Atanın nəsihəti (nağıl)

1410198046_12

 

Biri var idi, biri yox idi, bir kişi var idi. Bu kişi özünə görə varlı-karlı idi. Odur ki, heç kimə möhtac olmazdı. Bir gün kişi əhvalının qarışdığını görüb oğlunu yanına çağırdı:

– Oğul, nə qədər var-karım var, sənə qalır. Ancaq iş var-karda deyil, gərək həm də ağıllı olasan. Sənə üç vəsiyyətim var.
Birinci vəsiyyətim odur ki, heç kimdən borc pul almazsan. Ikinci vəsiyyətim budur ki, malıvı gözündən qırağa qoymazsan. Üçüncü vəsiyyətim də budur ki, arvadı özbaşına buraxma. Illər ötdü. Bir gün oğlanın yadına atasının sözləri düşdü. Ürəyində götür-qoy elədi ki, bu sözləri atam elə-belə deməyib, gərək onun dediklərini sınaqdan keçirəm. Oğlan həmişə bir yerdə yeyib-içdiyi dostundan min tümən borc istədi. Dostu baş üstə deyib, səhərisi gün min tümən pulu dəsmala qoyub düyünlədi. Oğlanın evinə gətirdi.Bu oğlanın bir otağı var idi ki, ora heç kim girə bilməzdi və həmişə otağın qapısını bağlayıb açarı özüylə dolandırardı. Oğlan dostunun gətirdiyi pulu həmən otaqda divardakı mıxçadan asdı. Bir gün qonşusu at üçün ona ağız açdı.
– Qonşu, atı ver, dəyirmana yarım pud buğda aparacam, axşamüstü atı qaytarıb gətirərəm.
Oğlan dedi:
– Atı verməyinə verim, ancaq onu çox yükləmə, balalıqdır. Oğlan atı gətirib qonşusuna verdi və özü də başladı qarabaqara onu güdməyə. Gördü, sən ölməyəsən, gavurun oğlu atın belinə iki tay buğdanı birdən qoydu və pis-pis söyüşləri at sahibinin ünvanına yağdırıb, üstəlik özü də atı mindi, yola düşdü. Oğlanın az qalırdı bağrı çatlaya, ancaq əlacı yox idi, atasının sözünü sınaqdan çıxartdığı üçün dözməliydi. Odur ki, yana-yana qonşusunu izlədi. At bir arxdan hoppananda bala saldı. Mürtəd balası tez atdan düşüb arxın kənarında bir çala qazdı, atın balasını orda quylayıb yoluna davam etdi. Oğlan gəlib atın balasının ölüsünü ordan çıxardı, təpədən dırnağa onu yaxşıca söydü, evə gətirib yaxşıca duzlayıb, onu da həmin otağında ayrı bir mıxçadan asdı. Bir gün oğlanın borc pul aldığı dostu qapını kəsdi:
– Ay qardaş, xata satın almadım ki, sənə borc pul verdim. Bu qədər də borc yığılar? Indi pul mənim özümə lazımdı,
qalmışam dördgöz.
Oğlan dedi:
– Dostum, axı biz ağırlığımız qədər duz-çörək yemişik. Indi min tüməndən yana məni bu qədər qısnayırsan. Əlimə pul gələn kimi borcunu qaytaracam. Oğlanın dostu deyinə-deyinə qapıdan uzaqlaşdı. Bu dəmdə oğlanın qaynanası gəldi.
– Başıva dönüm, ay belə kürəkən. Baldızıvın toyudur, arvad-uşağı da götür gedək. Фayton küçədə müntəzir dayanıb.
Oğlan dedi:
– Mənim işim var, qızına icazə verirəm, uşağını da götürüb səninlə getsin. Toy qurtarandan sonra onları gətirərsən. Arvad qızını və nəvəsini götürüb фaytona mindi və oğlana əl eləyib yola düşdülər. Onlar yolda olsunlar. sənə kimdən deyim, oğlandan. Oğlan qiyafəsini dəyişdi, bir xeyli pul götürüb, papağını gözünün üstünə keçirdi, atlandı onların dalınca. Oğlan toyda o qədər pul xərclədi ki, hamının ağzı açıla qalmışdı. Qız evi onu oğlan evinin, oğlan evi isə onu qız evinin adamı bilirdi.
Oğlan göz qoyub gördü ki, arvadıyla qaynanası ondan göz çəkmir, onun pulu onların da ağlını başından alıb. Odur ki, oğlan eləmədi tənbəllik, yaxınlaşdı qaynanasına, arvadını nişan verib onları görüşdürməyi ondan təvəqqe elədi və arvadın ovcuna siфtə kimi bir dəstə pul basdı. Arvad qızıyla nə pıçıldaşdı, nə pıçıldaşmadı, qayıdıb oğlana dedi:
– Qız razıdı, ancaq deyir gərək əl-ayaq çəkilə, hamı dağılışıb gedə, sonra. Oğlan razı oldu. Hamı dağılışandan sonra qaranlıq bir otaqda qızla bir az zarafatlaşdı, əvəzində isə bir xeyli pul verib qapıdan çıxdı və qapının astanasında mələyən uşağını görüb tez onu qucağına aldı, haydı mindi atına. Elə ki, evə çatdı, uşağını öz otağına qoyub, qabağına olmazın yeməli tökdü ki, uşağın həm başı qarışsın, həm də ac qalmasın. Oğlan otağın qapısını bağlayıb, açarı cibinə qoydu. Səhəri gün oğlanın dostu pulun dalınca dabanbasma gəlmişdi. Onlar burda pul üstündə sözləşməkdə olsunlar, sizə kimdən deyim, oğlanın arvadıyla qaynanasından. Onlar uşağı nə qədər axtardılar, tapa bilmədilər. Qız dayanmadan gözünün yaşını axıdırdı ki, ərim məni öldürəcək. Qızın anası ona toxtaqlıq verdi:
– Qorxma, dur gedək evinə. Mən kürəkəni inandıracam ki, uşaq bir gecənin içində xəstələnib ölüb. Oğlan həyətdə atın quşqununu düzəldərkən gördü, budur, arvadı ilə qaynanası suları süzülə-süzülə hasar qapısından girdilər. Arvad dil boğaza qoymurdu:
– Kürəkən, sənin başına dönüm, qurbanın olum, özünü toxtaq tut, bir söz deyim. Uşağın toya getdiyimiz günün gecəsi
xəstələnib öldü. Bir dəqiqənin içində elə bil bir çıraq idi, pülədin keçdi. Dedim, qızımı bacısının toyunda sevindirərəm, o yazıq peşman oldu.
Oğlan qaynanasını sözünü davam etməyə qoymadı:
– Ay kişinin qızı, bundan yana niyə bu qədər narahat olursan, ağacın kökünə ziyan dəyməsin. Oğlanın cavabından rahatlanan qaynanası onu bağrına basdı. Üzünü qızına tutub dedi:
– Gördün, qızım, mən deyirdim axı, kürəkənim ağıllıdı, dözümlüdü. Dünyada onun tay-bərabəri ola bilməz. Oğlan şirin diliylə onları bir az da arxayın salıb evə gətirdi və dedi:
– Ay arvad, yaxşı ki, bü gün anan buradadı. Köməkləşib yaxşı bir yemək hazırlayın, axşam iki nəfər qonaq gələcək. Ana-bala tamam-kamal rahatlanıb, başladılar yemək tədarükünə.
Oğlan gedib borc pul aldığı dostunu və qonşusunu qonaq gətirdi. Bir az yeyib-içdikdən sonra oğlan arvadını çağırıb dedi:
– Ay arvad, bunlardan əziz qonağım olmayacaq ki, al bu açarı, get mənim otağımı aç. Orada bir qarpız var, onu götür gəl. Arvadı açarı alıb anası ilə birlikdə ərinin otağının qapısını açıb içəri girdilər. Uşağı burada görüb qəşş eləyib yıxıldılar. Oğlan bir xeyli gözləyib gördü ki, bunlar gəlib çıxmadı.
– Ay qonşu, sən bu ailəyə məhrəm adamsan. Dur, get, gör arvad niyə gəlib çıxmadı. Qonşusu tənbəllik eləməyib ayağa qalxdı. Gəlib otağa girəndə gördü ki, paho, dünən quyladığı atın balası müqəvvaya dönüb divardan asılıb. Arından geri dönəmmədi. Oğlan onun da qayıdıb gəlmədiyini görüb dostuna dedi:
– Dur, gedək, görək, bunlara nə dərd üz verib ki, hamısı o otaqda batıb qalıblar.
Oğlan otağın qapısı ağzında dostunu qabağa verdi. Dostu içəri keçən kimi həmən öz dəsmalını tanıdı. Gördü ki, pulu necə verib elə də durur, heç düyünü də açılmayıb. O da xəcalət içində qalıb tər tökdü. Oğlan atasının vəsiyyətini onlara dedi. Əvvəlcə dostunun pulunu həmən dəsmalda ona verib, qapıdan qovdu. Sonra qonşusunun pis-pis söyüşlərini özünə qaytarıb qapısından rədd elədi. Qaldı arvadı, onu da boşayıb körpəsinin tərbiyəsiylə məşğul olmaq üçün bir dayə tutdu. Ata-bala xoş gün gördülər. Siz də xoş gün görəsiniz.

02/05/2015 tarixində Hekayələr içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Ay ne maraqli bir ehvalatmish😇 hamisina guzesht var belke de, amma arvad boshanasi yox, asilmali idi 👿 Teshekkur edirem, Sevincli dunya.

    Bəyən

  2. Men qelet eliyerem 😊 Demek isteyirem ki, proletar sehv edib, pul gorende ozunu, sozunu itiren arvadi boshayib, gerek ele arvadi asaydi 😡

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: