Uşaq ensiklopediyası (X)
Abbasqulu Ağa Bakıxanov (Qüdsi)
(1794-1847)
Bir həkim ölüm ayağında şaha vəsiyyət edir ki, onun ömür boyu barmağında gəzdirdiyi üzüyünü ölkədə ən müdrik adama yadigar versin. Şah böyük məclis qurur, hamını çağırtdırır və belə bir şərt qoyur ki, üç suala kim düzgün cavab versə, üzük ona çatacaqdır. Suallara ən düzgün cavab verən kasıb, zəhmətkeş bir kişi olur. O. ən xeyirli şey nədir? sualına “hünər” , ən yaxşı şey nədir? sualına “yaxşılıq”, insana ən lazım olan nədir? sualına “həqiqət” – deyə cavab verir. Kasıb kişinin cavabı ona ölkədə ən müdrik adam kimi şöhrət qazandırır. O, üzüyü alır, üstəlik vəzir rütbəsinə yüksəlir…
İndicə oxuduğunuz həmin sətirlər 19-cu əsrin birinci yarısında yaşamış böyük Azərbaycan alimi, şairi və maarifçisi Abbasqulu ağa Bakıxanovun “Hikmətin fəziləti” adlanan mənzum hekayəsinin qısa məzmunudur. Abbasqulu ağa Bakıxanov Bakı xanı II Mirzə Məhəmmədin oğludur. Bakı yaxınlığındakı Xilə kəndində (indiki Əmircan qəsəbəsi) anadan olub, gəncliyindən mükəmməl bilik almağa daim səy göstərib. Onun “Gülüstani – İrəm” əsəri Azərbaycan və Dağıstan tarixinə dair qiymətli mənbədir.
A. Bakıxanov xalq, ədalət, həqiqət yolunda canını qurban verən mərd, fədakar qəhrəmanları tərənnüm edərək yazırdı:
Gül qönçədə qala bilməz, yırtıb çıxar paltarı,
Budur onun təbiətdən öz hünəri, vüqarı.
Beləcə də haqq yolunda çarpışan hər mərd insan,
Ya xalqına xeyir verər, ya da yolda verər can.
Balet
Balet musiqili teatr sənətinin mürəkkəb bir növüdür. Baleti təşkil edən hissələr ssenari, musiqi və xoreoqrafiya, yəni rəqsdir. Latın sözü olan baletin də azərbaycanca mənası da rəqs edirəm deməkdir. Balerinalar və rəqqas artistlər rəqsin köməyi ilə əsərin mövzusunu, obrazların xarakterini, onların fikirlərini, hisslərini və əhval-ruhiyyələrini tamaşaçılara çatdırırlar.
Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti ilk Azərbaycan milli baletidir. Bu 1940-cı ildə tamaşaya qoyulmuşdur. İlk azərbaycanlı balerina xalq artisti Qəmər Almaszadədir.
Ə. Abbasov uşaqlar üçün “Qaraca qız” baletini yazmışdır.
Qara Qarayevin Nizaminin eyniadlı poeması üzrə bəstələdiyi “Yeddi gözəl” və ” İldırımlı yollarla” , Fikrət Əmirovun “Məhəbbət əfsanəsi” baletləri balet sənətinin ən yüksək nailiyyətlərindəndir.
Balinalar
Balina balıq deyil:balıqlar qəlsəmələri, balinalar isə ağciyərləri ilə tənəffüs edirlər. Balina suyun dibində çox qala bilsə də, suyun üzünə çıxıb nəfəs almağa məcburdur. Balina nəfəs aldığı zaman ciyərinə çoxlu su buxarı da çəkir. Sonra bu buxar onun burun pərlərindən çıxarkən, soyuyub xırda su damcılarından ibarət fəvvarəyə çevrilir. Bəzən balinadan əvvəl dənizin üzərində fəvvarə görünür.
Balinalar məməli heyvandır, bala doğur. Adətən, balinalar bir iri bala doğur. Bala suyun altında doğulur və uzun müddət anasının çox yağlı (54%-ə qədər yağı olan) südü ilə qidalanır. Balinalar 50 ilə qədər yaşayır. Balinanın südü inək südündən 10 dəfə qidalıdır. Ona görə də balina balaları çox tez böyüyür.
Alimlər bütün balinaları iki yarımdəstəyə ayırırlar: dişsiz (yaxud bığlı) və dişli balinalar. Dişli balinaların ən böyüyü kaşalotdur. Onun uzunluğu 15-20 metrə çatır. Ən sevdiyi yem kalmardır.
Şimal dənizlərində isə başqa dişli balinalar – ağ delfinlər və narvallar yaşayır. Ağ delfinlərin sürüsü sahildə görünəndə onların qeyri-adi nəriltisi eşidilir.
Balinalar hələ qədim zamanlardan ovlanırdı. Balinanın əti, piyi, sümüyü və dərisi müxtəlif məqsədlərlə istifadə edilir. Vəzilərdən dərman hazırlanır. Planetimizin bəzi yerlərində balina qoruqları təşkil edilmişdir.
Balıq ovu
Sanki burda çətin bir iş yoxdur: soxulcanı qarmağa taxdın, tilovu suya saldın, gözlə görüm suyun altında hansı balıq avamlıq edib gəlib tilova düşəcək. Elə hesab edin ki, çay kənarındasınız. Tilovu hərləyirsiniz və…yemlə birgə qarmaq hansısa kolun dibinə düşür, tilov ağacının ucu şappıltı ilə suya dəyir, balıqları qaçırır. Tilovu ehmalca suya salmaq, sahildən 15 addım kənarda qamışlıqda tilov üçün yer tapmaq asan deyil. Bunun üçün xeyli məşq etmək lazımdı.
İdmançı balıq ovçuları arasında yayda tilovla,spinninqlə, qışda lövhəciklə, qarmaq bənd olunmuş xırda qurğuşun parçası ilə balıq tutmaq üzrə müxtəlif yarışlar keçirilir.
Əsl balıq ovçuları təbiəti ürəkdən sevən, ona qayğıkeşliklə yanaşan adamlardır. Onlar balıq ovçuluğunun qaydalarına əməl edir, su hövzələrinin balıqla təhcizatına və balıqların brakonyerlərdən (icazəsiz ov edənlər) mühafizəsinə yardım göstərirlər.
Bambuk
Bambuk günəşli günləri və rütubəti çox olan isti ölkələrdə bitir. Bu bitkinin 600-ə dək növü var. Gövdələri az qala bir-birinə yapışan bambuklar çox vaxt keçilməz meşələr əmələ gətirir. Həm də belə meşələr bir neçə gün əvvəl boşluq olan yerdə də yarana bilər. Qafqazın Qara dəniz sahillərində bitən bambuk sutka ərzində 75 sm, Vyetnamda isə hətta 2 metrədək boy atır.
Bambukun oduncaqlaşmış iri gövdələrindən ev tikir, körpü salır, su kəməri çəkir, mebel, kağız hazırlayırlar. Bambukun bəzi cavan zoğları, toxumları yeyilir, bəzi növlərinin özəyindəki şirədən bambuk şəkəri alınır.
01/10/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və Bakıxanov, balet, balina olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.
Adı uşaq ensiklopediyası olsa da, burda böyüklərin də bilmədikləri çox məlumat var bu xəbər silsiləsində. Və mən hər hissəni həvəslə oxuyuram.
Delfinləri hamı kimi mən də sevirəm, delfin şousunda olmuşam və onların necə də ağıllı olduqlarının şahidiyəm. Balıq ovu məndə qıcıq əmələ gətirir, kənardan maraqlı görünsə də, çox bezdirici məşğuliyyətdir, saatlarla olmasa da, dəqiqələrlə gözünü suya zilləyib baxmaq hər adamın işi deyil. Bir də tilov tərpənəndə balığın qarmaqdakı soxulcanı da yeyib qaçmasına rastlansan, türklər demişkən xəyal qırıqlığına uğramış olursan 😦
Əziyyətinizi halal edin, Sevinc, oxuyub yararlanırıq 🙂
BəyənBəyən
Halal olsun, mələyim.😘😍💖Bircə ALLAH qismət eləsin üç cildin hamısını yerləşdirə bilim. Sənin kimi valideynlərdən çox olaydı kaş ki…
BəyənBəyən