Boşanma – çiliklənmiş səadət (II yazı)

image

Azərbaycanda əri tərəfindən ailədə alçaldılan, hörmət görməyən, döyülən, əziyyət çəkən və s. müsibətlərə düçar edilən nə qədər qadınlar var. Əksəriyyətinin ərləri alkoqol və narkotik maddələr alüdəçisi olduğundan onlara qarşı daha amansız olurlar. Həyatı göz yaşları içərisində keçən, ölməkdən başqa əlacları qalmayan bu qadınlar çox vaxt acılarını valideynlərinə belə bildirmirlər. Bildirmirlər ona görə ki, yenə Azərbaycan mentaliteti bu ailəni qınayacaq, ailə gözdən düşəcək və s.. Ailələrinin gözdən düşməməsi, adlarının bədnam olmaması üçün ömür yolları sazağa düşmüş belə qadınlar canlı şəhidlərə çevrilirlər.


Əvvəlki yazımızda boşanmalarla bağlı statistik məlumatlar və boşanmaya səbəb olan amillər haqqında məlumat verdiyimizdən, bu yazımızda sizinlə ancaq boşanma halına, eləcə də boşanan qadın və kişilərə münasibət, həmçinin cəmiyyətin onlara yanaşması haqqında fikirlərimizi təqdim edəcəyik.
Ailə münaqişələrində , adətən, şiddətə məruz qalanların böyük əksəriyyəti qadınlardır: kişi zülm edir, qadın zülm çəkir. İstər filmlərdə gördüklərimizdən, istərsə də hər gün telekanallarda bu mövzularda aparılan canlı yayımlardan bunu görməmək mümkün deyildir. Bəzən cəmiyyətdə həyatda büdrəmiş və sonradan ayaga durub yerimək, səhvini düzəltmək istəyən qadınlara şans vermirlər…
Ən pisi isə qadınların boşandıqdan sonrakı tale və həyatlarıdır. Onlar atasız övlad böyütməli, ailənin maddı çətinliklərini özləri həll etməli, eyni zamanda insanların kəskin fikirlərinə boyun əyməlidirlər.
Bu gün mövcud reallıq isə budur ki, Azərbaycanda boşanan ailələrin sayı ildən-ilə artmaqdadır. Səbəblərsə acınacaqlı və müxtəlifdir: bəzilərinin xasiyyəti uyğun gəlmir, bəzilərinin həyat yoldaşının rəftarı qüsurludur, bəziləri narkomaniyaya qurşanıb, bəziləri ailə səadətini maddı çətinliklərinə təslim edib… Bəziləri yoldaşını hər gün işkəncəyə məruz qoyur , nəticədə neçə müqəddəs arzularla bənd olan könüllər dözməyib ayrılmaq qərarına gəlirlər.… Hər ailə fərdidir, hər dağılan ailənin öz səbəbi var:

Çiliklənmiş səadətlərin acı səhifələrindən:

1. “Mən artıq 4 ildir ki, həyat yoldaşımdan boşanmışam. İki övladım var. Lakin yenidən ailə həyatı haqqında düşünə bilmərəm. Çünki bilirəm ki, bunu övladlarım qəbul etsə belə, ətrafdakı insanlar yaxşı qəbul etməyəcəklər. Boşanmış qadın üçün həyat çox çətindir…”

2. “Boşandıqdan sonra sanki mənə qarşı münasibət dəyişdi. İş yerində bəziləri mənə əvvəlkindən fərqli münsibət göstərməyə başladı. Sanki mən başqa insanam. Kimsə mənə şam yeməyi təklif edirdi, digəri mənə ətir hədiyyə edirdi. Elə bilirdilər ki, əgər boşanmışamsa, deməli, istənilən kişi mənlə istədiyi kimi davrana bilər.”

3. “ Bir neçə ildir ki, boşanmışam. Buna görə də peşman deyiləm. Birinci həyat yoldaşım məni çox incidirdi. Hər gün təhqir edirdi, evə çox zaman sərxoş gələrdi. Bir qızımız da var. Mən sonda dözə bilmədim. Əşyalarımı yığıb evi tərk etdim. Əvvəllər çətin olsa da, hazırda yaxşı yaşayıram. İkinci dəfə ailə qurdum. Həyat yoldaşım qızımı öz övladı kimi istəyir. Məncə, insanlar heç vaxt talelərinə laqeyd qalmamalıdırlar”.

4. “Mən də hazırda bu problemlə üz-üzəyəm. Bilirəm ki, gec-tez biz ayrılacagıq. Ona gorə də bu ailəni istəmirəm. Hələ 21 yasım var, qızımız da var. Umidim ona idi ki, bəlkə ata olsa duzələr, ailəsinə baglı olar, amma yanılmısam. Toyumuzdan bir il keçməyib hələ…”

5. “Boşandıqdan bir müddət sonra ikinci evliliyə razılıq verdim, ikinci zillətə düşdüm. Həyatım daha da çətinləşib.
Göründüyü kimi, bütün hallarda haqqında danışılan ailələrdə münaqişələr mövcuddur. Söz-söhbət, problemi olmayan ailə təsəvvür etmək yoxdur. Həyat da budur da, gərək səadətini bu çətinliklər arasında qurmağı bacarasan ki, sadə bir mehdən bu ailənin, xoşbəxtlik qəsrinin divarları uçulub-sökülməyə. Mən heç kimi nə günahlandırmaq , nə də kiməsə bəraət qazandırmaq fikrində deyiləm. Amma bir ailənin dağılmasına, dünyaya körpə gətirən bir qadının sonda göz yaşlarına heç kim biganə qalmamalıdır. Ailəni qorumaq birinci atanın borcudur, qadın isə onun ciyinlərinə dəstək verən can sirdaşı. Onu necə alçaltmaq olar? Biz də qadın, bir evin xanımı olaraq bütün ailələri xoşbəxt və bəxtəvər görmək arzusundayıq. Fikrimizcə, ailənin ilk niyyəti sevgidən başlayır. Sevgiyə müqəddəs yanaşılmalıdır. Hər kəs sevdiyini tamam-kamal kəşf etdikdən sonra “hə” deməlidir. Dədə-baba ədəb-ərkanı hökmən gözlənilməlidir. Həyati məsələlərin hər biri onların xeyir-duası və razılığı ilə olmalıdır. Valideynlər də öz övladlarına, xüsusən, qız övladlarına həssas yanaşmalıdırlar. Ana qızına həyat dərsliyi öyrətməlidir ki, qarşısına çıxan sevgi meyillərinin hansının saf olduğunu təyin edə bilsin.
Bunlar hər birimizin arzularıdır. Fəqət, taleyin sərt döngələri də var. Uğursuz ailələr də ola bilər, uğursuz talelər də ola bilər. Allah göstərməsin, hansısa bir gənc ailədə ər xəstəlikdənmi, qəzadanmı dünyasını dəyişə bilər. Bu qadınlar cəmiyyətdən təcrid olunmamalıdır. Qadınların eləsi var ki, acı taleyini qəbul edib ömrünün sonuna kimi bu evdə qalıb balalrını böyüdüb boya-başa çatdırır. Sevgisinin, dünyadan nakam köçmüş yoldaşının yarımçıq qalmış arzularını həyata keçirir. Qadın da var ki, müxtəlif səbəblərdən ikinci dəfə ailə qurur. Belə məsələləri dinimiz də tənzimləyir, yəni bu, qadağan da deyil.
Lakin uğursuz ailə həyatının səbəbi kimi boşanan qadınlar mümkün qədər ailə müqəddəsliyini qorumağa çalışmalıdır. Cəmiyyət özü belə məsələlərə həssas yanaşmalıdır. Ailəsini dağıdan, qadınına hörmətsiz yanaşan insanlar qınaqla qarşılanmalıdır.
Qərbdəki həyat tərzindən, seriallardan gələn təsirlərə sədd çəkmək üçün ciddi maarifləndirmə işləri aparılmalıdır. İndi telekanallarda ailə münasibətlərindən danışan elə adamlar var ki, xalq onları tanıdığı halda, kütləvi informasiya vasitələri belələrini ekrana buraxmamalıdır. Maddi çətinliklə üzləşən bir ailə heç zəhmət çəkmədən zər-zibaya bürünüb ekranlara çıxan, hər evə soxulan sevilməyən adamları görmək istəmir. Səbəblər çoxdur. Bu səbəblərin hər biri çox ciddi seçim qarşısında qalan qadın və qızları əks tərəfə meyilləndirə bilər.

Bu kimi ciddi və vacib məsələyə hamı cavabdehlik daşımalıdır, səmimi olmalıdır, obyektiv olmalıdır. Gərək doğrunu gördüyün kimi deyəsən. Nə qədər sərt olsan da, həqiqətin üstünə kölgə salmayasan. Sirr deyil ki, ərlər ailələrinə xəyanət edirsə, bu günah təkçə onların deyil, onlara bu yaxınlıqda özlərini təslim etmiş öz həmcinslərimizdir. Düşünürəm ki, ailə bu vəziyyətə gəlib çıxıbsa, tərəflər bu qədər yadlaşıblarsa, ailənin hər iki üzvü bu və ya digər şəkildə günahkardır. Sevimli şairimiz M. Yaqub demişkən:

Bir gözünü mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.

Bax, beləcə, fikrimin sonuna çatdım. Hər bir Azərbaycan ailəsinə səadətli günlər, istisi heç vaxt tükənməyəcək bir sevgi, qadınlarımıza əsl qadın səadəti arzulayram.
Buyurun, fikirlərinizi bildirin: boşanmış qadınların həyatdakı yerini necə görürsünüz, boşanmış qadın hökmən ikinci ərə getməlidirmi, yoxsa evdə qalıb tənha ömür sürməlidirmi?

PS: Boşanmış qadınların dilindən verilmiş fikirlər kütləvi informasiya vasitələrindən götürlmüşdür.

22/06/2015 tarixində Ailə dünyası içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: