Acılarla dolu həyat

image

“Gün işığını görənə qədər üsyanın coşğusuyla dolub, belə bir atəşin ortasında doğuldum mən və o gün həmin atəş bütün həyatım boyunca qucaqlayıb sarmaladı məni … Uşaqkən bir qığılcım kimi saçardım. Böyüyüncə təpədən dırnağa alov kimi yandım. Mən, bir inqilabın qızıyam. Buna heç bir şübhə yoxdur, bir də atamın sitayiş etdiyi qoca atəş tanrısının! ”


Adı Frida …. Frida Kahlo. İyirminci əsrin məşhur mədəniyyət ikonu halına gələn Meksika əsilli bir rəssam. Sənəti, sürrealist qəbul edilsə də əksinə həqiqi bir rəssamdır. Bəlkə də içimizdəkileri Frida kimi göstərə bilmədiyimiz üçün qeyri-real olaraq qəbul edirik onun əsərlərini. Frida, “Özümdən daha yaxşı kimsəni tanımıram” deyərdi. Bax, bəlkə də buna görə özünü, hiss etdiyi duyğuları tam mənasıyla tabloya əks etdirərək fövqəladə rəsimlərə imza ata bilib.
Mən xəyal etdiklərimi yox, öz gerçəkliyimin şəkilini çəkdim hər zaman.”

Frida, 6 İyul 1907-ci ildə Meksikada Macar Yəhudisi fotoşəkilçi Wilhelm Kahlo və qızıldərili əsilli Matilde Calderon Gonzalesin dörd qızından üçüncüsü olaraq dünyaya gəlib. Amma özü doğum tarixini Meksika İnqilabının reallaşdığı 7 İyul 1910 günü olaraq elan edib. Doğulandan sonra anası xəstələndiyi üçün qırmızıdərili bir süd ana tərəfindən böyüdülüb. Bunun təsirini daha sonra şəkillərində də əks etdirib. Anasının nəzakətli, amma həddindən artıq çox hesablı və dindar olduğunu deyən Frida, atası ilə hər zaman çox səmimi ünsiyyətdə olub. Bəxtindəki uğursuzluqlar onu 6 yaşında ikən tapdı. Keçirdiyi uşaq iflici nəticəsində bir qıçı digərindən inkişafdan daha zəif qaldı. Bu onun məktəb illərində “Taxta ayaq Frida” olaraq çağrılmasına səbəb oldu. Frida buna görə bütün həyatı boyunca həmişə uzun ətəklər geyinərdi.
3 bacısı olmasına baxmayaraq bir oğlan kimi böyümüşdü Frida. Ən yaxşı məktəblərin birində təhsil alan Frida, dövrünün ən seçilən təhsil ocağı olan “Milli Hazırlıq Məktəbi” nə qəbul edilən ilk şagird qız oldu. Bu məktəb onu sənət, ədəbiyyat, fəlsəfə kimi sahələrə istiqamətləndirdi, güclü bir şəxsiyyət kimi yetişməyə başladı.

Bir gün Frida sevgilisi, Alexandro Gomezlə məktəbdən evə dönərkən mindikləri avtobus bir tramvay ilə toqquşdu. Çox sayda insan tələfatı ilə nəticələnən bu qəzada Frida ağır yaralandı. Sərnişinlərin dayaq kimi yapışdığı bir dirək Fridanın sol ombasından girib çanaq sümüyündən çıxmışdı. Onurğasının bel bölgəsi üç yerdən, çanaq sümüyü, körpücük sümüyü, qabırğası və sağ qıçı 11 yerindən qırılmışdı.
“Qəribə bir toqquşmaydı bu, şiddətli deyil, ağır və yavaş idi, hər kəsi sarsıtdı, məni daha çox sarsıtdı. Toqquşmanın fərqində deyildim, ağlamırdım, qorxu yadımdan çıxmışdı. Dəmir dirək qılıncın öküzü deşməsi kimi məni də deşdi, keçdi.”
image
Frida, bu qəzadan sonra yatağa məhkum qaldı. Həyatı bir müddət xəstəxanada, müayinələrdə, bitmək bilməyən əməliyyatlarla keçdi. Bu müddət ərzində 32 dəfə əməliyyat edildi.
Əslində işin maraqlı tərəfi bilirsiniz nədir? Fridanı rəssam olmağa yönəldən bu qəza oldu. Atası yatdığı yerdən otağındakı əşyaları görməsi üçün mexanizmlər qurmuş və başının üzərinə aynalar yerləşdirmişdi. Ağrıları ilə mübarizə aparmaq, acısını unutmaq üçün bir şeylərlə məşğul olmağa çalışan Frida, yatdığı yerdən öz şəkillərini çəkərək başladı rəsm işlərinə.
“Bir gün heç bir şansım olmadığı vaxt idi. Ağrılar məni əldən salmışdı… Və mən özümdə güc tapıb əlimə fırçanı götürdüm, ağrılara çox da əhəmiyyət vermədən şəkil çəkməyə başladım. Beləcə mənə əziyyət verib, hər an məni “haqq-hesaba” çəkən, az qalsın şəxsiyyətimi belə əlimdən alacaq olan aynadan görünüşü oğurladım… ”
Şəkil çəkməklə keçirdiyi qəzanın ağrılarını yüngülləşdirmək üçün başını qatmağı düşünən Frida, qısa müddət sonra qabiliyyətini hər kəsə sübut etdi.
1927-ci ilin sonunda təkrar gəzməyə başlayan Kahlo, bu dövrdə sənət və siyasət aləminə diqqəti artırdı.1929-cu ildə Meksika Kommunist Partiyasına üzv oldu. Çəkdiyi ağrılar azmış kimi, Frida Meksikanın ən əhli-kef və yola gedilməsi ən çətin kişilərindən biri olan, Marksist divar rəssamı Diego Riveraya aşiq oldu.1929-ci ildə özündən 21 yaş böyük olan bu adamla evləndi. Çəkdiyi şəkilləri göstərmək üçün tanış olduğu məşhur rəssam Diego Rivera ilə evlənməsi isə hər kəsi çaşdırdı. Rivera kök, çirkin bir adam olmasına baxmayaraq qadınlar arasında çox məşhur idi və Frida ilə evləndikdən sonra sadiq bir yoldaş ola bilmədi. Onu Fridanın bacısı ilə belə aldatdı. Sağlamlıq problemləri səbəbiylə bir uşağını tələf etdirən Frida, yoldaşının xəyanəti səbəbiylə 1939-ci ildə ondan ayrıldı. Özünü içkiyə alışdırdı, saçlarını qısa kəsdi və kişi paltarları ilə gəzməyə başladı. Riveradan ayrılan Frida kişilərlə, həm də qadınlarla saysız eşqbazlıqlar yaşadı. Bunların ən məşhuru evlərində qonaq olduqları Lev Trotski ilə 1937-ci ildə yaşadığı əlaqəsidir. Trotskiyə təşkil edilən sui-qəsdlə bağlı günahkar bilinən Frida, bir müddət Meksikadan ayrılmağa məcbur olur. Fridanın ruh sağlamlığından narahat olan həkimlərin tövsiyəsi ilə bir il sonra Diego Rivera ilə yenidən evləndilər.
“Həyatımda keçirdiyim iki ağır qəza var. Birində tramvay məni əzib keçdi, digər qəza isə Diagodur… ”

“Bu bir eşq birliyi idi. Bizə uyğun, daşqın axan bir su kimi coşqun, Nikaraqua şəlaləsi, dənizlərin dibi kimi dərin və sirli, fırtınalı, gölləri kimi itaətli və çöllər kimi yorucu və qızıl kimi parıltılı, yırtıcı heyvanlar kimi qorxunc, yaşayan kainat kimi rəngarəng… ”
Frida və Dieqo bütün həyatları boyunca etibarlı kommunist və Sovetlər Birliyini dəstəkləyən cütlük oldular. Frida yatağının üstündə Stalin, Lenin, Marks, Engelsin fotoşəkillərini asardı. Ancaq siyasi fikirləri belə onları ürəkləri istəyən bir həyat sürməkdən kənar qoymadı. Cütlüyün bir əyləncəyə çevrilən şam yeməkləri Meksika rəhbərliyinədək gedib çatmışdı. Frida aqibətini gözləyən bəlalardan xilas olmaq üçün həmişə dəmir bir kürəklik geyinərdi. Lakin bu geyim də onun parlaq, əl-əlvan geyimini əngəlləyə bilməzdi. Frida makiyajsız küçəyə addım atmazdı. Bir fərqli xüsusiyyəti isə qaşlarını aldırmaması idi. Əksinə, qalın, bitişik qaşlarını qələmlə daha da boyayardı.
Yaşadığı müddətdə Fridanın əsərləri məşhurluq zirvəsinə çata bilmədi. Satış məqsədi üçün atdığı addım ilk dəfə 1938-ci ildə ABŞ səyahəti zamanı baş tutdu.
İlk fərdi sərgisini Nyu-Yorkda təşkil etdi. 1939 –cu ildə Paris sərgisi ilə daha da məşurlaşdı.1943-cü ildə “La Esmeralda” adlı yeni bir sənət məktəbində müəllimliyə başlayan Frida, sağlamlıq vəziyyəti pisləşməsinə baxmayaraq on il boyunca tədrisə davam etdi. 1948-ci ildə yenidən Meksika Kommunist Partiyasına qatılmaq üçün müraciət etdi və müraciəti qəbul edildi.

image
Qısa bir müddət sonra sağlamlığı pisləşməyə başladı. Həddindən artıq içki və siqaret qəbul etməsi, yata bilmək üçün içdiyi dərmanlar xəstəliyini sürətləndirdi. Qəzaya düşən ayağı qanqrena olduğu üçün kəsildi.1953-ci ildə öz vətənində ilk fərdi sərgisini açdı. Həkiminin qoyduğu qadağaya baxmayaraq, Frida yatağında uzanılı halda bir yük maşını ilə özünü qalereyaya çatdırdı və təkərlərin üzərində zəfər dolu bir ədayla qonaqlar arasına qatıldı. Frida Kahlo, 13 İyul 1954-cü ildə, ağciyər emfizeması diaqnozuyla son nəfəsini verməsindən bir neçə gün əvvəl gündəliyinə bu sətirləri yazmışdı:
“Çıxış yolunun gözəl olacağını və əsla geri dönməyəcəyimi ümid edirəm…”

Frida Kahlonun 70-ə yaxın rəsmi var. Bunun böyük bir hissəsi də Avtoportretdən yaranmadır. Həyatının böyük bir hissəsini yataqda başının üstündə dayanan bir aynaya baxaraq keçirən biri üçün normal bilinən bu portretlər heç də adi deyil. Yalqızam deyirdi Frida. Özümdən daha yaxşı kimsəni tanımıram. Bəlkə də buna görə özünü ən gözəl çəkə bilirdi. Ən yaxşı tanıdığı üzü idi axı…
… Ağrını, ümidi, ümidsizliyi və ya müqaviməti əks etdirərdi şəkillərində. Öz həqiqəti ilə birlikdə Meksika həqiqətini də çəkdi. Rəsmlərinin birində Amerika mədəniyyətinin elementlərini bir zibillik kimi üst-üstə yığmışdı. “Köklər” ilə Meksika tarixinin dərinliklərinə işarə etmişdi… Kahlonun sənətində, ümumiyyətlə, bədənin hiss etdikləri izah edilirdi. Bədəninin çəkdiyi acı…
Onun qədər heç bir rəssam insanın üz cigilərini dəqiqliyi ilə canlandırmağa qadir deyildi. Hətta ən məşhur rəssam hesab olunan həyat yoldaşı Diego da ölümündən sonra Frida üçün bunları söylədi: “Frida məndən daha yaxşı bir rəssam idi və rəsm aramızda rəqabətin olmadığı bir sahə idi…”

Fransız Jean-Paul Gaultier 1998-ci ildə Kahlo stilini sərgilədi. Bu nümayiş dünya mətbuatında və moda ictimaiyyətində böyük əks-səda yaratdı. Ayrıca sənətçinin həyatını əks etdirən “Frida” adlı film Venesiya Film Festivalının açılış filmi olaraq göstərildi. Filmdə Fridanı Salma Hayek canlandırır. Son illərdə sənətçinin həyatından danışılan bir kitab da nəşr olundu: “Frida Kahlo- Eşq və Acı”.

23/05/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: