…sənə kim baxdı, yarım – qısqanclıq, yoxsa sevgi?

1400928934_11 Mütəxəssislərin uzun müddət apardıqları araşdırmaların nəticəsinə görə qısqanclıq tamamilə insani və normal bir hiss olaraq qiymətləndirilir. Qısqanclığın kökü uşaqlıq illərimizə söykənir, hər birimiz uşaqlıq illərində hər kəs tərəfindən sevilmək və çox kiçik yaşlı dostlarımızdan tutmuş, ana-atamıza, nənə-babamıza qədər hər kəsin diqqət mərkəzində olmaq istəmişik. Hətta bir çoxumuz yeni doğulacaq qardaş-bacımız üçün narahatçılıq keçirmişik, bizə olan sevginin azalmasından qorxmuşuq belə. Uşaqlar arasında qısqanclıq da məhz bu səbəbdən baş qaldırır: “onu məndən çox sevdiniz, ona daha çox oyuncaq aldınız və zamanla, siz məni ikinci planda tutursunuz, bütün sözlərinizi yalnız onunla bölürsünüz, məsləhəti onunla edirsiniz”, deyərək yersiz iradlarla valideynləri ittihama başlayırlar. Demək ki, hamımız zamanında qısqanclıq etmişik, amma güclü qısqanclıq duyğusunun əsl səbəbləri isə bir başqadır. Qısqanclıq duyğusunun altında gizlənən bir çox problemlərin ən başlıcası özünə inamın əskikliyi, qarşı tərəfə güvənməmək və onu itirmək qorxusudur. Bir maraqlı fakt da odur ki, ifrat qısqanc adamlar ola bilsin ki, keçmişdə etibarı sarsıdacaq bəzi hadisələr yaşamış olsun. Erkən uşaqlıq dövründə yaşanan xoşagəlməz hadisələr də adamın ruhi-psixi inkişafına mənfi istiqamətdə təsir edə bilər. Məsələn, ana-ata arasında baş verən problemlərin nəticəsi kimi ailənin dağılması əhəmiyyətli bir faktor olaraq qarşımıza çıxa bilər. Valideynlərdən birinin və ya hər ikisinin aldadılma kimi bir sarsıdıcı hisslə yaşaması və həmçinin bunun kiçik yaşlı uşaqların gözü qarşısında etinasız şəkildə baş verməsi, hətta heç bir şey yoxmuş kimi davam etdirilməsi, ailədə böyüyən uşaqların gələcək həyatlarına çox mənfi təsirini göstərə bilər. Bu cür mühitdə böyüyən uşaqlarda yaş artdıqca qısqanclıq hissi daha çox qabarıq şəkildə özünü büruzə verə bilir. Bu günkü mövzumuz olan qadın kişi münasibətlərindəki ifrat dərəcədə qısqanclıq isə çox təhlükəli bir hissdir. Qısqanclıq olar, qısqanclıq olmayanda qarşı tərəf sevildiyini hiss etməz o zaman. Mən təsəvvür etmirəm ki, iki sevən arasında qısqanclıq olmaya və burda güclü sevgidən söhbət gedə. Əgər mənim sevdiyim mənə baxan yad baxışlara etinasızdırsa, o zaman məni sevmir deməkdir.

Əzizim baxtı yarım

Baxtımın taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı, yarım?..

Və yaxud da mən sevdiyim birinə hansı bir qadınsa sevgi dolu gözlərlə baxmağa cürət edirsə, mən bunu necə qəbul edərəm və sakit, heç nə olmamış kimi davranaram?! Şəxsi fikrimdir, mən belə münasibətə sevgi, belə cütlüyə sevgili deyə bilmərəm. Bəzən də deyirlər ki, sevirsənsə inanmalısan sevdiyinə, inanırsansa da demək qısqanclıq olmamalıdır. Bunlar fərqli hisslərdir mənim nəzərimdə. Biri var inam, biri var qısqanclıq. Sevgi varsa, qısqanclıq olacaq, axı elə qısqanclığın da sevgidən doğduğunu deyirlər. Bunu yəqin ki, hamımız artıq bilirik və qəbul edirik. Mən hələ onu da deyim ki, bu qısqanclıq deyilən hiss heyvanlarda da var. Şəxsən mən bunun şahidi olmuşam, müşahidəm də bu qənaətə gətirib çıxarıb ki, bu qısqanclıqdır. Amma bu gün söhbət etdiyimiz mövzu şirin, qəbuledilən qısqanclıqdan yox, ifrata varan, ailə daxilində, sevən gənclər arasında çox dərin uçurumlar yaradacaq bir qısqanclıqdan olacaq. İfrata varan qısqanclıq nədir, əvvəlcə bir qədər ona aydınlıq gətirək. Deyirik ki, qısqanan insan sevir, bununla razılaşırıq, qəbul edirik, lakin bəzən də belə olmur. İfrat qısqanclıqda insanı pisliyə yönəldən mənfi hisslər gizlənir. Bu cür hal yaşayan biri adi halda etmədiyi hərəkəti çox asanlıqla edə bilər və faciələrə səbəb olar. Bu zaman sevgidən danışmaq nə dərəcədə doğrudur? İfrat dərəcədə qısqanclıq hissi yaşayan insanların tələbləri də çox ağır olur. Məsələn, qadın evdən çıxıb harasa gedirsə, mobil telefonuna bəlkə evə gələnədək 100 dəfə zəng gəlmiş olacaq, bəlkə də bir dəqiqədən bir “yoxlanış” olacaq. “Hardasan, kiminləsən, evə nə vaxt gedəcəksən, ətrafdan gələn səs nədir, niyə gec gəldin və s.” Təsəvvür edin, hələ bu yüngül formada qısqanclıqdır, deyərdim. Kişi var evdən çıxanda qapını bağlayıb açarı özüylə aparır, ya da elə bir gizli izlər qoyur ki, qadın xəbərsiz evdən çıxıb ehtiyacı olan bir təlabatı ödəmək üçün qonşuya, ya da yaxınlıqdakı mağazalardan birinə gedibsə, bu ona çox baha başa gəlmiş olacaq. Həmçinin bu düşüncədə olan qadınlar da: “Evə gələndəndir telefon əlindən düşmür, bu nədir üstündən qadın ətiri iyi gəlir, işdən tez çıxmısan, evə niyə indi gəlirsən, bu gün mənə diqqətin azalıb, bəlkə başqasını sevirsən? və s.” Nə qədər oxşarlıq olsa da, kişi və qadınlarda qısqanclıq özünü fərqli şəkildə büruzə verir. Kişilər üçün onların işi, dostları, sosial statusu şəxsi münasibət qədər önəmli olur. Ona görə də qadınlar kişini yalnız əks cinsin nümayəndəsinə deyil, onun işinə və dostları ilə vaxt keçirməsinə də qısqanırlar. Adətən qadınlar qısqandıqda səbəbi özündə axtarır və daha yaraşıqlı, baxımlı görünməyə çalışırlar. Bu zaman onlar kişini izləməyə, mobil telefonunu yoxlamağa və kişini idarə etməyə də meyl edirlər. Yazılanları ümumiləşdirdikdə bu qənaətə gəlirik ki, qısqanclıq iki cür ola bilər. Sağlam və sağlam olmayan qısqanclıq. Buna sübut yenə bir misal gətirim. Məsələn, sevdiyiniz insanı təsadüfən kənar biri ilə səmimi söhbət edərkən, ya da qapalı bir məkanda bir süfrə arxasında və yaxud avtomobilinə əyləşmiş halda görə bilərsiniz. Burda yaranan qısqanclıq normal, sağlam qısqanclıq sayılacaq. İkinci hal üçün isə qarşı tərəfin heç bir şey etməyinə ehtiyac belə olmayacaq. Necə deyərlər, havadan, sudan səbəb tapıb ortaya nələrisə qoymağa çalışan biri qarşınızda duracaq və heç nədən xoşagəlməz münasibət yaranacaq. Bir mütəxəssis məsləhətini diqqətinizə çatdırım: “Qısqandığınızı hiss edəndə dərindən nəfəs alın və sakitləşməyə çalışın. Hisslərə qapılmayın. Aydın düşünməyə çalışın. Əgər sevdiyiniz insan əks cinsin nümayəndəsi ilə danışırsa, dərhal həyəcanlanıb pis fikirlərlə özünüzə əziyyət verməyin. Ola bilsin ki, söhbət etdiyi adam iş yoldaşı, qohumu və ya tanışıdır. Ümumiyyətlə, bu bir nəticə kimi ortaya çıxıb ki, qadınlar qısqanclıq ilə mübarizə apararkən hisslərinə güzəştə getməyi bacarırlar. Tələblərindən, istəklərindən sevgiləri naminə imtina da edirlər. Lakin kişilər hətta zor tətbiq etmək belə olsa, istəklərini həyata keçirməyə nail olurlar. Ona görə də sözüm daha çox qadınlaradır. Çalışın qısqanclıq hissini içinizə yaxın buraxmayın, qəlbinizi, ağlınızı ona təslim olmağa qoymayın. Bu qarşı tərəfdən çox özünüzə ziyan vuracaq, buna əmin olun… Kişilərə isə bunu demək istəyirəm: Qısqanın, ancaq həddi aşmayın. Allah həddi aşanları sevmir. Bir qadını nə evə məhkum edin, nə də ona azad quş kimi budaqdan-budağa qonmağa icazə verin. Orta yolu tutun…

13/05/2015 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: