Səsinin sehrinə düşdüyüm qadın

Laləzar_MustafayevaBelə bir hikmətli ifadə var:”Havanı olduğu kimi, küləyi əsdiyi kimi, qadını göründüyü kimi qəbul et”. İnsanı göründüyü kimi qəbul etmək çox vaxt həmin insan haqqında fikirlərimizi doğrultmaya da bilər. Amma mənim qəribə xasiyyətim var. İlk dəfə birini gördümsə və zahiri görkəmi diqqətimi çəkib məndə müsbət fikirlər oyatdısa, qarşımdakına xüsusi rəğbətim yaranır. Nə vaxtsa yanıldığımı hiss edərəmsə, o zaman çox üzülərəm, bunu da qeyd edim…

Bu gün danışacağım insan haqqında fikirlərim də, sevgim də elə ilk baxışdan formalaşdı və mən bu qadını sevdim. Xanımlığını, gözəlliyini, qadın üçün gərək olan bütün gözəllikləri özündə cəmləmişdi. Elə bil, Yaradan bu xanımdan heç nəyini əsirgəməmişdi. Onun baxışı, duruşu, səsindəki zabitə dolu ecazkarlıq, nitqindəki qüsursuzluq, nə bilim,… heç bilmirəm hansı gözəl xüsusiyyətindən yazım ki, fikrimi tamamlaya bilim. Məncə, bu hər xanıma nəsib olan xoşbəxtlik deyil…


Bu gün söhbət açacağım xanım səhnəmizdə, kino tariximizdə bir çox yaddaqalan obrazlar yaradıbdır. Lakin bir şeyi etiraf edim ki, mənim bu xanıma olan sonsuz sevgim ifasında dinlədiyim və poeziyanın təsirindən çox, ovsununa düşdüyüm səs tembridir. Bəsit bir şeir belə Laləzar xanımın ifası ilə cana gəlib ürək oxşaya bilər…

Laləzar xanım Mustafayeva 1962-ci il sentyabr ayının 30-da doğma Azərbaycanımızın füsunkar guşələrindən olan Balakən rayonunun Qullar kəndində doğulub. Orta təhsilini də elə bu kənddə bitirib. 1979-cu ildə məktəbi bitirdikdən sonra kənd kitabxanasında işləyib. Taleyində gözəl obrazlar yaratmaq varmış, həm də bu cür istedad uzaq bir kənd kitabxanasında itib-batıb, yox olmamalıymış deyə yolu Bakıdan keçib Laləzar xanımın. Axı bu istək onun içində orta məktəbin ilk illərindən baş qaldırmışdı. Mütaliə etmək, kənd klubunda maraqlı filmləri izləyib, xəyalında obrazlar yaradan Laləzar zanımın qarşısını hansı qüvvə ala bilərdi?


Əvvəlcə Mədəni Maarif Texnikumunun rejissorluq fakültəsinə daxil olub. Bunu da qeyd edim ki, Laləzar xanımın məhz bu teknikumu seçməyi də bir təsadüf olub, bəlkə də qismət…Həmin illərin adətinə görə, ucqar bir kənddən gələn qız uşağı aktrisalıq sənətini seçə bilməzdi. Buna görə də Laləzar xanım qardaşının məsləhəti ilə sənədlərini Bakı Kitabxanaçılıq Texnikumuna aparır. Stolun üstünə nümunə üçün ərizə qoyulubmuş, ani olaraq ərizədə nə varsa, onu köçürüb və Kitabxanaçılıq fakültəsi əvəzinə, Mədəni-maarif şöbəsinin Klub tədbirləri rejissorluğu fakültəsini yazıb və qəbul olunub …Xüsusi istedad sahibi olduğu üçün buranı fərqlənmə diplomu ilə bitirib Laləzar xanım. Amma ailə həyatı qurduğuna görə 1980-1982-ci illərdə işləməyib. 1985-ci ildə isə yenidən sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və bura daxil olub.

Laləzar xanımın istedadı diqqətdən kənar qala bilməzdi. Buna görə də Ali məktəb təhsilini 1990-cı ilin iyun ayında başa vuran Laləzar Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilib və sentyabrın 1 -də kollektivin aktyor truppasına götürülüb. Teatr səhnəsi ona bir çox yaddaqalan obrazlar yaratmağa yol açıb. Bəxtiyar Vahabzadənin “Hara gedir bu dünya?” tamaşasında Alya, Federiko Qarsia Lorkanın “Dişi canavar” əsərində Ameliya, Marat Haqverdiyevin “Qısqanc ürəklər”ində Leyla, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Gülbahar, Vidadi Babanlının “Ana intiqamı”nda Qumru müəllim, Səməd Vurğunun “Fərhad və Şırin” əsərində Məhin Banu və bir çox başqa obrazlarla Laləzar xanım tamaşaçılar tərəfindən sevilib.


Laləzar Xanım bu uğurlarına, teatr sənətindəki fəaliyyətinə görə 24 may 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 24 dekabr 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Laləzar xanımın kino səhnəsində də çox böyük uğurları olmuşdur.
“Ağ atlı oğlan”(film, 1995)(tammetrajlı bədii film), “Balaş və Mədinə” (film, 2003), “Biz qayıdacağıq” (film, 2007), “Boradigah” (film, 2002), “Dan ulduzu, tale ulduzu” (film, 2001), “Divar” (film, 1991), “Əhməd Bakıxanov” (film, 2003), “Gənc qadının kişisi” (film, 1988)
“Girdiman” (film, 2003), “Güllələnmə təxirə salınır!… “(film, 2003), “Qara “Volqa” (film, 1994), “Qəzəlxan” (film, 1991), “Lahıc” (film, 2004), “Ləyaqət hücrəsi” (film, 2011), “Mariya” (film, 2004), “Naftalan”(film, 2003), “Naxçıvan muzeyləri”(film, 2003), “Pəncərə” (film, 1991), “Səni axtarırıq…” (film, 2013), “Uzaq yaşıl ada” (film, 2004), “Yeraltı şəhərin izi ilə” (film, 2004).

Bütün bu fəaliyyətinə görə Laləzar xanım 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mövzunu Laləzar xanımın sözü ilə bitirmək istərdim: ” – Teatrı əl işinə bənzədirəm. Fabrik malı ilə əl işinin fərqi yerlə göy qədərdir. İnsanlar televiziyadan, filmlərdən, şoulardan yorulanda, düşünmək və dincəlmək üçün teatra gələcəklər…”

22/05/2015 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: