Gözlə məni, qayıdacam, Bənövşəm…(əfsanə)

imageGüllərin ən gözəlidir o, çiçəklərin ən təravətlisi, ən kövrəyi. Küskün deyərlər həm də adına…boynunu bükdüyündəndirmi, yoxsa boynubüküklüyündənmi görəsən?! İldə bir kəs açar, fəsillrin ən gözəli olan baharda. Ömrü uzun olmaz, bəlkə də ona görə adının qarşısında hərdən “tər” sözü işlədilər. Tər bənövşə…ömrü qısa olsa da yolunu həsrətlə gözləyən milyonlarla göz olar. Hamı onu görmək üçün tələsər, hamı onun üçün el-el, oba-oba yollara düşər…kimi dəstə bağlayıb yarı üçün aparar, kimi qurudub zərf içində yollayar, kimi də dərməyə qıymaz, dizlərini yerə qoyub, əyilib kol dibindəcə qoxlar..bəli, bənövşədən danışıram, çiçəklərin şahı bənövşədən. Hamımızın sevimli çiçəyi tər bənövşənin əfsanəyə dönmüş taleyindən xəbəriniz varmı?…

…zamanların ən gözəl çağı, fəsillərin gözü bahar idi. Dünyaya Bənövşə adlı bir qız gəlmişdi. Gözlərində bir həyat eşqi, ürəyində qaynar bulaqlar kimi coşan sevgi, üzündə günəşin belə utanaraq baxdığı bir gözəllik…hər kəsin dilinə söz olmuşdu Bənövşə qız, hər kəs onun sözünü danışardı: bu qız böyüyəndə kəndin igid-igid oğlanlarını bir-birinə düşmən edəcək vallah…böyüdü Bənövşə qız, gözəlliyi birə min artdı. Qızlar bulağından su içdikdən sonra gözəlliyi dildən-dilə düşdü…elə ki, başına bənövşəyi kəlağayısını salıb evdən çıxardı, göydə qanad açan quşlar başının üstündən pərvaz edib uçar, ağaclar budağını yerə qoyub təzim edərdi. Həyət bağçasında güllərə sadiq bir kəpənək yaşayardı. Qızılgülün ətrindən doymayan bu xallı kəpənək Bənövşə qıza aşiq olmuşdu, qız evdən çıxar-çıxmaz ləçəklərdən ayrılıb onun çiyninə qonar, balaca qara gözü ilə qıza baxardı…Bənövşə qız artıq buna öyrəşmişdi, hər gün xallı kəpənəyini görməsə darıxar, gözü onu axtarardı…bu dəfə də adəti üzrə çiyninə qonmuş kəpənəyi ovcuna aldı, gözlərinin lap yaxınına gətirib diqqətlə baxdı…İlahi, neçə də zərif, necə də kövrək idi…burnunu kəpənəyin qanadlarına toxundurub onu qoxladı…dərindən nəfəs aldı: ah, sən nə gözəl qoxursan, güllərin qoxusumu çöküb sənə, kövrəyim?! Sənin qanadların nə zərif, sənin ruhun nə incədir…hanı sənin ürəyin? Mən bu zərifliyin sahib olduğu ürəyi görmək istəyirəm, kəpənəyim…kəpənək Bənövşə qızın ovcundan uçub yenə adəti üzrə onun yanaqlarına qondu, bu kəpənəyin Bənövşə qıza sevgisi idi, hər gün bu busəni almasa, kəpənək yaşamaz, ölərdi…

…Bənövşə qız saçlarından sürüşmüş kəlağayısını düzəldib, səhəngi çiyninə aldı. Bulaq başına, su dalınca getdi. Yolboyu rastına çaxan gülləri, çiçəkləri oxşayır, ayağının altında tapdayar deyə addımını ehtiyatla atırdı. Kəlağayısının ucu havada yelləndikcə sinəsinin altı sarı rəngli bülbül ürküb qanadlarını çırpır, Bənövşə qıza yaxınlaşa bilmirdi. Sanki dilbilməz heyvanlar da bu qızın gözəlliyinin sehrinə düşmüş, ondan ayrılmaq istəmirdilər. Bunun sirri görəsən nə idi? Bənövşə qızın əsrarəngiz gözəlliyi idimi? Axı bu yurd çox sonaların məkanı olmuşdu, niyə heç biri üçün nə kəpənəklər, nə quşlar, nə çəmənin rəgbərəng çiçəkləri bu sevgini göstərməmişdi. Bəs nəydi onlardakı bu istək?! Bəlkə…

Bulaq başı yenə də qalabalıq idi. Al-əlvan geyimli qızların gülüşü, şirin söhbəti ətrafa yayılmışdı. İgidlər at belində oğrun baxışlarla sevdikləri qızlara baxar, onları gözdən qoymazdılar. Bənövşənin gəlişini görən cavanlar atların yüyənini çəkib yol verdilər. Bənövşə qız özünə xas əda ilə gözünü süzdürüb qızlara yaxınlaşdı. Növbəsini gözləyən qızlara qoşulub danışıb güldü, arada başını qaldırıb gözucu atlı igidləri süzdü.

Yenə gəlmişdi, yenə burdaydı könlünü oğurlamış qızılı yalmanlı atın sahibi…nə dinər, nə də danışardı, kənardan sakit-sakit Bənövşə qızı seyr edər, onun su növbəsi çatana yaxın atını bulağın iki addımlığında olan kola yaxınlaşdırıb yüyənini kolun qanadına keçirər, səhəngini doldurmuş Bənövşə qızdan bir içim su istərdi. Bənövşə qız etiraz etmədən suyu igidin ovuclarına süzər, yana-yana ciyərinə necə çəkməsinə tamaşa edərdi, həm də sevgiylə…Bənövşə qız üçün bulaq başına gələn çox igid vardı, amma qız onlardan heç birinə gözünün ucu ilə də baxmaz, kəlmə kəsməzdi…təkcə qırmızı yalmanlı atın sahibi bu igiddən başqa…bircə ona baxmaq, təkcə onunla söhbət etmək istəyirdi…amma igid nədənsə susar, danışmazdı, hər dəfə Bənövşə qızın əllərindən su alıb içdikdən sonra gözlərini bir anlıq gözünə dikər, göz qapaqlarını bir-birinə yaxınlaşdırmaqla təşəkkürünü bildirərdi…hər dəfə yolun müəyyən hissəsinədək onun arxasınca gələr, sanki onu yad baxışlardan, yad nəfəsdən qoruyardı…bu günsə Bənövşə qızı ta qapının kandarınadək izlədi. Ondan bir xeyli uzaqda addım-addım irəlilədi. Bənövşə qız arada səhəngi o çiynindən bu çiyninə keçirər, hiss etdirmədən geriyə baxardı. Atlı igidin hələ də gəldiyini görüb həyəcanlanardı. Darvazaya çathaçatda qızılı yalmanlı atın addım səsi sürətləndi, Bənövşə qızın ürəyi əsməyə başladı, addım səsi yaxınlaşırdı…çaparaq qıza yaxınlaşan igid: “Bənövşə qız, gözlə məni, 3 gün çəkməyəcək dönəcəm və səni alıb buralardan gedəcəm, özümə yar edəcəm”, – deyib uzaqlaşdı…

…dünya təkcə yaxşıların çiyinlərində bərqərar olsaydı, nə pislik, nə yamanlıq, nə müharibə, nə qan, nə qada, nə də ayrılıq olardı…Bənövşə qızın gözəlliyi el-el dolaşdığından yad ellərdən igidlər bu gözəli görmək üçün bulaq başına gələr, qızdan “hə” cavabı almayıb elinə dönərdilər…qonşu obada Qara Rəcəb deyilən biri vardı. Hamı igidlikdə ad çıxaranda Qara Rəcəb vurub yıxmağı, baş kəsməyi ilə tanınmışdı. Nə qız bilərdi, nə gəlin, nə yaxşı bilərdi, nə yaman, nə ar bilərdi, nə namus…kimi gördü, hansı qıza, gəlinə gözü düşdüsə qol gücünə alıb qoynuna salar, gül kimi qoxlayıb atardı..Qara Rəcəb Bənövşə qızı da görmüşdü, bulaqdan qayıdanda oğrun-oğrun çox izləmişdi, amma qızılı yalmanlı igid yaxın düşməyə imkan verməmişdi. Dedim axı, pislər olmasa yaxşılar zərər görərdimi heç?! Hansısa bir pis, xəyanətkar biri Qara Rəcəbə xəbər göndəmişdi ki, Bənövşə qız bulaqdan tək qayıdıb. Fürsəti əldən vermədən Qara Rəcəb vaxt itirmək istəməyib, özünü bulaq başına çatdırıb Bənövşə qızın yolunu gözləməyə başlayır…

…Bənövşə qız çox xoşbəxt idi bu gün, sevgilisinin gəlişinə tək bircə gün qalmışdı. Sabah onlar görüşəcək və ömürlük qovuşacaqdılar…o evdən çıxıb örpəyinin ucunu hörüklərində bərkitdi…yazın sonuna az qalsa da havada bir sərinlik vardı. Qapıdan çıxar-çıxmaz xallı kəpənək Bənövşə qızın gözləri önündə qanadlarını çırpıb qızın çiyinlərinə qondu. Bənövşə qız kəpənəyi ovcuna alıb gözlərinə lap yaxın gətirdi. Kəpənək əvvəlki kimi sakit oturmur, gah çırpınıb ovcundan çıxır, gah da qızın örpəyinə qonurdu. Bənövşə qız örpəyinə qonmuş xallı kəpənəyi yenidən ovcuna aldı: niyə belə təlaşlısan, səni incidənmi olub? Kəpənək sussa da, gözündən bir damla yaş qızın barmaqları arasından süzüldü…sən ağlayırsanmı, zərifim? Kəpənək bu dəfə qanad açıb Bənövşə qızın hər iki yanağından öpdü, insan kimi dil açıb:bu gün bulaq başına getmə, Bənövşə qız, dedi…Bənövşə qız üzünü kəpənəyin zərif qanadlarına sürtüb: darıxma, tez qayıdacam dedi…

…yol boyu həmişə şən-şən civ-civ edən quşların da səsi kəsilmişdi, ağacların budaqları tərpənmirdi, elə bil hamısı yasa batmışdı…örpəyinin ta ucuna qədər yaxınlaşan sarı bülbülün də mahnısı eşidilmirdi. Bənövşə qız bir xeyli addımladıqdan sonra bülbülün həzin səsini eşitdi:

Səfərdəyəm, mən yol üstə
Zalım düşmən, dəymə yarıma,
sən dəymə.
Bənövşəmə, tər qönçəmə
Tək yarıma qıyma, fələk,
sən əl dəymə…

Bənövşə qız çevrilib geriyə baxsa da bülbülü görə bilmədi…yolboyu çəmənin bütün çiçəklərinin gözü yaşlı idi, yarpaqları şeh içində idi. Bənövşə qız bu səhnəyə mat qalmışdı, onun sadiq dostlarının bu halı nəydi deyə düşünürdü…
Bulaq başına enən Bənövşə qız səhəngini doldurub tələsik ordan uzaqlaşmaq istədi, axı gözləyəsi kimi vardı, yarı sabah dönəcəkdi hələ…addımını atıb getmək istəyəndə örpəyi başından açılıb qızılı yalmanlı atın yüyəninin bağlandığı kolun üstünə düşdü…qız səhəngi çiynindən yerə qoyub örpəyinə tərəf əyildi. Örpəyi çəksə də örpək kola bərk-bərk sarılmışdı…Bənövşə qız dizlərini yerə qoyub örpəyini cırılmadan koldan aralamaq istədi, amma ha etdisə bacarmadı, bənövşə rəngli örpəyin bir parçası ilişib kolun dibinə düşdü…Bənövşə qız gələn bəlanı hiss edərək ordan uzaqlaşmaq istədi…igidindən ötrü qəribsədi, gözləri doldu, qəhər onu boğdu, iti addımlarla evə tələsdi…bulaqdan xeyli aralanmışdı qulağına çaparaq gələn atların səsi gəldi, başını döndərib geriyə baxmağıyla qolundan yapışan qüvvətli əl ayaqlarını yerdən üzdü. Səhəng çiynindən düşüb yol boyu dığırlandı. Atlı çaparaq uzaqlaşdı…

…Qara Rəcəb kamına çatıb dünyalar gözəli bənövşəni özünə zorla yar etdi, amma Bənövşə qız sevgisinə sadiq idi, hər gecə Qara Rəcəblə otaqda tək qalanda yalvardı, yaxardı, məni sevdiyimdən ayırma dedi…amma onu eşidən kim?! Qara Rəcəb bir cənnətin qoynuna düşmüş kimi hər gecə Bənövşə qızı qoxladı, ətrini içinə çəkib gündən-günə daha da qüvvətləndi. Göz yaşları Bənövşə qızı soldurmuşdu, daha əvvəlki kimi təravəti də qalmamışdı. Bir aya yaxın idi Qara Rəcəbə qul olan Bənövşə qızın qonşu qadınlardan aldığı xəbər dünyasını bir daha yıxdı…qızıl yalmanlı igidini Qara Rəcəb iki gün əvvəl Qanlı Dərədə qanına qəltan edibmiş…sevgilisi üçün döyüşə gələn qızıl yalmanlı igidinin ölüm xəbərini eşidən Bənövşə qız huşunu itirib yıxıldı…üç gündən sonra özünə gələndə başının üstündə Qara Rəcəbi gördü. Gözləri qan çanağına dönmüş bu cavan o gündən Bənövşə qızın gününü qara etdi…hər gün sərxoş halda evə gəlib çığırıb bağırdı, söydü, döydü yazıq qızı…baş verənlərə dözməyən Bənövşə qız bir gecə sərxoş olan Qara Rəcəbin bərk yatmasından istifadə edib, evdən çıxdı…başında gətirdiyi bənövşəyi şalını da götürüb gecənin qaranlığında gözdən itdi…

…Səhər açılan kimi Qara Rəcəbin axtarmadığı yer qalmadı, amma Bənövşə qızı gördüm deyən olmadı…üç günlük axtarışdan sonra Bənövşə qızın baş örtüyünü öz elindəki bulağın yaxınlığında bitən kolun dibində tapdılar.

Qızdansa, əsər-əlamət yox idi…Bənövşə qız göyə qeyb oldu və həmin vaxtdan hər il yazın ilk günlərində kolun dibində ətri insanı bihuş edib ağılları alan bir çiçək bitdi…Bənövşə qızın baş örtüyü rəngində, ləçəkləri tər, özü də boynu bükülmüş halda…elin saz-söz ustadı bu gülə bənövşə adını verdilər…məkanı kol dibi zamanı bahar oldu….baharda doğdu, baharda da ləçəklərini tökdü, soldu, saraldı, torpağa qarışdı. Əfsanəyə görə bənövşə içindəki dərdindən başını heç vaxt qaldırmadı, bir kimsəyə baxmadı, gözünün yaşını selə döndərib qırmızı yallı atın ayaq səsinin həsrəi ilə öz igidinin yolunu gözlədi…ömrünün qısa olmasına səbəb də həsrətə dözə bilməməyi oldu, amma hər il sevgilisinin vəd günü kol dibində bitdi…bax belə, boynubükük bənövşə beləcə dillərdə əfsanəyə döndü…

Advertisements

25/04/2015 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Mənim küskün bənövşəm…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: