Qısqanclıq hissinə münasibətiniz

qiz-oqlan-romantika-sevgi-nisan-toy-yarasiqli-oqlan-gozel-qiz-uzuk-opush-gelinlik-gul-sekilleri_172

Bilirik ki, qısqanclıq bioloji instinktdir. Əgər biri qısqanclıq halı yaşayırsa, bu zaman ətrafda baş verən hadisələrə münasibət ağlın, məntiqin idarəsindən çıxıb, emosiyaların idarəsinə keçəcək. Belə deyirlər ki, qısqanclıq qeyri-şüuri hissdir. Ona gərə də bunun qarşısının alınması yalnız təfəkkürün yüksək inkişafının nəticəsində mümkün ola bilər. Bilirsinizmi, hətta alimlər qısqanclıq hissini ən ağır xəstəlik olan xərçəngdən belə təhlükəli sayırlar. Yenə də deyirəm, ifrat qısqanclığı. Gəlin görək, ümumiyyətlə, qısqanclığa səbəb olan hansı amillərdir:
1. Bəzən sevgili kimi tərəf müqabilinin təlabatlarını ödəyə bilməmək
2. Bəzən öz fizioloji görkəmindən narazı olmaq
3. Tərəf müqabilinin görkəminin ətrafdakıların diqqətini çəkməsi
4. Özünə inam olmaması və natamamlıq kompleksi
5. Vaxtilə yaxınları tərəfindən xəyanət zədəsinin yaşanması və yenidən yaşanma qorxusu
6. Qısqanan şəxsin qısqanclığına əsas verən fərziyyələrinə uyğun həyat tərzinin olması
7. Qısqanan tərəfin ünsiyyət dairəsində bu tip həyat tərzi keçirən insanların olması
8. Səksəkəli, vasvası və eqoistik xarakterin olması

Deyirik ki, qısqanan insan sevir, bununla razılaşırıq, qəbul edirik, lakin bəzən də belə olmur. İfrat qısqanclıqda insanı pisliyə yönəldən mənfi hisslər gizlənir. Bu cür hal yaşayan biri adi halda etmədiyi hərəkəti çox asanlıqla edə bilər və faciələrə səbəb olar. Bu zaman sevgidən danışmaq nə dərəcədə doğrudur?

Indi isə qısqanclığı aradan qaldıran 10 tövsiyəni diqqətinizə çatdırım.
1 – Qısqanclığın ən böyük səbəblərindən biri inamsızlıqdır. Unutmayın ki, siz sevdiyiniz adam tərəfindən seçilmiş insansınız. Yəni digər variantlar arasında bir fərqiniz var: sevgiliniz sizi seçdi. Elə isə artıq onun sizi sevib sevmədiyini sorğulamaqdan imtina edin.
2 – Qısqanclığın bir başqa səbəbi də yaşadığınız mühit, ətrafınızda olan insanlardır. Çox vaxt insanlar ətrafındakı insanların xasiyyətlərini üstün tutaraq, ya bilərəkdən, ya məcburiyyətdən onların etdiklərini təkrarlamaq məcburiyyətində qalırlar. Yəni onlar sevgililəri, yoldaşları davamlı olaraq haqq-hesab, sorğu-sual edirlərsə, siz də bu cür davranacaqsınız. Şəxsiyyətinizi ətrafda baş verənlərə uyğunlaşdırmağa məcbur deyilsiniz, necə var elə olun. Bəlkə elə doğru olan onlarınki deyil , sizinkidir, bunu fikirləşmisinizmi?

ochenu-kgasivaya-figuga-molodaya-devushka-foto-svaduba-zhenih-i-nevesta-fotosessiya
3 – Təhdid və təzyiq sevgilini sizə bağlamaz əksinə uzaqlaşdırar. “Mənə xəbər vermədən çölə çıxsan, bunu edərəm” , “Bu yoldaşınla görüşsəm, bunu edərəm ” demək sevgilinizə əziyyət verər. Əziyyətə məruz qalan adam da bir gün səbr kasasını dolanda mütləq zəncirlərini qırar…
4 – Qısqanclıq sevginin meyarı deyil. Yəni birinə olan sevginiz qısqanclığınızla paralel yol gedə bilməz, getməməlidir. Əksinə qısqanclıq çox olduqca, bir müddət sonra ortada sevgidən əsər-əlamət qalmaz. Qısqanclıq nümayiş etdirməklə sevginizi ifadə edə bilməzsiniz.
5 – Sevgilinin hər hərəkətini izləmək, cib telefonunu yoxlamaq, internet ünvanlarını, şifrələrini ələ keçirmək kimi, özünüzü də hörmətdən salacaq hərəkətlərə yol verməyin. Bu həm fərdi azadlığa hücumdur, həm də özünüzə olan hörmətinizi azaldar. Sevgi, güvənmək deməkdir. Etibar etmədiyiniz adamla sevimli ola bilməyəcəksiniz, bunu anlamaq lazımdır. .
6 – Münasibətinizin başladığı tarixdən əvvəl tərəflərin yaşadığı hər şey özünə aiddir. Keçmişdə yaşanan bir əlaqəni qısqanmaq sizi, yel dəyirmanı ilə döyüşən Don Kixotdan fərqli etməz. Keçmiş keçmişdə qalmışdır və sizi yalnız indiki vəziyyətiniz maraqlandırmalıdır.
7 – Qısqanclığınız ucbatından sevgilinizi sizin həyatınızı yaşamağa, sizin qanunlarla yaşamağa məhkum etməyin. İlk günlər bunu qəbul etsə belə, bir müddət sonra artıq yorulacaq. Ona görə də özünüzə aid olan hər xasiyyətə, xarakterə uyğunlaşmanı qarşınızdakından israrla tələb etməyin. Bəlkə subaylıq dövründəki bir xasiyyətinizi də siz qarşınızdakı üçün unudasınız?
8 – Aldatmaq istəyən mütləq aldadar. Siz nə etsəniz edin, bir yolunu mütləq tapacaq. Sədaqəti bir insanın üzərində təzyiq göstərməklə əldə edə bilməzsiniz. Sədaqəti yalnız sevgi təmin edə bilər.
9 – İnsan ictimai varlıqdır. Sevgilinizin mütləq bir yoldaşı, dostu vardır. Onlarla görüşməsinə maneə törətmək ona edəcəyiniz ən böyük haqsızlıqdır. Görüşməsinə maneə törətmək yerinə, onun dostunu, rəfiqəsini yaxın buraxın, tanış olun.
10 – Ən yaxşı qısqanclıq “primitiv” qısqanclıqdır . “Hər kəs sevdiyini qısqanar” sözüylə ifadə edilən qısqanclıq. Amma bu qısqanclıq həddində olsun gərək. Sevgilinizə qısqandığınızı sevgi sözləriylə söyləsəniz, bunun onun xoşuna gəldiyini görəcəksiniz. Məsələn, siz ona hansısa bir geyimi geyinməkdə qadağa qoymaq istəyirsinizsə, onda belə deyə bilərsiniz: “Əzizim, səni bu geyimdə ancaq mən görmək istəyirəm”. İnanın, heç bir tərslik etmədən sizinlə razılaşacaq.

 

Sevin, qısqanın, əzizlərim. Amma nə sevgidə, nə də qısqanclıqda ifrata varmayın, hər ikisi ən əvvəl özünüzə ziyan edəcək…

14/07/2015 tarixində Ailə dünyası içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 16 Şərh.

  1. Məni tanıyanlar bilir ki, mən qısqancam. Amma o demək deyil ki, telefonunu, cibini yoxlayaram, “getmə gözümdən, gedərəm özümdən” tipli insanlardanam. Ümumilikdə, qısqanclığı əks etdirən heç bir amil məndə yoxdur. Sadəcə mən sevdiyim insanlara biganə qala bilmərəm, yəni mənim üçün fərqi var ki, yoldaşım hara getdi, kiminlə getdi, niyəəəəəəə getdi 🙂
    Müzakirəli və mübahisəli mövzudur. Mən də açdım sandığı, tökdüm pambığı 😆

    Bəyən

  2. Sonayın xarakterizə etdiyi qısqanclıq tipi, eynilə məndə də var. “Getmə gözümdən, gedərəm özümdən”. Min şükür ki, iş-ev qrafikindən kənara çıxmır. Çıxsa da mənimlə😃😂😁

    Bəyən

  3. Ozumden asli deyil mene yaxin olan her bir adami qisqaniram.Menim devizim menim olan mene aid olmalidir.Buda mumkunmu?

    Bəyən

    • Mənim yaşım burdakı xanımların çoxundan böyükdür, bir az da həyat təcrübəm üstündür deyib bir məsləhət verim gənclərimizə.
      Əzizlərim, haqlısınız, sizin olan sizə də məxsus olmalıdır. Amma həyatdır bu, istəmədiyimiz anda, istəmədiyimiz hadisələr başımıza gələ bilər. ALLAH eləməsin gəlsin, amma gəlmiş olduğu halda davranmaq gərəkəni deyəcəm sizə: həmin andaca əlaqələri kəsməyə, pərdəni götürməyə çalışmayın. İlk öncə qadın gərək onun evini “yıxan” digər qadınla ünsiyyətə girməsin. Xanımlar var ki, bir yolla telefon nömrəsini tapıb həmin xanımla söz davasına çıxır. Buna əsla yol verib özünüzü ucuz tutmayın. Çox səbrlə və ağılla hərəkət etməlisiniz. Gəlin etiraf edək, ALLAH eləməmiş yolldaşınızı şeytan azdırıb bu yola təhrik edərsə, nə etməlisiniz, boşanacaqslnızmı? Təbii yox!!! Bunun üçün ailə dağıtmaq ağılsızlıq olar. Yaxşıca tənbeh və daha isti münasibətlə qarşındakını utandırmaq ən gözəl yoldur. Razı olmayanlar etirazını bildirə bilər☺️

      Bəyən

  4. Birdəfəlik paket çaylar, birdəfəlik iynələr, birdəfəlik fincanlar, nəbilim indi birdəfəlik işlətmək üçün çox şeylər var, keçən dəfə oxudum ki, zaman gələcək telefonlar da birdəfəlik olacaq, yəni bir dəfə danışandan sonra atılacaq, istifadəsi birdəfəlik olacaq, indi bu birdəfliklər yaman qorxudub gözümü, qısqanclıq mən deyərdim ki, elə bizim nəsil dövrə kimi var idi, indi qısqanclıq var ki, sevgilər şübhəli, evliliklər səksəkəli, münasibətlər inamsızlaşıb, heç bir qadın deməsin ki, mənim ərim mənə xəyanət eləməz, elə qadınlar var ki, o kişi lap nə qədər sədaqətli olur olsun, onu elə yoldan çıxarır ki, səni boşayır onu alır. Nə qədər oxuyuram , əgər indi 10 kişi ikinci üçncü dəfədir evlənirsə, bir on il keçəndən sonra 30 kişi olacaq, bir on ildən sonra daha çox, hara gedirik bu gedişlə, mən indi bu söhbətimlə özümü nəzərdə tutmuram, gələcək qızlarımızın taleyi məni düşündürür, kişilər var ki, 40 yaşına kimi üç övladı var, hərəsi də bir xanımdan, hamısı ilə də nigahla evlənib, insanlarda bir inamsızlıq yaranıb, mən ha deyim ki, bu belə deyil, axı belədir, gələcək nəsillər üçün sevgilər “odnaraznıy” , yəni birdəfəlik olacaq, bu həqiqətdir, nə olsun ki, mənim yoldaşım mənə xəyanət etmir, axı mənim oğlum var, o birinin qızı var, bəs bu gəncliyin gələcəyi necə olacaq, kim zəmanət verə bilər ki, texnikanın , informasiyanın belə geniş yayıldığı bir vaxtda əbədi sevgilər olacaq, çətin, aglım bir şey kəsmir….Allah övladlarımızı mərdiməzardan qorusun….

    tərəfindən bəyənildi 1 şəxs

    • Amin, Alisam. Çox haqlısan, indiki zəmanədə nə saf sevgi var, nə də saf qısqanclıq. Cavanlar elə bilirlər qısqandılarsa ya qarşı tərəfi, ya da qısqanclığa səbəb olan şəxsi öldürmək çıxış yolu, igidlikdir. ALLAH betərindən saxlasın gənclərimizi.

      tərəfindən bəyənildi 1 şəxs

      • İndi hamı deyir ki, biz hər şeyi yaxşı bilirik, ağsaqqal, ağbirçək sözünə qulaq asan yoxdur, yəni böyüyün sözünə qulaq asmırlar, nə qədər gənclər intihara gedirlər, niyə, səbəbini axtarırsan, amma bir tutarlı səbəb tapa bilmirsən, guya ki, sevibmişlər, vallah evlənsəydilər, Allah bilir heç yola getməyəcəkdilər, amma yolun sonuna gəlməmiş elə əvvəlindən həyatlarına qıyırlar, o dəfə oxuyuram ki, bir qadın uzun müddət Rusiyada olan əri ilə skayp vasitəsilə danışırmış, bu dəm Skaypda təsadüfən olur ya necəsə, ərinin arvadını, qızını görür, bundan sonra özünə qəsd edir, və ölür, özünün üç övladı ola-ola … mən özünə qəsd edənləri qınamıram, mühakimə etmirəm, buna heç bir haqqım yoxdur, amma insanların əsəbləri gərilib, ani olaraq düşünürük, bir dəqiqə sonranı düşünmürük, bütün bu arzuolunmaz hadisələrin səbəbini hər kəs bir cür yozur, kökündə nə durur, indi heç kök də yoxdur, əsilin, nəsilin hardan gəldiyi məlum deyil, qızların sayında sürətlə azalma gedir, gənclərimiz bir 10 ildən sonra xarici qızlarla evlənəcək, və bizim gələcək gəlinlərimizin atasının , anasının kim olduğu məlum olmayacaq, necə dünyaya gəlib, süni yolla hamilə qalmalar, nə bilim nələr.. Gələcək nəsillərin soyu, kökü naməlum….uşaqlar atalarına oxşamadı, o xarici gəlinin atasına, nə bilim anasına bənzədi, onda necə olacaq, çox da dərinə getməyim, düşünək ki, hər şey yaxşı olacaq, bəlkə də nikbin olsaq daha yaxşıdır, amma statistik məlumatlar mən düşündüyüm kimi demir…

        tərəfindən bəyənildi 1 şəxs

        • Nə qədər acı da olsa bu gələcəyin reallığıdır(((
          Amma mən o qadını qınayıram. Ağıllı adam bu addımı atarmı? Evlənib kefin çəkən kişidir, sən niyə canına qıyırsan? Bunu o kişini pul üçün xaricə göndərəndə düşünəydi. Düzdü, qınayan olar ki, məni ehtiyacdan edib, neyləsin? Amma sonu budursa və bunun olacağını da ən dayaz düşüncəli belə bilirsə, o pul sənə lazımdırmı? Çox qadınlar deyir, əşşi, cəhənnəmə ki, kişidir də, gedib günün keçirib yenə yanıma gələcək. O “gün keçirməyin” sonu da ya infeksion xəstəlik olur, ya da ikinci arvad….ikinci arvad da ki, infeksion xəstəlikdən də pis😟

          tərəfindən bəyənildi 1 şəxs

  5. Fikirlerinize hormetle yanasiram ekizim.dogrudur.Siz boyuklerin meslehetine her zaman ehtiyacimiz var.

    Bəyən

  6. Mənim təcrübəm Sevincinkindən də çoxdur. Çox qəsqanclıqların, xəyanətlərin şahidi olmuşam. Necə deyərlər hərəsi də bir cürə.
    Ən doğru məsləhəti Sevinc verib yuxarıda, əgər mən ondan qabaq yazsaydım eynilə həmin sözləri yazardım :Nə yoldaşınızla pərdəni götürüb bacardığınız qədər büruzə verin, nə də o “evyıxanla” ünsiyyət qurmayın.
    Amma o da var ki, sən belə görməməzlikdən getdikcə onların ayağı yer alır, səni qoyun(ifadəmə görə üzr istəyirəm) yerinə qoyurlar. Bəs bu halda qadın nə etsin, hansı addımı atsın ki, ömür-gün yoldaşı “əldən” getməsin? Qısqan vay, qısqanma vay.
    Hər şeyin qədəri var həyatda, o həddi aşanda fəlakət baş verir. Nə aşırı dərəcədə qısqanmaq lazımdır, nə də görməzdən-bilməzdən getmək. Bu mövzu da mübahisəli mövzudur, məncə Allah kimini qısqanc yaradıb, kimini yox. Allah özü cavanlardan aşırı qısqanclığı uzaq eləsin, çünki indiki cavanlarda keçmişdəkilərin təmkini, iradəsi, hətta ağılı yoxdur hər çətinliyə sinə gərməyə.
    İnanın ki, mən həyat yoldaşımı heç vaxt qısqanmamışam və ona 100% inanıram, heç ağlımın ucundan da onun xəyanət etməsi keçmir. Nə bilim bəlkə də bu sarıdan şanslı qadınam, amma o məni cavanlıqda o qədər qısqanıb ki… İndi şükür, daha nənə də olmuşam, yaş da özünü göstərir.

    Bəyən

    • Dəyərin üçün sağ ol, İrinka😘🌷🌹 Mənsə qısqanmışam, amma içimdə çəkmişəm, baxmayaraq indi əvvəlki qısqanclığımdan çox cüzi qalıb, amma yoldaşımda elə ilk gündəki kimidir, hətta artırıb ki, azaltmayıb😢😁

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: