Nə səndən oğul dağı, nə məndən quyruq yarası getməz

image

Məsəl belə bir rəvayətlə əlaqədardır:

Tarlada işləyən kəndli günorta çörək yeməyə oturduqda təsadüfən ağzı açıq qalmış süd qabından ilanın süd içib uzaqlaşdığını və qabın içərisinə bir qızıl qoyub getdiyini görür.

Sabahısı gün kəndli bilə-bilə qabın ağzını açıq qoyur, ilan gəlib südü içir və yenə bir qızıl qoyub gedir. İlanla kəndli arasındakı dostluq bir müddət belə davam etdikdən sonra kəndli başqa bir şəhərə səfər etməli olur, öz təsərrüfatını və hər gün ilana bir qab süd verərək əvəzində bir qızıl almağı oğluna tapşırır.

Kəndlinin oğlu çox xəsis və acgöz olduğundan atası gedəndən sonra ilanın yuvasında yəqin bir xəzinə olduğunu düşünür və onu öldürüb xəzinəni ələ keçirmək fikrinə düşür.

Ertəsi gün ilan südü içərək əvəzində qızılı qoyub gedərkən oğlan onun dalınca düşür, qarabaqara gəlib ilanın yuvasına çatır. İlan yuvaya girmək istədikdə bel ilə vurub onu öldürməyə cəhd edir, lakin ilanın yalnız quyruğunu qopara bilir. Qəzəblənmiş ilan oğlanın üzərinə atılıb bir neçə yerdən onu sancır. Oğlan ölür.

Bir müddət sonra kəndli öz kəndinə qayıdır. Oğlunun öldüyündən çox kədərlənir, lakin ilanla dostluğun ona xeyir verdiyini nəzərə alaraq ilanın yanına gedir və dostluğu pozmamağı ona təklif edir.

İlan kəndlini dinlədikdən sonra onun nə məqsədlə bu təklifi etdiyini başa düşərək deyir:

– Artıq bizim dostluğumuz tutmaz, çünki nə sənin ürəyindən oğul dağı, nə də mənim yadımdan quyruq yarası heç zaman çıxmayacaqdır.

Bir-birindən bərk incimiş, lakin müəyyən səbəbə görə üzdən rəsmən dostluğu davam etdirməyə çalışan adamlar haqqında danışarkən və başqa münasib hallarda bu məsəldən istifadə olunur.

13/07/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. hə, maraqlı idi, elə yaralar var ki, sağalmaz, səninlə birgə olar, daim, bəlkə də göz dagı olar, səninlə qocalar və bir gün səninlə birgə bu dünyanı tərk edər…

    Bəyən

  2. Məncə, insanların yadında ən çox pislik qalır, yaxşılıq nədənsə tez unudulur.
    “Artıq tamah baş yarar…” düz deyiblər, niyə insan oğlunun tamahı bu qədər iti olur görəsən? Qismətinə düşənə gərək naşükürlük etməyəsən. Yaşadığın hər gününə, aldığın havaya, bir tikə çörəyinə şükür edəsən gərək.

    Bəyən

  3. Hə bu rəvayəti eşitmişdim. Tamahkarlıqdan böyük dərd yoxdur bu dünya üçün. Hər iki dünyanı itirmiş olursan.
    Təşəkkür edirəm, Sevinc.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...