Təvazö və biliyin artırılması haqqında (Qabusnamə)

imageOğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi olub gölgəsi olmayan Muğilan ağacı kimi faydasız olarlar, nə özlərinə xeyir verərlər, nə başqalarına. Əsil-nəsəbli adamlar sənət və hünər sahibi olmasalar da, əsil-nəsəblərinə görə başqalarının yanında hörmətdən məhrum olmazlar. Pisi odur ki, nə cövhərin ola, nə hünərin! Lakin əsil-nəsəbli olanda çalış özünün müəyyən sənət və şöhrətin də olsun, çünki özünün şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Deyiblər ki, “Ləyaqət əql və ədəbdədir, əsil-nəsəbdə, deyildir!”.

 

Böyüklük mə’rifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyildir. Bil ki, sən ata və ananın şan-şöhrəti ilə kifayətlənməməlisən, çünki o, xarici bəzəkdir. Əsil ad-san ona deyərlər ki, onu öz iste’dad və bacarığınla əldə etmiş olasan, bu zaman səni “Zeyd”, “Cəfər”, “əmi”, “dayı” əvəzinə “müəllim”, “alim”, -“fəqih”, “həkim” çağırarlar. Əgər əsil-nəsəbi olan adamın öz bacarıq və ləyaqəti yoxsa, o heç kəsin işinə yaramaz. Lakin bir adamda hər iki xüsusiyyət olsa, ondan bərk yapış əldən buraxma ki, o, hamının işinə yarayar.

Onu da bil ki, bütün sənətlər içində ən gözəl sənət danışmağı bacarmaqdır. Böyük yaradan (cəlalı artıq olsun) insanı bütün məxluqatın ən şərəflisi yaratmış və onu on xüsusiyyətə görə (beşi bədənin daxilində, beşi xaricində), başqa canlılardan üstün yapatmışlır. Daxildə olan beş xüsusiyyət: təfəkkür, hafizə, təxəyyül, təsəvvür və danışıqdır, xarici beş xüsusiyyət: eşitmə, görmə, qoxu bilmə, toxunma və dad bilmə xüsusiyyətidir. Bu xüsusiyyətlərdən heyvanlarda olanları insanlardakı kimi deyil, ayrı cürdür. Buna görə də insan başqa heyvanlara üstün gəlmiş və onların üzərində hökmranlıq əldə etmişdir. İndi ki, bunu bildin, gərək sən dilini gözəl danışmağa və yaxşı şeylər söyləməyə öyrədəsən, yaxşıdan başqa heç bir şey deməyə adət etdirməyəsən, çünki dilə nə öyrədibsən, nəyə adət etdiribsənsə həmişə onu da deyəcəkdir. Odur ki, deyiblər: “dili xoş olanın havadarı çox olar”. Nə sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin görünər. Faydasız sözlərdən qaç,çünki faydasız sözlərdən həmişə ziyan gələr. Yalan iyi verən və hikmət ətri saçmayan sözlər deyilməsə, daha yaxşıdır. Müdrik adamlar sözü şəraba oxşatmışlar o, həm məst edər, həm məsti ayıldar.
Dindirilməmiş danışma, xahiş edilməmiş məsləhət verib nəsihət etmə, xüsusilə nəsihətə qulaq asmayana, elə adam axırda özü yıxılar. Camaat içində heç kəsə nəsihət etmə. Deyiblər ki: “adamlar içərisində. nəsihət məzəmmətə bərabərdir”. Çoxdan yolunu azmışları düzəltmək fikrinə düşmə, bacarmazsan. Əyri bitmiş,qol-budaq atmış və yüksəlmiş ağacı kəsib yonmayınca düzəltmək olmaz. Söz deməkdə xəsislik etmədiyin kimi, imkanın olsa, mal verməkdə də xəsislik etmə, çünki adamlar sözə nisbətən mala daha çox şirnikərlər. Pis ad qazanmış yerlərdən uzaq gəz, bədxah dostdan və pis yola çəkən yoldaşdan qıraq qaç, özün haqqında səhvə yol vermə, elə yerə get ki, səni axtarsalar və orada tapsalar rusvay olmayasan. Malını elə yerə qoy ki,istəyəndə tapa biləsən.
Xalqın qəm və kədərinə gülmə ki, xalq da sənin qəm və kədərinə gülməsin, ədalətli ol ki, ədalət görəsən, xoş de ki, xoş eşidəsən. Şoranlıqda toxum əkmə ki, bar verməz, əməyin hədərə gedər, yə’ni namərd adama yaxşılıq etmək şoranlığa toxum atmaq kimi şeydir. Lakin yaxşılığı layiq olan adamlardan əsirgəmə və yaxşılıq öyrədən ol ki, peyğəmbər əleyhissəlam demişdir: “yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama bərabərdir”. Yaxşılıq et və yaxşılığı öyrət, çünki bunlar birbirindən ayrılmaz ekiz qardaşdırlar. Yaxşılıq etməkdən peşman olma, çünki yaxşı və pisliyin mükafatı sənə hələ bu dünyada, o dünyaya getməmişdən əvvəl çatacaqdır. Bir adama yaxşılıq edən vaxt o adam nə qədər rahat olursa, sən də o qədər rahat olursan bir adama pislik etdikdə o nə qədər inciyirsə, sənin də qəlbin bir o qədər ağrı və sıxıntı duyur, buna görə sən heç kəsə pislik etmə. Həqiqət gözü ilə baxsan, görərsən ki, sən özün əzab çəkmədən heç kəsə ziyan vura bilməzsən və sənin öz xoşun olmadan heç kəs səndən yaxşılıq görə bilməz. Deməli, “yaxşı və pisin mükafatı o dünyaya getməmiş hələ bu dünyada yetişəcək” sözləri tamamilə doğrudur. Heç kəs mənim bu dediklərimi inkar edə bilməz. Kim bütün ömrü boyu birinə yaxşılıq ya pislik edibsə, dərindən düşünsə, o mənim haqlı olduğumu anlar və bu dediyim sözləri təsdiq edər. Deməli, nə qədər bacarırsansa, yaxşılığı heç kəsdən əsirgəmə, yaxşılıq axırda bir gün öz bəhrəsini verəcəkdir.
H e k a y ə t. Deyirlər ki, bir gün Əflatun şəhərin adlısanlı adamları ilə bir yerdə oturub, söhbət edirdi. Birisi onun görüşünə gəlib salam verdi yanında oturub oradan-buradan danışdıqdan sonra dedi: Ey filosof,bu gün filankəsi gördüm, sənin barəndə danışır və tə’rifləyərək deyirdi: “Əflatun çox böyük filosofdur,indiyə qədər onun kimisi nə olub, nə də olacaqdır. İstədim onun tə’rifini sənə çatdıram”. Filosof Əflatun bu sözü eşitcək başını aşağı salıb ağladı, bərk qanı qaraldı, halı pozuldu. O kişi dedi: “Ey filosof, mən sənə nə ağır bir söz dedim ki, halın belə pozuldu?”. Filosof
Əflatun dedi: “Ey xacə, şəxsən sən mənə elə ağır bir söz demədin, lakin bundan daha ağır müsibət olarmı ki, nadanın biri məni tə’rifləsin, mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim nə nadanlıq etmişəm ki, onun təbiətinə yaxın olmuş, xoşuna gəlmiş və məni tə’rifləmişdir, tövbə edib o işdən əl çəkərdim. Halımın pozulması ondandır ki, mən hələ də nadanam, çünki nadanların tə’riflədikləri adamlar yalnız nadanlar olar”.
Bu barədə bir hekayət də yadıma düşdü.
H e k a y ə t. Deyirlər ki, Məhəmməd Zəkəriyya ər-Razi bir dəstə şagirdi ilə gəzərkən bir dəliyə rast gəldi. Dəli Zəkəriyyadan başqa heç kəsə baxmadı, onu diqqətlə nəzərdən keçirdikdən sonra üzünə güldü. Məhəmməd Zəkəriyya geri dönüb evinə gəldi, əmr etdi əftimun dəmlədilər, onu içdi. Şagirdləri soruşdular: “Ay müəllim, bu otun dəmini nə üçün indi içdiniz?”. Dedi: “O dəli güldüyü üçün. Əgər o, məndə öz halına oxşar bir şey görməsə idi, üzümə gülməzdi” Deyiblər: “hər quş öz tayı ilə uçar!”. Bundan əlavə, tünd xasiyyət olub özündən tez çıxmağı adət etmə, bir az da helmin olsa yaxşıdır, lakin o qədər yumşaq olma ki, səni çox yumşaq və həlim olduğun üçün hop eləyib udsunlar, o qədər də sərt olma ki, sənə salam verməyə də qorxsunlar. Hamı ilə yola getməyi bacar, bu üsulla həm dostdan, həm də düşməndən istifadə edib arzuna çata bilərsən. Heç kəsi pislik etməyə öyrətmə, pislik öyrətmək pislik etmək kimi bir şeydir. Əgər günahsız olaraq biri səni incitsə, sən çalış onu incitmə, çünki özgəni incitməmək insanlığın bir hissəsidir. Deyiblər ki, əsl insanlıq camaatı incitməməkdir. Deməli, insan olmaq istəyirsənsə gərək adamincidən olmayasan adamlarla yaxşı rəftar edəsən. Gərək insan aynaya baxsın, görünüşü yaxşıdırsa, işi də görünüşü kimi yaxşı olmalıdır, çünki gözələ çirkinlik yaraşmaz, buğdadan arpa, arpadan buğda bitməməlidir. Bu barədə mənim bir dübeytim də vardır:
Şe’r
Gözəlim, bizə hey pislik edirsən,
Neçin bəs yaxşılıq umursan bizdən?!
Get, əzizim, get ki, səhv eyləyirsən-
Arpa əkibsənsə, buğda biçməzsən!
Aynaya baxdıqda özünü kifir görsən, yenə yaxşılıq et, çünki çirkinlik etsən kifirliyi artırmış olarsan. Bu isə çox pis şeydir. Bir çirkinlik üstünə bir də çirkinlik gəlsən, bir yerdə iki çirkinlik olar. Səmimi sözə qiymət verən, dünya görmüş, sınaqdan çıxmış dostların nəsihətinə qulaq as və öz məşvərətçilərinlə həmişə təklikdə məsləhətləş, çünki sənin onlardan ala biləcəyin fayda yalnız təklikdə ola bilər. Sən mənim bu dediklərimi oxuyub öyrənə bilsən və əməl etsən, o zaman nə qədər qabil olduğunu dərk edərsən, lakin bunu anlayandan sonra öz bilik və iste’dadınla lovğalanma. Hər şeyi öyrənib bildiyin halda, özünü bilməyən hesab et, çünki sən yalnız o zaman alim hesab edilə bilərsən ki, hələ də özünün nadan olduğunu başa düşəsən. Bu barədə belə bir hekayət də vardır.

21/05/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: