Əfsanələr, rəvayətlər (Naxçıvan folklorundan)

image

Gülüstan əfsanəsi

Neçə illər idi ki, Gülüstan Araza könül vermişdi. Onlar hər gün yaxınlıqdakı çayın sahilində Arazla görüşər, burlikdə gələcək səadətləri haqqında birlikdə xəyallar quradı. Bir gün düşmən bu yurda hücum edir. Hamı ayağa qalxır. Araz da döyüşə gedir. Yağını qovub – çıxarıllar yurddan. Döyüşənnər geri döndülər. Gülüstan allı – güllü paltarın geyib çayın sahilinə gəldi. Lakin Araz gəlip çıxmadı. Gülüstan səhərəcən onu gözlədi. Gözlərinnən axan yaş hər tərəfi suya döndərdi. Suyun əhatəsində bir parça allı – güllü yerə qaldı. Deyilənə görə, o yer ilin 3 fəslində güllü – çiçəkli olur. O yeri Gülüstan adlandırdılar.


Keygidər quşları

Keygidəri ovlamazlar, günahdı. Lap əldən düşəndə, ölməyə macal Keygidərin özü çıxar ovçunun qabağına. Bu quşlar yekəcədi, ətticə–cannıcadı. Deyəllər ki, Keygidərlər ildə bir yol qanad bağlallar,
bizim dağlardan düz Isfahanacan uçallar. Bunun işi bir sirri–xudadı. Uçanda qabağına çıxan dağın daşına–qayasına dəyəndə hövlünnən bağrı çatdıyıb ölər. Ölməsə, dünya da dağıla, düşdüyü dağdan bir də uçmaz, payi–piyada qayıdar öz dağlarımıza.

Aydaş əfsanəsi

Belə rəvayət edillər ki, Ay Günün eşqi ilə dağları, daşları gəzib dolaşırdı. Gün də Qara divin əlində əsir idi. Qara div isə Günün hər addımını izdiyirdi.
Gün axşamnar çayın qırağındakı mağarıya gələr, buradan ayı səslərdi. Ay Günün səsini eşidən kimi mağarıya gələr, öz sevgilisi Günlə sevişərdi.
Bir gün Qara div Ayla Günün sevişdiyini, bir–birini sevdiyini eşidib Günü mağarada əsir edir və saşlarınnan asır.
Ay hər axşam mağaranın yanına gəlir, üzünü mağaranın daşlarına söyküyür, divin yuxuya getməsini gözlüyürdü. Elə ki, div yuxuya getdi, Ay mağarıya girər, sevgilisi Günün saşlarını açar, onnan söhbət edib dərddəşərdi.
Günnərin bir günü Ay yenə də mağaranın yanına gəlir, üzünü həmişəki kimi mağaranın daşlarına söyküyüp Qara divin yatmasını, yuxuya getməsini gözlüyür. Qara div bunnan şüphələnir və səhərə qədər yatmıyıp Günün yanında oturur. Səhər Qara div mağaranın arxasınnan hənirti gəldiyini duyup eşiyə çıxır. Ay Qara divin gəldiyini görüp qaçır. Ay üzünü mağaranın daşdarına elə bərk söykəyip qulaq asırmış ki, üzünün bir tərəфi yapışıp daşda qalır. (Bu gün də Ayın əksi olan daş Aydaşda durur)
Qara div o günnən Ayın dalınca düşüp onu tutmağ istiyir.
Eşqdən alovlanıb yanan Gün də gündüzlər uca göylərə qalxıb Ayı axtarır, Ay isə üzünün ləkəli olduğunu görüp gündüzlər Gündən gizlənirdi. Axşamnar Ay sevgilisi Günün olduğu mağarıya gəlip gecənin qarannığında onnan xəlvəti söhbət edərdi.
Bunnan hirslənən Qara div gündüzlər gah Ayı, gah da Günü tutur, onnardan görüşdükləri yeri öyrəmmək istiyirdi. (Bu, Ay və Günün tutulmasına işarədir).
Nə Ay, nə də Gün görüş yerlərini Qara divə deməzdilər. Onnar görüş yerlərini gizli saxlayırdılar.
Beləcə Qara divdən xəlvət yerdə Ayla Gün gecələr görüşüp sevişirdilər.
Deyilənə görə, indi də Ay və Gün gecələr həmin yerdə–Aydaşda görüşüllər. Onnarın görüşdüyü yer isə Aygün addanır.

Güzgüdəki əjdaha

Rəvayətə görə, adam qocalanda aparıb qoyarmışlar dağa. Bir oğlan da aparıb atasını dağa qoyarkən vəhşi quşların onu didib dağıdacağını gördühdə ürəyi dözmür. Atasını daş altında gizliyir. Hər gün də çörəyini, suyunu gizli aparıb verir. Padşahın ölkəsindəki çayın qabağını əjdaha kəsir. Gündə bir qurban verməhlə bir az su gəlir. Oğlan əhvalatı atasına deyir. O, atasının məsləhəti ilə gəlib şaha böyük bir güzgü düzətdirir. Güzgünü əjdahanın qarşısına tutullar. Öz böyüdülmüş şəklinnən qorxan əjdaha qaçır, bu yolla onu şahın torpağınnan çıxarıllar. Şah oğlana deyir, get atanı gətir. Fərman verir ki, kim qocalmış atasını aparıb dağa qoysa, boynu vurulacax.

Nuhun gəmisi

Qədim zamannarda bir qarı yer üzünü su alacağını eşidir və Nuh peyğəmbərə yalvarır ki, onu da öz gəmisinə götüsün. Qarı bir balaca çörək pişirip özü ilə götürmək istiyir və təndirdə onu yuxu tutur. Su qarının təndirindən qalxır. Peyğəmbər bütün cannıların hamısınnan bir cüt gəmiyə alır. Gəmi qalxır, onun bir parçası Ilandağa dəyərək düşür. Sonra bir xeyli irəlidə gəmi yenə başqa dağa çarpır və bir taxtası
düşür. Sonra heyvannardan ilan narahatçılıq edir. Peyğəmbər deyir, allahın heyvanı, səni kor olasan, gecə başın ağrısın, gündüz dişin, sürüncəhli qalasan. Nuhun gəmisi yenir, quşların hamısı uçup gedir. Toyuq uça bilmir, soruşur mən niyə uça bilmədim, ya Allah. Peyğəmbər cavabında deyir: – Nahaqdan danışdığına görə uça bilmədin.

Əcəldən qaçmaq olmaz

Süleyman (p) vaxtında Əzrail gözə görünərmiş. Bir gün bir kişi yolunan gedirmiş, Əzrailnən qarşılaşır. Əzrail kişini görüb təəccübnən ona baxır. Kişi də gəlir Süleyman peyğəmbərin yanına ki, bəs məni göndər Hindistana. Əzraili gördüm, mənə təəccüblü baxdı, nəsə eliyəcək mənə. Süleyman (p) deyir: Narahat olma, çağırıb yanıma soruşaram. Deyir, yox, göndər məni. Süleyman (p) ah çəkib kişini göndərir Hindistana. Səhəri gün Əzraili çağırıb yanına deyir: – Niyə o kişiyə elə baxıb qorxutmusan? Deyir, Allah məni çağırmışdı yanına ki, o kişinin canını Hindistanda al, mən də burda gördüm, təəccübləndim ki, burda neyniyir. Süleyman (p) deyir: “Əcəldən qaçmaq olmaz”.

19/05/2015 tarixində Hekayələr içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Maraqlı hekayələr idi, əzizim, ibrət götürən gərək, əhdə sadiq qalan gərək, böyüklərinin qədrini-qiymətini bilən gərək. Bax onda dünya düzələcək, fəlakətlər də başımızın üsütndən dağılacaq.
    Gözəl hekayələr üçün təşəkkür edirəm Sizə.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Gözəl nə varsa hamısına layiq sənsən, mənim əzizim 🙂

    Bəyən

  3. Çox maraqlı efsaneler var.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: