Bostan bitkiləri
Yemiş – bədənə istilik və ya soyuqluq vermək baxımından mötədil xassəyə malikdir. Onda rütubətlilik çox olduğuna görə bədənə rütubət verir. Sidikqovucu, tərqovucu, südqovucu xassəsi vardır. Böyrəkdə daş yaranmasına qarşı işlədilməsi münasibdir. Acqarına yemiş yemək məsləhət görülmür. Xörək üstündən birbaşa yemək də həzmə ziyandır. Onu təpitmə halında şiş üzərinə qoyduqda şişi sakitləşdirir. Qabığının təpitməsi burun sulanmasına qarşı faydalıdır.Quru qabığından 2 qram yemək böyrək daşına qarşı təsirlidir.
Yemiş tumunu yemək bədənə istilik və rütubət verir, yumşaldıcı xassəyə malikdir, qaraciyər xəstəliyinə qarşı münasibdir, sidikqovucu təsiri vardır, böyrək, sidik kisəsi və bağırsaqları təmizləyir. Sinə ağrısı, qızdırma ilə müşayiət olunan öskürək, sidik ifrazı zamanı yaranan yanğılara yemiş tumu yemək faydalıdır.
Qarpız – bədənə soyuqluq və rütubət verir. Qarpız yemək öd şiddətini, qan təzyiqini yatırır, susuzluğu aradan qaldırır, sidikqovucu xassəyə malikdir. Onun suyunu bal və zəncəfil ilə işlətmək bəlğəmi kəsir. Qarpız həzmə yaxşı təsir göstərir, qanı durulaşdırır, bədəni rütubətləndirir. Qarpız tumu soyuqluq və rütubət verir, böyrək daşına qarşı münasibdir. Qarpız qabığının şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə zəifliyi, həzm zəifliyi hallarına müsbət təsir göstərir.
Xiyar – öz xassəsinə görə bədənə soyuqluq və rütubət gətirir. Öd şiddəti, qan təzyiqini azaldır, susuzluğa qarşı münasibdir, sidikqovucu təsiri vardır, böyrək daşı yaranmasına qarşı faydalıdır.
Mixəyəyi xiyar suyunda bir gün saxlayır, ikinci gün onu çıxarıb bal şərbəti ilə içirlər. Bunu bir müddət davam etdirmək üzün rəngini yaxşılaşdırır. Xiyar baş ağrısı və ürək döyüntüsü üçün faydalıdır. Onu döyüb təpitmə halında dəri üzərinə qoymaq qaşınmaya qarşı münasibdir, dərini yumşaldır. Xiyar tumu sidikqovucudur, qaraciyər şişi, dalaq və sinə ağrısı hallarında faydalı sayılır.
Balqabaq – bədənə soyuqluq və rütubət verir, yumşaldıcı xassəsi vardır, sidikqovucu və tərqovucudur, susuzluğu yatırır. Bişmiş qabaq qızdırma və öskürək hallarında təsirlidir. Balqabaq mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir.
Balqabaq tumu bədənə soyuqluq və rütubət gətirir, sidik ifrazı zamanı müşayiət olunan yanğı, sidik kisəsi xəstəlikləri, susuzluq, öskürək, bağırsaq yarası zamanı faydalıdır. Balqabaq tumunun yağı yuxusuzluq hallarında çox yaxşı təsirə malikdir.
16/05/2015 tarixində Sağlamlıq içində dərc edildi və balqabaq, kavun, qan təzyiqi, qarpız, südqovucu, Sidikqovucu, Watermelon, xiyar, yemiş olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.
Bir şərh yazın
0 şərh