, – Ata, otaqda külək var? Heç pəncərə də açıq deyil axı.
– Mənim ağıllı qızım nə çox sual verdi, hə? Hə, nə çox sual verdin sən?  Vasif Yağmurun balaca ovuclarını yanağına toxundurdu, üzündən, gözlərindın öpüb qucağından yerə qoydu:
– İndi, qaç, ana paltarını dəyişsin.
Vasif kanalı dəyişib otaqdan çıxdı. Dəhlizdən asılmış gödəkcəsini götürüb mətbəxə tərəf boylandı:
– Evə bir şey lazımdırmı, əzizim?
– Uşaqlara dünən aldığın şokoladlı kekslərdən alarsan, başqa heç nə lazım deyil. Hə, bir də gec qalma.
– Yaxşı, qalmaram, bir az hava alıb gələcəm, narahat olma.
Cümə günü, saat 8:45-i göstərir. Vasif Bakıya, Səmra xanımın qəbuluna getməməkdə israrlıdır. Hamam otağından çıxıb mətbəxə keçdi. Yasəmənin açdığı süfrəyə baxıb:
– Əllərinə sağlıq, əzizim, yenə bu nə aləmdi hazırlamısan? – deyərək, stulu çəkib oturdu.
– Hamısı sənin üçündür, bilirəm yeməklə aran o qədər də xoş deyil, amma süfrə gözoxşayan olmasa heç adi çayı da ləzzətlə içməyəcəksən, – Yasəmən Vasifin üzündən öpüb onu mehriban baxışlarla süzdü.
Vasif Yasəmənin əllərini ovcunun içində saxladı, başını qaldırıb Yasəmənin üzünə baxmadan əllərindən öpdü. Vasifin üzünün ifadəsindən məmnunluq yağırdı. Yasəmən divardan asılmış televizorun düyməsini yandırdı. Vasif zarafatyana:
– Deyəsən səhərlər də serialın var? – deyib gülümsündü.
– Yox, əzizim, saat 09:00-da “Sağlamlıq” verilişi başlamalıdır, ona baxacam.
– Yoxsa bir problemin var? Ciddi sözümdür, ağrıyan yerin olar deməzsən birdən, – Vasif qaşlarını düyünləyib soruşdu.
– Yox, canım, heç yerim ağrımır, sadəcə yaxşı məsləhətlər verirlər, maraqlı gəlir mənə, heç sənin kimi yarı olanın dərdimi olar? – Yasəmən gözlərini Vasifə dikib durdu. Onlar bir müddət beləcə baxışdılar. Vasif tilsimlənib bu baxışlarda qalmışdı. Ürəyində özünü danlayırdı, belə bir qadına xəyanət etdiyi üçün peşmanlıq duyurdu. Boğazacan günaha batmışam, Allahım, bilsə məni bağışlamayacaq…
Aparıcı qızın səsi onların baxışlarını ayırdı: “Salam, sabahınız xeyir, hörmətli tamaşaçılar. Bu günkü qonağımız tibb elimləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin psixologiya kafedrasının baş müəllimi Səmra Məmmədzadədir. Xoş gəlmisiniz, Səmra xanım”.
Vasif Səmra adını eşidib ekrana baxdı, bəli, həmin Səmra idi. Vasif gözünü televizordan çəkə bilmədi. Günlərdir bir də o klinikaya getməyəcəm deyən Vasif Səmranın məlahətli səsini eşidən kimi qərarını bir anın içindəcə dəyişdi: “Yox, bu acıya birdəfəlik son verməliyəm, ən azından Yasəmənin gözlərinə dik baxmaq üçün”…

Səmra klinikaya iş vaxtından bir saat keçmiş gəldi. Dəhlizdə onu gözləyənlər içində kitab bağışladığı qadını gördü. Qadın Səmra xanımı görcək ayağa qalxıb salam verdi. Səmra gözləyənlərlə salamlaşıb otağına keçdi. Lamiyə növbəyə yazılan qadını içəri dəvət etdi.
Səmra nədənsə bu qadınla hər rastlaşanda özündən asılı olmadan üzünə bir əsəbilik ifadəsi hakim kəsilirdi. Lakin büruzə verməməyə çalışırdı. Səbirlə qadını dinləyir, gah onu düşüncəsizlikdə qınayır, gah da talelərdəki təzadlara mat-məəttəl qalırdı. Nədənsə qadın bu dəfə çox uzun danışmadı. Danışdığı söhbətin mövzusu da yenə pulsuzluqdan şikayət, bahalı geyim, xarici ölkələrdə istirahət oldu. Səmra qadını dinlədikdən sonra ilk sualı bu oldu:
– Siz xoşbəxt olmağı bu sadaladıqlarınızda görürsünüzmü? Sizcə insanı xoşbəxt edəcək digər səbəblər yoxdurmu?
– Məncə pulun açmadığı heç bir qapı yoxdur, insan nəyi istəsə pulla ala bilər. Bu gün mənim yetərincə pulum olsaydı heç bura ayağım dəyərdimi? İndi xoşbəxtlikdən havalarda uçurdum.
– Nədənsə sizi hər görəndə dahiləri xatırlayıram. Ona görə yox ki, buna sizin “düşüncə”ləriniz səbəb olur, sizin əməlləriniz məni buna məcbur edir. Mövlanə bilirsinizmi nə deyib: “Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükr edirlər”. Sizin bəyənmədiyiniz bu həyatın həsrətində olanlar var, xəbəriniz var? Sizsə şikayətçisiniz. İnsan bu qədər naşükür olarmı? Xoşbəxtlik pulla satın alınacaq qədər ucuz deyildir axı, niyə onu ancaq pulda axtarmalısınız?
Səmra səs tonunun qalxdığını hiss edib sözünü yarımçıq kəsdi. Yerindən qalxıb otaqda var-gəl etdi. Özünü sakitləşdirməyə çalışdı: – Səmra, sakitləş, özünü əla al. Sən psixoloqsan, sən həkimsən qarşındakının dərdini öz dərdin bilməsən həllinə kömək edə biləməyəcəksən.
Qadın başını aşağı salıb susmuşdu. Səmra məcburən gülümsəyib asta səslə sözünə davam etdi:
– Əlinizdə olanların qədrini bilin, bir gün bu halınızdan bezib onlar da sizi tərk edə bilər. Nə qədər gec deyil evin ab-havasını dəyişin. Gülümsəyin, hətta səbəbsiz olsa belə gülümsəməyə çalışın. Övladlnıza, həyat yoldaşınıza daha çox vaxt ayırın. Çalışın sosial şəbəkələrdən uzaq durun, kitab oxumağa üstünlük verin. Hə, kitab demişkən, keçən dəfə sizə kitab vermişdim, oxudunuzmu?
– Xeyir, vaxt etməmişəm, Səmra xanım, – qadın utancaq səslə dilləndi.
– Bu mənə qarşı diqqətsizlikdən çox, özünüzə qarşı biganəlik deməkdir. Çalışın növbəti dəfə oxuyub gələsiniz. Həftənin cümə günü yenə burda olarsınız. İndi isə gedə bilərsiniz.
Qadın sağollaşıb otaqdan çıxdı.
Otaqdan çıxan qadının ardınca otağa daxil olan digər qadının gözlərindən isə bir xoşbəxtlik yağırdı. Salamlaşdıqdan həmən sonra Səmra xanıma təşəkkürlə sözə başladı:
– Sizə həyatımın sonuna qədər minnətdar olacam, Səmra xanım. Məni yenidən həyata, sevdiklərimə bağladığınız üçün. Mən bu gün çox xoşbəxtəm.
– Mən də buna çox şad oldum, Nazlı, ürəkdən həm də. Nəhayət, aylardır yanıma gəlib-getmənizin uğurlu nəticəsini gördünüz.
– Siz haqlı idiniz, Səmra xanım, insan xoşbəxtliyi evinin içində, bir addımlığında axtarmalıdır. Sahib olduqlarını dəyərləndirməyi bilməlidir. Heç bir var-dövlət o ocaqdan gələn övlad qığıltısından, səni sevən, qayğna qalan bir həyat yoldaşının isti nəfəsindən qiymətli deyilmiş. Bu gün bütün varımı, pulumu məndın alsınlar, yaşadığım saray kimi evi, dəst-dəst geyimləri, qızılı, brilyantı alsınlar məndən, amma ailəmə toxunmasınlar, onlar mənim xoşbəxt olma səbəblərimdir.
– Sizdən bir rica etsəm yerinə yetirərsinizmi?
– Əlbəttə, Səmra xanım, şübhəniz olmasın.
– Çox xahiş edirəm, gələn həftənin elə bu günündə burda olun. Sizi biri ilə tanış edəcəm. Sizi ona nümunə göstərəcəm, bəlkə səhvini anlaya.
– Gələrəm, heç narahat olmayın. Mən onsuz da sizinlə əlaqəni kəsməyəcəyəm, bu xoşbəxtliyi sizə borcluyam.
– Yox, belə deməyin, buna öz ağlınızla nail oldunuz, mən bir vasitəçiyəm sadəcə. Amma sizə bir tövsiyyəm olacaq,  bu xoşbəxtliyi azad buraxın, zəncirləyib əlinizdə saxlamağa çalışmayın, sərbəstlik verin. Belə etməsəniz fürsət düşən kimi sizi tərk edəcək, – Səmra gülümsəyib qadına baxdı.
Qadın çantasını açıb masaya bir bağlama qoydu.
– Bu sizə çatacaq.
– Nədir bu? Yoxsa rüşvət təklif edirsiniz? – Səmra zarafatyana dilləndi.
– Siz mənim kimi çoxunu doğru yola qaytarmısınız, onlara xoşbəxt olmağın dadını yaşatmısınız. Deyirlər şokoladda bir xoşbəxtlik hormonu var. Sizdən aldıqlarımızın yerini doldurmayacaq, bunu anlayıram, amma qutusunu hər görəndə bu sözlərimi xatırlayıb gülümsəyəcəksiniz. Səmra xanım, sizə gülümsəmək o qədər yaraşır ki…
Qadının sağollaşıb otaqdan çıxdığı bir xeyli olmuşdu, amma Səmranın baxışları hələ də bir nöqtədə kilidlənmişdi. Necə xəyala dalmışdısa qapının təkrar-təkrar döyülməsini belə duymamışdı.
Vasifin qapıda qaldığını görən Lamiyə qapını açıb içəri keçdi və Səmra xanıma növbədəki adamı qəbul edib-etməyəcəyini soruşdu. “Gəlsin” deyib dərindən köks ötürən Səmra heç kimin eşidə bilməyəcəyi səslə:
– Xoşbəxtlik mənə heç vaxt zamanında qismət olmadı ki. Heç oldumu görəsən?! Oldusa mənim niyə xəbərim yox!?…
– Salam, Səmra xanım, – Vasif qapını arxasınca bağlamamış salamlaşdı, – Gəlmək olar?
– Salam, buyurun, əlbəttə olar, – Səmra necə fikirli idisə bir anlıq içəri girən şəxsin adını unutsa da, sözünü sona çatdırmamış Vasif olduğunu xatırladı.
– Əyləşin, Vasif bəy, demək yolunuzu dəyişmədiniz.
– Sözün düzü bura bir daha gəlməməyə söz vermişdim. Amma səhər sizi efirdə görəndən sonra qərarımı dəyişdim. Əslində fikirlərim yaman düyünə düşüb, Səmra xanım. Köməyinizə yenidən ehtiyac hiss etdim.
– Fikrin düyünü, xalçanın ilmələri kimidir, yəqin eşitməmiş olmazsınız. Bizə bircə ilməni tapmaq kifayət edəcək ki, problemi çözə bilək. Çözə bilməmiz üçün də doğru istiqamət götürmək lazımdır. Yəni, incisəniz də, mənə darılıb fikirlərimi qəbul etməsəniz də, dediklərimə diqqətlə qulaq asmalısınız. Nəticə çıxarmaq üçün mən sizi tələsdirməyəcəm. Ola bilsin biz uzun müddət bu ilmənin ucunu birgə axtaraq, yetər ki, səbriniz və mənə inamınız olsun. Ən ağır xəstəliklərdən belə sağalmanın ilk yolu inamdır, bunu bilirsinizmi?
– Bilirəm, Səmra xanım, bilirəm.
– Yəqin ki, ömrünüzdə bir dəfə də olsa dəniz səyahətinə çıxmısınız, yaxud da sahilə üzən qayıqlara tamaşa etmisiniz. Onların limana yan almasına yardım edən nədir? Küləkdir, düzdürmü? Əgər insan hansı limana üz tutacağına doğru qərar verməyibsə, səmtini müəyyənləşdirməyibsə, küləkdən yol gözləmək ağılsızlıq olmazmı? İndi siz də yolunuzu doğru müəyyən etmədən məqsədə çatacağınıza əmin olmayın. Gəlin bu yola doğru gedək…
Məşhur yazar Con Alan Linin “Sevgi üslubları” adlı yazısında sevginin rəngləri təsvir olunur. Li fəlsəfəsinə görə sevgini ağ-qara tabloda görmək yox, onun rəngini, çalarlarını yaratmaq lazımdır və Li bunun iki faydasının olacağına da şübhə etməmişdir. Birincisi, bu yolla insanların eynilə fərqli rəngləri seçim etdikləri kimi müxtəlif məhəbbət növlərinə də üstünlük verdiklərinin fərqinə varmaq.
İkincisi, eşqə rənglərlə baxılsa, gözləmədiyimiz anda itirdiyimiz sevgini, bele deyək, keçmiş bir eşqi “güman edirəm onu həqiqətən sevməmişəm, bir dəlilikmiş” deyərək xatırlamaq əvəzinə, “o da bir növ məhəbbətdi, amma seçim etdiyim sevgi növü deyildi” deyərək həyatımızdan çıxarmaq daha doğru olanıdır.
Li məhəbbət mövzusunu incələyərkən Yunanca adlandırdığı üç əsas və üç ikinci olmaq üzrə altı eşq stili yaratmışdır: Eros – Ludus – Storge – Pragma – Mania – Agape.
Linin iddiasına görə üç əsas birincili eşq stili var. Digər bütün məhəbbət stilləri bunların bir kombinasiyasıdır.
Eros (qırmızı) – Ehtiraslı məhəbbət: Eros stilində məhəbbət həmişə güclü fiziki çəkimlə başlayır. Bu stilə üstünlük verən aşiqlərin fikrində ideal bir tərəfdaş tipi vardır və bu ideal tipin çox rast gəlinən bir tip olmadığının da fərqindədirlər. Bu üzdən o ideala oxşar biri ilə qarşılaşanda gərgin həyəcan yaşayırlar.
Storge (sarı) – Dostyana məhəbbət: Bu aşiqlər üçünsə, fiziki olaraq ideal tip yoxdur, heç vaxt şüurlu olaraq tərəfdaş seçmirlər. Əyləncəli fəaliyyətlər seçirlər, eyni şeyləri edənlərlə tanış olur, bunları birlikdə davam etdirirlər. Yəni tədbirləri və qayğıları bölüşmək vacibdir.
Ludus (göy) – Oyun kimi məhəbbət: Bu məhəbbət stilində insanlar məhəbbəti bir oyun ya da kefli bir həyat kimi görürlər. Münasibətə çox maraqlı deyillər. Münasibətlərini məsuliyyət almadan sərbəst davam etdirmək istəyirlər. Bir növ insanlar çoxevliliyə meyillidirlər.

İkinci sevgi stilləri olaraqsa, bunları qəbul edibdir:
Maneə – Özününküləşdirmə növü: Bu eşq stili eros və ludus stillərinin qarışığıdır. Problemi az olan birilərini sevərlər və qarşı tərəfdən sevildiklərinin həmişə təsdiqlənməsini gözləyərlər. Qısqanc və özününkü kimi davranarlar.
Praqa – Məntiqli məhəbbət: Ludus və Storge stilinin bir kombinasiyasıdır. Bu stildə insanlar sanki mübadilə siyahısı kimi bir siyahı ilə yola çıxır və xoşbəxt olacaqları uyğun birini axtarırlar. Bu eros kimi müəyyən bir fiziki tip müəyyən etməkdən olduqca fərqlidir. Sevgini bu şəkildə yaşayan tərəfdaşlar əvvəlcədən müəyyənləşdirdikləri xüsusiyyətləri axtarmaqda və münasibətdə harmoniyaya əhəmiyyət verirlər.

Agape – qarşılıq ummayan məhəbbət: Eqoist olmayan, sevgi aşılayan məhəbbəti ifadə edir. Bu məhəbbət stilində insan məhəbbəti bir “vəzifə” kimi görür. Yəni qəlbi ilə deyil ağlı ilə hərəkət edir. Bu eşq stili, duyğudan çox niyyətin ifadəsidir. Eros və storge stilinin bir kombinasiyasıdır. Bu məhəbbət stilində sevən, sevdiyi insanı şəfqətlə güdmək üçün sıx bir vəzifə hissi duyur və o adamı belə bir himayəyə ehtiyacı olan adam kimi təsvir edir.
Bax belə, eşqin müəyyən mənada tərifini verməyə çalışdıq, rənglərini araşdırdıq. Bilirsinizmi, Vasif bəy, eşqi, adətən, ölümə qarşı üsyan adlandırırlar. İnsan bilə-bilə ki, bu yolun sonu onu doğrulara yox, yanlışa aparacaq, yenə də bu yolu getməkdən çəkinmir, yetər ki, özündən sonra güclü bir sevginin izini qoymuş olsun.
Milyonların içindən tək birinə bağlanır insan, hər arzusunun, xəyalının gerçəkləşdiyi bir ünvan olur onun üçün. Və elə bir güclü bağla bağlanır ki, ömrünün sonuna kimi də ilk günlərdəki kimi xoşbəxt olacağına inanır. Amma belə deyil, həqiqət tamam başqadır… Xoşbəxt olmaq üçün təkcə eşq kifayət etmir, çünki eşq keçici bir hissdir, mütləq mənada bir gün bitməlidir. Eşq insanın daxili enerjisidir, hər bir var olan enerji kimi onun da geriyə qayıdışı yoxdur, başlayır və bitir, bitməyə məhkumdur. Vasif bəy, ona görə də eşq yoluna çıxıldısa, tərəf müqabilini doğru seçməlisən. Birmənalı olaraq mən sizin yanlış olduğunuzu düşünürəm. Səhvlərdən heç kim sığortalanmaylb, bu da sizin yanlışınızdır, qəbul etməlisiniz bunu.
– Mən səhv etdiyimin fərqindəyəm və bunu boynuma alıram, amma könül işidir bu, söz keçirmək olmur ki.
– Sizin sahib olduğunuz bu eşq qəlbinizi müəyyən bir ritimdə döyünməsini təmin edir, indi həmin ritmin notlarını dəyişmək lazımdır, buna çalışmalıyıq. Bir az daha açıq söyləyim. Bu həyatda bir çox şeyi yenisi ilə əvəz etməklə daha yaxşıya sahib olunub. Gündəlik həyat tərzimizdən tutmuş, əlçatmaz bildiyimiz arzularımızadək. Bəli, bəzən yanlış bir arzunun dalınca illərlə dördnala qaçan at kimi çapmışıq. Amma nə ona yetmişik, nə də rahatlığımız olub. Amma bir qədər dərin düşünüb arzuya gedən yolun səmtini dəyişdikdə, gözlədiyimizdən də yaxşıya nail olmuşuq. Nəyin sayəsində? Əvəzləmə aparmağımızın. İndi mənim fikrim sizə bəlkə də qəribə gələcək.
– Nəinki qəribə, həm də çox qəribə, Səmra xanım. İndi mən, mənim dünyamı yıxan bu eşqin ünvanını dəyişməliyəmmi? İndi mən dəlilər kimi sevdiyim, canımı belə verməyə hazır olduğum qadını kiminləsə əvəz etməliyəmmi? Alt-üst olmuş dünyamın yenidən bir də altını üstünəmi çevirim? Bu mümkün olmayan bir şeydir, siz bunu məndən necə istəyə bilərsiniz?
– Mən qadını dəyiş demirəm, Vasif bəy, məni doğru başa düşməyə çalışın, sevgi yolunu dəyişin deyirəm. Bir eşq alovunu yeni bir sevgi söndürə bilər ancaq. Siz birilərini sevməlisiniz. Həm də dünya alt-üst olar deyə bir qorxunu yaxına qoymadan. Nə bilirsiniz alt-üst olmuş dünyanın altından nələr çıxacaq? Altı üstündən qiymətli olmayacaq? Torpaq altında olan ləl-cəvahirat üçün azmı insan yerin altın üstünə gətirib?!…
– Mümkün olmayan bir şeyi istəməyin məndən, xahiş edirəm, lütfən…
– Mümkünsüz deyiləcək bir şey yoxdur, mümkün etmək insanın öz əlindədir. Bir zamanlar ayrılmağınızın da mümkünsüz olduğunu düşünürdünüz, amma ayrıldınız. Mümkün olmayanı mümkün etdiniz, indi də etməlisiniz, sevməlisiniz, yenidən sevməlisiniz, Vasif bəy, yenidən…

16/11/2015 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. )))beyendim

    tərəfindən bəyənildi 1 şəxs

  2. Həə yəqinki davamı olacaq canım .Çox heyifki Vasif bəy gözəl ailəsinə xəyanət edibmişş görək davamı necə olacaq səbrsizliklə gözləyirəm…Təşəkkürlər canım mənim .

    Bəyən

  3. Aileye xeyanet mi? Yoxsa sevdiyi qadin onu terk edenden sonra mi evlenib? Xeyanet eqidesinde olan adam kimi gormurem Vasifi. Ve nöqte nöqte nöqte…. Sen anladın, Sevincim.

    Bəyən

  4. Əzizlərim, çox təəssüf ki, mən qəhrəmanımı müdafiə edə bilməyəcəm😔😔Ailəli olduğu müddətdə tanış olub o qadınla. Gözləyək sonu…

    Bəyən

  5. Əvvəlki hissəni oxumamışam, Sevacan, vaxt edib mütləq oxuyacam. Yaxşı ki, hələ oxumamışam, oxusaydım yenə də səbirsizlənib səni tez sonlandırmağa çağıracaqdım. Elə belə yaxşıdır, mən əvvəlki hissələri oxuyub qurtarınca bacım ardını dərc edəcək.

    Bəyən

  6. mən elə gördüm Vasif özünü şübhəli aparır. Yaxşı da bunun adını nə qoyaq? qadının da heç bir günahı yoxdu ki, əlində əsas tutasan ki, ya pintidir, ya səliqəsizdir , ya evinə ya ərinə baxmır Yoldaşı da ki, maşallah ağıllı xanımdır. Vasiflər çoxdur bacım, hələ bir psixoloqa da gedirlər, eləsinə psixoloq yox , dəyənək lazımdır… Onun sevdiyi kimi xanımı da sevə bilər, bəs o niyə sevmir , Kişi çölə bayıra çıxdı deyə gedib kimisə sevməlidir ki? Bir o Vasifə denən ki, birdən sənin də xanımın sən sevən kimi birisinə vurulsa onda necə olacaq işlər, bəs o uşaqlar…

    Bəyən

  7. Seva bu hissəni də oxudum maraqlıdı Amma Vasifin hər iki qadına olan sevgisinə nəsə şübhəm var Cünkü əgər həyat yoldaşını deyil digər qadını sevirsə bəs həyat yoldaşına göstərdiyi o səmimiyyət o xoş sözlər hardan coxda ki gözlərinə dürüst baxa bilmir demək dilindəkilərlə əsl aktyorluq edir Coxdu məncə bu cürə vasiflər Yalancı sevgi ilə Yasəmənləri aldadır eqoist sevgi iləsə Mətanətlərin yolunu azdırır Kimisə mühakimə etmək hec vaxt mənlik olmayıb Amma Vasifkimilərə mühakiməni belə cox görürəm Bilmirəm bəlkədə fikirlərimdə mən tələsdim Yenə də gözləyək Sən demişkən Ümid edək…

    Bəyən

  8. A mende ele bilirdim ailesinden onceki sevgisi olub…heyf((yarasdirmadim Vasif e

    Bəyən

  9. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Dəyərli oxucuların istəyi ilə…

    Bəyən

  10. Xeyirli axşamlar əzizm. Çox böyük həcmli olmamasını nəzərdə tutduğum bir hekayə başlamışdım yazmağa. Başlamışdım deyəndə ilk hissəsin yazıb qoymuşdum kənara.Yəqinki nə vaxtsa davam edərəm deyə düşünmüşdüm. Sizin yazdığınızı oxuyanda hekayə fikrimdən döndüm.O qədər çox xırdalıqlara vararaq, incəliklə yazmısız ki, heyranlıqla və həyəcanla ixuyuram. Ürək çırpıntımın sürəti inanılmaz olur.Etiraf edim ki, istəsəm də bu qədər gözəl yaza bilmərəm. Bu cür dərin, duyğu dolu hekayələri yaratmaq üçün yalnız sizin ürəyinizə, düşüncənizə, zəkanıza sahib olmaq lazımdı. Allah sizi qorusun əzizim😙😙😙🌹

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: