Dahilərin uşaqlıq illərinə səyahət (II)

image Bizim üçün bəzi insanlar bir dahidir: etdikləri işləri görərik, amma necə etdiklərini, nə şəkildə düşündüklərini, bu işləri necə ortaya çıxardıqlarını anlaya bilmərik. Amma onların gördüklər işlər bizim üçün hər zaman maraqlıdır. Bu marağın işığında təkamül təliminin təməlini qoymuş ingilis təbiətşünası Çarlz Darvin haqqında söhbət açmaq istəyirik. Məşhur alimin uşaqlıq, gənclik illərindən toplaya bildiyim bəzi maraqlı məlumatları sizə təqdim edirəm.

İlk İlləri – Çarlz Darvin 7 yaşındaykən

Darvin 12 fevral 1809-cu ildə Şrusberi şəhərində həkim ailəsində anadan olmuşdur. O, Robert-Suzanna Darvin cütlüyünün beşincisi olaraq dünyaya gəlmişdi. Ata Darvin həkim, ana isə ev işləriylə maraqlanan bir botanika həvəskarı idi. Darvin ailəsi ana babasından qalan böyük miras sayəsində olduqca zəngin və varlı bir ailə idi. Buna görə də Çarlz dövrün ən yaxşı məktəblərində olduqca rahat bir şəkildə təhsil ala bilmişdir. Robert-Suzanna ailə üçün olduqca yaxşı bir mühit yaratmağı bacarmışdılar. Suzanna bütün uşaqları ilə yaxından maraqlanan, onların təhsilinə əhəmiyyət verən qayğıkeş bir ana idi. Çarlz 8 yaşındaykən anası ağır bir xəstəlik üzündən həyata gözlərini yumur. Çarlz kiçik olmasına baxmayaraq, artıq anasının sayəsində çoxdan bitkilər dünyasını, onların xüsusiyyətlərini və adlandırılmasını öyrənmişdi. Atası Robert də uşaqlarının gələcəkləri haqqında ağıllı qərarlar verə bilən bi rata idi. Məktəbdə hər hansı bir üstün müvəffəqiyyət göstərməsə də, ata Çarlz onun həkim olmasını istəyirdi və gələcəkdə müvəffəqiyyətli biri olacağına inanırdı. Cütlük uşaqların yaradıcılığı, təhsili ilə bağlı o qədər diqqətli idilər ki, hətta Çarlza ondan 4 yaş böyük qardaşı ilə birgə evlərinin üst mərtəbəsində kiçik bir kimya laboratoriyası qurmalarına belə icazə vermişdilər.

Təbiətlə təması və araşdırmaya başlaması

Evlərində olan bu kiçik laboratoriya Çarlz və Erasmus üçün ən böyük əyləncə yerlərindən biri idi. Təbiət elmlərinə maraqlı olan Erasmus sayəsində Darvin kitablarda gördükləri bəzi təcrübələri təkrarlayır, ağıllarına gələn suallar üçün təcrübələr təşkil edir və bütün bu proseslərdə Erasmusa Çarlz assistentlik edirdi. Erasmus tibb təhsili üçün Edinburq Universitetinə getdikdən sonra belə məktub vasitəsilə Çarlza təcrübələr təklif edir, lakin bunların necə ediləcəyinə qarışmırdı. Bunun nəticəsində də, demək olar ki, Çarlz Darvin müstəqil elmi işini universitetdən əvvəl öyrənmiş və bir çox təcrübələri də artıq aparmışdı. Evləri təbiət qoynunda olduğu üçün Darvin təbiətlə üz-üzə böyüdü. Həm özbaşına, həm də qonşu əyalətlərdəki yoldaşları ilə uzun gəzintilər təşkil edər, hətta o qədər gəzərdi ki, bəzən huşunu da itirərdi. Bu gəzintilər zamanı quşları müşahidə edər, böcək toplayar, onları ayırar, hətta ürəyi istəsə evdə onları yararaq daha ətraflı incələyərdi. Ağılına gələn sualları qeyd dəftərində yazar və hər gəzintidən böyük bir keyf almış olaraq geri dönərdi. Dövrünün əhəmiyyətli və tanınan həkimlərindən olan, ata babası Erasmus Darvinin yazdığı “Zoologiya” kitabını da bu yaşında oxumuşdu. Baba Darvin təkamül fikrini ilk müdafiə edən adlardan biridir. Lakin təkamülün necə və nə üçün inkişafına dair etibarlı bir fikir ortaya qoya bilməmişdi, qismət nəvəsi Çarlzda imış.

Məktəbli Darvin

Çarlz Darvin məktəb illərində çox da nəzərə çarpan bir şagird olaraq gözə dəyməyib. Dövrünün ən yaxşı məktəblərindən biri olan Şrusberidə təhsil almasına baxmayaraq, özünə verilən təhsilin “gərəksiz” və hətta illər sonra “axmaq” olduğu haqqında düşünürdü. Görəsən niyə? O illərdə ingilis məktəblərində təhsilin böyük qisimini Latın dərsləri və klassik əsərlər, yəni Platon, Aristotel kimi Antik yunan mütəfəkkirlərinin əsərləri keçilərdi və bununla birlikdə Roma dövrünə aid kitabların öyrədilər, coğrafiya, tarix, Evklid həndəsəsi və “ümumi elm” dən bəhs edilən dərslərə də diqqət yetirilərdi. Amma Şrusberi məktəbinin müdiri Dr. Butler uşaqlara elm öyrədilməsinə tamamilə qarşı bir şəxsiyyət idi və Çarlzın böyük qardaşı Erasmus ilə evlərində bir laboratoriya olduğunu öyrəndiyi zaman Çarlzı bütün məktəbin qarşısında “axmaq şagird” və “evinə gedib qazlarla və digər şeylərlə məşğul olun, siz əsla faydalı şeylər bilməzsiniz” deyə danlamışdı. Bəli, bundan sonra Çarlzın niyə məktəbi sevməməsinə heç çaşmaq lazım deyil. Çarlz diqqətli və çalışqan idi. Xüsusi ilə təbiəti müşahidə mövzularında özünü davamlı inkişaf etdirən, evdə tapdığı təbiət və təbiət tarixinə aid kitabları oxuyan, böyük qardaşıyla təcrübələr edən bir gənc idi. Rəsmi olaraq məktəbdə aldığı təhsil onu elmi məlumat mövzusunda irəli aparmamış olsa da, müəyyən bir məsuliyyət və intizam qazandırmışdı. Atası Robert böyük oğlu Erasmus kimi Çarlzın da həkimlik peşəsini seçməsini istəyir, bunun Çarlz üçün ən yaxşı seçimlərdən biri olduğunu hər zaman dilə gətirirdi. Məhz buna görə Darvin 16 yaşında tibb təhsili almaq üçün böyük qardaşının oxuduğu Edinburq Universitetinə göndərildi. Universitetdəki ilk ili tibdən böyük zövq aldı. Böyük qardaşının də dəstəyi ilə davamlı olaraq dərslərinə çalışdı, lakin bir tərəfdən də təbiət qoynunda həm oxumağa, həm də Skoç sahillərində uzun gəzintilərə çıxmağa da laqeyd qalmadı. Edinburqda olduğu müddət içərisində Çarlzın həyatında iki əhəmiyyətli uğur diqqəti cəlb edir: birincisi, müdavimləri olduğu “fikir dərnəkləri” dir. Aydın bir şəhər olan Edinburqda o zamanlar fikir adamları, mütəfəkkirlər, sənayeçilər, tədqiqatçılar və s. öz aralarında toplanar, bir-birləri ilə fikir mübadiləsi edər, son işlərini paylaşar və beləcə də intellektual məzmunda hərəkətli bir mühit yaradardılar. Belə bir mühitdə Çarlz Darvin böcəklər üzərində etdiyi bir işi 18 yaşında düşüncə dərnəklərindən birinə təqdim edir. Edinburq illərinin ikinci əhəmiyyətli hadisəsi isə Çarlz Darvinin ilk dəfə dövrün ən tanınmış zooloqu Robert Grantla birgə iş yaratması oldu. Çarlzın işlərini müəyyən bir sahəyə istiqamətləndirməsi və özünə reallaşdırılacaq hədəflər seçməsi baxımından Robert Grant Darvinin tanış olduğu ən yaxşı müəllimlərdən biri idi.

Gələk Kembirc illərinə

Tibb təhsilini buraxdıqdan sonra Çarlz üçün atası ən yaxşı təhsil variantının teologiya olduğuna qərar vermişdi. Kembircdə şans Darvinin üzünə güldü. Əmisi oğlu və böcəklərə qarşı çox böyük marağı olan Villiam Darvin Fox, Çarlzın Kembircdə keçirdiyi illərdə ən yaxın dostlarından biri oldu. Birlikdə böcək yığmaq üçün uzun gəzintilərə çıxardılar, canlılar üzərində fikir bölüşərdilər, müzakirə edərdilər və bundan da böyük zövq alardılar. Özündən çox kiçik bir yaşda olmasına baxmayaraq, Çarlzın məlumatı və qabiliyyətləri Villiamın marağını çəkmişdi. Əmisi oğlu oradan ayrıldıqdan sonra da uzun illər məktublaşmağa davam etmiş, bir-birlərinə nadir böcək nümunələri və ya şəkillərini göndərmişdilər. Kembircdə məzun olduqdan sonra Cənubi Amerika sahillərini kəşfə çıxan Darvin 27 dekabr 1831-ci ildə başlayıb 1836-ci ildə sonlanan səfərin nəticəsi olaraq ən böyük kəşfi olan təkamül nəzəriyyəsini inkişaf etdirməyə başladı. Bu səfər Darvinin mühafizəkar fikirlərdən uzaqlaşıb, özünü tamamilə müşahidə və araşdırmağa ruhlandırmış və o, İngiltərəyə qayıdaraq tədqiqatlarını ümumiləşdirərək “Növlərin mənşəyi” kitabını yazmağa başlamışdır. Burdan sonra başlanan həyat Darvinin bir yetkin olaraq keçirdiyi illərin başlanğıcıdır. Çarlz Darvinin uşaqlıq dövründə diqqəti cəlb edən xüsusiyyət təbiətə və onu anlamağa yaranan böyük həvəsi və bu həvəsi uğrunda davamlı işidir. Bitmək bilməyən həvəsi onu araşdırmaya, toplamağa, oxumağa sövq etmişdir.

29/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Ay səni Darvin, elə böcəklə başlamışdın, böcəklə də davam edəydin də, sənə lazım idi, təkamül nəzəriyyəsi və s. və i. 😆
    Təşəkkür edirəm, Sevincim, mənə həmişə maraqlı olub dahilərin həyatı.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: