Özbək toy adətləri (I)
Özbək türklərində qız bəyənmə bölgələrə görə fərqlidir. Bir bölgədə elçilik üçün kişilər gedirsə, digər bölgədə bu vəzifəni qadınlar icra edir.
Elçi gedən qadın qız evində söhbətə başlarkən: “sizdə bir çiçək var, bizdə də bir bülbül var, bunları qovuşduraqmı?” və ya “sizin bağınızda bir gül açmış, biz də onu dərməyə gəldik” deyər.
Oğlan evi qız evinə gələrkən meyvələrlə, şirniyyatlarla bəzənmiş, qırmızı bağlanmış bir ağac parçası gətirib, qız evinin bağçasına qoyarlar.
Özbəklərdə qız evinə, qız istəmək üçün bir neçə dəfə gələrlər. Birinci gəlişdə oğlan evinə dəqiq söz deyilməz. İkinci gəlişdə oğlan evi hədiyyələr gətirər, qız evi hədiyyələri qəbul edərsə, cavablarının müsbət olduğu deməkdir. Bu əsnada oğlan qıza çiçək, şirniyyat hədiyyə verir, qız bunları alırsa, razılığı var deməkdir.
Özbəklərdə toydan 3 gün əvvəl oğlan evi qız evinə düyü, qoyun, çörək və şirniyyatlar, geyim əşyaları, qızın yaxınlarına hədiyyə gətirər. Özbəklərdə 1-ci gün qızın evində “qız ziyafəti” verilir. Buna qızın qohumları gələr. Səhəri gün dini nikah kəsilər və rəsmi nikah olar. Son günün axşamı oğlan dostlarıyla qızın evinə gələr, qız evi qonaqlıq verər. Qız oğlana müxtəlif geyimlər hədiyyə edər. Oğlan sonra o gecə evinə dönər. Qız rəfiqələri və yaxınları ilə oğlan evinə gedərlər. Bu ziyarətə kişilər qatılmazlar.
Özbəkistanda “cehiz düzmə” və “ayaq basdı” adətləri də vardır.
Özbəklərdə gəlin içəri girərkən başına bacadan simvolik toplar atılır, odun ətrafında üç dəfə dolandırılır. Bununla cindən, şeytandan qorunduqlarına, gənclər arasındakı məhəbbət və mehribanlığın daimi olacağına inanarlar. Gəlin yeni evinin qapısından girməzdən əvvəl üzü açılar və “bu ev mənim evim, evim qürurum” deyə üç dəfə təkrarlandırılar.
Özbəklərdə oğlan evi qız evinin kandarından içəri girərkən, qız evi ayaq qoyacaqları yerə bir örtük sərər. Oğlan evi bu örtüyə pul atar. Daha sonra süfrə başına keçərlər. İlk olaraq “Fatihə” surəsi oxunar: “İlahi amin, oğullu-qızlı, nəvəli-nəticəli, ömürləri uzun, bəxtəvər olsunlar” – deyərlər. Buna cavab olaraq ev sahibi “Xoş gəldiniz, qədəmləriniz mübarək” deyə cavab verər və dua edərlər. Sonra şərbət paylanar. Hamı şərbətdən bir qurtum içər. Yaşlıdan uşağadək hər kəs bu şərbətdən içməlidir. Daha sonra süfrəyə çay gələr. Qalan şərbət oğlan evinə götürülər, orada paylanar.
Şərbətdən sonra qız evində 9 ayrı nimçədə, 9 ayrı yemək verilər. Hər bir yeməyin də bir mənası, inancı vardır.
Daha sonra “bəy sinisi” gətirilir. Bu sinidə quyruq yağı və bişirilmiş ət, inəyin və ya qoyunun bişirilmiş başı olar. Bəy və dostları bu paydan yeyərlər, bəyin dostları siniyə pul atarlar. Sonra qızın yaxınları bəyə, bəylik libasını geyindirərlər. Subay oğlanların ailə qurması üçün dua edərlər. Qızın ailəsi, bəy otaqdan çıxarkən üstünə pul atarlar.
Bəy getdikdən sonra “pul yazdı” mərasimi başlayar. Bəyin atası və anası olan otağa bir subay qız yaylıq sərər və ona pul atarlar. Yığılan pullar o qıza verilər.
Nikah mərasimi də özünəməxsus qaydada keçər. İmam nikahda üç dəfə “evliliyə razısanmı?” deyə soruşar. Gəlin hər dəfəsində sakit bir səslə “bəli” deyər. İmam bəyə “gəlin 6 ay evdə tək qalmasın, onu döymə, onu söymə, ona daima hörmət et, gecələri evə gec gəlmə” deyər. Sonra təkrar gəlinə tərəf çevrilər və “Yoldaşın icazə verməsə, ata evinə getmə” deyər.
15/05/2015 tarixində Ailə dünyası içində dərc edildi və Özbəkistan, bəy sinisi, nikah, toy adətləri olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.
Bir şərh yazın
0 şərh